Modern.az

Azərbaycan dili aşiqlərin dilidir... - I YAZI  

Azərbaycan dili aşiqlərin dilidir... - I YAZI   

2 May 2018, 13:17

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor


Hər iki kəlmə – Azərbaycan diliaşiqlərin dili kəlmələri bir bahar günəşi kimidir. Bu kəlmələr bir-birinin yanında həm də bahar günlərini xatırladır. Qəlbimizdə bəyaz və parlaq duyğular oyadır. Bunlar dilimizin lüğət tərkibinin qızıl kəlmələridir. Həm də isimlər içərisində hər bir kəsin sevdiyi isimlərdir. Belə kəlmələrin öz iyi, öz ətiri olur. Həmin qoxunu, ətiri iyləmək, qoxulamaq bir səadətdir. Bu səadətə qatılanlar təkcə xoşbəxt deyil, həm də dil aşiqləridir. Min beş yüz ildir ki, ədəbiyyata xidmət edən ədiblərin, şairlərin hər biri sözün həqiqi mənasında dil aşiqləridir. Daş, gil, dəri, kağız üzərində yazılan mətnlərimiz, ədəbi-bədii nümunələrimiz nə qədər qiymətlidirsə, onları yazanlar da bir o qədər qiymətli olan aşiqlərimizdir. Onlar dilə, ədəbiyyata, mədəniyyətə, tarixə aşiq olaraq, olub keçənləri yazıya almışlar. Bununla da onlar dilə, ədəbiyyata, mədəniyyətə, tarixə olan sevgilərini bir aşiq simasında təqdim etmişlər. Oğuz elinin ən böyük aşiqlərindən biri Orxon-Yenisey yazılarını daş üzərində həkk edənlərdir. Qobustan qayaları üzərində rəsm çəkənlərdir. Gəmiqaya yazılarını yazanlardır. Onlar daş üzərində yazı həkk etməklə dilə, ədəbiyyata, mədəniyyətə, tarixə xidmət edən aşiqlərdir. Min beş yüz ildən çoxdur ki, ədəbi-bədii düşüncəmiz yazılır, oxunur və bu da nəsillər arasında körpü yaradır.


Dilin ilk aşiqləri xalqın özüdür. Xalq doğma ana dilində folklor nümunələri yaratmaqla dilin bədii imkanlarını üzə çıxarmış, dilin nəyə qadir olduğunu göstərmişdir. Daha sonra yazılı dilin imkanlarından ədiblər və şairlər gen-bol istifadə etmişlər. Dilin ilkin aşiqləri xalqın özü, ikinci aşiqləri isə ədibləri və şairləri olmuşdur. Min beş yüz illik Oğuz ədəbiyyatı tarixində Mahmud Kaşğaridən sonra Əlişir Nəvai ən böyük aşiqlərdən biri kimi tarixə düşmüşdür. O, türk dili üçün böyük xidmətlər göstərmişdir. Əlişir Nəvai XV əsrin Türküstan şairi olmaqla fars dilində yazanların qarşısına türk dilində yazmaqla çıxmışdır. O dövrdə doğma dilini, türk dilini fars dilindən üstün tutmaq böyük cəsarət tələb edirdi. Əlişir Nəvai fars dilində yazmağın bir ənənəyə çevrildiyindən çəkinməyərək türk ədib və şairlərinin türk dilində yazması üçün onları qəflət yuxusundan oyatmışdır. Öz şeirlərini türk dilində yazmaqla farsca şeir yazanlara etiraz etmiş, türk sözlərinin təbiiliyini, gözəlliyini, bədii imkanlarını öz dövründəki və öz dövründən sonra gələn ədiblərə, şairlərə anlada bilmişdir. Əlişir Nəvai öz doğma türkcəsində yazmaqla ərəb və fars dillərinin etdiyi xidmətlərə, oynadığı rola kölgə salmamışdır. Məsələn, ərəb dilinin “Quran”ın dili kimi üstün bir dil olduğunu qəbul etmiş, oradakı hədislərdən gətirdiyi nümunələr əsasında ərəb dili ilə bağlı görüşlərini də təqdim etmişdir. Bununla yanaşı, “Mühakimətül-lüğəteyi” adlı əsərində türk və ərəb dilləri ilə bağlı görüşlərini də çatdırmaqdan yan keçməmişdir. Türkcənin zənginlikləri və incəlikləri sırasında mühüm rol oynayan bəzi məqamları nəzərə çatdırmışdır. Məsələn, türkcənin feil zənginliyi, cinas yaratmaq imkanları, qafiyə ənənəsinə malik olması və s. Əlişir Nəvaiyə görə, türkcə sözlər bir “bahar gülü”dür. O, türkcənin dərinliklərinə baş vuran zaman orada gördüyü gözəllikləri belə anlatmışdır: “Bu aləmin gül bağçalarına girdim. Gülləri fələyin günəşindən daha parlakdı. Hər yanında göz görmədiyi, əl dəymədiyi daha nələr və nələr vardı. Amma bu zirzəminin ilanı qan tökən və bu güllərin tikanı saysızdı. Bunları görüncə düşündüm və dedim ki: Demək bizim Türk şairləri bu qorxulu və tikanlı yollardan çəkindikləri üçün türkcəni buraxıb getmişlər. Mən Türkcənin fəzasında təbiətimin atını azadlığa buraxdım; xəyalımın quşunu qanatlandırdım. Vicdanım bu xəzinədən nəhayətsiz qiymətli daşlar, ləllər, incilər aldı; könlüm bu gül bağçasının dürlü çiçəklərindən uçsuz-bucaqsız gözəl qoxular qoxuladı”.


Türk dilinin digər aşiqlərindən biri də Məhəmməd Füzulidir. Məhəmməd Füzuli Əlişir Nəvai kimi türk dilinin şeir dili kimi böyük gücə malik olduğunu söyləmişdir. O demişdir:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbulu-nəzmi-tərkib etməyib,

Əksərən əlfazi namərbutü nahəmvar olur.

Məndə tövfiq olsa bu düşvarı asan eylərəm.

Novbahar olğac tikəndən bərgi-gül izhar olur.


Məhəmməd Füzuli fars dilində daha çox şeirlər yazıldığını, türk dilində isə bu baxımdan hələ çətinliklərin olduğunu demişdir. Allahın yardımı ilə türk dilində incə şeirlər yaratmağı müqəddəs bir iş kimi öz üzərinə götürmüşdür. Bununla da Əlişir Nəvaidən sonra Məhəmməd Fizuli türk dilinin Yaxın və Orta Şərq klassik ədəbiyyatında ərəb, fars dilləri ilə birlikdə mühüm yer tutması üçün əlindən gələni əsirgəməmişdir.


Dilə aşiq olanlar, dili sevənlər yaxşı olan hər bir şeydə aşiq olduqları, sevdikləri dilin təbiətini, ruhunu axtarırlar. Sevginin, aşiqliyin növləri müxtəlifdir: fəsillərə sevgi, güllərə və çiçəklərə sevgi, rənglərə, səslərə, işıqlı dünyaya və s. Ancaq bunların içərisində dilə olan aşiqlik və sevgi tamamilə fərqlidir. Bu fərqi dildən istifadə edənlərin hər biri başa düşür, anlayır. Sözlərin dildə çələng yaratdığını bilir. Sevdikləri hər bir şeyi üstün tutduqları kimi, sevdikləri və aşiq olduqları dili də başqa dillərdən üstün tuturlar. Dilə olan sevgi, aşiqlik dil aşiqlərinin dillərini (üslublarını) yaradır. Odur ki, türkcənin içərisində “Əlişir Nəvai türkcəsi”, “Məhəmməd Fizuli türkcəsi” vardır. Onlar türkcəyə aşiqlik sayəsində türkcənin içərisində bir türkcəni yaşatmışlar. Türkcə, o cümlədən Azərbaycan dilində yazan şairlərin, ədiblərin hər biri öz üslublarını formalaşdırmışdır. Güclü və nüfuzlu üslubların təsiri altında min illərdir ki, ədəbiyyat yaranır və inkişaf edir.


Əsli türk olan ədib və şairlərin ərəb, fars dillərində yazması heç də onların türkoloji düşüncələrini əlindən almamışdır. Onlar türk kimi düşünmüş, türk olduqlarını qürur yerinə çevirmiş, sadəcə olaraq dövrün qəbul etdiyi, məqbul saydığı ərəb və fars dillərində yazmışlar. Bunlardan biri də türk olmasına və türkoloji düşüncəyə sadiq olan, ancaq fars dilində yazan Nizami Gəncəvidir. Q.Təbrzinin, Ə.Xəqaninin, N.Gəncəvinin və farsca yazan digər sənətkarların milli düşüncə tərzi heç vaxt zəif olmamışdır. Həm də onların mənsub olduqları milli dil (Türk//Azərbaycan) heç də ərəb, fars dilindən zəif olmamışdır. Təsadüfi deyil ki, Şirvanşah Axsitan Nizami Gəncəvidən “Leyli və Məcnun” poemasını türkcə (Azərbaycan dilində) deyil, fars dilində yazmasını istəmişdir. Şirvanşah Axsitanın bu istəyinin müqabilində Nizami Gəncəvinin “Beyninə qan vurması, dodağının əsməsi” bir fakt kimi öz təsdiqini tapmışdır. Deməli, fars dilinin poeziya dili olduğu dövrdə türk (Azərbaycan) dilinin nüfuzu heç də ondan geridə qalmamışdır. Belə olmasaydı, Şirvanşah Axsitan Nizami Gəncəviyə deməzdi ki, “Leyli və Məcnun” poemasını fars dili ilə bəzəsin, türckə yazmasın. Hətta Şirvanşah Axsitan türkcə yazmağı, danışmağı özlərinə yaraşdırmamış, farsları yüksək sülalə hesab etmiş, yüksək sözün fars dilində deyildiyini məqbul bilmişdir. Bu da Şirvanşah Axsitanın türk (Azərbaycan) dilinə olan qısqanclığını təsdiq edir. Yəni fars dilini türk dilindən üstün tutmaq, poemanı türk dilində deyil, fars dilində yazmaq istəyi qısqanclıq və türk dilinin nüfuzundan narahat olmaqdan başqa bir şey deyildir. Qeyd edək ki, Nizami Gəncəvidən fərqli olaraq Əlişir Nəvai və Məhəmməd Fizuli türk dilində yazmaq yolunda mücadilə etmiş və buna da nail olmuşlar. Məsələn, Məhəmməd Füzuli “Leyli və Məcnun” poemasını yazarkən demişdir:

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

Təqrirə gətir bu dastanı,

Qıl tazə bu əski bustanı.

Məhəmməd Füzuli “Leyli və Məcnun” poemasının əcəmdə çox yazıldığını, türkcə yazılmadığını söyləmiş və türkcə ən gözəl “Leyli və Məcnun” poemasını yazmışdır. Bununla da türk dilinin bütün gözəlliklərini, imkanlarını və türk dilinə aşiqliyinin əbədiliyini sübut etmişdir. Əgər onun türk dilinə sevgisi və aşiqliyi olmasaydı, o, türk dilində belə gözəl “Leyli və Məcnun” poeması yaza bilməzdi.

Ardı var... 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi