Modern.az

Olimpiada çempionları yetişdirən ucqar kənd müəllimi - LAYİHƏ

Olimpiada çempionları yetişdirən ucqar kənd müəllimi - LAYİHƏ

26 Aprel 2018, 23:07

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

AzEDU.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 

Budəfəki müsahibimiz Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Topçuyevdir.

Tural Topçuyev gənc olmasına baxmayaraq, artıq az qala, bütün rayonda tanınan və sevilən bir müəllimdir.  Bunun isə xüsusi səbəbi var: coğrafiya fənn olimpiadalarında, eləcə də ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanların əksəriyyətini məhz o, hazırlaşdırıb:

 

“Yazarsan ki, mən...”

 

-1990-cı il, oktyabrında anadan olmuşam. 1997-ci ildə Etibar İsgəndərov adına “Azallar “kənd tam orta məktəbinin 2-ci sinfinə daxil olmuşam. Həmin məktəbi  2007-ci ildə  bitirib, eyni ildə Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya ixtisasına daxil olmuşam. 2011-ci ildə bu universitetin Coğrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Həmin il Gəncə Dövlət Universitetinin  magistratura şöbəsinin “Azərbaycanın fiziki coğrafiyası” ixtisasına  daxil olmuşam. Hərbi xidmətlə əlaqədar olaraq möhlət hüququyla hərbi xidmətə getmişəm. 2011-2012-ci illər N saylı hərbi hissədə xidmət keçmişəm. Nəhayət, 2012-ci ildə hərbidən qayıtdıqdan sonra magistrant kimi təhsilimi davam etdirmişəm. 2015-ci ildə magistraturanı da fərqlənmə diplomuyla bitirmişəm. 2012-ci ildə hərbidən qayıtdıqdan sonra müəllimlərin işə qəbul imtahanında iştirak edib, yüksək bal toplayaraq, öz istəyimlə Gədəbəy rayonunun Bilal Qəhrəmanov adına  Qızılqaya kəndində fəaliyyətə başlamışam.  6 ildir ki, burada çalışıram.

 

Xüsusi dəvət

 

Amma Qızılqaya kəndinin müəllimi olan Tural Topçuyevin iş yeri bununla bitmir. O, şagirdlərinin qazandığı yüksək nəticələrə görə, rayon mərkəzində  seçilmiş, intellektual uşaqların təhsil aldığı məktəbə məxsusi dəvət edilir. Bundan sonra uğurları daha da artmağa başlayır. Ya da, mən niyə danışıram ki?! Özünü eşidək:

 

 -2017-2018  tədris ilindən etibarən, şagirdlərimin göstərdiyi yüksək nəticələrə görə , Milli Qəhrəman İ.Əliyev adına  Gədəbəy Şəhər  1 saylı tam orta məktəbində fəaliyyətə başlamışam. Burada xüsusi kadrlar yetişdirmək məqsədilə  təmayüllü siniflər var ki, məktəb rəhbərliyinin istəyinə uyğun olaraq, bu siniflərdə coğrafiya fənnini  tədris edirəm.

 

Şagirdin hansısa fəndən yaxşı nəticə etməsi üçün  əvvəlcə həmin fənnin varlığını hiss etdirmək vacibdir. Fənni şagirdə sevdirmək, dünyəviliyini ona aşılamaq və nədən bəhs etdiyini onlara çatdırmaq üçün çalışıram.

 

 

Topçuyevin şagirdləri: “Biz bacaracağıq!”

 

 -Bir müəllim olaraq şüarım  belədir: “Sevilmək istəyirsənsə, sevməyi bacarmalısan, yəni şagirdə fənnini sevdirmək istəyirsənsə, əvvəl özün onu sevməlisən!”.

Bütün şagirdlərim mənimçün birdir, onları fərq qoymadan sevirəm, hamısına hörmətlə yanaşıram. Xüsusən də şagirdlərə özlərinə güvənməyi aşılayıram. Şagirdlərimdə belə bir psixologiya formalaşıb ”Biz nail olacağıq”. Elə bu fikir şagirdlərimizin istər dərsdə, istərsə də tədbirlərdə uğur qazanmağına şərait yaradır.

 

Mətbuat səhifələrindən

 

Müsahibimizin şagirdlərinin göstərdiyi nəticə tez bir zamanda onun sayılıb-seçilən müəllimlərdən birinə çevirib. Gənc olmasına baxmayaraq, dediyinə görə, fənn olimpiyadalarında düz 21 şagirdi yüksək nəticə göstərib. Bu səbəbdən,  mətbuat da onun bu uğurlarına biganə qalmayıb. Mətbuatda yazılanlardan bir nümunə:

 

Mənim Gədəbəy   şəhər məktəbinə gəlməyimə səbəbkar  şagirdlərim oldu. Valideynlər direktordan mənim məktəbə gəlməyimi israrla istəyiblər. Onların istəyi ilə bu il şəhər məktəbinə getmişəm. Yəqin ki, dərs proqramı, tədris qaydası şagirdlərə fənni sevdirir. Bir də nəticələrim əsasdır. Repetitor işləməyə başlayandan şagirdlərim 100 % ali məktəblərə qəbul olur.  Keçən il Gədəbəydə rekord göstərici olmuşdu. 94 % qəbul vermişdik. Bu il də işin gedişi onu göstərir ki, həmin rekord təzələnə bilər. Keçən il də olimpiadada birincilik məhz coğrafiyanın idi, lakin bu səviyyədə deyildi”.

Mən  qəbul olduğum ildəki statistikaya baxsaq, mənim dövrümdə cəmi 1-2 nəfər 600 balı keçmişdi ali təhsil müəssisələrinə qəbul imtahanında. Amma keçən il elə mənim 12 şagirdim 600 balı keçib. II qrupa aşağı balla qəbul olanların əksəriyyəti coğrafiyanın hesabına keçmişdi. Keçən ilk II qrupa verib kəsilən şagirdimiz yox idi. Məncə, bu Gədəbəy təhsilində bir inqilab oldu. Bu səbəbdən  təhsil şöbəsi nəzərə aldı ki, mən məhz coğrafiya təmayüllü siniflərə dərs deyim”.

 

Məhsuldar “bağban”

 

Qayıdaq söhbətimizə... Tural müəllim deyir ki, hazırlaşdırdığı şagirdlərdən bircəsi belə, universitetə qəbul  olunmayanda  özünü pis hiss edir. Çünki bütün gücü ilə çalışır ki, şagirdləri yüz faizlik nəticə göstərsin:

 -Olimpiyadalara gedəndə şagirdlərimdə özlərinə inam yetincə olur. Bu il şagirdlərimlə birlikdə rayon turunun qalibləri sırasında yer aldıq,  uğurlu nəticələr əldə etdik. Qəbul imtahanında da 100%- lik nəticə göstərən şagirdlərim var. Bu il də məqsədim bütün şagirdlərimin qəbul imtahanından yüksək nəticəylə keçə bilməsidir. Həm güclü oxuyan, həm də nisbətən zəif şagirdlərimə eyni qayğı göstərirəm. Zəif şagirdlərimi  yaxşı bildiyi fənlərə yönəldirəm. Şagirdlərimdən 1 nəfər belə qəbul olmayanda özümü pis hiss edirəm. Onlara valideynlərini sevindirmək yolunda çalışmağın vacibliyini vurğulayıram. Mənə etimad göstərən valideynlərin etimadını doğrultmaq üçün çalışıram. Respublikanın bütün universitetlərində  şagirdlərim təhsil alır və bununla qürur duyuram.

 

 

 “Topçuyevin sinifi”

 

 -Kənd sakinləri  məktəbdə cavan müəllim, aktivlik gördükləri üçün mənə xoş münasibət göstərirlər. Övladlarının məktəbə sevinərək gəldiyini deyirlər. Xüsusən də coğrafiya kitablarına diqqətlə yanaşmaqlarını qeyd edirlər. Artıq övladlarının parlaq gələcəyi olacağına böyük ümidlə baxırlar. Dərs keçdiyim təmayüllü sinifdə 20 şagird var ki, onları seçərək həmin sinfə toplayıblar. Bu səbəbdən, hamısının valideynləri istəyir ki, övladları yaxşı oxusun.Hətta o şagirdlərin sinif rəhbəri olmasam belə, sinif mənim adımla hallanır. Bu il onlar 10-cu sinifdilər. Böyük ümidlər bəslənir ki, gələn il onlar yüksək nəticəylə universitetə qəbul olub, tələbə adını qazanacaqlar.

 

“Qızıl qayalı” Qızılqayaya ilk gəliş

 

-Gədəbəy rayonunun Bilal Qəhrəmanov adına “Qızılqaya” kənd orta məktəbinə Bilik Günündən 2 gün öncə getməyi nəzərdə tutmuşdum. Özüm Gədəbəydə qonşu kənddə yaşayırdım. Həmin məktəb meşənin qarşısında düzənlikdə, çay kənarında yerləşir. Çayı keçəndə belə səfalı kəndə gəlməyimə şükür etdim. Əvvəlcədən də Qızılqaya kəndinin saf əhalisi, iqlimi haqqında məlumatım var idi. Kənd məktəbini ona görə seçmişdim ki, burada ilkin təcrübəyə yiyələnəcəkdim. Əsas da kənd uşaqlarının bilik səviyyəsini artırmalıydım. Kasıb təbəqə övladlarının təhsilinə nail olmaq istəyirdim. Rəhbərlik məni xoş qarşıladı, məktəbdə işləyəcəyimə çox sevindilər. Bu da  mənə yaxşı təsir bağışladı. Bilirdim ki, müəlliminin arxasında dayanan rəhbərimiz var. Kənd camaatı da məni sevməyə başladı. 6 ildir ki, bu məktəbdə çalışıram. Buna görə də çox şadam.

 

Kənd müəlliminin bir günü

 

-Səhərlər işə gedirəm günortalar bir neçə şagirdimə özəl dərs keçirəm. Onların hamısı ödənişli deyil, əsas nəticə üçün çalışıram. Dərsdən sonra elmi işim üzərində işləyirəm. Əvvəllər düşünürdüm ki,”landşafşünaslıq” barəsində elmi iş yazım. Çünki ölkədə bu istiqamətdə boşluq var! Layiqli əsərlər olsa da, yenisi yazılmalıdır. Daha sonra düşündüm ki, aqrar sənayə, kənd təsərrüfatıyla bağlı yazmaq daha gərəklidir. Hazırda yazdığım iş aqrar sənaye ilə bağlıdır. Əvvəllər riyazi coğrafiyaya üstünlük verirdim. İndi isə iqtisadi və geopolitik coğrafiyaya diqqət yetirirəm. Riyazi coğrafiyada daha asan gedişləri şagirlərə izah edirəm. Əvvəllər metodiki proqramı 5-6 aya, indi isə 3 aya yekunlaşdıra bilirəm.

 

HAŞİYƏ

 

-Həvəskar şairəm, eyni zamanda... Daha çox vətənpərvərlik və təbiətlə bağlı şeirlər yazıram. Nümunə üçün bir neçə misra səsləndirim.

Yerə insan endi, devrim o gündü.

Çıldırmış lavalar oldu çöküntü,

Sonra xaricində sakit görüntü,

Lakin daxilində vulkan yaratdı.

Tarixi, tibbi əsərlər oxuyuram. Vaxt azlığından yazdıqlarımı çap etdirə bilmirəm. Əsas məqsədim məndən daha savadlı kadrlar formalaşdırmaqdır.

 

“Bu kurikulum ki, var...”

 

 -Çoxlarının narazı olduğu  kurikulum sistemindən  çox razıyam. Bir az təkmilləşməlidir, amma ümumi yaxşı proqramdır. Proqrama uyğun olaraq, məntiqi gedişlər çoxdur. Köhnə SSRİ psixologiyasından tamam fərqlidir. Təklifim budur:  sürətli, anlaşılan dildə ardıcıl mövzuların bir-biriylə əlaqələndirilməsi nəticəsində coğrafiyanı müxtəlif qruplara bölmək və bu bölgülərlə aylıq proqramı formalaşdırmaq və test üzərində işləmək. Elə test tərtib olunmalıdır ki, bütün bölməni əhatə edə bilsin.Elə şagirdlərim var ki,onları təkcə qəbul imtahanı üçün yox,savadlı kadr olması üçün yetişdirirəm. Həmçinin,  şagirdlərdə nitq qabiliyyətini də inkişaf etdirilməsini vacib bilirəm.

 

Söhbət əsnasında verilən   qısa suallar:

 

-Tural müəllim, çalışdığınız məktəbin ümumi durumu, oradakı tədris keyfiyyəti necədir?

 

 -Çalışdığım məktəbdə istilik sistemi qənaətbəxşdir, ancaq texnoloji avandlıqlar kifayət etmir. Gədəbəyin şəhər məktəbi daha mükəmməl təchiz olunmaldır. Sinfimə marker, lövhə, xəritələr aparmışam, otağın dizaynını dəyişdirmişəm. Sinifdə şagirdlər köhnə qaydada yox, kurikulum sisteminə uyğun qruplar şəklində əyləşirlər. Çalışdım hər iki məktəbin sinifləri təmiz saxlanılır. Kənd məktəbinin  şəraiti elədə ürəkaçan deyil. Əşyalar köhnəlib. 

 

-Həmkarlarınızdan fərqli olaraq, bir yox, iki məktəbdə çalışırsınız. Bu, tədrisin keyfiyyətinə nə dərəcədə mane olur?

 

 -Mənim hər iki məktəbdə çalışmağımı valideynlər bayram kimi qarşıladılar.Bu iki məktəbdə valideynlərin övladlarının təhsilinə münasibəti fərqlidir. Kənd məktəbində valideynlərlə görüş zamanı etinasızlıq halları olur, bir neçə dəfə zənglər edib danışdıqdan sonra toplaşırlar. Şəhər məktəbində isə valideyn hər an şagirdin yanındadır.

 

-Bir məsələ də var: kənd və şəhərdəki şəraitin müxtəlifliyi. Bəlkə, bu amilin də müəyyən təsiri var?

 

 -Kənd məktəbləri hamı üçün əlverişli mərkəzdə cəm olarsa, daha effektli olar. Nəqliyyat problemi həll olunmalıdır. Valideynlər maarifləndirilməlidir ki, xırda təhsil müəssisəsində deyil, mərkəzdə təhsilin nəticəsi ürəkaçan olur. İri məktəblərdə şagird oxumaq istədiyi müəllimi seçmək imkanına malikdir. Rəqabət mühiti formalaşır. Təhsildə mədəni paxıllığı üstün tuturam. Özüm də məndən təcrübəli müəllimlərdən bilmədiklərimi  öyrənirəm. Tez-tez şagirdlərlə gəzinti təşkil edirəm. Bunun üçün çox böyük məbləğə ehtiyac yoxdur. Təcrübənin təşkili üçün məktəb də belə tədbirlər həyata keçirməlidir. Belə olduqda, şagirdlər təbiəti əyani şəkildə öyrənir.

-Son sual: Ucqar kənd müəllimi olaraq, maaşınızdan razısınız?

-Maaşımdan tam razıyam. Düşünürəm ki, Azərbayaycanda  heç də pis maaş almayan  peşə sahiblərindən biri də müəllimlərdir.

P.S. Tural müəllim, bəlkə də maddi yox, mənəvi mənada aldığı “maaş”dan çox razıdır... Olimpiadalarda qalib gələn, ali məktəblərə qəbulda yüksək nəticə göstərən yetirmələri onu sözün mənəvi mənasında yüksək məbləğdə “maaş”la təmin edirlər..

“Pulunuz” əskilməsin, Tural müəllim!

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı