Modern.az

Cəbrayıl gülməcələri (XIV)

Cəbrayıl gülməcələri (XIV)

6 Avqust 2011, 14:31

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. 

Girovların başabaş dəyişdirilməsi

Cəbrayılın 25 evdən ibarət Şıxlar kəndi keçmiş Hadrut rayonunun ermənilər yaşayan 150 evdən ibarət Dolanlar kəndi ilə qonşu idi. 1988-ci ilin oktyabr ayında baş vermiş bir hadisəyə qədər hər iki kəndin camaatı çox mehriban dolanırdı. 


O illərdə İrəvandan bir başıpozuq daşnakı Hadruta komsomol komitəsinin sədri göndərdilər. Aradan bir az keçməmiş həmin dığa Dolanların kolxoz sədri oldu. Və bundan sonra ermənilər yaşayan Dolanlar kəndi ilə bizim Şıxlar və Qalacıq camaatı arasında münasibət kəskinləşdi.


O dığa kolxoz sədri olnadan bir həftə sonra  Cəbrayıla xəbər gəldi ki, ara qarışıb, kəndlər arasında munaqışə ola bilər. Münaqışəyə səbəb isə Şıxlar kəndinin mal-qarasının guya Dolanların yonca zəmisinə girməsi idi. Ermənilər mal-qaranı, üstəlik iki eşşəyi aparıb tövləyə salmışdılar. Nə qədər danışıq aparılsa da, xeyri olmurdu, ermənilər mal-qaranı qaytarmaq istəmirdilər.


Acığa düşən Şıxlar kəndinin cavanları sözləşib gecə balta-dəhrə ilə yaraqlanıb Dolanlara girirlər, kolxoz tövləsinin qapısını sındırıb mal-qaranı gətirirlər... Amma eşşəkləri tapa bilmirlər. Ertəsi gün Şıxlar camaatı Dolanlara xəbər göndərir ki, eşşəkləri xoşluqla qaytarsınlar, yoxsa pislik onlara qalacaq. Ermənilərdən səs çıxmır...


Şıxlar cavanları yenə yaraqlanıb gecəyarısı Dolanlara girirlər və iki ortayaşlı ermənini girov götürüb qayıdırlar. Girovları aparıb kolxozun tövləsinə salıb örükləyib-çidarlayırlar.


Ertəsi gün tezdən girovların qohumlarından ibarət bir dəstə erməni Şıxlara minnətçi gəlir.

- Eşşəklərimizi qaytarmasanız qulağınızın dalını görərsiniz, - Şıxlar camaatı onlara, indiki dillə desək, belə bir sərt mesaj verir.


- Yaxşı, yaxşı, eşşəkləri günortaya qədər mütləq qaytarararıq, - çalsaqqal erməni minnətçilərin adından Şıxlar camaatını arxayın eləyir.


- Razılaşdıq! - Şıxlar cavanlarından biri deyir və əli ilə yaxınlıqdakı təpənı göstərir, - saat 2-də eşşəklər o sarı təpənin üstündə olsun, sizin qohumlarınızı da ora gətirəcəyik.  


Ermənilər suyu süzülə-süzülə geri qayıdırlar.  


Günorta saat 2-yə yarım saat qalmış deyilən sarı təpənin üstündə iynə atsan yerə düşməzdi. Şıxlar və Qalacıqdan, başqa yaxın kəndlərdən də girovların dəyişdirilmə törənini öz gözləri ilə görmək istəyən 100-ə yaxın adam səbrsizliklə ermənilərin gəlməsini gözləyirdi...


Budur, axır ki gəldilər. Bir dəstə erməni eşşəklərin başına ip salıb dallarınca darta-darta təpəyə qalxırlar. Gəlib təpənin başına çatıb dayanırlar. Bir erməni hər iki eşşəyin çatısından tutub bir neçə addım irəli çıxır:


- Buyurun, bu sizin eşşəklər, - erməni ipləri qoşalayıb qabağa uzadır.


Şıxlı cavanlarından biri də həmin qayda ilə başına ip bağladığı iki ermənini çəkib ortalığa gətirir:


- Bu da sizinkilər! – deyib iplərin ucunu erməniyə uzadır və eşşəklərin ipini ondan alır.


Bir neçə uşaq fotoaparatlarını işə salıb şaqqaşaqla bu hadisəni tarixin yaddaşına yazır.


Həmin hadisədən sonra Dolanların kolxoz sədrini işdən çıxardıb yerinə ayrısını qoyurlar və bir də Dolanlar camaatı “mıqq” eləyib Şıxlar-Qalacıq tərəfə boylanmır.   


***

İman çay içir

Bir ucu Tinli-Qovşudlu, o biri ucu Dağ Tumas kəndində ən məşhur kəlmələrdən biri də “İman çay içir” söhbətidi. Bu kəndlərdə astagəl iş görən adamlara baxıb deyərlər: “Hə, deyəsən İman hələ çay içir!”.


Borçalı aşıqları demiş, söhbət necə olub, ərz eləyim qulluğunuza, feyziyab olun.


Tinli Mehralı oğlu Vəlişin gözü Cəbrayılın Minbaşılı kəndindən Kommuna adlı yaraşıqlı bir qıza düşür. Vəliş evdəkiləri girinc eləyir ki, Kommunaya tezliklə elçi getsinlər. Qızın anası Tehranə xanım tərəfin Tinli tayfaları ilə köhnədən qohumluğu varmış.


Qışın oğlan çağında, soyuq iliyə işləyən vaxt Məmmədhəsən oğlu Həmid, Nəcəfqulu oğlu Mustafa, Nazaralı oğlu Bəşır, Cəfərqulu oğlu Baba, Xanalı qızları Abı və Sayad, Qara qızı Gülzada, nəhayət qızın valideynlərini hamıdan yaxşı tanıyan Hüsü oğlu İmandan ibarət 8  nəfərlik bir dəstə üz tutur Minbaşılıya.


Elçılər gəlib qızgilin evlərindən bir az aralıda dayanırlar.


- Dəstə ilə camaatın qapısına xəbərsiz-ətərsiz getmək yaxşı düşməz, - Məmmədhəsən oğlu Həmid deyir, - gəlin bir nəfər göndərək, gedib öyrənsin görsün evdə adam var ya yox?


- İman kişi getsin, - Sayad deyir, - həm ağsaqqalımızdı, həm də qızın ailəsini tanıyır.


İman kişinı qızgilə “kəşfiyyat”a yola salırlar...


İyirmi dəqiqə keçir, yarım saat keçir...  İman kişi gəlib çıxmır ki çıxmır. Saxtadan büzüşüb bir-birinə qısılıb durmuş elçılərdən biri dözməyib dilə gəlir:


- A balam, gedək görək bu İman kişi harda qaldı, soyuqdan qırıldıq axı!


Qərara gəlirlər ki, bir nəfər də göndərsinlər, gedib xəlvətcə baxıb görsün İman kişinin başında nə iş var. Nisbətən cavan elçilərdən biri əyilə-əyilə gedib evin pəncərəsindən baxıb görür nə?! Bəh-bəh! İman kişi gurhagurla yanan sobanın yanında bardaş qurub oturub, qabağında da pürrəngi çay! Çaydan içə-içə qızın anasına nədənsə alovlu-alovlu danışır.


Xəbərçi dilxor qayıdıb paltarlarından sırsıra sallanan yoldaşlarının yanına gəlir. Onların sual dolu baxışlarına cavab olaraq əlini yelləyir:


- Gözünüz aydın, İman çay içir!

***

Hər uzunqulaqdan eşşək olmaz!

Bu hadisə Qarabağın başqa bir yerində - Bərdədə baş verib. Maraqlı gəldi deyə yazıram. Bərdə ətrafında məskunlaşmış köçkünlərin nə qədər korluq çəkdiyini hamı bilir. Hərə başını bir cür saxlayır. Fəhləlik eləyən də var, beş-üç quruş qazanıb ailəsini dolandırmaq üçün özü özünü Rusiyaya “sürgün” eləyib bazarlarda can çürüdənlər də. Hərdən də bəzi ailələrin uşaqları Yuxarı Qarabağ kanalından balıq tutub satıb azuqə eləyirlər. Onu da tapsalar...


Bir dəfə bir neçə uşaq (uşaqların adını yazmıram, çünki deyirlər o uşaqları hələ də polis axtarır, yəni bu iş hələ bağlanmayıb, ona gorə də adlarını deyib camaatın uşağını xataya salaram) Qarabağ kanalından balıq tutmaq istəyirmişlər. Sözləşiblər ki, tilovla tutmaqdan bir şey çıxmaz, tor qursunlar ki, əməlli-başlı qənimət olsun.


- Nə tor?!, - uşaqlardan biri etiraz eləyir, - ayrı şey fikirləşmək lazımdı. Toru gözləmək lazımdı. Gəlib iş üstündə tütarlar, qanımız gedər.


- Ayə, mən yaxşı bir üsul bilirəm, - o biri uşaq deyir, - suya tok (cərəyan) buraxırsan, balıqlar keyləşib qarnıüstə qalırlar – yığ ki yığasan!


Təklifi hamı bəyənir...


Bəs toku nəylə buraxsınlar? Generatorla. Generatoru hardan alsınlar? Bir saatlıq kirəyə götürsünlər. Bəs kanala nəylə aparsınlar? Əllərində ağır olar, taksi tutmaq da xatalıdı - polis duyuq düşər. Evrika!!! Generatoru qoyaq eşşəyin belinə, aparaq! Əla fikirdi! Özü də qara eşşəklə ki, gecə qara, cücə qara, - görən olmasın...


Ora eşşək, bura eşşək, o boyda Bərdədə eşşək qəhətə çıxır. Uşaqlar gedib yaxın kənddəki tanışlarına ağız açırlar.


- Vallah, eşşək özümə lazımdı, axşam isti sınan kimi bağdan ot daşıyacam, - tanışları deyir, - ordan bura yol ölçüb gəlmisiniz, naümid qaytarmaq istəmirəm sizi, istəyirsinizsə eşşəyin balasını verim (şəhər uşaqları üçün bir haşiyə çıxım: eşşəyin balasını hər kənddə bir cür adlandırırlar - “xotux” da deyən var, “xötək” də, “qodux” da. Əsl adı “qoduq”du. Qoduq bir az böyüyəndə sıpa olur, həddi-buluğa çatanda isə olur əsl eşşək oğlu eşşək!), amma bir xahişim var – hələ balacadı, çox yük vurmayın.


- Qorxma, on kilodan artıq yük vurmarıq, - uşaqlar onu arxayın salıb sevinə-sevinə qoduğun başına çatı salıb dallarınca çəkib aparırlar. Gətirib bir kölgədə bağlayırlar ki, toran vuranda “hücuma” keçsinlər.


Gün əyilir, toran vurur. Uşaqlar generatoru qoduğun belinə qoyub ora-bura göz gəzdirə-gəzdirə oğrun-oğrun dallarınca çəkib aparırlar. Kanala çatıb generatoru qoduğun belindən düşürtmək istəyəndə uşaqlardan biri deyir:


- Qaqa, qulaq as, çaya tok buraxmaq iki saniyəlik işdi, bundan ötrü generatoru düşürdüb, bir də təzədən yükləməyə nə ehtiyac?! Qoduğu bir az çaya yaxın sür, şnurları sallayaq çaya, generatoru elə quduğun üstündə “xodlayaq”, vəssalam, sonra da tez söndürək.


Təklif hamının ağlına batır.


Generatorun ipini çəkib işə salan kimi tırıltıdan hürkmüş qoduq kanalboyu götürülür. Uşaqlar bir neçə dəqiqə key kimi durub arxasınca qatı tüstü buraxa-buraxa dızırıqlanıb qaçan qoduğun ardınca baxırlar, sonra onu tutmaq üçün dalınca qaçmağa başlayırlar. Həmin an qoduğun ağlından nə keçdiyini Allahdan başqa heç kim bilməz, amma qoduğun gah sağa, gah da sola qaçmasından belə qənaətə gəlmək olardı ki, yazıq heyvan arxasınca gələn maşından canını qurtarmaq üçün, riyaziyyatçılar demiş, sinisoidal trayektoriya üzrə hərəkətə üstünlük vermişdi.


Komediya bununla bitmir... Toranlıqda dalınca qatı qara tüstü buraxan qoduq gözlənilmədən qaçıb Bakı yoluna çıxır və tərslikdən asfaltın sol tərəfi ilə üzüyuxarı - Bakıya tərəf dördəm çapır.


Qoduqla üzbəüz gələn bir neçə yüngül maşın siqnal verib onu yoldan çıxarmaq istəsələr də alınmır, sürücülər məcbur olub qarşı yola çıxıb bu qəribə məxluqa yol verirlər. Hər dəfə də sürücülər tez maşından düşüb “başqa planetdən gələn” bu möcüzəli məxluqa tamaşa eləyirlər.


... Bakıdan yük gətirən Mirələsgər oğlu Ağanatiq (bu ad polisin protokolundandı) gözlərini ovub düz onun üstünə gələn tüstü buraxan turbo-qoduğun terrorçu əməli olduğunu düşünüb ZİL maşınının əyləcini dibinə qədər sıxır, amma maşının heyvanla labud toqquşmasından qorxub sukanı sağa burur... və ZİL yol qırağındakı xəndəyə düşüb yanıüstə çevrilir. Ağanatiq kişi ufuldaya-ufuldaya iməkləyib maşının sınıb tökülmüş qabaq şüşəsinin qalıqları arasından çıxır, durub ust-başını çırpır, kepkasını düzəldib kədərlə maşından tökülmüş yeşiklərə baxır.


“Reaktiv” qoduq isə yoldan çıxıb yaxınlıqdakı çəkillikdə gözdən itir...


Ərazi, həmişə olduğu kimi, bir an içində pulsuz tamaşa azarkeşləri ilə dolur. Qoduğu qovan uğursuz “balıqçılar” da gəlib çıxırlar.


- Əşi, bu nə təhər oldu? – toplaşanlardan biri Ağanatiq kişini dümsükləyir, - neçə ilin sürücüsüsən, bu düz yolda niyə maşını aşırmısan?!


- Əyləc tutmadı yəqin, hə? – başqa birisi soruşur...


Sual sual dalınca yağır, qanı it qanına dönmüş Ağanatiq kişi də eləcə çiyinlərini çəkib şirin Nardaran ləhcəsi ilə eyni cavabı verir:


- Nə bilim alə, nağafil bidənə motosklet uğuldiyə-uğuldiyə düz üstümə gəldü, qaçurtmağ istedüm, alınmadü, bələnçük yamaya düşdüm...


Polis də özünü yetirir.  Sorğu-sual yenidən başlayır...


Ağanatıq kişi polisə də qəza şəraitinin motosikletçi tərəfindən yaradıldığını deyir. Polis protokol tərib eləyir və maşını xəndəkdən çəkib çıxartmaq üçün kran çağırır.


Bayaqdan camaata qarışıb səslərini içinə salıb susan “balıqçılar” xətanın onların başından sovuşduğunu görüb ürəklənirlər.


- Daydayı,- uşaqlardan biri Ağanatıq kişini yanlayır, - motosiklet yaponski idi? Yəqin “Kavasaki” idi, hə?


- Yox əşi, nə “Kavasaki”, “Honda” olardı, - o biri “balıqçı” atmacanın quyruğuna birini də qoşur.


- Bəklə “Suzuki” idi?! – üçüncü “balıqçı” Ağanatıq kişinin dinmədiyini görüb onu daha da cirnatmaq istəyir.


- Həri, həri, markasün yəxçü seçmədüm, digesön ələ siz degənlədən birü idi, - Ağanatiq kişi qır-saqqız olmuş uşaqlardan yaxa qurtarmaq üçün deyir.


Kran gəlir. Maşını qaldırıb düzəldirlər, sonra da çəkib yola çıxardırlar. Yerə tökülən yükün salamat qalmışlarını maşına yükləyirlər. Ağanatiq kişi mühərriki işə salır. Polis hər şeyin uğurla bitdiyini görüb çıxıb gedir.


“Balıqçılar”dan savayı toplaşanlar da dağılışır. Heç kəsin olmadığını görən uşaqlar Ağanatıq kişiyə yaxınlaşır:


- Daydayı, doğrudan sən qabaqdan gələnin motosiklet olmadığını görmədin? – deyə ondan ironiya ilə soruşurlar.

 - Alə, - Ağanatıq kişi kepkasının dimdiyini yuxarı qaldırır, - bit-birə kimi nöş yapuşmusuz yaxamnən? Bəgəm mən motiskletnən əşşəgün fərğünü bilmirəm?! Siz bilən, mən polisə digəydüm ki, üstümə gələn əşşəgdü, özü də dalundan gurhagur ğapğarə tüstü buraxur, o mənə nə digərdü?! Deməzdü ki, ələ yekə kişisön, bu boyda maşunun barankasıni fırladırson, hələm bir rolun dalunda uyurson da?!!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər