Modern.az

Dil quruculuğuna qarşı Avropa diplomatiyası – II yazı

Dil quruculuğuna qarşı Avropa diplomatiyası – II yazı

9 Mart 2018, 10:25

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor


C.Oruell 1930-1940-cı illərdə ingilis dilinin özündə də deqradasiya prosesinin getdiyini qeyd edir. 1934-cü ildə Britaniya Ortologiya İnstitutunun çap etdirdiyi “System of Basic English” lüğətində 850 sözün özünə yer almasını dil siyasəti sahəsindəki böhran kimi xarakterizə edir. Ona görə ki, ingilis dilinin əsas lüğət tərkibinin 850 sözdən ibarət olması qeyri-obyektiv yanaşmadan başqa bir şey deyildir.

“1984” adlı romanda müəllifin hansı ideyadan çıxış etməsi də maraqlıdır. İdeya ondan ibarətdir ki, dil siyasəti prosesində yeni yaranmış dillərin əsas məqsədi totalitar rejimin mövqeyini, fəaliyyətini təmin etməkdən ibarət olmuşdur. Digər ideyaların silinib atılması, totalitar rejimin qəbul etdiyi ideyanın vacib sayılması və buna nail olmaq üçün dildəki sözlərin mənalarının cəmiyyəti idarə edən təbəqə üçün nəzərdə tutulması əsas hədəf kimi götürülmüşdür. Hamı birmənalı düşünməlidir, hər sözün bir mənası olmalıdır və bunların hamısı da cəmiyyəti idarə edənlərə uyğunlaşmalıdır. Son dərəcə bəsit olan bu düşüncə fərdi fikrin və dilin zənginliklərini məhv etmək, fərdi fikrin və dilin imkanlarını məhdudlaşdırmaqdır.

C.Oruell yeni dil konsepsiyasının yaranması ilə bağlı ideyanı irəli sürərkən Kommunist Partiyasının SSRİ-nin yaranmasında həyata keçirdiyi siyasəti nəzərdə tuturdu. Bu siyasətin mahiyyəti belə idi ki, savadsızlıq kütləvi şəkildə ləğv olunmalıdır. Ancaq savadsızlığın kütləvi şəkildə ləğv olunması dedikdə, heç də xalq kütləsini dünya mədəniyyətinin zənginlikləri ilə tanış etmək məqsədi hədəf kimi götürülməmiş və məqsəd kimi nəzərdə tutulmamışdır. Xalq kütləsinin kütləvi şəkildə savadsızlığının ləğvi dedikdə xalq kütləsinin hakim ideologiyanın təsiri altına salınması, xalq kütləsinin hakim ideologiyanın quluna çevrilməsi əsas məqsəd kimi götürülürdü. Savadsızlığın ləğvi bəsit, primitiv dünyagörüşlü, eyni zamanda birqaydada düşünən insanların formalaşmasına xidmət edirdi. Bununla da yeni dil siyasəti düşüncənin, dünyagörüşün məhdudlaşması məqsədi güdürdü.

Sözlər, kəlmələr hər hansı bir predmeti, hadisəni bildirir, izah edir. Sözlər, kəlmələr bu cür lüğəvi mənadan başqa, digər sözlərlə əlaqəyə girməyə, bununla da müəyyən hadisələri, əşyaları, predmetləri izah etməyə, şərh etməyə can atır. Ancaq totalitar cəmiyyətlərdə həyata keçirilən yeni dil siyasətinin məqsədi sözləri, kəlmələri bir predmetə, bir hadisəyə bağlamaqdır. Bu isə insanlarda mübarizlik, fərqli düşünmək hisslərini öldürmək idi.

Yeni dil siyasətində lüğət tərkibini məhdudlaşdırmaq, sadələşdirmək totalitar rejimin məqsədinə xidmət edirdi. Bu mənada “1984” adlı romanda yeni dil konsepsiyasının məqsədi “A”, “B”, “C” lüğətləri vasitəsi ilə daha da açıqlanır. “A” lüğətində gündəlik həyatımızda istifadə etdiyimiz sözlər (geyim, məişət, gəzinti və s.-lə bağlı sözlər) əhatə olunurdu. Bu lüğətdə olan sözlər az səs tərkibinə malik olmalı, bir anlayışı ifadə etməlidir. Belə olduğuna görə, “A” lüğətində olan sözlər fəlsəfi düşüncələrə, ədəbi-bədii məqsədlərə cavab vermirdi. Ona görə də “B” lüğəti ədəbi-bədii, fəlsəfi, siyasi məqsədlərə xidmət edirdi. “B” lüğətində olan sözlər qısa, lakonik, aydın sözlər idi. Bu sözlərdən istifadə edənlər siyasi mövqe tutmağa məcbur olurdular.

“B” lüğətinə daxil olan sözlər mürəkkəb sözlərdən ibarət olmalıydı. Həmin mürəkkəb sözlər sadə sözlərin birləşməsindən yaranmalıydı. Onların tələffüzü isə asan və rahat olmalıydı.

“C” lüğəti ancaq elmi və texniki terminlərdən qurulurdu. Buradakı sözlərin mənası da totalitar rejimə uyğun gəlməyən mənalardan təmizlənməli idi.

C.Oruell qeyd edir ki, lüğət tərkibi belə olan yeni dilin qrammatikası da normal dilin qrammatikasından fərqlənməlidir. Ona görə ki, bəsit, sadə lüğət tərkibi dilin qrammatikasına da, qrammatik quruluşuna da öz təsirini göstərir.

C.Oruellinin yeni dil konsepsiyasında lüğət tərkibi linqvistik-məntiqi cəhətdən deyil, sosio-mədəni cəhətdən müəyyənləşir. Bu da totalitar rejimləri birləşdirən ümumi cəhətlərdir.

C.Oruellinin “1984” adlı romanında Müharibə - Sülhdür, Azadlıq – Köləlikdir, Cəhalət – Qüvvədir şüarında dillə bağlı olan məqamların şərhinə ehtiyac vardır. Dil üçün niyə Cəhalət – Qüvvədir? Ona görə ki, Neolit dövrünün sonundan başlayaraq dünyada üç növ – Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Bu növ insanlar arasında dəyişmələr getmişdir. “Onlar öz aralarında dəfələrlə yenidən bölünmüşdülər, saysız-hesabsız fərqli adlarla dünyaya gəlmişdilər, əsrdən-əsrə sayları arasındakı nisbət, habelə qarşılıqlı münasibətləri dəyişmişdi. Lakin mahiyyət etibarilə cəmiyyətin göstərdiyimiz düzəni heç bir təbəddülata uğramamışdı. Hətta ən cahanşümul sarsıntılardan, ən qarşısıalınmaz dəyişik­lik­lər­dən sonra da hara atılmasından asılı olmayaraq, quruluş – hacıyatmaz oyuncağı kimi öz əvvəlki vəziyyətinə qayıtmışdı.

Adıçəkilən qrupların məqsədləri tamamilə fərqlidir...” Dünyaya gələn insanların hansı növdə olması (Ali, Orta və Aşağı) cəmiyyətin düzəninə təsir göstərə bilir. Təbii ki, Ali növdə olanlar cəmiyyətin inkişafına daha yüksək səviyyədə, Orta növdə olanlar bununla müqayisədə nisbətən az, Aşağı növdə olanlar isə daha az təsir göstərirlər. Bu nisbət cəmiyyətin idarəolunmasında da, insanların bir-birinə münasibətində də özünü göstərir. Həm idarəolunmada, həm də münasibətdə dilin oynadığı rolu inkar etmək mümkün deyildir. Ona görə də Ali növdə olanlar Orta növdə olanlardan, Orta növdə olanlar isə Aşağı növdə olanlardan dil düşüncəsi baxımından fərqlənirlər. Dil düşüncəsi və dil düşüncəsizliyi ifadələri də buradan qaynaqlanır. Heç zaman Aşağı növdə olanlar dil düşüncəsinə mükəmməl yiyələnə bilmirlər, onlar dil qaydalarını pozurlar, dil düşüncəsizliyinə xidmət edirlər. Bütün cəmiyyətlərdə, bütün dövlətlərdə belələri var və həmişə də olacaqdır. Dil düşüncəsi zəif olanlar, dil düşüncəsizliyinə xidmət edənlər dilin özündə bir cəhalət yaradırlar və həmin cəhalət dilin ziyanına olan bir qüvvəyə çevrilir. Bu mənada “1984” adlı romanda olduğu kimi Cəhalət – Qüvvədir şüarının fəlsəfi mahiyyəti ilə razılaşmalı oluruq. Dünyanın bütün dillərində Cəhalət– Qüvvədir şüarının fəlsəfi mahiyyətinə xidmət edən insanlar var və bunun qaşısını almaq mümkün deyil. Ona görə ki, dünyaya həmişə Ali, Orta, Aşağı növdə olan insanlar gəlir və onların hər biri də öz növünün təbiətinə uyğun olaraq həm cəmiyyətə, həm dövlətə, həm bir-birinə, həm də dilə xidmət edirlər. Dilə xidmət dedikdə dildən istifadə etməkdən başlamış onun zənginləşməsinə qədər görülmüş bütün işlər nəzərdə tutulur.

Ali, Orta, Aşağı növ insanların məqsədləri niyyətləri fərqli olduğundan onlar üçün fövqəldil və dil məsələsi də məqsədlərinə və niyyətlərinə uyğun qurulur. Bunu başa düşmək üçün “1984” adlı romandakı bu bədii parçanı başa düşmək zərurəti yaranır: “Bu üç qrupun məqsədləri tamamilə fərqlidir. Ali təbəqənin niyyəti ucaldığı mərtəbədə qalmaqdır. Orta təbəqə yerini Ali təbəqə ilə dəyişmək istəyir. Aşağı təbəqəyə gəldikdə isə o, daim ağır zəhmət altında əzildiyindən təsadüfdən-təsadüfə gündəlik həyatın hüdudlarından kənara baxmaq imkanı əldə edir və müəyyən məqsəd ətrafında birləşməyi bacaranda bütün ayrı seçkiliklərin aradan qaldırıldığı, hamının bərabər olduğu cəmiyyət haqqında düşünür. Beləliklə, tarix boyu əsas cizgiləri həmişə eyniyyət təşkil edən mübarizə dönə-dönə təkrarlanır”.

 

Ardı var...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir