Modern.az

Deputat Eldar Quliyev: “Əkinə yararlı torpaqlar da imkanlı şəxslər tərəfindən hasarlanıb” (MÜSAHİBƏ)

Deputat Eldar Quliyev: “Əkinə yararlı torpaqlar da imkanlı şəxslər tərəfindən hasarlanıb” (MÜSAHİBƏ)

4 Avqust 2011, 18:05

“Şöhrət” ordeni almağım seçildiyim 28 saylı seçki dairəsinki fəaliyyətimlə bağlıdır...

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, “Azərittifaq”ın sədri Eldar Quliyev Modern.az saytına müsahibə verib. Deputat öncə aqrar sahə ilə bağlı yaranan problemlərə münasibət bildirib:

- Kənd təsərrüfatı məhsullarının istehsalı keçmiş zamanlarda normativ əsasında aparılırdı. Burada adambaşına hansısa məhsula nə qədər tələbat məsələsi əsas götürülürdü. Son 20-30 ildə artıq bu normativlər aradan çıxıb. İndi hər şey bir az kortəbii əkilir. Bazarla işlənilmir. Bu il hansı məhsul baha oldusa, növbəti il hamı həmin məhsulu istehsl edir. Nəticədə hər il becərilən məhsul istehsalçıların əlində qalır. Bu il qarpızı daha çox əkiblər. Gələn il qarpız az olcaq. Bizim əlimizdən isə təbliğat işindən başqa bir şey gəlmir. Sahibkara necə demək olar ki, filan məhsulu ək.

- Bəs, bunu necə tənzimləmək olar? Biz Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Dedilər sovet zamanı deyil ki, planlı iqtisadiyyat olsun...

- Bu gün təbliğatdan başqa heç nə edə bilməzsən. Bu gün heç kim sahibkarı məcbur edə bilməz ki, sən o məhsulu əkməlisən. Sən sahibkara ancaq necə iş qurmaq olar, bunu deyə bilərsən. Bu gün ağıllı rəhbər sahibkarla müqavilə bağlaya bilər ki, “sən mənə bu il soğan ək, mən də təxminən bu qiymətə və ya mən səndən 10 ton soğan alacam. Buna görə də mən sənə əvvəlcədən 20-30 faiz avans verirəm, bu avansdan da sən istifadə elə, yay vaxtı, soğan çıxan vaxtı qiyməti barədə danışarıq”.
Çünki kənd təsərrüfatı məhsulu həmişə üç cür qiymətə olur: başlanğıc qiymət, orta qiymət, son qiymət.
Başlanğıc qiymət hər zaman baha olur. Orta qiymət ucuz olur, son qiymət isə ondan baha olur. Məsələn, bu gün qarpızı ucuz alırıq. Başlanğıcında baha idi, bir də payız ayında qarpız bahalaşacaq. Pomidor da elə. Bu mövsümün xarakterinə uyğun olan məhsulların qiymətidir. Bir də var ki, məhsul çatışmazlığı. Amma yenə də qeyd edirəm sahibkarı hansısa məhsulu əkməyə məcbur etmək ixtiyarı kimsədə yoxdur.

- Bəs bu məsələ xaricdə necə tənzimlənir?

- Xaricdə alıcı ilə istehsalçı arasında vasitəçi tərəfindən müqavilə bağlanır. Bütün dünyada bu məsələnin 90 faizini kooperasiyalar edir. Daha satıcıya maraqlı deyil ki, istehsalçının qapısına getsin. İstehsalçının da marağı yoxdur ki, gəlsin alıcının qapısına. Bunu həll edən vasitəçidir ki, o da kənd təsərrüfatı kooperasiyalarıdır. Mən bu təcrübə ilə tanış olmaq üçün Almaniya, İsveçərədə olmuşam, istehsalçı hazırladığı məhsulun satılması məsələsini düşünmür.

- Qeyd etdiniz ki, xaricdə kənd təsərrüfatı məhsullarının satışı üçün kooperasiyalar iş görür. Orda nə sahibkar əziyyət çəkir ki, məhsul əlində qalıb, nə də alıcı əziyyət çəkir ki, məshulu hardan tapsın. Azərbaycanda bununla bağlı qanun layihəsi komitəniz tərəfindən Milli Məclisə  çıxarılıb. Sənədin nə zaman təsdiqlənməsi gözlənilir?

- Qanun layihəsi birinci oxunuşdan keçib. Sənədin hazırlanması üçün biz ayrı-ayrı dövlətlərin təcrübələrini öyrənmişik. Yalnız qanunvericilik təcrübəsi deyil, həm də istehsal təcrübəsini öyrənmişik. Şərqi Almaniyada olduq. Şərqi Almaniya keçmiş sosialist blokunda olduğu üçün ora üstünlük verdik. Biz 20 ildir müstəqilliyimizi qeyd edirik, onlar isə 25 ildir. Amma qarşılaşdığımız məsələlər oxşardır. Onlarda da kolxozlar, sovxozlar olub, bizdə də. Səkkiz gün orda olduq, ayrı-ayrı təsərrüfatlara, onlarda olan inkişafa baxdıq. Kooperasiyanın bugünkü inkişafı ilə maraqlandıq. Emal müəssisələrində olduq. Demək istəyirəm ki, bütöv şəkildə bu proseslə tanış olduq.

- Bu təcrübənin Azərbaycanda tətbiq olma mexanizmini nədə görürsünüz? Təkcə qanundamı, yoxsa insanları maarifləndirmədə?

- Hesab edirəm ki, qəbul olunan qanun işləməlidir. Həm qanun qəbul olunmalıdır, həm də insanlarda inam yaradılmalıdır, təbliğat aparılmalıdır. Kəndli bilməlidir ki, əgər o bu gün məhsul əkirsə, artıq bunun alıcısı hazır olmalıdır. Keçmişdə də belə olub. Müqavilə olmasa, o çaş-baş qalacaq və bilməyəcək hansı məhsulu əksin. Tələbata uyğun tətbiq olunmaldır. Keçən il taxılla bağlı da böyük narahatçılıq yaranmışdı. Çünki taxıl əkirdilər, alıcı yox idi, bu il isə taxılın qiyməti də yaxşıdır, taxıl əkilir, camaat taxılını da əkir, şikayət də yoxdur. Bu il şikayət qarpızdan daha çoxdur ki, qarpız çox yetişdirilib. Əvvəldən icazə verirdilər ki, İrandan, Türkmənistandan qarpız gətirilsin, bizim qarpız çıxanda artıq bunlar gətirmirdilər. Amma mən bilmirəm üzüm necə olacaq. Hesab edirəm ki, bu il üzüm az olacaq.

- Müşahidəçilər əkinə yararlı torpaqların çox az hissəsindən istifadə edildiyini qeyd edirlər. Bu, kənd təsərrüfatı məhsullarının maya dəyərini ödəməməsi ilə əlaqələndirilir. Bu məsələ ilə bağlı siz nə fikirdəsiniz?

- Dövlət tərəfindən  sahibkarlığın inkişafı üçün mühüm addımlar atılır. Lakin görürsən ki, “Aqrolizinq”dən narazı qalanlar da var. Son illər torpaqların kultivasiyası ilə demək olar ki, məşğul olan yoxdur. Torpağı dincə qoymaq lazımdır, onun kultivasiyasını etmək lazımdır. Şoran torpaqlarla məşul olmaq lazımdır. Bu gün Azərbaycanın əkinə yararlı torpağı o qədər də çox deyil. Biz yararsız torpaqlardan da istifadə etməliyik. Yararlı torpaqlar da bu gün ayrı-ayrı insanlar, sahibkarlar, imkanlı şəxslər tərəfindən hasarlanıb, hansı ki, onlar əkinlə məşğul olmurlar. Belə olmaz axı. Torpaqdan bu gün insanlar istifadə etməlidirlər. Torpaq bizim gələcəyimizdir.

- Yeni qanun layihəsində bu məsələ nəzərə alınıbmı?

- Mən də tələb qoyuram ki, torpaqdan mütləq istifadə olunsun. Əgər torpaq hansısa insan tərəfindən zəbt olunursa, onu mütləq məcbur etmək lazımdır ki, oranı əksin və ya onu kiməsə icarəyə versin. Mən yararsız torpaqdan danışmıram, biz bu gün yararlı torpaqlardan danışırıq. Əgər yararlıdırsa və bunu kimsə hasarlayıb saxlayıb, nə bilim nəvəsi üçün qoruyur, mən bunu düzgün hesab etmirəm. Biz Almaniyada olanda müşahidə etdik ki, bir qarış boş yer yoxdur. Hər yer əkilir.

- “Koorperasiya haqqında” qanun layihəsinin payız sessiyasında üçüncü oxunuşdan keçəcəyi gözlənilirmi?

- Əminəm ki, payız sessiyasında bu sənəd qəbul oluncaq. Çox istərdim ki, buna dövlət dəstəyi də olsun. Bu işlək mexanizm olsun və həqiqətən hər bir sahibkar üçün bundan istifadə eləməyə hüquqi baza yaransın. Biz bunu istifadə etməsək, kənd təsərrüfatımız çox ağır vəziyyətə düşəcək. Çünki biz bu gün tələblə təklifi tuta bilmirik. Bu gün böyük tələbatı olan mals sabah ola bilsin ki, tələbat aşağı düşsün və s. 

- Geni dəyişdirilmiş kənd təsərrüfatı məhsulları bizdə də çoxalıb. Necə baxırsınız məsələyə?

- Hər yerdə buna qarşı mübarizə aparılır, biz də buna qarşı mübarizə aparmalıyıq. Geni dəyişmiş kənd təsərrüfatı məhsulları bizə lazım deyil. Keçmişdə buna doğru gedirdilər. İndi fikir verin istər Avropa ölkələri olsun, istər başqa ölkələr bundan qaçırlar. Mən hesab edirəm ki, kənd təsərrüfatı mütəxəssislərini qoruyub saxlamaq lazımdır, əvvəlki zootexnikləri və başqalarını. İndi cavanlar o işə getmirlər. Amma deyim ki, bu iş daimi işdir.
 
- Eldar müəllim, bu yaxınlarda “Şöhrət” ordeni ilə ilə təltif olundunuz. Ardınca iki beynəlxalq əhəmiyyətli titul aldınız. Bütün bunlar sizin üçün gözlənilən idimi?

- Mən bir neçə ildir ki, Almaniyanın Avropa Təbiət Elmləri Akademiyası ilə əməkdaşlıq edirəm. Oranın həqiqi üzvüyəm, orada mənin bioqrafiyam çap olunub. Onlar da mənim 60 illiyimi bilirdirlər. Ona görə də onlar qabaqcadan bildirdilər ki, mənə “Senator ordeni” veriləcək.
Türkiyə ilə də həmişə sıx əlaqəmiz olub. Mən bəlkə də Türkiyəyə Azərbaycandan ilk gedənlərdənəm. 1988-ci ildən Türkiyə ilə əlaqədəyəm. Elmi sahədə onların Beynəlxalq Akademiyası ilə əlaqələrim var. Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə qurumun akademik üzvü seçilmişəm.
Orada həmişə türkdilli ölkələrdən olanlara daha çox meyillidirlər, həm vəzifəcə, həm də savadca ən yüksək insanları axtarıb tapırlar, təmas qururlar. 5-6 il bundan əvvəl orada mənə fəxri professor adını verdilər, “Qızıl ulduz” döş nişanı ilə təltif etdilər. İndi isə 60 illiyimlə bağlı məni akademiyanın həqiqi üzvi seçdilər.
Hər iki təltiflə bağlı Milli Məclisin sədri cənab Oqtay Əsədova rəsmi məlumat verilib. Amma ən böyük  fəxrim ölkə Prezidentinin mənim işimə verdiyi hörmət, fəaliyyətimə verdiyi qiymətdir. Hesab edirəm ki, bu, mənim seçildiyim Sabunçu rayon 28 saylı seçki dairəsində olan fəaliyyətimlə bağlıdır. Bəlkə də ora ən çətin dairələrdən biridir. Orada Mərdəkan, Maştağa, Bakının Zabrat, Bilgəh kəndləri yerləşir. Bu kəndlərin sakinləri inanın mənimlə bir yerdə sevindilər və ölkə Prezidentinin bu regiondan kiməsə böyük təltif verməsi bu insanlara çox xoş gəldi. Bir neçə insan hətta minnədarlıq teleqramları göndərdilər. Bu mənim üçün ən böyük hədiyyə idi. Öz adımdan və ailəm adından da ölkə Prezidentinə təşəkkür edirəm. Çalışacağam ki, həm “Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”, həmdə Bakıətrafı qəsəbələrin inkiaşf proqramının gerçəkləşməsində azacıq da olsa rolum olsun.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi