Modern.az

Qəzetlərin payız planları... (I yazı)

Qəzetlərin payız planları... (I yazı)

16 Avqust 2011, 17:58


Bir müddət sonra istirahət mövsümü bitəcək, insanlar öz iş-güclərinə qayıdacaqlar. Belə demək mümkünsə, sentyabrdan yeni enerji ilə qızğın iş dövrü başlayacaq. Qəzetlər sentyabrdan hansi yeniliklərlə oxucuların görüşünə gələcək? Gurultulu layihələr olacaqmı?
Modern.az bir müddət əvvəl telekanallarda olacaq yeniliklərlə bağlı məlumat vermişdi.
İndi isə qəzetlərin yenilikləri barədə...

Elçin Mirzəbəyli: “10 illiklə əlaqədar tədbir də keçiriləcək və hazırladığımız layihələr əsasında media nümayəndələrini sürpriz gözləyir”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli yeni mövsümdə qəzetdə yeniliklərin gözlənildiyini deyib. O, həmçinin qeyd edib ki, noyabrda qəzetin 10 illiyi olduğu üçün bununla da bağlı layihələr hazırlanır: “Təbii ki, 10 illiklə əlaqədar tədbir də keçiriləcək və hazırladığımız layihələr əsasında media nümayəndələrini sürpriz gözləyir. Bundan başqa, qəzetin saytı üzrərində də iş gedir. Sayt tamamilə yeni formada olacaq. Bununla əlaqədar dizayn işləri artıq bitib və hardasa bir aya-sentyabara iş yekunlaşacaq”.
E.Mirzəbəyli deyib ki, yeniliklərdən biri də qəzetin şənbə günləri çıxan həftəlik ədəbiyyat səhifəsinin həcminin artması ilə bağlı olacaq: “Çalışacağıq ki, ədəbiyyat sahəsindəki gənc yazarlara daha geniş yer verək. İmkan yaradılacaq ki, onlar da öz əsərlərini nümayiş etdirə bilsinlər”.

Hikmət Babaoğlu: “Yeni layihələrə start vermişik”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, artıq onlar yeni layihələrə start veriblər. Onun sözlərinə görə, müstəqilliyimizin 20 illiyi ilə əlaqədar qəzetdə başlanılan bir sıra rubrikalar altında yazılar dərc olunmağa başlayıb: “Azərbaycan dövləti-20, 1991-2011” rubrikası altında müstəqllik dövrünün 20 ilində baş vermiş hadisələr təhlil olunub ictimaiyyətə təqdim olunur. Azərbaycan dövlətinin bu tarixdə nə qədər inkişaf etdiyi, tarixi, Qərbə nə qədər inteqrasiya olunduğu, hərbi, iqtisadi gücləri barədə yazılar dərc olunur.

İkinci rubrika “Müstəqilliyin həmyaşıdları” adlanır. Bu rubrika altında dərc olunan yazılarda 1991-ci ildə anadan olan, bu il 20 yaşı tamam olan gənclərin tarixə, bu günə baxışı işıqlandırılır. Əvvəlki nəsillərlə müqayisədə gənc nəslin əldə etdikləri keyfiyyətlər, müstəqil Azərbaycan dövlətinin şəxsiyyəti kimi sosial-siyasi hansı keyfiyyətlərə yiyələndikləri və s. verilir.

Üçüncü rubrika isə “Bu mənim mövqeyimdir” adlanır. O dövr hadisələrinin, o dövrü xatırlayan canlı şahidlərin, Azərbaycanın həmin çətin dövrünü yaşayanların, ulu öndərin xilas etdiyi Azərbaycanın inkişafını müşahidə edən insanların həmin dövrə bu gündən baxışı göstərilir”.

Rauf Arifoğlu: “Bəlkə “Yeni Müsavat”ın ayda 4 dəfə iri həcmli analitik, təhlilə meyilli nümunələrini, əlavələrini buraxdıq”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yeni mövsümdə yeni layihələr planlaşdırsa da, o əvvəlcədən həmin layihələri deyib ictimailləşdirmək istəmədiyini vurğuladı:

“Sadəcə onu deyə bilərəm ki, yeni mövsümdə bəlkə “Yeni Müsavat”ın ayda 4 dəfə iri həcmli analitik, təhlilə meyilli nümunələrini, əlavələrini buraxdıq...” .

Şahin Əliyev: “Saytımızı gücləndirmək fikrimiz var”

“Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev də sentyabrdan qəzetdə yeniliklərin olacağını qeyd edib. Ancaq bunlar hələ tam konkretləşməyib.
“Saytımızı gücləndirmək fikrimiz var və işçilərimiz azdır, onları artırmağı düşünürük. Bunlar da əsasən maliyyəyə söykənir. Baş redaktor nə zaman qərar versə, biz də bu işlərə başlayacağıq”.

Natiq Məmmədli: “Layihlərimiz çoxdur”

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli də yeni mövsümdə yeniliklərin olacağını bildirib. Baş redaktorun qəzetlə bağlı planlaşdırdığı yeniliklər bunlardır:
“Yaradıcı heyəti genişləndirmək, buna uyğun texniki avadanlıqları da təkmilləşdirmək, qəzetin dizaynında dəyişiklik etmək, ədəbiyyat səhifəsini genişləndirib diskussiya klubu yaratmaq, sosial sahəyə daha çox yer vermək fikrindəyik. 1 səhifəlik kriminalla bağlı yazılar da oxucularımız tərəfindən maraqla qarşılandığı üçün istəyirik ki, bunu daha da genişləndirək və kriminal hekayələr verək. Bundan əlavə, bu il “Kaspi” qəzetinin 130 illiyi tamam olacaq və biz də istəyirik ki, qəzeti köhnə “Kaspi”yə uyğun formada buraxaq. Daha sonra qəzetin satışının sahmana salınması da planlarımız arasındadır”.
Baş redaktor “Kaspi”nin həftəsonu 24 səhifə çıxan buraxılışını tam rəngli formada nəşr etdirmək fikrində də olduğunu vurğulayıb: “Bununla bağlı işlər gedir. Amma deyirlər bu çox maddiyyat tələb edir, hələ dəqiq bilmirik”.

Elçin Şıxlı: “Bizdə yenilik olmayacaq”

Baş redaktor Elçin Şıxlı yeni mövsümdə “Ayna-Zerkola” qəzetində heç bir yeniliyin olmayacağını deyib. O, qəzetin hər zamankı kimi nəşr olunacağını bildirib.

Azad Əliyev: “Sentyabrda yeniliklər olacaq”

“Həftə içi” qəzetinin redaktoru Azad Əliyev isə qəzetdə yeniliklərin olub-olmamasının avqustun axırında müəyyənləşəcəyini söyləyib.  “Bundan sonra, yəqin ki, sentyabrdan yeni rubrukalar, yeni səhifələr, reportajlar olacaq”.

Yunus Oğuz: “Mədəniyyət səhifəsini gücləndirmək fikrindəyik”

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz qəzetdə hazırda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan udduqları layihəni həyata keçirdiklərini deyib: “Bundan əlavə, bizim üçün hər zaman Güney Azərbaycan, İran və Qarabağ mövzuları əhəmiyyətli olduğu üçün bununla da bağlı layihələrimiz olacaq. Daha sonra mədəniyyət səhifəsini gücləndirmək fikrindəyik. Qalan hər şey  isə əvvəlki kimi davam edəcək”.

Qalib İbrahimoğlu: “Layihələr tam dəqiqləşməyib”

Redaktor Qalib İbrahimoğlu “Ekspress” qəzetində yeniliklərin gözlənildiyini desə də, bunların nələr olduğunu açıqlamadı: “Bununla bağlı açıqlama vermək istəmirik, çünki layihələr tam dəqiqləşməyib”.

Sücəddin Şərifov: “Sentyabrda yeniliyin şahidi olacağıq”

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov isə qəzetdə elə də ümumi, çox ciddi dəyişikliklərin olmayacağını bildirib: “Avqustun əvvəlindən etibarən gündəlik planlaşdırmadan əlavə işçilərə iri layihələr vermişik və bu layihələrin hazırlanması üçün 15 gün vaxt ayrılıb. Layihələr iqtisadi-siyasi mövzuda olmayacaq, amma tamamilə maraqlı layihələr olacaq. İşçilər də sentyabra qədər hərəsi 2-3 o tip layihələri hazırlayacaq və artıq sentyabrın əvvəlindən biz hamımız bunun şahidi olacağıq”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər