Modern.az

Amerikalı professor: “Azərbaycan hökumətinin təqdim etdiyi rəqəmlər bizi ilhamlandırır” – MÜSAHİBƏ

Amerikalı professor: “Azərbaycan hökumətinin təqdim etdiyi rəqəmlər bizi ilhamlandırır” – MÜSAHİBƏ

9 Aprel 2018, 09:37

Şərqi Karolina Universitetinin ekoturizm üzrə eksperti, professor Paige Vireni ölkəmizin ekoturizm sektorunu inkişaf etdirmək üçün ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən Azərbaycana gətirilib.

Səfər aprelin 2-8 üçün nəzərdə tutulmuşdu.

Xanım Viren 12 ildən çox olan turizm sənayesi üzrə təcrübəsini özü ilə gətirib.

Onun təcrübə sahəsi istehlakçı davranışı və turizmdir. Burada əsas diqqət əyalətlərdə davamlı cəmiyyətə əsaslanan turizm və macəra səyahətinə yönəldilir.

Professor Viren səfəri çərçivəsində Modern.az saytına müsahibə verib. Onunla müsahibəni təqdim edirik.

 

- Xanım Viren, öncəliklə, qısa da olsa öyrənək - ekoturizm nədir?

 

- Ekoturizm özü-özlüyündə 3 müxtəlif komponenti, istiqaməti özündə birləşdirən çətirdir. Bu həm ətraf mühit, həm iqtisadiyyat, həm də mədəniyyətdir. Bu, davamlı turizm  anlayışı çərçivəsinə daxildir.

Ekoturizmin inkişafı üçün sadaladığım 3 komponentin bir-biri ilə əlaqəsi haqqında düşünməliyik.

 

- Dediyiniz 3 komponent Azərbaycanda da bir-birilə sıx bağlıdır. Bu mənada, Azərbaycanda vəziyyət necədir?

 

- Azərbaycanın çox unikal bir mədəniyyəti var. Azərbaycanın yerləşdiyi coğrafi məkan da ekoturizmin inkişafına təkan verə bilər. Dənizə olan yaxınlıq, müxtəlif potensiallar imkan verir ki, Azərbaycan özünün ekoturizm sistemini inkişaf etdirsin. Bu, yeni iş yerlərinin yaradılmasına da imkanlar açar.

 

- ABŞ dünyada supergücdür. Bu mənada maraqlıdır, Amerika özünün ekoturizm sistemini necə inkişaf etdirdi?

 

- Mən Şərqi Karolina ştatındanam. Orada yerləşən ərazilərdə bir vəziyyət müşahidə edilir. Mən də başa düşürəm ki, sözügedən ştatın kiçik şəhərlərində, kəndlərində yaşayan insanlar öz həyat tərzlərini davam etdirirlər. Sadəcə məsələ budur ki, icmalar müəyyən çağırışlarla rastlaşırlar.

 

Gənc insanlar bu yerləri ürəksıxıcı hesab edərək  oraları tərk etmək istəyirlər. Biz sözügedən ştatın kiçik şəhər və kəndlərinə gedərkən oraların əhalisinə izah etməyə çalışırdıq ki, ekoturizmin inkişafı sayəsində malik olduqları mədəniyyəti nümayiş etdirib turistləri cəlb edə bilərlər.

Düşünürəm ki, bu, çox maraqlı və vacib konsepsiyadır. Müxtəlif ölkələr var ki, onlar ekoturizm anlayışına daxildir. Kosta-Rika barədə danışarkən ilk növbədə ekoturizm, təbiətə sayahət ön plana çıxır.

 

Amerikada yerləşən kiçik şəhərlər və kəndlərə gedərək onlara izah edirdik ki, mədəniyyətlərini, yaşadıqları ərazilərin unikallığını turistlərə təqdim etsinlər. Ümumiyyətlə onlar yaşadıqları yeri turistlər üçün cəlbedici etməlidirlər.

 

- Yaxşı, fərz edək ki, coğrafi şərait ekoturizm potensialını artırır. Lakin, ekoturizm inkişaf etmir. Bəzi ölkələrdə ekoturizmin inkişafına nə mane olur?

 

- Ekoturizmin inkişafına mane olan amillərdən biri, turistlərə qısamüddətli yanaşmadan irəli gəlir. Turistləri çox imkanlı, hər addımda alış-veriş edən, bahalı otellərdə qalan biri kimi təsəvvür etmək lazım deyil. Turizmin, ekoturizmin gələcəyini də nəzərə almalıyıq. Başa düşməliyik ki, başqa ölkələrə həm də oranın mədəniyyəti, insanları, təbiəti ilə tanış olmaq üçün gedirlər. Belə turistlərə onların görmək istədiklərini təqdim etmək lazımdır ki, ekoturizm inkişaf etsin.

 

- Azərbaycana səfəriniz çərçivəsində hökumət rəsmiləri ilə görüşünüz də nəzərdə tutulub.

 

- Azərbaycanda turizm eksposunda çıxış edən Azərbaycan və BMT rəsmilərini dinləmişəm. Azərbaycanın turizmin inkişaf istiqamətində atdığı addımları düzgün qiymətləndirirəm. Hesab edirəm ki, turizm ətrafında yaranmış şərait öz-özlüyündə çox əlverişlidir. Viza rejiminin ləğv edilməsi və ya sadələşdirilməsi istiqamətində atılan addımlar insanları Azərbaycana gəlməyə təşviq edir.

Digər tərəfdən də mən Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası üçün gördüyü işləri nəzərdən keçirirəm. Turizm sahəsində fəaliyyət göstərən operatorların bir araya gəlməsi, birgə olaraq turizmin hansı növlərinin inkişaf etdirilməsi barədə strategiyaların işlənməsi növbəti addım kimi nəzərdən keçirilməlidir. Dəqiqləşdirmək lazımdır ki, hansı addımlar atılsa, Azərbaycana daha çox turist gələ bilər.

 

- Qeyd etdiniz ki, Azərbaycanda ekoturizmin inkişafı üçün potensial var. Lakin detalları sadalamadınız.

 

- Ekoturizmin potensialı barədə danışarkən, sizə xüsusi bir detal verə bilməyəcəyəm. Mən Azərbaycanda fəaliyyət göstərən operatorların biri ilə Azərbaycanın bölgələrinə səfər edəcəyəm. Düşünürəm ki, səyahətim zamanı ətraflı məlumat toplayıb, vəziyyətlə daha yaxşı tanış olacağam.

 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəyə səfər edən turistlərin sayını təqdim edib.  Azərbaycan hökumətinin təqdim etdiyi bu rəqəmlər bizi ilhamlandırır. Başa düşürük ki, Azərbaycana turistlər gəlir. Lakin yaxşı olardı ki, bu turistlərin daha çox paytaxt Bakıya yoxsa bölgələrə getməsi barədə məlumatlar əldə edək.

 

Ekoturizmin inkişafından danışırıqsa, bu turistlərin müəyyən qisminin Azərbaycanın bölgələrinə səyahət etməsinin əhəmiyyətini vurğulamalıyıq.

 

- Bakıda müəyyən tarixi yerləri, sökdülər, onları müasir dəbə mindirdilər. Sualımız belə olacaq: Ümumiyyətlə dünyada turistlər daha çox tarixi ərazilərə getməyə üstünlük verirlər, yoxsa, Dubay kimi modern şəhərlərə?

 

- Maraqlı sualdır. Lakin mən konkret nəsə desəm, qərəzli fikir kimi səslənər. Mən sadəcə öz fikrimi deyə bilərəm. Şəxsən seçim qarşısında qalsam, mən təbiəti seçərdim və zəngin tarixi olan yerlərə gedərdim. Dünyada da insanlar daha çox bu kimi yerlərə getməyə üstünlük verirlər. Ekoturizm sahəsində olan insanlar daha çox macəra axtarırlar. Dünyanın istənilən yerində alış-veriş etmək olar, lakin hər hansı ölkəyə xas olan çayı içmək və xalçasında əyləşmək çox unikal bir təcrübədir. İnsanlar da belə şeyləri axtarırlar. Biz macəra səyahətlərini seçərdim.

 

- Ümumiyyətlə, dünyada turizmin inkişaf üçün ən yaxşı model hansı ölkənindir?

 

- ABŞ-ın nümunəvi dövlət  kimi adını hallandırmaq istəməzdim. Sadəcə olaraq, sualınıza cavab olaraq ABŞ-ın Kaliforniya ştatı haqqında danışmaq yerinə düşər.

Kaliforniyada turistləri cəlb etmək, turizmi  inkişaf etdirmək üçün müxtəlif qurumlar var. Onlar ştatı bu üsulla tanıdırlar. Azərbaycan da turizm sahəsində özünü dünyaya tanıda bilib.

Dövlət səviyyəsində turizmin inkişafı iqtisadi inkişafın bir hissəsi qəbul olunandan sonra, həmin dövlətlər konkret hansı növ turizmi inkişaf etdirmək barədə qərar verməlidir. Bilinməlidir ki, bu, idman turizmidir, ekoturizmdir və sair. Bu sahələr müəyyənləşdirilməlidir.

 

Bundan sonra müxtəlif qruplar bir araya gəlir və onların fəaliyyəti nəticəsində bir növ konsepsiya, strateji baxış yaranır. Bu baxış beynəlxalq müstəvidə təqdim olunur. Bundan sonra həmin ölkə tanıdılır və ora turistlər gəlməyə başlayır.

 

- Müharibə riski olan ölkələrə də turistlər axın edir. Müharibə riski turistlərin gəlməsinə mane olan amillərdəndir, yoxsa turistlər macəra axtardıqları üçün bu tip ölkələrə getməyə meyllənirlər?

 

- Turizm sənayesi təbii fəlakətlərə, müharibələrə çox həssas olan sahədir. Hər hansı müharibənin və münaqişənin yer alacağı məkanlar turizmin qarşısında maneə ola bilər. Buna baxmayaraq, digər bir məsələ var. Məhz ekoturizm sahəsində olan insanlar səyahət etmək istədikləri ölkəyə çox bağlılıq nümayiş etdirirlər. Bir təbii fəlakət baş verirsə, insanlar fəlakətdən sonra ora getməyə can atırlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir