Modern.az

Ölümdən keçən ömür...

Ölümdən keçən ömür...

3 May 2018, 15:20

Nə yazacağımızı, necə yazacağımızı bilmirik. Elə bil bütün xatirələr yoxa çıxıb. Elə bil bütün xatirimizdəkilər onunla gedib. Bircə üzündən heç zaman əskik olmayan o işıq qalıb yadımızda.


İşıqlı adam idi. Həm də kövrək, ucu keçmişə bağlı olan bu yaşda bir insan itirmək ağrısını yaşamaq ömrün qalanına elə sitəm edir ki...


İl elə tez keçdi ki... Doğurdan da insan ömrü bir göz qırpımı qədərmiş-açdın, yumdun və hər şey bitdi. Bitdimi?


Bu günün dünənə çevrilməsinin illər ötdükcə fərqinə varırsan. Vaxt möhləti, can sağlığı qırmızı xətti keçəndə yada düşür...


Sözlə, taleylə oynamaq olmaz. Bilirsiniz, niyə? Çünki ikisi də müqəddəsdir. O da bunun fərqindəydi. Mütailəsi qədər də mühakiməsi güclüydü. Füzulidən Cavidə, o tərəfli, bu tərəfli-bütün ədəbi dəyərlərə, fəlsəfi görüşlərə bələd idi. Bədii zövqü, ədəbi, fəlsəfi düşüncələri ünsiyyətdə olduğu hər kəsi yaxşı mənada təəccübləndirirdi.


Hər gün azı bir insan taleyi ilə üzbəüz, iç-içəydi. Hər gün bir narahat insan ömrü yaşayırdı polis general-mayoru Sərvər Mehrəliyev. Günahı, təqsiri olanı, yaxud da boynuna şər-böhtan atılanı, adına ləkə yaxılanı ayırd etmək, heç olmasa, ona toxtaqlıq vermək üçün savad və təcrübə ilə bərabər səbr, böyük ürək də gərək idi.


Adamın bu dünyadakı əməlinə görə cəzasını yerdə istintaqçılar kəsir. Kim necə fikirləşir-fikirləşsin, kim bu işə nə ad qoyur-qoysun, gerçək olan budur.


Amma gərək cəza verən öz vicdanını da unutmasın, ürəyinin səsinə qulaq assın. Həm də dünənini və sabahını göz önünə gətirsin.


O, istintaqını apardığı suçlu və ya suçsuz-hər kəsin taleyini yaşayırdı...


Çətinliyin üstünə gedən adamıydı general Sərvər Mehrəliyev. “Bu günün işini sabaha qoymaq” ona yad idi. Çalışırdı ki, həmişə kömək eləsin, könül qırmasın, qəlb incitməsin. Onu hirsli, qəzəbli gördüm, deyəni xatırlamırıq. Öyrənməkdən, öyrətməkdən yorulmurdu. Həyalıydı, abırlıydı. Ürəkdən inanırdı, ürəkdən sevirdi, ürəkdən bağlanırdı, nə deyirdisə, ürəkdən deyirdi. Bəlkə də elə buna görə də ürəyi dözmədi bu qədər yükü çəkməyə.


Dostlarını, ona xidmətdə kömək edənləri, müəllimlərini heç zaman unutmazdı. Generallığa gələn yol nə əzablardan, çətinliklərdən keçmişdi. Amma bu yolda ona dəstək olan insanlar vardı. Taleyi onu yaxşılarla yoldaş, dost, həmkar etmişdi. Yaxşı kişilərin məktəbində dərs alırdı. Yaxşılığı, etibarı, ehtiramı, diqqəti və lap elə qayğını, köməyi heç zaman unutmadı, ömrünə, taleyinə həmişə şükr etdi Sərvər müəllim.


Qısa bir xatırlatma: Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsində təhsil almışdı. 1981-ci ilin fevralında müstəntiq kimi onun Bakıda deyil, Naxçıvanda xidmətə başlaması da təsadüfi deyildi. Azərbaycanımızın bu sərt, bir o qədər də münis olan bölgəsində keçirdiyi illər ömür kitabına parlaq bir imza qoydu.


Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.


Dövlətçiliyimizə, polis andına sədaqətliydi. Cinayətkarlığa qarşı mübarizədə qətiyyəti, xidməti uğurları ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirilirdi, mükafatlandırılırdı. Polis general-mayoru ali xüsusi rütbəsi, “Azərbaycan bayrağı” ordeni ona çox yaraşırdı...


Bir il nə tez keçdi. Bir il nə uzun oldu. “Torpağın üzü soyuqdur”,- deyirlər. Amma Sərvərsiz ailə, Sərvərsiz dostları, yaxınları üçün bir ömür boyu nə onun işıqlı siması unudulacaq, nə də torpaq Ona olan sevgini soyuda biləcək...


Nəvələri, nəvəsi Sərvər hələ də babanın səfərdə olduğunu bilir, qayıdacağını gözləyirlər...


Hər insan xoşbəxt doğulmur. Hər insan dünyadan sevərək, sevilərək getmir. Hər oğul həyatdan xoşbəxt polis kimi ayrılmır. Və hər insan ölümdən güclü ola bilmir. Sərvər müəllim ölümdən güclüymüş. Onsuz keçən hələ neçə illər bu gerçəyi də yaşadacaq...

 


Cavid Xaspoladov,
Hafiz Təmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir