Modern.az

Azərbaycan gəncliyi kimi lider görür?

Azərbaycan gəncliyi kimi lider görür?

Aktual

5 Aprel 2018, 10:46

Altay CƏFƏROV

 

Azərbaycan Respublikasının Prezidenti  seçildiyi ilk illərdən başlayaraq İlham Əliyev ümummilli lider Heydər Əliyevin milli dövlət quruculuğu siyasətini uğurla davam (və inkişaf!) etdirərək Azərbaycan xalqının iqtisadi, ictimai- siyasi və  mədəni tərəqqisi üçün çox böyük işlər görmüş, çox böyük nailiyyətlərə imza atmışdır ki, onların xeyli hissəsi Azərbaycan gəncliyinin taleyi, bu günü və gələcəyi ilə bağlıdır. Geniş təfərrüata varmadan həmin işlərin ən əsaslarını sadalasaq, buraya ilk növbədə gənc nəslin fiziki və mənəvi sağlamlığının, ictimai fəallığının təmin olunması, intellektual- mədəni səviyyəsinin yüksəldilməsi kimi mühüm məsələlər daxildir.

 

İlham Əliyev hələ Milli Olimpiya Komitəsini yaradıb onu həm ölkədə, həm də beynəlxalq aləmdə nüfuzlu bir quruma çevirdiyi dövrdən Azərbaycan istər peşəkar, istərsə də kütləvi idmanın mərkəzi kimi tanındı. Və bu, Azərbaycan gəncliyinin fiziki sağlamlığının ölkə  səviyyəsində təmini demək idi. Çox keçmədi ki,  dünyamiqyaslı yarışlarda qazanılan (və o zamana qədər adət etmədiyimiz) qələbələr yalnız gəncliyin deyil, bütövlükdə  cəmiyyətimizin əhvali- ruhiyyəsini yüksəltdi. Bu həm də ona görə əhəmiyyətlidir  ki, Azərbaycan xalqı, xüsusilə Azərbaycan gəncliyi qarşısında Dağlıq Qarabağ  kimi eyni zamanda hərbi- fiziki qüvvə tələb edən mürəkkəb bir problem dayanır. Və heç də təsadüfi deyil ki, Azərbaycan ordusunun 2016- cı il aprel döyüşlərində düşmən üzərindəki qələbəsi əsgərlərimizin bir tərəfdən  mənəvi, digər tərəfdən isə fiziki hazırlığının nəticəsi idi.

 

Ölkədə gənclər siyasətinin uğurla həyata keçirilməsinin bir mühüm göstəricisi də orta və ali təhsil sahələrinin inkişafı ilə bağlıdır.  Məlum olduğu kimi, qabaqcıl təhsil mərkəzləri ilə əlaqələrin intensivləşdirilməsi, istedadlı gənclərimizin dövlət hesabına dünyanın ən  nüfuzlu universitetlərində təhsil almaq imkanlarının artması ölkə daxilində  də bu sahədə ciddi nailiyyətlərin əldə edilməsilə müşayiət olunur. Təkcə onu xatırlatmaq kifayətdir ki, son illərdə dünyanın heç bir yerində Azərbaycandakı qədər orta məktəb binası tikilmiş və ya əsaslı təmir olunmamışdır. Ən ucqar kəndlərimizdə də keyfiyyətli orta təhsil almaq üçün hər cür imkan, ən müasir tələblərə uğyun şərait vardır.

 

Azərbaycan universitetləri müstəqilliyin ilk illərində düşdükləri acınacaqlı vəziyyətdən artıq tamamilə xilas olmuş, maddi- texniki durum yaxşılaşmış, peşəkarlıq, elmi- intellktual səviyyə beynəlxalq standartlara yaxınlaşmış, bir sıra sahələrdə isə yeni (milli) standartlar təklif etməyə başlamışdır. Əlbəttə, Azərbaycan xalqı təbiətən istedadlı xalqdır. Və milli müstəqillik həmin təbii istedadın qarşısındakı məlum maneələri aradan qaldırmaqla dünya elminə, mədəniyyətinə inteqrasiya üçün geniş meydan açmışdır ki, bunu da ilk növbədə universitetlərimiz həyata keçirir.

Sovetlər Birliyi dağıldıqdan sonra,demək olar ki, bütün postsovet məkanında Elmlər Akademiyaları ya bağlandığı, ya da öz nüfuzunu itirdiyi halda, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan MEA- nın fəaliyyəti daha da gücləndirilmiş, ölkənin elmi- ictimai, mədəni həyatındakı rolu yüksəlmiş, «elm-təhsil- istehsalat» proqramı reallaşmağa başlamışdır.

 

Universitetlərimizlə yanaşı, Azərbaycan MEA- nın da uğurları, heç şübhəsiz, ölkə gəncliyinin intellektual- mənəvi taleyinə birbaşa təsir göstərir.

 

Son illərdə orta ixtisas (peşə) təhsili sahəsində görülən işlərə gəldikdə isə, etiraf edək ki, bu həm təhsilin, həm də ölkənin iqtisadi həyatının daha da inkişafı sahəsində atılması çoxdan gözlənilən addımdır.

Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də onun hüdudlarından çox- çox uzaqlarda ən müxtəlif sahələrdə böyük uğurlara nail olmasında, əlbəttə, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən azərbaycançılıq ideologiyası xüsusi rol oynayır. Və bu ideologiya gəncliyin vətənpərvərlik ruhunda yetişməsini təmin edir.

 

Azərbaycançılıq xalqımızın etnoqrafik təbiətindən, müstəqillik ideallarından, öz milli varlığını qorumaqla dünyaya inteqrasiya  maraqlarından irəli gələn mütərəqqi bir ideologiyadır. Azərbaycanın təşəbbüsü, fəal iştirakı ilə keçirilən möhtəşəm beynəlxalq forumlar da təsdiq edir ki, bu  ideologiya yüksək ümumbəşəri amallara, humanist məqsədlərə xidmət edir.

 

Lakin Azərbaycanda prezident seçkiləri ərəfəsində şahidi olduq ki,  özünü azərbaycanlı adlandıran bir sıra üzdəniraq gənclər də tapıldı ki, ölkəmizin (və inkişafımızın!) düşmənlərinin müxtəlif xarakterli təsir, təzyiq və hiylələrinə uyaraq dövlət başçımızın ünvanına  çirkin, şərəfsiz, ilk növbədə özlərinin hansı ideoloji «mətbəx»in məhsulu olduğunu nümayiş etdirən böhtanlar  atdılar. Ancaq bu cür  «gənclər» də, onların «böyüklər»i də  bilməlidirlər ki, qeyri- əxlaqi, amoral, etik normalardan uzaq metod və üslullarla hər hansı  «hücum» həmişə məğlubiyyətə, özü  də şərəfsiz məğlubiyyətə məhkumdur.

 

Xalqımızın, dövlətimizin müstəqillik illərində, xüsusilə ölkəyə İlham Əliyevin rəhbərlik etdiyi dövrdə nə qədər möhtəşəm uğurlar qazandığını görməmək yalnız düşmənçilik deyil, həm də mənəvi- ruhi korluqdur.

 

Əsl Azərbaycan gəncləri (qeyd edək ki, bu gənclik Azərbaycana məhz İlham Əliyevin rəhbərlik etdiyi dövrdə formalaşmışdır!) ölkədə inamla həyata keçirilən  iqtisadi, sosial və mədəni inkişaf siyasətində fəal iştirak edir, ona öz töhfələrini verir və  cəmiyyətimizin daha işıqlı gələcəyi üçün  çalışır.

Azərbaycan gəncliyi  İlham Əliyevdən güclü lider tanımır!..

 

İlk növbədə ona görə ki, İlham Əliyev siyasi təlatümlərlə, fırtınalarla dolu bu mürəkkəb dünyada öz xalqını mahir bir kapitan kimi  inkişafın bir mərhələsindən digərinə  inamla aparır. Və odur ki, bu günlərdə bütün Azərbaycan xalqı kimi, Azərbaycan gəncliyi də qürurla, cəsarətlə, gələcəyə böyük inamla deyir: İlhamla irəli!..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!