Modern.az

Medvedev: "Gürcüstan müharibəsi Azərbaycan və Ermənistan prezidentlərinə dərs oldu"

Medvedev: "Gürcüstan müharibəsi Azərbaycan və Ermənistan prezidentlərinə dərs oldu"

Dünya

5 Avqust 2011, 16:16

Rusiya prezidenti Dmitri Medvedev 2008-ci ildə Rusiya-Gürcüstan müharibənin başlanmasına görə, Mixail Saakaşvilini günahlandırıb və onunla "heç zaman danışmayacağını" deyib.

O, eyni zamanda Mixail Saakaşvilinin vəzifədə olduğu vaxtda Gürcüstanla münasibətlərin normallaşdırılmasının mümkünlüyünü ilk dəfə etiraf edib.

Modern.az BBC-yə istinadən bildirir ki, Medvedev deyib ki, münasibətlərin normallaşması Tiflisin Rusiyanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyünı blokadasını geri götürdüyü təqdirdə baş verə bilər.

Bütün bunlarla yanaşı Rusiya prezidenti həm də hesab edir ki, Mixail Saakaşvili beynəlxalq tribunal qarşısına çıxarılmağa layiqdir.

Rusiya-Gürcüstan müharibəsinin üçüncü ildönümü ərəfəsində prezident Medvedev “Exo Moskvı” radiosu , “Russia Today” telekanalı və Gürcüstanın “Birinci İnformasiya Qafqaz” telekanalına müsahibə verib.

Öz müsahibəsində Medvedev Rusiyanın Dünya Ticarət Təşkilatına bu ilin sonunadək daxil olacağına ümid bəslədiyini deyib. Onun sözlərinə görə, bu, Gürcüstanla normal münasibətlərin bərpasında dəyişiklikdən biri ola bilər.

DTT-nin şərtlərinə görə, yeni ölkələr onun üzvlərinin hamısı dəstəklədiyi halda təşkilata üzv ola bilərlər. Gürcüstan isə öz növbəsində deyir ki, Rusiya Cənubi Osetiya və Abxaziyada gömrük postlarını bağlayarsa, onun DTT-ə üzvlüyünə razılaşa bilər.

Cənubi Osetiya və Abxaziya Gürcüstandan müstəqillik elan ediblər və Tiflis onların Rusiya tərəfindən işğal edildiyini hesab edir.

Medvedev deyib ki, ilin sonunadək DTT-ə üzv olmaq şansları böyükdür.

"Əgər Gürcüstan rəhbərliyi müdriklik göstərərsə - bu dönüş nöqtəsi olmasa da, təmas nöqtəsi ola bilər və onun ətraında normal ticarət-iqtisadiyyat münasibətlərini bərpa etmək olar, hətta, diplomatik münasibətləri də" - Rusiya prezidenti bəyan edib.

Ancaq Medvedev əlavə edib ki, DTT-yə üzvlük markası altında siyasi reallıqları dəyişmək istəyirlərsə, "biz əlbəttə ki, buna getməyəcəyik və DTT də bunun əvəzində qəbul ediləcək hədiyyə deyil".

Müsahibəsində öncə sülhün mümkünlüyündən danışan Dmitri Medvedev qəflətən sözünü dəyişib və yenidən Mixail Saakaşvilini tənqid edib. O, deyib ki, Sakaşvili Rusiya-Gürcüstan münaqişəsinin inkişafında roluna görə beynəlxalq tribunala çıxarılmağa layiqdir.

D.Medvedev 2008-ci ildə müharibənin başlanmasına görə, Mixail Saakaşvilini günahlandırıb və onunla heç zaman danışmayacağını deyib. Rusiya Prezidenti deyib ki, gələcək Gürcüstan lideri ilə açıq müzakirələrə gedə bilər, ancaq Saakaşvili ilə yox.

Rusiya prezidenti bildirib ki, 2008-ci ilin avqustunda Gürcüstanda baş vermiş münaqişə Azərbaycan və Ermənistan prezidentləri üçün ciddi dərs oldu: “Gürcüstandakı münaqişədən az sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Soçiyə gəlmişdilər. Bilirsinizmi, onlar mənə nə dedilər? Dedilər ki, bu çox pis hadisədir, Qafqaz üçün pis hadisədir.
Amma onların hər biri onu da əlavə etdilər ki, bu həm də onlar üçün müəyyən mənada bir dərs oldu. Prezidentlərin mənə dedikərinə görə, 5 günlük müharibədənsə, Qarabağın taleyinin necə olacağı, orada referendumun keçirilib-keçirilməyəcəyi, sülh sazişinin necə olacağı haqda sonsuz şəkildə danışıqlar aparmaq daha yaxşıdır. Bu onlar üçün çox ciddi bir dərs oldu”.

Rusiya prezidenti bildirib ki, əgər Gürcüstan prezidenti Saakaşvili “bir az ağılılı olsaydı, biz Soçidə ya başqa yerlərdə görüşüb beləcə oradakı münaqişənin də həll yolu axtarardıq”.

Bir il əvvəl Rusiya prezidenti Gürcüstanla münasibətlərin normallaşmasını yalnız orada hakimiyyət dəyişikliyindən sonra mümkün hesab etdiyini demişdi.

Müsahibə Gürcüstan hakimiyyətində qəzəbli reaksiya doğurub.

Medvedevin bəyanatını BBC Rus xidmətinə şərh edən Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin rəhbəri David Darçiaşvili deyib: "Bu müasirliyin, Rusiya və onun maraqlarının mahiyyətinin dərk edilməməsidir və qalan hər şey də elə bundan yaranır".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir