Modern.az

İraqın Azərbaycandakı səfiri: “Bizi hakimiyyət dəyişikliyində qınayanlar etdiklərimizi təkrarlayırlar”(MÜSAHİBƏ)

İraqın Azərbaycandakı səfiri: “Bizi hakimiyyət dəyişikliyində qınayanlar etdiklərimizi təkrarlayırlar”(MÜSAHİBƏ)

5 Avqust 2011, 14:45

“...İraq ərəb ölkələrinin baharı, birincisi idi”


Heydar Al-Barrak bir ildən artıqdır ki, Azərbaycanda İraqın səfiri missiyasını daşıyır. İxtisasca hüquqşünas olan İraq səfiri 2003-cü ildə Səddam Hüseyn sistemi çökdükdən sonra 25 nəfərdən ibarət yaradılan Hökm Şurasında çalışıb.

2004-cü ildə İraq Xarici İşlər Nazirliyində çalışan Al-Barrak həmin ildə də İraqın Bolqarıstana səfiri təyin olunub. 2007-2010-cu ilə kimi yenidən İraqda nazirlikdə fəaliyyətini davam etdirib. Keçən ildən isə Azərbaycanda çalışır. Heydar Al-Barrakla görüşərək həm İraqdakı hazırkı durum, həm də ərəb ölkələrində baş verən iğtişaşlar barədə söhbətləşdik.  

- Cənab səfir, sizinlə görüşümüz mübarək Ramazan ayının ilk günlərinə təsadüf edir. Bu ayı İraq necə qarşılayır və yola salır?

-  Dost Azərbaycan xalqını bu mübarək ay münasibətiylə təbrik edirəm. Ramazan bütün İslam dünyası üçün müqəddəs aydır. Qurani-Kərim bu ayda nazil olub. Məhz ona görə də Ramazana 11 ayın sultanı deyirlər.  Bütün müsəlmanlar bu ay oruc tutar, Allaha minnətdarlıq edərlər. Amma yay fəslində İraqda istilər daha yüksək keçdiyindən oruc tutmaq müəyyən çətinliklər yaradır. Düzdür, burada da havalar isti keçir. Amma bizim üçün bura indi bahar fəslidir.

- Terrorçunun nə dini, nə də vətəni olmaz. Təəssüf ki müqəddəs aylarda ərəb-müsəlman ölkələrində terror hadisələrinin baş verməsi terrorçular üçün ənənəyə çevrilib. Sizcə, bunun kökündə nə dayanır?

- Terrorçular bütün dünyanı, insanları kafir sayırlar, onların imanları olmaz. Bu cür hadisələr İslamdan uzaqdır, onun qanun və qaydalarına uyğun deyil. Terror hadisələrini həyata keçirənlər üçün nəinki canlı insanlara, ümumiyyətlə heç bir müqəddəs aya belə hörmət, ehtiram edilməz. Bunları törədənlər kriminal aləmlə bağlı, günahı olan insanlardır. Onların gözündə, düşüncəsində pis niyyətlərini həyata keçirmək dayanır.

- Bir ildən artıqdır ki Azərbaycanda çalışırsınız. Ölkələrimiz arasındakı əlaqələri qənaətbəxş hesab etmək olarmı?

- Hazırda ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Əlaqələri daha da gücləndirmək üçün ciddi addımlar atırıq. Müəyyən sahələrlə bağlı qarşılıqlı razılaşmalar mövcuddur. Siyasi əlaqələr yüksək səviyyədədir. Sadəcə tək siyasi deyil, iqtisadi, mədəni və digər əlaqələri də genişləndirməyə çalışırıq. 

- Digər ərəb-müsəlman dövlətlərindən fərqli olaraq iki ölkə arasında qarşılıqlı səfərlərə rast gəlmirik. Buna səbəb nədir?

- Bu, heç də siz düşündüyünüz kimi deyil. Bu ilin ilk 6 ay ərzində İraqdan nümayəndə heyəti 3 dəfə Azərbaycanda səfərdə olub. Bundan əlavə, Muğam Mahnı Müsabiqəsinə iki xanəndəmiz qatıldı. İraq mədəniyyət nazirinin müşaviri ilə Azərbaycan mədəniyyət naziri arasında razılaşma əldə olundu. Bakıda keçirilən Güləş üzrə Beynəlxalq Yarışmada idmançılarımız iştirak etdi. Keçən il bizim ticarət naziri də burada olub. Yəni, vaxtaşırı qarşılıqlı səfərləri həyata keçirməyə çalışırıq. 

- Müsəlman dövlətlərinin daha yaxından və sıx əməkdaşlıq etmələri üçün hansı addımların atılmasına ehtiyac var və bu istiqamətdə siz nə təklif edərdiniz?

- Azərbaycan geosiyasi tərəfdən həm Qərblə Şərq arasında, həm də başqa dinlər arasında orta bir nöqtədə yerləşir. Azərbaycan müxtəlif xalqlardan ibarət olan bir dövlətdir. Bu, bizim ərəb-islam ölkələri üçün gözəl bir nümunədir. Azərbaycan barədə söylənilən bir ifadə mənim çox xoşuma gəlib. Deyirlər ki Azərbaycanın vəsiqəsi İslam, düşüncəsi Avropa, mədəniyyəti rusdur. Azərbaycanın islam-mədəni dövlət olması digər dövlətlərə gerçəkdən bir örnəkdir. Biz buna demokratik İslam adı vermişik. Dininiz modern İslam, açıq görüşlü, gələcəyə baxan və addımlayandır. 

- İraqda hakimiyyət dəyişdi. Ölkənizin bundan sonrakı inkişaf  perespektini necə görürsünüz? Yəni sünni, şiə, ərəb, kürd, türkmanların yaşadığı bu ölkədə, siyasi birlik və bərabərlik şəraitində hansı addımlar atılmalıdır? 

- İraqda köklü dəyişiklik oldu. Əvvəlki prezident sistemi parlament sistemi ilə əvəzləndi. İraq indi federativ bir dövlətdir. İndi bizim başqa vilayətlərimizin haqqı var ki, öz aralarında və ya təkbaşına federasiya yaratsın. Qanunların qəbulunda, hüquq və mədəni azadlıqda böyük dəyişikliklər oldu. Onu da qeyd edim ki hakimiyyət dəyişikliyinə nail olmaqda biz ərəb ölkələrinin baharı, birincisi idik. Bizdən sonra digər dövlətlər öz azadlığı uğrunda ayağa qalxdı. O zaman bizi hakimiyyət dəyişikliyi etməkdə qınayanlar indi özləri bizim etdiklərimizin eynini təkrar edirlər. Biz dünya dövlətlərindən hərbi yardım istəyəndə də bizi qınadılar. Amma gördüyünüz kimi indi özləri aparıcı dövlətlərdən  hərbi yardımlar istəyir. Onu demək istəyirəm ki İraq xalqı doğru addım atmışdı, biz səhv heç bir addım atmamışdıq.

- Yeri gəlmişkən, hazırda da Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin açıq məhkəmə prosesi gedir. Xalq onun Səddam Hüseyn kimi edam olunmasını tələb edir...

- Amma Səddam Hüseynin məhkəməsi açıq keçiriləndə bizi az qınamadılar. Görürsünüzmü, indi özləri bu addımı atmalı olublar. 

- İraqdakı sabitliyi nə dərəcədə ardıcıl hesab etmək olar. Belə fikirlər səslənir ki İraqdakı sabitlik müvəqqətidir və orada yenidən vətəndaş müharibəsi başlaya bilər...

- Biz vətəndaş müharibəsini keçdik, o dövr arxada qaldı. Gerçəkdən 2005, 2006, 2007-ci illərdə belə bir düşüncə vardı. Vətəndaş  müharibəsinin baş verə biləcəyindən ehtiyat edirdik. Əminliklə deyə bilərəm ki İrqada təhlükəsizlik hökm sürür. Zaman-zaman xoşagəlməz olaylar baş verir, amma bu hər dəfə olmur. Bu kimi olaylar mərkəzdə, böyük şəhərlərdə deyil, uzaq bölgələrdə, kəndlərdə baş verir.

- Bəs, ərəb ölkələrində baş verən iğtişaşlar, qiyamlar barədə nə deyə bilərsiniz. Baş verənlər bu ölkələrin gələcək taleyinə necə təsir göstərəcək? Azərbaycan da daxil olmaqla bütün dünyada artıq ərəb ölkələrinin tarixində yeni mərhələnin başlanmasından danışırlar...

- Doğrudur, bu, tarixdə yeni bir səhifədir. Bu məsələdə İraq düşünür ki, öz gələcəyini qurmaqda xalqın haqqı var. Ərəb xalqının xeyrinə olan hər hansı bir məsələdə İraq onları dəstəkləyəcək, amma müdaxilə etməyəcək. Çünki başqa dövlətlərin bizim daxili işlərimizə qarışmalarından çox əziyyət çəkdik. Buna görə də biz bunu başqalarına etmək istəmirik. Baş verən olaylar demokratiyaya doğru bir addımdır.

- Ərəb ölkələrində baş verənləri bəzi təhlilçilər demokratiyanın yeni dalğasının başlanması kimi də qiymətləndirirlər. Digər ekspertlər isə hesab edir ki, bu prosesin nəticəsində radikal islamçılar hakimiyyətə gələcəklər...

- Bildiyiniz kimi bunların ikisi də tioridir. Bu günə kimi nə demokratiya, nə də radikal islam inkişafında heç biri gerçəkləşməyib. Fikrimcə, əgər demokratik bir sistem olsa da, hətta radikal dini hərəkat hakimiyyətə gəlsə belə, onu gözləyən bir sistem var.  

- Azərbaycanda çalışan diplomatlar və ailələri ölkəmizi tərk etmək istəmirlər. “Burada işləmək, yaşamaq rahat və təhlükəsizdir” deyirlər. Siz də belə düşünürsünüz?

- Biz dövlət məmuruyuq, verilən göstərişə əməl etməyə borcluyuq. Amma işləmək, yaşamaq üçün Azərbaycandan gözəl yoxdur. Çox qonaqpərvər, mehribansınız. Gerçəkdən də Azərbaycanda yaşamağa dəyər. 


Laçın SƏMLA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu