Modern.az

Cəbrayıl gülməcələri (XV)

Cəbrayıl gülməcələri (XV)

13 Avqust 2011, 15:01

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. 


“Möcüzəli” çomaq

Yolunuz Cəbrayılın Soltanlı kəndi tərflərə düşsə (özüm “düşsəydi” demirəm,  inşallah, o günü görənlər olacaq! Tezi-geci var), yolda xarab olub qalan maşın olsa və görsəniz ki, maşının sürücüsü hisrlənib düşüb maşını əlinə keçən budaqla, taxta parçası ilə kötəkləyir, məəttəl qalmayın, çünki bunun bir məzəli tarixçəsi var... 


Soltanlı İbrahim oğlu Firuz hündürboy, enlikürək bir adam idi. Uşaq vaxtından maşın dəlisi idi.


Firuz orta məktəbi bitirəndən sonra özünə xeyli iş axtarır, amma ürəyinə yatan bir şey tapa bilmir. Bir dostu məsləhət eləyir ki, gəlsin qoşulsun ona, birlikdə gedib kolxozun mal-qarasını otarsınlar, sonrası Allah kərimdi – imkan düşər, gedib oxuyub bir sənətin qulpundan yapışar.


Beləcə Firuz bir neçə il çobançılıq eləyir.


Bir dəfə həmən o imkan düşür, Firuz arzusuna çatır - gedib sürücülük oxuyub gəlib Soltanlıda ZİL sürür. İşə çox həvəslə başlayır, ZİL-i sürməkdən başqa onun təmirini də əməlli-başlı öyrənir. Deyirlər, Firuz istənilən maşını sonuncu boltuna qədər söküb təzədən yığa bilirmiş...


On ilə yaxın sürücü işləyir. Bir dəfə müdiriyyətdən kimsə Firuzun bərk xətrinə dəyir. O da ərizəsini yazır, gətirib ZİL-in açarlarını idarəyə tullayıb gedir.


Yaz yaya dönən vaxt imiş. Yenə çoban yoldaşı Firuzun karına gəlir.


- Firuz, sürünü yaylağa çəkirik, - dostu deyir, - nə var bu Soltanlının qorabişirənində?! Evdə boş-bekar oturmaqdansa, dur gedək dağa, həm pul qazanarsan, həm də baş-beynin açılar. 


Firuz razılaşır. Çovustanın küncünə söykədiyi çomağını götürüb qayıdır çobançılığa.  


Firuzgil sürünü otara-otara bir neçə gündən sonra gəlib çıxırlar Laçına. Narın yağış yağırmış. Köç Yeddi Dolamadan Turşsuya dönən yerdə bir döşdə durur. Çobanlar nahara otururlar. Təzəcə bir loxma kəsiblərmiş, görürlər ki, İmişli camaatını yaylağa aparan bir QAZ-53 maşın Yeddi Dolamanın ətəyində dayandı. Sürücü, iyirmi-iyirmi beş yaşında bir oğlan söylənə-söylənə maşından düşüb təkərlərin dalına daş qoyur, kapotu qaldırıb ora-buranı qurdalayır, amma bir şey çıxmır... Maşının kuzasında koma çubuqlarının arasında bir-birinə qısılı oturmuş qız-gəlin çadırı üstlərinə çəkib yağışdan qorunmağa çalışırdı. 


Firuz sürücünün dilxor dayanıb maşına baxmasını, kuzadakı arvad-uşağın narazılıqla deyinmələrini görüb, çomağını çiyninə atıb maşına tərəf gedir. Sürücüyə çatıb ona atmaca atır:


- Ayə, eloğlu, noolub, maşının naxoşlayıb?


- Yox, öküzümün buynuzu sınıb, onçun da süd vermir, - çobanın bilmədiyi işə burnunu soxmağından acıqlanan sürücü də ona atmaca ilə cavab verir.


- Ayə, bəlkə bu çomağımla onun dümbülünün üstündən birini zollayım, ağlı gəlsin başına?!


-..., - QAZ-53-ün sürücüsü dilxor oldüğundan bu kefi fışdırıq çalan çobana baş qoşmamaq üçün cavab vermir.


Firuz qalxıb mühərrikə baxır. Görür ki, şamlardan biri yerindən oynayıb, kontakt boşalıb. Bir göz qırpımında açarı götürüb qaykanı sıxıb bərkidir, başıaşağı maşının bortuna söykənib dürmuş sürücüyə deyir:


- Həə, indi bax gör sənə nə möcüzə göstərəcəm! 


- A kişi, sən canın, çıx get qoyunlarını otar, sən nə bilirsən maşın nədi?


Firuz maşının kuzasından boylanıb söhbəti dinləyən qız-gəlin də görsün deyə bir az geri çəkilir, çomağını hərləyib arxa borta bir zərbə ilişdirib maşına müraciətlə:


- Kişi ol, ayə, adam arvad-uşağı yolda qoymaz, tərpən görüm!


Sonra da gəlib sürücünün qolundan yapışıb kabinkaya tərəf dartır:


- Ə, qağa, gün batdı e, dur xoda sal get də!


Firuz sürücüdən ən azı iki dəfə canlı olmasaydı, yəqin ki, sürücü bu an onunla qəsidicə tutaqlaşardı, amma həm yağışdan, həm də Firuzdan canını qurtarmaq üçün sükanın arxasına keçir. Açarı burur... maşın işə düşür.


- Bu nə təhər oldu, ə!!? – sürücü məəttəl-məəttəl Firuza baxır. Kuzada qız-gəlin əl çalıb sevinirlər. Firuz çapan səsləri altında çomağını sürüçüyə uzadıb deyir:


- Eloğlu, al bunu, götür qoy yanına, çətinə düşəndə birini zolla, düzələcək.


Sürücü tez çomağı qapıb ona xeyli baxır, sonra ehtiyatla yanına qoyur, Firuzla sağollaşıb maşını sürüb gedir.


***

“Kubinka”da dilxor olan Vəlixanov

İndi maşallah, hara baxırsan, mağazalar xarici mallarla təpilidi, amma sovet dövrü xarici mal, xüsusən də kapitalist ölkələrinin malını hər adam ala bilmirdi. Xarici malı SSRİ-yə “Vneştorq” deyilən qurum mərkəzləşmiş şəkildə gətirirdi, özü də yalnız Moskvaya. Moskvadan da hər respublikaya pay bölüb paytaxtlara göndərirdilər. Rayonlar da paytaxtlarda bölünən payı gətirib zəhmətkeşlərə satırdılar. Bu işə Rayon İstehlak Cəmiyyətləri (qısaca “raypo” – rayonnoye potrebitelskoe obşşestvo) baxırdı. Nəysə... uzun həngamə idi. Sözümün canı odur ki, hansı “raypo” sədri daha fərasətli idisə, rayona Bakıdan daha çox mal gətirirdi.
Cəbrayıl  rayon İstehlak Cəmiyyəti İdarə heyətinin sədri də Əfəndilər Teymur oğlu Əmir (Qasımov) idi. Çox savadlı, həm də fərasətli adam idi. 

 
Bir dəfə Cəbrayıl rayon Partiya Komitəsinin Birinci katibi Fikrət Vəlixanov sürücüsü İsrafil Mirzəyevlə Bakıya gedir. İşlərini yekunlaşdırıb evə qayıdırmışlar. Yolları “Kubinka”dan düşür. O vaxtlar “Kubinka”da quş südü, can dərmanı – nə istəsən, tapa bilərdin. Vəlixanov görür ki, bir uşaq “Marlborro” siqareti satır. Maşını saxlatdırıb bir blok “Marlborro” almaq istəyir.


- Əmi, “Marlborro”nun bloku 50 manatadı, - satıcı uşaq siqaret blokunu əlində yelləyə-yelləyə deyir.


- Nə?! 50 manata??! Biri beş manata düşür e! Belə də qiymət olar?!! – Vəlixanov pəncərəni bağlayıb əli ilə sürücüsünə “sür gedək” deyir.


- Yoldaş Vəlixanov, - İsrafil gülə-gülə deyir, - Teymur Qasımov daşıyır gətirir Bakıdan, siz də qutusunu 1 manata alıb püfləyirsiniz, elə bilirsiniz hər yerdə belədi?!


O vaxtdan Cəbrayılda müştəri qiymətdən şikayət eləyəndə bazarçı əlbəəl deyər: “Eloğlu, bilirsən bu mal “Kubinka”da neçəyədi?!” Ən məzəlisi odur ki, bu ifadəni siqaret satanlar yox, ən çox diri heyvan satanlar deyər.


***

Yaxşı bax, birdən Afərim olar ha!

Tinli kəndində çillə çıxartmaq dəb idi. Çillə çıxan gün hərə bir məzəli hərəkət eləyərdi. Bu, həm çillənin ağrı-acısını unutmaq üçün idi, həm də kəndin yadında qalmaq üçün.


Fərhad qızı Afərim Tinlidə baməzəliyi ilə məşhur idi. Bir çilləçıxan gün Afərim çoban paltarı geyir: motal papağı başına basır, çiyninə yapıncı salır, bəzəkli yun corab geyir, ayağına gözəkli çarıq taxır, əlinə də iri bir çomaq alıb Kərbəlayı Bağır oğlu Müseyibin həyətinə gəlir. Əvvəldən öyrənir ki, Müseyib kişi örüşə, mal-heyvan dalınca gedib, arvadı Qaratel də evdə təkdi. Onu da deyək ki, Afərim Müseyib kişinin evini təsadüfdən seçməyibmiş - Qaratel çox göyçək gəlin olduğundan Müseyib onu hədsiz qısqanırmış. Qaratel də bunu bildiyindən qonaq-qarayla ehtiyatlı davranar, əri Müseyibə qısqanclıq üçün heç bir səbəb verməzmış.


Afərim çomağını yerə döyəcləyə-döyəcləyə gəlib Müseyibgilin qapısını taqqıldadır. Qaratel onu tanımasın deyə səsini dəyişir, həm də qəsdən kəkələyir:


A Mü-seyib, a Mü-seyib! – çağırır.


Qaratel qapını açır, nabələd adam görüb kim olduğunu soruşur.


- Müse-yibin do-do-dostuyam, a qız. Yo-yo-yoldan ke-ke-çirdim, de-dim gə-gə-lim do-do-dostuma bir ba-a-aş çə-kim. Mü-mü-seyib ha-hardadı?


- Örüşdədi, qardaş, bir saata gələr, Qaratel narahatlıqla qapının arasından deyir və tanımadığı qonağı qapıdan qaytarmaq üçün bəhanə fikirləşir. Ağlabatan bir bəhanə tapa bilməyib deyir:
- A qardaş, istəyirsən Müseyib gələnəcən həyətdə otur gözlə, indi bir stəkan çay da gətirərəm.


- Nə hə-həyət, a kö-köpək qızı, - Afərim çomağını yerə vurub acıqla deyir, - sə-səni ye-yemə-yə-yəcəm ki! Qa-qapını aç, gə-gəlim e-evə, be-eelə mə-mərifətsi-sizlik olar?!


Sonra Afərim özünü zorla içəri soxur.


- Bir is-istəkan çay ver gö-görüm, di-dilim a-ağzımda ya-yanır, - Afərim hürkmüş çeyran kimi divara qısılmış Qaratelin üstünə qışqırır.


Dizləri əsən Qaratel tez mərbəxə gedib çay gətirir. Stəkanı süfrəyə qoyub aralaşmaq istəyən anda Afərim əl atıb bir əli onun qolundan yapışır, o biri əli ilə Qaratelin yanbızından bərk bir çimdik götürür. Qaratel var gücü ilə dartınıb Afərimin əlindən qopur, ufuldaya-ufuldaya mətbəxə qaçır. Afərim də onun dalınca. Qaratel qonağın onun dalınca gəldiyini görüb hövlang ora-bura baxıb qorunmaq üçün bir şey axtarır, fərli bir şey tapmayıb oxlovu götürüb qılıncoynadanlar kimi Afərimə tərəf tuşlayır:


-Yaxın gəlmə!!! Bu dəqiqə qışqırıb el-obanı bura tökəcəm!!!


Afərim çomağı ilə vurub oxlovu Qaratelin titrəyən əlindən asanlıqla salır və yavaş-yavaş ona yaxınlaşır.


Qaratelin dizləri biixtiyar qatlanır, divarın küncünə söykənib ağlaya-ağlaya Afərimə yalvarır:


- Məni balalarının başına çevir, - ərim gəlib görsə, məni tikə-tikə doğrayar.


Bu vaxt Afərimi gülmək tutur... və məsələnin üstü açılır.


O vaxtdan Tinlidə bir evə yad adam gələndə deyərlər: A bala, yaxşı bax, birdən Afərim olar ha!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü