Modern.az

“Barselona”nın futbol FƏLSƏFƏSİ: “Més que un club” - Bir klubdan daha böyük...

“Barselona”nın futbol FƏLSƏFƏSİ: “Més que un club” - Bir klubdan daha böyük...

20 Aprel 2018, 16:40

İndi əvvəlki kimi futbol azarkeşi olmasam da, “Barselona” klubunun mənim üçün, eləcə də milyonlarla futbol azarkeşi naminə təbliğ etdiyi nikbin hücüm futbolu, nümayiş etditdiyi yüksək komanda oyunu, paslaşma mədəniyyəti  və bəxş etdiyi gözəl həyəcanı bu məqalə ilə kompensasiya edirəm. 

 

“Barselona”nın oyunçuları topu ayaqlarına yapışdıraraq qaçır, sonra meydança boyu aşağı-yuxarı, sağa-sola, dala-qabağa o qədər ötürmələr edirlər ki, nəinki rəqib futbolçuların, hətta oyunu ekrandan izləyən tamaşaçıların da başı hərlənir.


Budur, balacaboy Messi kiçik addımlarla qəflətən  kosmik sürət yığaraq yüyürür,  yolüstü üç yarımmüdafiəçinin arasından ehmalca sivişib, cərimə meydançasına daxil olur. Burada onu qarşılayan müdafiəçilər çətin bir vəziyyətə düşürlər. İndi onlar qəliz tapmaca qarşısındadırlar:  “Başqa planetdən gəlmiş oğlan” irəli şığıyacaq, komanda yoldaşı ilə hasar-divar paslaşması edəcək, yoxsa 7,32 metrlik qapıya sərrast zərbə endirəcək? İndi özünüz fikirləşin, bu cür çətin vəziyyətdə Leonu görən müdafiəçinin canına qorxu düşməzmi, yer ayağının altından qaçmazmı?!

El Pistolero (atıcı) ləqəbli Luis Suaresin üslubu isə tamam fərqlidir. O yaxınlığında dayanmış oyunçuları basmarlayıb əzə-əzə, onları əlüstü gəmirə-gəmirə, qabağına qatıb topqarışıq sürüyür. O başıyla da, ayağıyla da, arada-bərədə dişiylə də sərrast zərbələr vurmağı bacarır. Bir sözlə, yaman fürsətcil gədədir şoğərib.

Qocalmaq bilməyən İniestaya isə orta sahənin ağasıdır desək, yanılmarıq. O topu gah irəliyə hücumcuya verir, yenidən alır, diaqonal üzrə verir, alır, yenə ötürür. De, heç dincəlir ki!? Üzü həmişə rəqib qapıya tərəf olduğundan hücümü hansı istiqamətdə inkişaf etdirəcəyini  əlinin içi kimi bilir. Onun texniki-taktiki və fiziki fəaliyyəti fenomenaldır: o oyun boyu topsuz 12 kilometrdən çox qaçır, topla isə 1-2 faizlik cüzi yanlışlıqla 140 fint və dribling edir. 

 

 “Barselona” necə yarandı?

 

1899-cu ildə isveçrəli macərapərəst və əhlikef idmançı Joan Qamper Afrikaya gedərək, şəkər biznesi ilə məşğul olmaq niyyətindəydi. Yolüstü o, Barselona şəhərində yaşayan dayısı Emil Qeysertin evində bir neçə gün qalmağa qərar verdi.

1899-cu ilin oktyabrlnda,  küləkli, yağışlı bir payız günündə Barselona şəhərinin həftəlik “Les Deportes” qəzetinin redaksiyasına üzündən hiyləgərlik yağan dolu bədənli oğlan daxil oldu. Səhərisi gün, şəhərin idman həyatı üçün böyük yenilik edəcək qəribə məzmunlu bir elan qəzetdə dərc edildi.  Elanda deyilirdi:


“Dostumuz mister Joan Qamper Barselona şəhərində futbol turniri keçirmək niyyətini bütün  sakinlərə bildirməkdən böyük şərəf duyur. Bu məqsədlə hamıdan xahiş edirik, kim bu oyunla məşğul olmaq istəyirsə, redaksiya vasitəsi ilə onunla, yəni senyor Joan Qamperlə əlaqə saxlasın”

Elana cavab olaraq, bir dəstə icveçrəli, ingilis və ispan futbol həvəskarı bir yerə toplaşaraq bir az futbol oynadılar, kiçik  məclis düzəltdilər, bir az yeyib-içdilər və yeni klubun təsisçiləri olduqlarını bəyan etdilər. Klub bu azadlıqsevər oğlanın, Qamperin təşəbbüsü ilə yaransa da, 1899-cu ilin 29 noyabrında keçirilən seçkilərdə ingilis Valter Uayld “Barselona”nın ilk prezidenti seçildi. 22 yaşlı Qamper isə komandanın ilk kapitanı oldu. O, həm komandanın işləri ilə məşğul olur, həm  futbol meydanlarında qol vurur, həm də bombardirlik keyfiyyəti nümayiş etdirirdi. Böyük “Barselona”nın möhtəşəm tarixi məhz  belə yazılırdı.

Beləliklə, dekabrın 8-də Velodrom de-la-Bonanova stadionunda ingilislərdən təşkil olunmuş yarımpeşəkar cüvəllağı yığma komandayla ilk görüşünə çıxan “Barsa” 0:1 hesablı məğlubiyyətə uğradı.

1908-ci ildə Qamper axır ki, klub prezidenti seçildi. Onun həmin ərəfədə qarşıya çıxan çətinliklərlə əlaqədar etdiyi çıxışı sonradan klubun sloqan simvoluna çevirildi:

““Barselona” klubu ölə bilməz. Və o, ölməyəcək də. Əgər kim isə klubun işləri ilə məşğul ola bilmirsə, bunu mən şəxsən özüm edəcəm. İnanıram ki, futbolun anormal sayıldığı dövrlərdə belə mənə tərəddüd etməyən insanlar yenə də dəstəklərini əsrigəməyəcəklər. İndiyə qədər qarşılaşdığımız bütün yalan və ədalətsizlikləri unudaraq bəyan edirəm, bizi sındırmaq mümkün deyil, biz hər zaman birlikdəyik və mübarizə aparırıq”.

O, doğurdan da klubun mənafeyi naminə işləyir, can qoyur, hakimiyyətin qarşıya çıxardığı çətinlikləri, maneələri inadkarlıqla dəf edirdi.

1925-ci ildə İspaniya diktatoru Primo de Rivera Qamperi Kataloniya millətçiliyini qızışdırmaqda imtina edərək ölkədən sürgün etdi. Sonradan onun müəyyən məhdudiyyətlər şərti ilə Kataloniyada yaşamasına icazə verilsə də, Qamperin səhhəti bundan sonra artıq sürətlə pisləşirdi. Klub isə çətinliklərə sinə gələrək ölkə daxilindəki qalibiyyətləri sıralayırdı.

1955-ci ildə “Barselona” rəhbərliyi yeni tikilən stadionuna artıq həyatda olmayan Joan Qamperin adının veriləcəyini bəyan etdi. Lakin,  bu dəfə digər diktator  Fransisko Franko buna qəti şəkildə etiraz etdi. “Barselona” klubunun tarixçisi Manuel Tomas  bunu belə izah edir:

“Franko diktaturası protestantlığı, liberal dəyərləri, kataloniya dilini, əyalətin müstəqilliyini təbliğ edən əcnəbi mason Qamperin adının əbədiləşdirilməsinə imkan verə bilməzdi. O dövrdə bu qeyri-mümkün idi”.

Lakin burada başqa bir məqam da var. Diktator Franko “Barsa”nın əzəli düşməni “Real”ın (Madrid) qızğın azarkeşi idi. Əfsanəvi Di Stefanonun da “Braselona”dan  “Real”a keçidinə məhz o şərait yaratmışdı.
 


Titullar..
 

Əlbəttə, klubun indiyə qədər qazandığı bütün titulları bura yazsaq bir kitab qədər böyük siyahı yaranar. Bizsə belə etmirik, yalnız ən əlamətdar olanları qey edirik.

İspaniyanın ən titullu komandasının qazandığı trofeylərin sayı 67-yə çatır və bu ölkə üzrə mütləq rekord hesab olunur.

Bundan başqa, “Barsa” 24 dəfə İspaniya çempionu olmuş, 28 dəfə İspaniya kubokunu, 14 dəfə İspaniya Superkubokunu, 2 dəfə də İspaniya Liga kubokunu qazanmışdır. 
 

Hələ bu harasıdır!? 

“Barselona” həm də İspaniya əsas ligasını heç vaxt tərk etməmiş 3 klubdan biridir. “Barsa” 2009-cu ildə böyük rəsmi turnirləri qazanmış yeganə klub statusuna da yiyələnib. Həmin il onlar milli birincilikdə çempionluğu, ölkə kuboku və superkubokunu qazanıblar. Beynəlxalq yarışlarda isə  “Barsa”nın kapıtanı Karles Puyol Çempionlar ligasının kubokunu, UEFA Superkubokunu və Klublararası dünya çempionu kubokunu başı üzərinə qaldırdı.

2013-cü ildə “Barselona”  oyunçularının transfer qiymətinə görə ən bahalı klub hesab olundu.

2015-ci ildə klub “qızıl het-triki”li (İspaniya çempionu, ölkə kubokunun sahibi və Çempionlar liqasının sahibi)  “dubl” edən yeganə Avropa komandası olaraq tarixə düşdü.
 

Ümumiyyətlə,  “Barsa”da  komanda şəklində bütün oyunçular dayanmadan, yorulmadan, usanmadan böyük həcmli işlər görürlər.

Müasir “Barselona”nın oyunu 5 əsasa söykənir.
 

  1. Oyuna yüksək konsentrasiya olunma.
  2. Sürətli pas taktikası.
  3. Topla sürətli hərəkət texnikası.
  4. Özünün və rəqibin hərəkətinin proqnozlaşdırılması intuisiyası.
  5. Hər bir oyunçunun istənilən anda məsuliyyəti üzərinə götürmə hazırlığı. 


Bəs bütün bu oyun fəlsəfəsinin, geniş həcmli birlikdə hücum və müdafiə ideyasının müəllifi kimdir? Bəli, düz tapdınız: Yohan Kroyf və Rinus Mixels. Bu “uçan hollandiyalılar” total futbol taktikasını rəndələyib - yonub, ona müasir dillə desək “nanotexnoloji” əlavələr edərək “Barselona”nın dönməz ənənəsinə çeviriblər.


“Barselona”nın dünya futboluna verdiyi töhvələr kifayət qədərdir.

Dünyada öz oyun tərzini brendə çevirən neçə klub tapmaq olar!? Sizə deyim ki, çox az, barmaqla sayılası qədər. Məsələn, “Real”  üslubunda oyun tərzi deyilən bir məfhum yoxdur, amma, “Barselona” oyun fəlsəfəsi indi də bütün dünyada öyrənilir, tədris olunur.

Son zamanlar, “Barsa”nın oyun tərzini, stilini mənimsəmək istəyən (yamısılamaq yox), seçən, hücum futbolundan zövq alan “Arsenal”, “Borussiya” Dortmund, “Ayaks”  kimi güclü  klublar futbol aləminə rəngarəng çalar qatırlar.

“Barselona”nı həm də belə xarakterizə etmək olar - bir isveçrəli tərəfindən İspaniyada təsis olunmuş holland taktikalı Kataloniya klubu...

 

Türklər “Barselona”da

 

Komandanın yarandığı dövrdən bəri komandanın tarixinə türk futbolçular da öz damğasını vurublar.

 

Türkiyənin canlı əfsanəsi Rüştü Rəncbər 2002-ci ildə keçirilən Dünya Çempionatındakı möhtəşəm performans göstərərək “Barselona”, “Mançester Yunayted” və “Arsenal”ın transfer siyahısına düşmüşdü.

Bu arada, Rüştü “Barselona” prezidenti adına namizəd olan Laportayla anlaşdı və onun seçkiləri qazanacağı halda kluba transfer olunacağına söz verdi. Eyni ildə, Frank Raykaard “Barsa”nın baş məşqçisi oldu. Rüştü “Barselona”nın ilk hazırlıq oyunlarında yaxşı performans göstərsə də, “Rasinq” və “Selta” kimi nisbətən zəif klublara qarşı rəsmi oyunlarda etdiyi kobud səhvlər onu ehtiyat oyunçular skamyasına əyləşdirdi. Raykard isə, qədər gənc Viktor Valdesi sezon sonuna əsas qapıçı etdi. Məşqçinin güvənini itirən Rüştü növbəti sezon “Fənərbaxça”ya icarəyə verildi.

2015-ci ilin 6 iyul tarixində “Barsa” digər ulduz türk futbolçu Arda Turan ilə müqavilə imzaladı. Onun transfer qiyməti 34 milyon avro təşkil edirdi.

Arda Turan imzalama mərasimindən sonra deyirdi: “Dünyanın ən böyük klubundayam və xoşbəxtəm. Şüarında “Bir klubdan daha böyük” deyilir. Mən də daha böyük işlər üçün buradayam”.

O zaman, FİFA tərəfindən kluba qarşı qoyulan transfer məhdutiyyətlərinə görə Arda ilk oyununa yalnız 2016-cı ilin qışında çıxa bildi. Martın 3-də “Rayo Valekano” ilə qarşılaşmada  Arda nəhayət ki, “La-liqa” oyununda ilk qolunu vurdu. Dekabrın 6-da isə Çempionlar liqasında Münhenqladbax Borussiyasının qapısına 3 qol vuraraq ilk het-trikini gerçəkləşdirdi.

Arda “Barselona”da “La-liqa”, “Kopa del Rey”, İspaniya Superkuboku, UEFA Superkuboku, FİFA klublararası Dünya kubokunu başı üzərinə qaldırsa da, hədəflədiyi əsas kuboku, Çempionlar Liqasını hələ ki, qazana bilməyib.

 

Azad kataloniya ruhu, insanı özünə maqnit kimi dartıb bağlayan əsrarəngiz hücüm futbolu, “Més que un club” (bir klubdan daha artıq..)şüarı ilə bəzənmiş, başdan-başa göy-qırmızı rəngə boyanmış, “yeni sahə” mənasını verən 99 min 354 yerlik  “Estadio Camp Nou” - bax budur möhtəşəm “Barselona” klubu, yaxud da qısaca, dostyana səslənən “Barsa”. 

 

İndi “Barselona” bir brenddir, futbol fəlsəfəsidir, nəhəng reklam adıdır.

Yazımızı məşhur futbol mütəxəssisi Valeri Lobanovskinin sanki futbol tirannozavrı, yırtıcısı  “Barselona” üçün dediyi sözləri ilə bitiririk:

“Gələcəyin futbolu- bir, iki toxunuşlu qısa ötürmələrlə oynanılan sürətli oyundur”.

 

Vüsal Bağırlı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi