Modern.az

Ekspertlər medianın seçki prosesini işıqlandırmasından NARAZIDIR  

Ekspertlər medianın seçki prosesini işıqlandırmasından NARAZIDIR  

Aktual

5 Aprel 2018, 08:56

Aprelin 11-i Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Kütləvi informasiya vasitələrinin seçkilərdə rolu qanunlara yanaşı, medianın beynəlxalq standartlarına və etikasına əsaslanmalıdır. Bu barədə bir çox beynəlxalq təşkilatların çağırışlarında da ifadə edildiyi kimi, kütləvi informasiya vasitələri istənilən ölkədə seçki dövründəki fəaliyyətlərin ədalətli və şəffaf şəkildə göstərilməsi, vətəndaşların öz gələcəklərini müəyyən etdiyi əhəmiyyətli zaman kəsiyində əhatəli məlumatlar ala bilməsi üçün mühüm funksionallığa malikdir.

Maraqlıdır, seçki kampaniyası başlayandan bu günə kimi Azərbaycan  mediasının fəaliyyəti necə olub?

Media eksperti  Ələsgər Məmmədli Modern.az saytına açıqlamasında deyib ki,  seçki prosesində medianın fəaliyyətini daha  dəqiq qiymətləndirmək üçün hökmən monitorinq metodologiyasından istifadə olunmalıdır:

“Təbii ki, mən monitorinq aparmadığım üçün detallı danışa bilməyəcəm. Buna baxmayaraq bu istiqamətdə ümumi, olmazsa-olmaz şərtlər var. Birinci növbədə seçkilər zamanı media üzərinə düşən əsas  vəzifə  həmin prosesdə vətəndaşları maksimum  maarifləndirmək və doğru seçim etməsinə yardım etməkdir. İkinci önəmli məqam vətəndaşların informasiya təminatı  tam verilməlidir. Yəni vətəndaşlar seçkilərdə kimlərin iştirak etdiyini, prosesin necə davam etdiyini bilməlidir. Təbii ki, medianın üzərinə düşən ən önəmli öhdəlik Seçki Məcəlləsinin 77-88-ci maddələri arasında göstərilib. Bu, bütün tərəflərə bərabər yanaşılmasıdır. Çünki media özü tərəf deyil, sadəcə tərəfdar yarışı əks etdirən aynadır. Lakin bizdə seçkilər yalnız Seçki Məcəlləsinə görə İctimai TV və radio yayımlarında ödənişsiz müzakirə edilə bilir. 168 saatlıq yayım ərzində cəmi 3 saat. Bu, hətta 2 faiz belə efir vaxtı demək deyil.  Digər tərəfdən media reklam qiymətləri müəyyən edib Mərkəzi Seçki Komissiyasına göndərib. Məsələn, “Xəzər” televiziyasının  praym taymında 1 dəqiqəlik qiymət 7000 manatdan çoxdur. Bu  cür astronomik rəqəmlərin qoyulmasının tərcüməsi əslində “mənə toxunmayın, reklam verən deyiləm” deməkdir. Çünki normalda fikirlərini cəmiyyətə çatdırmaq üçün inanmıram ki, hansısa namizəd 10 dəqiqəlik yayıma 70 min manat versin”.

Ekspert qeyd edib ki, hazırda hətta elektron medianın mümkün qədər seçki ilə bağlı proseslərdən  tamamən uzaq qalması və seçki yoxmuş kimi davranması müşahidə edilir:

“Maşın sürdüyüm üçün gündəlik radio dinləyirəm. Eyni zamanda televiziya xəbər və proqramlarını da mümkün qədər ekspert kimi izləyirəm. Sanki  mediaya əmr  verilib ki, seçkilərdən danışılmasın və ya məlumat verilməsin.  Yalnız sosial media üzərindən bəzi işlər görülür. Bu da maarifləndirici olmayan, daha çox mizah, satira xarakterli işlərdir. Seçkilər ancaq bu çərçivədə müzakirə olunur. Əlbəttə, bu, bir ölkənin, xüsusilə demokratik idarəli və bu standartı davam etdirmək istəyən bir ölkənin  öz gələcəyinə nə qədər biganə olmasının nümunəsidir. Media əslində mühüm vasitədir və onun missiyası çox  önəmlidir. Məsələ tək özlərinin pul qazanması üçün deyil, eyni zamanda yaşadıqları dövlətin demokratikliyi çərçivəsində qiymətləndirilməlidir. Buna uyğun davranmaq məcburidir, amma təəssüf ki, buna nə nəzarət , nə də ictimai tələb var”.

Media eksperti  Zeynal Məmmədli deyib ki,  Azərbaycan mediası cəmiyyətə adekvat hərəkət edir:

“Yəni cəmiyyət necə passivdirsə, mediamız da elədir. Sanki seçki dönəmini yaşamırıq. Müxtəlif kəsimlərin davranışlarını izləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizdə seçki prosesi olduğu hiss olunmur. Cəmiyyətdə də buna təpki yoxdur. Media buna uyğun davranır. Azərbaycan mediasında plüralizm oturuşmayıb. Sanki alternativ media özünə bəraət qazandırır.  Yəni hazırda Azərbaycana yaraşmayan situasiyanın şahidi oluruq”.

Müsahibimiz deyib ki,  seçki təcrübəmizin olmadığı 1918-ci illərlə indiki zamanı müqayisə edəndə kəskin fərqlər olduğunu görərik:

“Həmin dövrdə “Azərbaycan” qəzetində bütün kəsimlərin baxışları öz əksini tapırdı.  Amma indiki  rəsmi qəzetlərə baxın. Ümumiyyətlə indi çap mediası öz ruhunu itirib. Saytlar da əhalinin hansı hissəsini əhatə edə bilər ki?  Təəssüf ki, bu qədər seçkiyə layiq olmadığımız bir dövrü yaşamamışıq. Hətta sovet dövründə medianın fəallığı nəzərə çarpır, bunun sayəsində seçki atmosferi yayılırdı. Fikir verin, prezidentliyə namizədlərin komandaları ilə bağlı əhalidə heç bir məlumat yoxdur. Məsələ orasındadır ki, əhali də buna maraq göstərmir və  normal olaraq media da  bu istiqamətdə hər hansı addım atmır”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır