Modern.az

Bizimkilər - Cəlalə Nəzəroğlu: “İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi” - FOTOLAR

Bizimkilər - Cəlalə Nəzəroğlu: “İlk dəfə efirə çıxanda çənəm, əl-ayağım titrəyirdi” - FOTOLAR

4 Aprel 2018, 12:34

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı ASAN Radionun redaktoru və aparıcısı Cəlalə Nəzəroğludur.

Cəlalə Nəzəroğlu 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. Xəzər Universitetinin Humanitar və Sosial elmlər fakültəsinin magistratura pilləsini "Fərqlənmə" diplomu ilə bitirib. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu "SAYGIN Coaching& Consulting" Fərdi İnkişaf Mərkəzində təlim alıb.


Bir çox dövlət qurumlarında, özəl şirkətlərdə, QHT-lər, ali və orta məktəblərdə səlis danışığı fərqli formatda öyrədən seminar və təlimlər verib, fəaliyyətini davam etdirməkdədir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Nitq mədəniyyəti müəllimidir. "Diksiya Akademiyası" MMC-nin təsisçisi və rəhbəridir.


Nitqin insan həyatında misilsiz rolundan bəhsedən, qüsurlu danışığı qısa müddətdə məşqlərlə aradan qaldırmağa kömək edən "Danışığınla həyatı qazan" kitabının müəllifidir.


Cəlalə Nəzəroğlu müəllim ailəsində böyüyüb, valideynlərinin  hər ikisi də  dilçidir:


“8-ci sinifə qədər evdə mənim hansı peşəyə yiyələnməyimlə bağlı heç bir müzakirə getməmişdi. Evimizdə atamın özəlliklə adi taxtadan düzəltdiyi böyük bir kitab dolabı vardı. Bir dəfə kitabları səliqəyə salırdım. Birdən “Jurnalistika məsələləri” adlı kitab diqqətimi çəkdi. İşimi yarımçıq qoyub anamın yanına getdim və jurnalistikaya aid suallar verdim. Anam elə həvəslə danışırdı ki! Tələbə vaxtı Filologiya və Jurnalistika fakültələrinin bəzi dərslərdə  birləşməsindən, oradakı dostlarından bəhs etdi. O gündən məndə bu sahəyə maraq yarandı. 2002-ci ildə BDU-nun Jurnalistika fakültəsinə  daxil  oldum”.


Məndən müxbir olmaz…”

Tanınmış jurnalist deyir ki, tələbə vaxtı çox çalışqan olub:

“Yaxşı qiymət almağa ciddi cəhdlə əmək verirdim (amma indi öz tələbələrimə qiymət almaq üçün dəridən-qabıqdan çıxıb əzbərlə məşğul olmamağı tapşırmışam). Tələbə vaxtı bizə  ABŞ-dan bir jurnalist gəlmişdi. İlk dəfə “əsl müxbir necə olmalıdır” məsələsini ondan eşitdik və gördük. Bizə bir sual verdi. 10 dəqiqə ərzində yad adamlarla bu sualla bağlı sorğu etməli idik. O gün anladım ki, mən çox arzu etdiyim müxbirlik peşəsinə yiyələnə bilməyəcəm. Çünki utancaq idim,  adi soyuq baxışdan belə ürəyimin qırıla bilərdi. Müxbir isə cəsarətli, dözümlü olmalı idi”.

“İslam Rzayevi tanımadım”

“1-ci kursun sonunda təcrübə üçün Azərbaycan radiosuna göndərilmişdik. “Şəbəkə” verilişi ilə tanış oldum. Ömrümdə ilk dəfə müsahibəm mərhum sənətkarımız İslam Rzayevlə olub. O zaman 18 yaşım vardı. Muğam teatrında olduğunu dedilər. Ora həm də restorandır, yəqin bilirsiniz. İçəri girdim. Gördüm 2 nəfər çay süfrəsi arxasında söhbət edir. Yaxınlaşıb salam verdim, İslam Rzayevin harda olduğunu soruşdum. Qəhqəhə çəkib güldü. Ağlamağım gəlirdi. Yanındakı xanım: “Aaaa, bu boyda sənətkarı tanımırsan, özün də müsahibəyə gəlmisən!?!”,- dedi. Rəhmətlik ayağa durub əlini kürəyimə qoydu, ağlamamağım üçün xoş sözlər dedi və mənə müsahibə verdi”.

Televiziyada ilk çıxışım canlı oldu”

Ali məktəbi bitirdikdən sonra müəllimi  Qulu Məhərrəmliyə müraciət edən  Cəlalə Nəzəroğlu üçün AzTV-də təcrübə keçmək şəraiti yarandı:
 

“Təxminən 4 ay  keçmişdi. Bir gün mənə dedilər ki, sabah “Səhər” proqramında canlı yayımdasan, qonağın isə həkim olacaq. Həyəcandan bədənim əsirdi. Axşam evə qayıdanda mağazalara baxıb özümə pencək almaq istədim. Çoxu bağlı idi. Güc-bəla ilə solğun, əynimdə o qədər də yaxşı durmayan bir pencək aldım…

Səhəri gün efirdə idim, çənəm, əllərim, ayaqlarım titrəyirdi. Amma bol-bol gülümsünürdüm, həyəcanımı gizlədirdim”.


“Xəzər  Xəbər”- mənim unudulmaz sevgim…

Jurnalist AzTV-dən sonra fəaliyyətini Xəzər TV-də davam etdirib:

“Yaşım 23 olsa da, sifət cizgilərim qrim üçün yaxşı imkan yaradırdı və məndən 35 yaşlı ciddi aparıcı qadın yarada bilirdilər. Elə bu səbəbdən real həyətda məni görənlər çox təəccüblənirdilər (gülür). Oğlum dünyaya gələnə qədər (2012) “Xəzər Xəbər”in aparıcısı oldum. Analıq məzuniyyətim 1 il 5 ay sürdü. 2013-cü ildə yenidən mediaya qayıtmaq istəyəndə heç nə asan olmadı. Evdə körpə övladımın olduğunu biləndə tərəddüd edir, “Xəstələnəcəyi halda yəqin işə gəlməzsən?”,- deyə qəribə suallar verirdilər. Sonra yolum “İnteraz” (“Xəbərlər”) və ANS (“Salam, Azərbaycan”) televiziyalarından keçdi. Hər ikisində məsuliyyətli və çətin işi icra edirdim. Eyni vaxtda həm personala, həm də böyük verilişin A-dan Z-yə hər məsələsinə nəzarət, rəhbərlik etmək çətin idi”.


ASAN Radio ikinci  baharımdır”


Müsahibimiz deyir ki, 2015-ci ilin payızında mətbuatdan uzaqlaşandan sonra  daha heç bir media qurumunda işləmək istəmədiyini düşünürmüş:

“Bir gün ASAN  Radionun yaradılması  haqqında eşitdim. “ASAN xidmət ” mənim hər zaman xəyalım olmuşdu. Bu qurumun bir parçası olmaq arzum idi. Dərhal  CV  yolladım. Dəvət etdilər və seçildim. Hazırda burada aparıcı və redaktor kimi fəaliyyət göstərirəm. Burada mühit çox sağlamdır. İstiqamətimiz fərqlidir. Gün ərzində onlarla çarx, reportaj, veriliş və sair yayımlanır. 

Bu an üçün xatırladığım ən dərin ağrı mənim ciyərparam  Baburla (itkin düşən alpinist Babur Hüseynov-red.) bağlı xəbər oxumağımdır. Hər dəfə onun adını çəkib canlı yayımda xəbər oxuyanda səsim titrəyirdi, amma peşəkar aparıcı hər vəziyyətdə özündə olmalıdır. Onunla bağlı yaxşı xəbəri efirdən səsləndirməyi çox istəmişdim”.


“Sosial  şəbəkədən  mediadan  xəbər  tutmaq  üçün  istifadə  etmirəm”

Cəlalə Nəzəroğlu xəbərləri konkret bir neçə sayt, agentlikdən oxuyur:

“Çünki sosial şəbəkədə çox vaxt cazibədar başlıqlı və bir çox hallarda könül bulandıran xəbərlər yayılır, tirajlanır. Qətllər, xəyanətlər, intiharlar, zorlanmalar və sair. Hazırda internet mediasının hökmranlıq etdiyi dövrdəyik. Bəzi sağlam media qurumlarını çıxmaq şərtilə, digərlərinin fəaliyyəti “İP müharibəsi”ni xatırladır. Reytinq üçün verilən xəbərlər, etik kodeksi pozaraq üzü gizlədilməyən yeniyetmə şəkilləri, ailə məhrəmləri…Bütün bunlar çox üzücüdür”.

“Tələbələrimə hər şeydən əvvəl vicdanlı insan olmağı aşılamağa çalışıram”

Tanınmış jurnalist həm də BDU- nun Jurnalistika fakülətsində “Nitq mədəniyyətinin əsasları” fənnini tədris edir:

“Mən tələbələrimə hər zaman deyirəm ki, 4 il boyunca sizə verilənlərin bəlkə də yarısını əxz etməyə bilərsiniz. Əsas odur ki, vicdanlı və ədalətli olun. Bu ikisi bir yerdə vəhdət təşkil edəndə insan həm işini məsuliyyətlə görür, həm də başqalarının həyatına zərrə qədər ziyan vurmamaq üçün əlindən gələni edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir