Modern.az

Bayram Səfərov: "Ağıllı ermənilər başa düşür ki, Azərbaycan Qarabağı onlara verməyəcək”

Bayram Səfərov: "Ağıllı ermənilər başa düşür ki, Azərbaycan Qarabağı onlara verməyəcək”

2 Avqust 2011, 14:54

“Serj Sərkisyanın son bəyanatı ölkə rəhbərinə yaraşmayan hərəkətdir. O, bu mövqeyi ilə gənc nəsli işğalçı ruhunda yetişdirir. Modern.az-ın məlumatına görə, fikirləri hakim partiyanın saytına müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

- Bayram müəllim, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinin intensivləşdiyi bir vaxtda Ermənistan prezidenti Qarabağı işğal etdiklərini etiraf etməklə yanaşı Türkiyəyə də qarşı ərazi iddiaları irəli sürdü. Sizcə, Serj Sarkisyanın bu bəyanatı münaqişənin nizamlanması prosesinə necə təsir göstərəcək?

- Serj Sarkisyanın bu bəyanatı ölkə rəhbərinə yaraşmayan hərəkətdir. O, bu mövqeyi ilə gənc nəsli işğalçı ruhunda yetişdirir. Sarkisyanın özü də yaxşı bilir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilər bu ərazini işğal edib. Dünyanın heç bir dövləti Ermənistanın işğalçılıq siyasətini dəstəkləmir.
Ermənistan prezidenti son bəyanatları ilə ölkəsinin mövqeyini dünyaya nümayiş etdirir. Bu mövqe də işğalçılıq, terror, dinc insanların qətlə yetirilməsindən ibarətdir. Sarkisyan bu açıqlaması ilə əsl erməni xislətini göstərib. Bütün dünya insanlarının sülh və təhlükəsizliyin təmin olunması yönündəki təşəbbüsləri fonunda erməni gənclərinin bu cür tərbiyə olunması müasir dövrümüzün çağırışları ilə tam ziddiyyət təşkil edir. Əslində, Sarkisyan bu tövsiyələrinin heç zaman reallaşmayacağını yaxşı anlayır. Çünki Ermənistanın özü can hayındadır, problemlər içərisndə boğulur. Belə olan halda, nə Qarabağı işğal altında saxlaya, nə də Türkiyəyə qarşı iddialarını heç zaman gerçəkləşdirə bilməyəcəklər.
Biz münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, biz sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Amma Sarkisyan isə erməni gənclərinə müharibə çağırışı edir.
Onun hansı ağılla Ağrı dağını almağı erməni gənclərinə tövsiyə etməsi gülməlidir. Bilirsiniz ki, Ermənistan əhalisi dağılıb çıxıb gedir, onlar bir də çətin qayıdalar. Belə olan halda, 70 milyonluq Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etimək heç bir məntiqə sığmır. Ona görə də, Sarkisyanın fikirlərinə əhəmiyyət vermək lazım deyil. Bu açıqlamaları verməklə o, öz səviyyəsini göstərir. Sarkisyan öz xalqının, gənc nəslin düşmənidir.

- Yeri gəlmişkən, Azərbaycan və erməni gənclərinin inkişaf səviyyəsini müqayisə etsək, ermənilərin nə qədər geridə olduğunu əminliklə söyləmək olar...

- Bu gün Azərbaycan gəncləri hansı ruhda tərbiyə olunur? Gənclərimiz milli, vətənpərvərlik ruhunda tərbiyə olunur, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir, müasir informasiya texnologiyalarını, biliklərini mənimsəyir. Eyni zamanda, idman sahəsində ciddi uğurlar qazanılır. İldən-ilə gənc idmançılarımızın beynəlxalq yarışlarda qazandığı medalların sayı artmaqdadır. Ölkəmizin bölgələrinin əksəriyyətində müasir olimpiya kompleksləri tikilib istifadəyə verilib. Yəni Azərbaycan dövlətinin gənclər siyasəti bundan ibarətdir. Gəncliyimizin inkişafı üçün ölkəmizdə bütün şərait yaradılıb, gənclərimiz böyük potensiala malikdir. Bütün bunlara rəğmən isə Sarkisyan erməni gəncliyinə gələcək müharibəyə hazırlaşmağa tövsiyə edir. Nə olar, qoy hazırlaşdırsın. Onsuz da ermənilər özlərinə problem yaradacaq. Bu gün Azərbaycan, türk oğulları sağlam, vətənpərvərlik ruhunda böyüyürlər, onların sayı artır. Ermənilər isə azalmaqdadır, onların pafoslu çıxışları özlərinə qalacaq. Tək bir faktı demək yerinə düşər ki, Mübariz İbrahimov kimi qəhrəmanımız bütün erməni ordusunu silkələdi. Nəzərə almaq lazımdır ki, Mübariz kimi oğullar minlərlədir. Bu günkü erməni gəncliyi onların qarşısında diz çökürlər.

- Maraqlıdır ki, S.Sarkisyan bu bəyanatı Türkiyə Baş nazirinin ölkəmizə səfəri ərəfəsində səsləndirdi. Bu fakt bir daha təsdiq etmirmi ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin bərpa olunması təşəbbüslərində səmimi deyil? Bu, Ermənistanın Türkiyəyə qarşı çirkin siyasətindən əl çəkməyəcəyini sübut etmirmi?

- Bəli, proseslər göstərir ki, Ermənistan qardaş Türkiyə dövlətinə qarşı çirkin, məkrli siyasətindən əl çəkmək niyyətində deyil. Amma iki dövlət arasında sərhədlər nə vaxtsa açılacaq. Amma bir şərtlə. Türkiyə həmin sərhədləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına etiraz olaraq, bağlayıb. İndi işğal faktının davam etdiyi bir vaxtda geriyə addım atması, sərhədləri açması gözlənilən deyil. İnanıram ki, qardaş Türkiyədə də bu reallığı dərk edirlər və mən sərhədlərin tezliklə açılacağını düşünmürəm. Bilirsiniz ki, bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində bu fikri bəyan etmişdi. Əlbəttə ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra, sərhədlər açıla bilər.

- Amma nədənsə beynəlxalq birlik Ermənistan prezidentinin sülh prosesinə zərbə vuran bu tip bəyanatlarına reaksiya vermir. Sizcə, beynəlxalq birliyin bu susqunluğu S.Sarkisyanın qeyri-konstruktiv mövqeyini daha da gücləndirən amil rolunda çıxış etmirmi?

- Təəssüf ki, dünya birliyi hələ də ikili standartlar nümayiş etdirir. Bu gün Sarkisyan erməni gəncliyinə düşmənçiliyi aşılayır. Sarkiysan hətta xarici mətbuata verdiyi müsahibədə Xocalıda dinc insanları qətlə yetirdiklərini etiraf edib. Bu fikirlərilə dünya ictimaiyyəti qarşısında Ermənistan prezidenti özünün terrorçu, cani, cinayətkar, günahsız insanların ölümünə bais olmasını bir daha boynuna alır. Gec-tez Sarkisyanın bu sözləri ədalət məhkəməsində onun özünə qarşı yönələcək. Amma hələ ki, dünya dövlətləri işğalçıya qarşı hər hansı addım atmır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər icra olunmur. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması haqqında qəbul etdiyi qətnamələr 20 ilə yaxındır ki, icra olunmur. Amma həmin təşkilatın Liviya barəsində qətnaməsi isə dərhal yerinə yetirilməyə başladı. Hansı ki, Liviyada daxili siyasi mübarizə getdiyi halda, NATO qüvvələri hökumətin obyektlərini, hətta ictimai binaları da bombalayır. Bütün Avropa Birliyi, ABŞ Liviya haqqında danışır, orada guya ədalətin, insan haqlarının təmin olunmasına çalışırlar. Bəs Azərbaycanda öz torpaqlarından didərgin düşmüş, öz yurdlarından zorla çıxarılmış bir milyon insanın hüquqlarını niyə bərpa etmək istəmirlər? Özlərini demokratiyanın, insan hüquqlarının qoruyucuları kimi təqdim edən dövlətlər, beynəlxalq təşkilatlar bizim məcburi köçkünlərin vəziyyətini görmürlər? Bu insanlar nə vaxta qədər dözməlidirlər? Bəli, biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, əgər sülh danışıqları nəticə verməsə, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Belə olan halda isə beynəlxalq birlik Azərbaycana heç bir irad tuta bilməz.

- Məlum olduğu kimi ABŞ Konqresi separatçı Dağlıq Qarabağ rejiminə 2012-ci il üçün pul ayırmamağı nəzərdə tutur və bununla bağlı layihə Konqresin Nümayəndələr Palatasının Təxsisatlar üzrə alt komitəsində qəbul olunub. Bu məsələyə münasibətiniz necədir?

- ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar üzrə alt komitəsində separatçı Dağlıq Qarabağ rejiminə 2012-ci il üçün pul ayrılmaması haqda qərarın qəbul olunması müsbət haldır. Artıq ABŞ dövlətində, Konqresində də bilirlər ki, əvvəlki illərdə ayrılan vəsaitlər dinc insanlar üçün deyil, separatçılığı, düşmənçiliyi gücləndirmək məqsədilə xərclənib. ABŞ-da Ermənistanın siyasətinin əsil mahiyyətini anlayır və bu siyasətin sülhə xidmət etmədiyini görürlər. Erməni lobbisinin təzyiqlərinə rəğmən ABŞ Konqresində belə bir addımın atılması Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağın separatçı rejiminə ciddi zərbədir.
Doğrudur, əvvəllər ABŞ rəsmiləri bəyan edirdilər ki, Dağlıq Qarabağa ayrılan vəsait humanitar xarakterlidir. Amma heç kim bu vəsaitin necə xərclənməsinə dair hesabat vermirdi. Bu da milyonlarla məbləğin separatçı rejimin özü üçün xərcləməsinə əminlik yaradırdı. Əgər humanitar xarakterli addımlar atılırsa, onda ilk növbədə, Dağlıq Qarabağdan, öz doğma yurdlarından didərgin salınmış insanlara bu dəstək verilməli idi. Mən ümid edirəm ki, növbəti mərhələlər də uğurlu olacaq və ermənilərin cəhdlərinə baxmayaraq ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına vəsait ayırmayacaq.

- Bayram müəllim, bir müddət öncə mətbuata açıqlamanızda Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin real sayının elan olunmuş statistikadan xeyli artıq olduğunu demişdiniz və yaranmış problemin səbəblərini açıqlamışdınız. Hazırda məsələ ilə əlaqədar dəqiqləşdirmə işləri hansı səviyyədə həyata keçirilir?

- Bilirsiniz ki, dövlət başçısının sərəncamı ilə «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin səmərəli fəaliyyət göstərməsi üçün bir sıra addımlar atılıb. Cənab Prezidentin diqqət və qayğısı sayəsində işlərimizi yüksək səviyyədə qura bilirik.
Qeyd edim ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı 75 min nəfərdən çoxdur ki, onun da 29 mindən çoxu Şuşa sakini, 13 mini Xocalı, 11 mini Xocavənd, 15 mini Xankəndi şəhərindən məcburi köçkün düşmüş həmvətənlərimizidir. Amma Ağdərə rayonu ləğv olunduğu üçün onun əhalisinin dəqiq sayı müəyyənləşdirilməyib. Bu yöndə də işlər davam etdirilir. Həmin əhali müxtəlif bölgələrdə məskunlaşıblar. Ümumiyyətlə, sayın dəqiq aparılması prosesi çox mürəkkəbdir və vaxt tələb edir. Təsəvvür edin ki, icmanın üzvləri ölkəmizin demək olar ki, bütün rayonlarında məskunlaşıblar. Təkcə, Şuşa rayonunun sakinləri 59 rayonda, 220 yaşayış məntəqəsində məskunlaşıbdır.
Mən inanmıram ki, erməni icmasının sayı azərbaycanlılardan xeyli çox olsun. Bilirsiniz ki, bir müddət əvvəl bir qrup ziyalı Dağlıq Qarabağa səfər etmişdi. Orada müxtəlif görüşlər keçirildi, həm də müşahidələr aparıldı. Ümümi fikrim bundan ibarətdir ki, hazırda erməni mənbələrinin Dağlıq Qarabağdakı erməni icmasının sayı ilə bağlı məlumatları həqiqətdən tamamilə uzaqdır. Münaqişə başlayandan sonra Qarabağdan ermənilərin əksəriyyəti çıxıb gediblər. Sonradan bu ərazilərə köçürülənləri nəzərə almasaq, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı o qədər də çox deyil. Çünki orada həyat səviyyəsi çox aşağıdır. Ermənistan rəhbərliyi bu insanlar üçün də böyük bəla olub. Ermənistanın apardığı siyasət bu insanları dolanışıq üçün xarici ölkələrə köç etməsinə məcbur edib. Bu mənada deyə bilərəm ki, hazırda Qarabağda yaşayan ermənilərin sayı xeyli azalıb.
Mən əminəm ki, Dağlıq Qarabağda yaşayan sadə vətəndaşların əksəriyyəti işğal siyasətinin davam etməsində maraqlı deyil. Onlar müxtəlif vasitələrlə, televiziya ilə, digər informasiya vasitələrilə Azərbaycanda gedən inkişaf prosesindən xəbər tuturlar və həsəd aparırlar. Çünki bu inkişaf onlarda yoxdur. Əksinə, Ermənistanın iqtisadi durumu olduqca bərbad vəziyyətdədir və zaman bu ölkənin əleyhinə işləyir. Ona görə də, sadə erməni vətəndaşlarının əksəriyyəti Azərbaycanın iqtisadi imkanlarından, ölkəmizin zənginliyindən istifadə edib, bizimlə birgə yaşamaq istəyirlər.

- Necə hesab edirsiniz, Ermənistanın düşdüyü böhran münaqişənin həllinə nə dərəcədə təsir göstərməkdədir?

- Bildiyiniz kimi, Ermənistanın əhalisi sürətlə azalır. Ermənilərin özləri həyəcan təbili çalırlar ki, son 8 ayda 18 min 800 nəfər Ermənistanı tərk edib. Bu gediş böyük gedişdir və davamlı olacaq. Bu gedişlə nəinki, Dağlıq Qarabağda, Ermənistanın özündə də adam qalmayacaq. Ermənistanda hər şey köhnədən qalmadır, televiziyadan izləyirik ki, avtonəqliyyat sovet dövrünə aiddir, əhalinin rifahı aşağıdır, Yerevanda heç bir quruculuq işləri aparılmır və s. Ağıllı ermənilər başa düşür ki, Azərbaycan Qarabağı onlara verməyəcək. Bilirsiniz ki, indiki Ermənistan tarixi Azərbaycan ərazilərində yaradılıb. Ötən əsrin əvvllərində müəyyən səbəblərdən o torpaqlarda erməni dövləti yaradıldı. Amma buna baxmayaraq, ermənilər bizə qarşı yenə də nankorluq edirlər. Yəqin ki, özləri də başa düşür ki, bir də Azərbaycan xalqı o cür səhvə yol verməyəcək. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Qarabağ əzəli torpağımızdır və biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Yəni bizim ermənilərə veriləsi torpağımız yoxdur. Dağlıq Qarabağa müəyyən status verilə bilər. Bir şərtlə ki, məcburi köçkünlərimiz, o cümlədən Dağlıq Qarabağ ərazisində yaşamış azərbaycanlılar öz yurdlarına qayıtsınlar. Bundan sonra isə statsus məsələsinə baxıla bilər. Qarabağ erməniləri Azərbaycan dövlətinin qanunları əsasında yaşayıb çalışa bilərlər, onlar da ölkəmizin inkişafından faydalanarlar. Əgər bu cür yaşamaq istəməsələr, yol açıqdır, gedib Ermənistanda yaşasınlar. Bizim onlara bundan artıq güzəşt etmək niyyətimiz yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?