Modern.az

Aprel şəhidinin ev muzeyi yaradıldı

Aprel şəhidinin ev muzeyi yaradıldı

9 Aprel 2018, 16:07

 Ağsu rayonun Bico kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri Toğrul Fərəczadənin xatirə ev muzeyinin açılış məraisim keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin rəhbər işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov, şəhidin valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan gənc yazar, ev muzeyinin ideya müəllifi Rəfiqə Rafiqqızı muzey barədə məlumat verib.

 

Bildirib ki, ev muzeyinin yaradılması ilə bağlı 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Nazirlik muzeyin yaradılmasına razılıb verib və işlərə başlanıb. Muzey dövlət dəstəyi ilə deyil, ictimai əsaslarla hazırlanıb. Ev muzeyi iki otaqdan ibarətdir. Muzeydə şəhid Toğrul Fərəczadənin hərbi və mülki geyimləri, şəxsi əşyaları sərgilənib. Muzeydə həmçinin T. Fərəczadənin həyat yolunu əks etdirən fotolardan ibarət stend, şəhidin büstü və portreti yerləşdirilib. İdeya müəllifi qeyd edib ki, şəhidin büstünün müəllifi gənc heykəltaraş Vüqar Quliyev, kətan üzərində çəkilmiş portretin müəllifi isə gənc rəssam Çingiz Mehbalıyevdir. Muzeyin təşkilatı və maliyyə məsələlərini jurnalist Samir Əli həll edib və beləcə istədiyimiz ev muzeyini yaratmışıq”.

 

R. Rafiqqızı bildirib ki, ev muzeyinin hazırlanması ideyası şəhid Toğrul Fərəczadə haqqında yazdığı “Daş Heykəlin Nağılı” kitabı ərsəyə gələndən sonra yaranıb: “Ümumiyyətlə aprel döyüşləri Azərbaycana çox şey verdi. Bu döyüşlər Azərbaycan gəncliyində, Azərbaycan xalqında vətənpərvərlik ruhunun hansı səviyyədə olduğunu sübuta yetirdi. 90-cı illərin əvvəllərindən sonra ermənilər dünyada bir “döyüşkən” mifi yaratmışdılar ki, guya onlar məğlubedilməzdilər, onların guya ki döyüş taktikaları var və Azərbaycan ordusu onlarla bacarmır. Amma. aprel döyüşləri ilk öncə onların bu mifini üzə çıxartdı və onların əslində heç də döyüşkən olmadığını, əksinə qorxaq gücsüz olduğunu aşkarladı. Məlum oldu ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi heç ruhdan düşməyib, azərbaycanlıların qanında vətənpərvərlik və mərdlik var.

 

Aprel döyüşləri həmçinin Azərbaycanın Toğrul kimi qəhrəman oğullarını üzə çıxartdı. Azərbaycan bu döyüşlərlə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istənilən vaxt torpaqlarını işğaldan azad edə bilər. Məhz bu cür qəhrəmanların yaşaması üçün də biz əlimizdən gələni etməliyik”. Muzeyin təşkilatçısı, jurnalist Samir Əli isə qeyd etdi ki. Toğrul Fərəczadə haqqında görülən işlər nə qədər böyük olsa da, şəhidin Azərbaycan xalq üçün etdiyinin bir faizi belə deyil: “Toğrul Fərəczadə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazan qəhrəman oğullarımızdandır. Onun kimi oğullar aprel döyüşlərində erməni hərbi birləşmələrinin təxribatının qarşısını aldı və torpaqlarımızın bir hissəsini 25 illik işğaldan azad etdi. Toğrul Fərəczadə təmas xəttində ən strateji mövqelərdən olan Talış yüksəkliyinin azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, silah yoldaşları ilə birlikdə 100-ə yaxın erməni hərbçisini məhv edib. Düşmənə gözlənilmədən amansız zərbələr endirən Azərbaycan hərbçiləri qısa müddətdə Talış yüksəkliyinə qalxıb. Məlumata görə, Toğrul Fərəczadə döyüş zamanı düşmən minasına tuş gələrək yaralanan Azərbaycan zabitini döyüş meydanından çıxararkən həlak olub. Bu gün bu tarixi qələbəni bizə yaşatdığı üçün Toğrul kimi oğullarımıza borcluyuq”.

 

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov isə bildirdi ki Toğrul Fərəczadənin adının əbədiləşdirilməsi hər birimizin müqəddəs borcudur: “Biz bu gün Toğrul kimi oğullarımızla fəxr edirik. Ali Baş komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Biz daim Toğrul kimi oğullarımıza arxalanıb döyüşlərə atılırıq.

 

Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu döyüş bizim şanlı zəfər tariximizdir. Azərbaycan xalqı daim Toğrul kimi oğullar yetişdirib və bu gün də bu cür oğullarımız yetişir. Toğrul Fərəczadənin ev muzeyi hər birimizin and yerimizdir. Bu ocaq bizim ziyarət yerimizə çevriləcək və Toğrulun qəhrəmanlığı bizim gəncliyimzə nümunə olacaq. Gənc çağırışçılar bu muzeydə Toğrul haqqında öyrənib onun yolunu özləri üçün örnək edəcəklər”. Toğrul Fərəczadənin ev muzeyinin yaradılmasını digər rayonlara nümunə olacağını bildirən Bico kənd Tibb Məntəqəsinin baş həkimi, kənd ziyalısı Vaqif Nəsirov deyib bi, Toğrul kimi şəhidlər daim qəlblərdə yaşayacaq: “Bu dünyaya gələn hər kəs dünyadan köçür. Bir müddətdən sonra isə yaddan çıxır. Amma, Toğrul kimi qəhrəmanlar ölmür. Onlar daim ürəklərdə yaşayır, öz ömürləri ilə qəhrəmanlıq salnaməsi yazırlar. Toğrul yaddaşlarda yaşayır və yaşayacaq. Bu dünya durduqca, Toğrul da yaşayacaq, xatırlanacaq və qəhrəmanlıqları xatırlanacaq”.

 

Toğrul Fərəczadənin təhsil aldığı Bico Kənd orta məktəbinin direktoru, əməkdar müəllim Yaşar Qarayev isə qeyd edib ki, ev muzeyi ekskursiya ilə yanaşı, həm də rayonun hərbi çağırışçılarının and yeri olmalıdır: “Təklif edirəm ki, Ağsu rayonundan hərbi xidmətə çağırılan gənclər bu muzeyə gəlsin, burda hərbi andla yanaşı Toğrul andı da içsinlər. And içsinlər ki, onlar da Toğrul kimi qəhrəman, vətənpərvər olacaq, torpaqlarımızı, sərhədlərimizi göz- bəbəyi kimi qoruyacaqlar. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və Azərbaycanın bu cür qəhrəman oğullara ehtiyac var”. Çıxışlardan sonra tədbir iştirakçıları Toğrul Fərəczadənin ev muzeyi ilə tanış oldular.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!