Modern.az

İqtisadi İnkişaf Nazirliyi Ziya Məmmədovun şirkətini “vurdu”

İqtisadi İnkişaf Nazirliyi Ziya Məmmədovun şirkətini “vurdu”

Ölkə

16 Avqust 2011, 22:14

İqtisadi İnkişaf Nazirliyi (İİN) sərnişindaşımada süni qiymət artımının qarşısının alınması istiqamatənidə tədbir görüb. Modern.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən metronun “Əzizbəyov” stansiyası - Buzovna qəsəbəsi – “Əzizbəyov” istiqaməti üzrə 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən "Transqeyt" MMC-yə məxsus avtobuslarda sərnişindaşıma xidmətlərinin göstərilməsi zamanı qiymətlərin qanunvericiliyə uyğunluğu vəziyyəti yoxlanılıb.

Aparılan yoxlama zamanı, 7 nömrəli marşrut üzrə Maştağa və Buzovna qəsəbələrinə gedən və həmin qəsəbələrdən “Əzizbəyov” metrostansiyasına gələn sərnişinlərdən artıq gedişhaqqı alındığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə əsasən gedişhaqqı Maştağa qəsəbəsinədək 25 qəpik, Buzovna qəsəbəsinədək 30 qəpik olduğu halda, 7 nömrəli marşrutda Maştağa qəsəbəsinə gedən sərnişinlərdən 30 qəpik, Buzovna qəsəbəsinə gedən sərnişinlərdən isə 40 qəpikgediş haqqı alındığı aşkar edilib.

Qeyd olunanlarla əlaqədar, 7 nömrəli marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən "Transqeyt" MMC-yə məxsus avtobuslarda gedişhaqlarının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Bakı Sərnişin Nəqliyyatı" MMC-yə göstəriş verilib və "Transqeyt" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Hazırda digər marşrutlarda süni qiymət artımına yol verilib-verilməməsinin müəyyən edilməsi ilə bağlı araşdırmalar aparılır.

Modern.az saytının araşdırmasına görə, "Transqeyt" MMC Bakıda sərnişindaşıma ilə məşğul olan ən böyük şirkətdir. Sərnişinləri daha çox olan marşrutlarda «Transqeyt» şirkətinə məxsus iritutumlu avtobuslar işləyir. Müşahidələr göstərir ki, şəhərin əsasən mərkəzi yollarından keçən və sərnişinləri daha çox olan 85, 96, 90, 325, 14, 188, 137, 309, 70, 106, 54, 295, 162, 212, 169, 200, 285 saylı marşrutlarda yalnız «Transqeyt» şirkətinin iritutumlu avtobusları işləyir. Amma bu, heç də həmin şirkətə məxsus bütün avtobus marşrutlarının tam siyahısı deyil. Şəhərin ayrı-ayrı məkanlarında bir neçə gün müşahidə aparmaqla adıçəkilən şirkətə məxsus marşrut xətlərinin daha çox olduğunu dəqiqləşdirmək mümkündür.
Son vaxtlar şəhərətrafı qəsəbələrə işləyən marşrutlar da tədricən bu şirkətin sərəncamına verilir. Bu isə o deməkdir ki, sərnişindaşımada da monopoliya mövcuddur.

Bəzi hallarda bu şirkətin iritutumlu avtobusların sürücülərinin yol hərəkəti qaydalarına əməl etməməsi, svetoforun qırmızı işığında keçməsi, tıxaclara səbəb ola biləcək hərəkətlərə yol verməsi, nəqliyyat vasitələrini dayanacaqlardan kənarda saxlaması, sürət həddini aşması, bir-birlərilə «yarışması» müşahidə olunur. Və belə hallar Nəqliyyat Nazirliyinin marşrutlara nəzarət edən müfəttişlərinin və yol polislərinin gözü qarşısında baş versə də, onlar baş verənləri bilərəkdən görməməzliyə vurur, iritutumlu avtobusları saxlamaq, bu nəqliyyat vasitələrinin sürücülərini cərimələmək istəmirlər.
Bunu adının çəkilməməsini istəyən yol polisi də Modern.az-ın əməkdaşına etiraf edib. Bildirib ki, nəqliyyat müfəttişləri və yol polisləri iritutumlu avtobusların hansı şirkətə məxsus olduğunu bildiklərindən həmin nəqliyyat vasitələrinin sürücüləri barədə tədbir görməyə cəsarət eləmirlər.

Bəs bu şirkət kimə məxsusdur?
Məlumata görə, "Transqeyt" MMC nəqliyyat naziri Ziya Məmdəovun oğlu Anar Məmmədova məxsusudur.

Amma inanmırıq ki, «Transqeyt» şirkətinin rəhbərliyi iritutumlu avtobusların sürücülərinə yol hərəkəti qaydalarını pozmaq üçün elə bir «azadlıq» versin. Bəlkə də bu, həmin avtobusların sürücülərinin özfəaliyyətidir..

Adəm Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü