Modern.az

ANS-in tanınmış aparıcısı Aytən Səfərova: “Kərbəlaya, Həccə və Venesiyaya getmək istəyirəm…." (MÜSAHİBƏ)

ANS-in tanınmış aparıcısı Aytən Səfərova: “Kərbəlaya, Həccə və Venesiyaya getmək istəyirəm…." (MÜSAHİBƏ)

Müsahibə

19 Avqust 2011, 11:55

""Kök altı" səhnədə arvad paltarında tullanan kişilərə reaksiya verməyən insanlar üçündür"

Müsahibimlə görüşüm Bakının ən gur ticarət və əyləncə mərkəzlərindən birində, saat 14-də baş tutmalı idi. Elə təzəcə avtobusdan düşürdüm ki, radioda ANS ÇM-in xəbərləri başladı “Bakıda saat 14.00-dür” sözlərilə. Bir neçə saniyə keçməmiş telefonuma zəng gəldi: “Aytən, salam! Aytəndir. Mən buradayam” dedi və dəstəyi asdı. Gənc jurnalist olaraq ANS-in tanınmış aparıcılarından birindən müsahibə alacaq idim deyə, həyəcanım artmışdı. Onunla görüşməzdən əvvəl  ekrandakı kimi kök, atmaca atan, kinayə ilə danışacaq, hətta bəzi hallarda “göylə gedən” bir müsahib kimi təsəvvür edirdim. Amma görüşümüz bu xanım barədə bütün fikirlərimi alt-üst etdi. Qarşıma, ekrandakından fərqli olaraq kinayə və istehzadan uzaq, nisbətən arıq, gülərüz, mehriban, çox sadə bir  xanım çıxdı. Hal-əhval tutduqdan sonra həyəcanım bir az sovuşdu. Yaxınlıqdakı oturacaqda əyləşib, müsahibimi mən sorğu-suala tutmağa başladım.
Beləliklə, həmsöhbətim ANS TV-nin tanınmış aparıcısı, teleməkandakı şoulara yeni nəfəs gətirən, risqə gedib imicini dəyişən, “Kök altı” kimi oxşarı olmayan verilişilə hər şənbə bizə həqiqəti istehza ilə çatdırmağı bacaran, el arasında deyildiyi kimi, “pambıqla baş kəsməyi” bacaran aparıcı Aytən Səfərovadır.

- Jurnalsitikaya gəlişiniz və ANS-də işə başlamağınız necə olub?

- Uşaqlıqda stüardessa, kosmonavt və ya şüşəpüləyən olmaq istəmişəm. Sonradan bildim ki, valideynlərimin arzusudur məni nə vaxtsa teleaparıcı kimi görmək. Onda 7-ci sinifdə oxuyurdum. Elə həmin gündən mütəmadi olaraq evdə heç kim olmayanda qəzetləri götürüb güzgünün qarşısında oxuyurdum, özümü teleaparıcı kimi təsəvvür edirdim. İnamım çox güclü idi. İnanırdım ki, arzuma çatacam. İnam insanın həyatında böyük silah, Allaha edilən dualar isə məqsədə aparan yolda bütün maneələri dəf edən vasitədir. 1998-ci ilin əvvəli idi. Gəldim ANS-ə və burada böyüdüm – jurnalist, aparıcı və insan kimi... Vahid Mustafayev, Mir Şahin və Seyfulla Mustafayevin verdiyi biliklər bu günədək nəinki işdə, hətta həyatımda da mənə böyük kömək edir.

Azərbaycanlıyıq. Heç kimə sirr deyil ki, bəzi idarələrdə mötəbər işə düzəlməyə savad və diplomdan daha çox qohumların, “imkanın” və lazımlı adama “hörmət”in də olmalıdır. Şükr edirəm ki, ANS-də belə halla üzləşmədim. Mənim kimi indiyədək bura işə qəbul olunanlar da belə sədlərlə rastlaşmır. Hər şeyi insanın savadı həll edir. Bundan çox xoşbəxtəm.

1994-cü ildən bəri ANS ÇM-ə qulaq asıram. Bir dəfə elan etdilər ki, ANS-də müsabiqə keçirilir və jurnalistlər, prodüserlər, redaktorlar, müxbirlər, teleaparıcılar lazımdır. Mən də gəldim. Müsabiqə idi. Dedilər, öz fantaziyanıza uyğun bir şəkil çəkin, sonra bir-iki dəfə sual verdilər və s. Daha sonra mənə zəng etdilər ki, “siz qəbul olmusunuz, amma sınaq müddəti olacaq, 1 aylıq staj keçəcəksiniz. Əgər keçsəniz, ANS-də çalışacaqsınız”. Amma bir həftə keçməmişdi ki, məni işə qəbul etdilər. İşimi görürdüm, xoşlarına gəldi, bax belə işləməyə başladım. Ümumiyyətlə, ANS rəhbərliyi hər zaman insanlarda savadı görməyi bacarıb.

- Ali təhsiliniz nə üzrədir?

- Mən əslində müəlliməyəm, ilk təhsilim müəllimlik üzrədir. İndi ikinci təhsil alıram, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsində oxuyuram. Düzdür, hələ diplomumu almamışam.

- Bakalavr təhsili alırsınız?

- Bəli. İndi bakalavr, sonrasına da baxarıq. Deyir “eşşəyə min ata çatınca”. Odur ki, “ölmə, eşşəyim, yaz gələr, yonca bitər, diplom alınar, magistratura başlayar....”.
Yeri gəlmişkən, yalnız Azərbaycanda, nədənsə "eşşək" sözü birmənalı qarşılanmır. Yazıq heyvan, işlərimizə yarayır, duz daşıyır, dəyirmanda işləyir, yayda ağzına qədər badımcanla dolu rayondan Bakıya tüstüləyə-tüstüləyə gələn “Qaz-24”lər kimi yüklənir, amma yenə də pisdir ki, pis! Deyirəm, doğrudan da bizə yaxşılıq yoxdur e!

- İkinci təhsili almaq istəməyinizin səbəbi nədir?

- Jurnalist olaraq mənə elə gəlir ki, jurnalistika sahəsindən bir çox şey öyrənmişəm və hesab etmirəm ki, mənə hansısa ali təhsil ocağının jurnalsitika fakultəsində ANS-də verilən dərslər qədər bilik verəcəklər. Mən jurnalistikada Azərbaycanın ali məktəblərində verilən təhsili yox, ANS-də verilən təhsili daha üstün tuturam. Müəllim olmaq da indi o qədər prestijli deyil. Müəllimin əvvəl hörməti var idi, amma indi?! Öz işini vicdanla görən əsl müəllimə ayda 90-110 manat maaş verilirsə, belə hörmət göstərilirsə.., istəmirəm.
Ona görə mənə elə gəlir ki, hüquq fakultəsində daha irəli getmək olar. Onsuz da Azərbaycanda yerindən duran deputat olmaq istəyir. Düzdür, mən istəmirəm, amma hər halda milli “diplom sindromu” məndən də yan keçməyib.

- Əvvəllər bir sıra ciddi verilişlərdə aparıcı olmusuz. İndi şou xarakterli proqrama aparıcılıq edirsiniz. Sizin üçün bu, çətin olmadı ki?

- Həmişə mənə bu sualı verirlər: “Bir çox ciddi verilişlərdə belə olub, bir çox ciddi verilişlərdə elə olub...”. Mən sadəcə təəccüblənirəm ki, ciddilik deyəndə nəyi nəzərdə tutur orta statistik azərbaycanlı tamaşaçı? Elə insanlar var ki, min hoqqadan çıxır, ona-buna pislik edir, şit zarafatlar eləyir, qeybət qırır, kiminsə arxasınca danışıb olmazın sözlərin deyir, ailələr dağıdır, amma o insan ekrana qaşqabaqlı çıxanda, hamı ağızdolusu deyir ki, “pahhooo, filankəsdən yoxdur e, gör necə ciddi adamdır”!
Mən həyatda necə varamsa, ekrandakı “Kök altı”nda da eləyəm! Bu, bir. İkincisi də ki, 21-ci əsr – diplomatiya əsridir. Burada hər şeyi gülərüzlə, yeri gələndə zarafatla demək lazımdır. “Kök altı” da diplomatik verilişdir. Qonaqları diplomatlar olmasa da. Həm də çox ağır verilişdir. Çünki burda mənim beynimin bütün hüceyrələri işləyir. Mən heç vaxt heç bir zarafatı, heç bir söhbəti orda əvvəlcədən yazmıram. Bu veriliş düşünməyi, zarafatın içində həqiqəti görüb nəticəni çıxarmağı bacaran, ingilis yumoruna gülən, səhnədə arvad paltarında tullanan kişilərə reaksiya verməyən insanlar üçündür.

- “Kök altı” artıq bir sezon efirə getdi.  Qənaətləriniz necədir? Veriliş uğurlu alındımı, reytinqi necədir?

- Əvvəl başlayanda özüm də verilişin formatını başa düşmürdüm. Məndən soruşurdular “bu veriliş nəyə görədir?”. Deyirdim “sizin bu sualı elə mənə verməyiniz üçün”.
Bilirsiniz, nəyisə hazırlamaq üçün ilk növbədə onun formasını əsas götürürsüz. Məsələn, misgər dəmir parçasını götürür və fikirləşir ki, bu xammaldan vaza düzəldəcək. Ancaq düzəldəndə görür ki, bundan vaza yox, daha gözəl  bulud çıxar - niyə də eləməsin?! Mən də elə həmin misgər kimi idim, əlimdə bir dənə dəmir parçası var idi və mən nəsə bir şey etmək istəyirdim. Avropa standartına uyğun. Amma sonda belə qənaətə gəldik ki, yerli tələblərə də uyğunlaşdırmaq lazımdır. Məncə, pis alınmayıb.

- Qonaqlarla gözlənilmədən elə zarafatlar edirsiniz ki, bu onların narazılığına səbəb olmur?

- Rusların yaxşı sözü var “на обиженных воду возят” (küsənlərin belində su daşıyarlar). Kim tısırsa, mısmırıq sallayırsa, onları çox işlətmək lazımdır. Elə insanlar var ki, bəli, onların xətrinə dəyir. Mən o insanları bir az səmimi qəbul etmirəm. Kimin ki, xətrinə dəymir, zarafata zarafatla, amma eyni zamanda zarafatın içində həqiqətlə yanaşmağı bacarırsa bu, heç də xətrə dəyməli deyil. Mən nəinki verilişdə, həyatda belə, heç kimin şəxsi həyatına toxunmuram, heç kimin qalmaqallarını, intriqalarını müzakirə etmirəm. Əgər mən Xalq artistini çağırıramsa, o, bu xalqın artistidir, deməli xalqa hamıdan yaxın olmalıdır və bunu sübut etməlidir. Xalqa yaxınlıq toyda 5-10 min manatı xalqdan qoparıb oxumaqla deyil. Xalq nümayəndəsi olaraq ümumi problemlərə şəxsi baxışlarını açıqlamaqdır.
“Kök altı”nda da problemlərə toxunuruq. Heç bir cəmiyyət yoxdur ki, orada problem olmasın. Amma, rəhmətlik nənəm demişkən, “min fikir bir borcu ödəmir”, odur ki, hər bir problemə gülüş prizmasından yanaşan və bunu bacaran verilişdir “Kök altı”.

- Qonaqlarınıza əvvəlcədən xəbərdarlıq edilirmi ki, onlarlıa belə danışılacaq və ya zarafatlar olacaq?

- Mən əvvəlcədən xəbərdarlıq edirəm. Mən hətta “Xəbərçi”də olanda, heç vaxt qaça-qaça gedib mikrofonu kiminsə ağıza yaxınlaşdırıb deməmişəm ki, filan suala cavab versin. Həmişə yaxınlaşmışam, “sizə sual vermək istəyirəm, ay hörmətli filankəs müəllim, olar bizə bir dəqiqə vaxt ayırasınız” deyə müraciət etmişəm və nadir hallarda müsahibəsiz, əliboş qayıtmışam. Respondentə hörmət etmək lazımdır. Eyni zamanda da “Kök altı”nda... Həmişə qonaqlara xəbərdarlıq etmişəm ki “belə bir sual ola bilər”. Amma sualı, onun formasını əvvəlcədən demirəm. Sadəcə bununla insanı psixoloji cəhətdən hazırlayıram.

- Buna görə verilişə gəlməkdən imtina edən və ya yarımçıq gedən olubmu?

- Əvvəl-əvvəl buna görə imtina edənlər var idi. Amma indi vəziyyət dəyişib. Bir də görürsüz prodüser deyir ki, “filankəs zəng eləmişdi, dedi ki, "bizi niyə dəvət etmirsiz? Aytən xanım niyə ayrı-seçkilik edir, kimisə artıq ikinci dəfədir efirə çıxardırlar, kimisə heç dəvət etmirlər"". Mənim özümə də bir az maraqlı gəlir ki, axı mən neyləmişəm ki, bəziləri artıq xahiş edirlər ki, onları verilişə çağırım. Verilişdən yarımçıq gedənlər isə olmayıb. Ümumiyyətlə, həmişə çalışıram ki, balans saxlayım və heç kim incikli getməsin.

- “Kök altı”na düşmək asandır, yoxsa çətin?

- Baxır kimin üçün... Biliyi, hazırcavablığı olmayan, nəsə gizlədən, maskalarını gündə dəyişən insanlar üçün "kök altı"nda olmaq ağırdır, amma səmimi insanlar üçün "kök altı"nda olmaq heç vaxt ağır olmaz. İnsan həmişə səmimi olmalıdır, sadəlik başın tacıdır, mən də həmişə sadə olmağa çalışmışam.

- Yenidən ciddi verilişlərə qayıtsanız sizə çətin olmayacaq?

- 11 il xəbərlər xidmətində işləyən adam kimi inanmıram ki, xəbərlər mənim üçün çətin olsun. Əslində xəbərlərdə işləmək daha asan gəlir, nəinki “Kök altı”nda. Çünki xəbərlərdə mətni yazıb, çıxırsan onu oxuyursan, amma burda daim fikirləşirsən, insanlar sənə baxır.

- Layihənin müddəti nə qədərdir?

- Layihənin müddəti hələ ki, müddətsizdir. Hər bir layihə tükənənədək davam etməlidir. Bu, məntiqlidir.  Azərbaycanda belə bir ifadə var: “harda qırıldı,  qırıldı”. Bax, ANS-də “qırılan” layihələr olmayıb.

- İstirahət edə bilmisinizmi bu yay?

- Bəli, məzuniyyətdə olmuşam. 3 verilişi əvvəlcədən çəkmişik, qalan müddətdə isə istirahət etmişəm və Məşhəd ziyarətində olmuşam.

- Bəzi xanım aparıcılar efirə az qala toy paltarında çıxırlar – bər-bəzək, zinyət əşyaları, taxma saçlar və s. Sizin geyiminiz isə fərqlənir...

- Qadının gözəlliyi onun açıq-saçıqlığında deyil - yarıya qədər sinəsi görsənsin, ayaqları görünsün, ay kürəyinin yarısı ictimai icmala çıxarılsın - yox. Düzdür hər kəsin öz üslübü var. Hər hansı bir aparıcının geyimi haqqında nəsə deməyə mənim haqqım nəinki çatmır, heç belə  hüququm da yoxdur. Amma şəxsən hesab edirəm ki, qadının gözəlliyi onun bir qədər bağlı olmasındadır. Onda xanım daha sirli görünür. Digər tərəfdən isə biz azərbaycanlıyıq, müsəlmanıq. Abrımızı saxlamalıyıq.

- Səhvlərə çoxmu yol verirsiz ekranda, həyatda...

- Efirdə səhvlərə çox yol verən deyiləm və çalışıram ki, belə olmasın. Çalışma da montajdan ibarətdir. Deyirlər, “qonşun pisdir – köç qurtar. Səhv etmisənsə - montajda kəs qurtar”. Həyatda isə heç bir insan, o cümlədən də mən səhvlərdən sığortalanmamışam. İnsanlar öz səhvlərində öyrənirlər. Ağıllı insanlar isə başqalarının da səhvlərindən dərs alırlar. Hər gün öyrənirik.

- Bildirdiyinizə görə “Kök altı”nın müxtəlif mənalarından biri də sizin kök olmağınızla bağlıdır. Heç buna görə özünüzü kompleksli hiss etmisiniz?

- Mən köklüyümlə bağlı kompleks hiss etsəydim çoxdan arıqlayardım. Uşaqlıqda da toppuş olmuşam. İkincisi kiminsə gözünə xoş gəlsin deyə arıqlayan da deyiləm. Oy... əslində bütün bu sözləri tənbəlliyimi ört-basdır etmək üçün deyirəm. Mən ərinirəm idman zalına getməyə. Pəhrizə də iradəm yoxdur. Amma indi bir vasitəyə əl atmışam və alınmağa başlayıb.

Yaxşı ki, bu mövzuya toxundunuz. Bilirsiniz, cəmiyyətdə tərbiyəsiz, mədəniyyətsiz insanlar az deyil. Təəssüf ki, belələri var aramızda. Kök insan keçəndə, görəndə atmacalar atmaq, təhqiramiz ifadələr işlətməkdən çəkinmir, düzdü, özüm qarşılaşmamışam, olsa da, yerindəcə cavabı verərəm, amma o qədər kök insan tanıyıram ki, ətrafdakıların təhqirlərindən mənəvi sarsıntı keçirirlər.

Olmaz insanı onun bədən quruluşuna görə təhqir etmək. Xüsusilə xanımlarla belə şey yaramaz. İnsan kök ola bilər, amma ağıl cəhətdən də Allah onun qabına çox qoya bilər. Kök və ağıllı, tərbiyəli insan kiloqramlarını idman zalında ata bilər, amma onu təhqir edən insan ağlı, tərbiyəni, mədəniyyəti heç bir aptekdə, supermarketdə ala bilməz, beyninin qırışlarını heç bir idman zalında “məşq” elətdirə bilməz.

Odur ki, bir-birimizlə dözümlü olmağa çalışmalı və bacarmalıyıq. Bu, o demək deyil ki, mən kök olaraq köklüyə bəraət qazandırmaq istəyirəm. Əsla. Köklük səhhətə ziyandır. Mən bununla, sadəcə, cəmiyyətimizdə kök insanları görüb “inək”, “fil” və digər ifadələrdən istifadə edən, cəmiyyətdə özlərini mədəni göstərməyə çalışan insanlara işarə edirəm. Başqalarının bədən quruluşlarına yox, şəxsiyyətlərinə hörmət etmək lazımdır.

- Mətbəxlə aranız necədir?

- Əladır. Mətbəxdən elə vaxt olur çıxmıram. Köklüyümün də əsas problemi ondadır ki, mən günorta saat 2 və ya 3-ə kimi yemək yemirəm, amma sonra başlayır. Bir də gördün axşam yatmazdan əvvəl yemək yedim və sonra yatmağa getdim. Vaxtlı-vaxtında yeməyimi yesəm, çörəkdən imtina etsəm, təbii ki, arıq olaram. Şok-model!
       
- Sevdiyiniz yeməklər hansılardır?

- Mən suşini çox xoşlayıram. Belədə yapon və gürcü mətbəxini sevirəm. Evdə isə ən çox gürcü mətbəxindən hazırlayaram - ocaxuri, kupatı. Yunan salatını sevirəm, bizim yeməklərdən də plovu və dovğanı çox xoşlayıram. Gəncə dovğasını.

- Yemək hazırlayarkən deyirlərmi ki, əlinizin dadı var?

- Həmişə atam anama deyir ki, “Aytən evə gələndə, ay Elmira (anamdır) sən heç vaxt yeməyə əl dəymə, mətbəxə keçmə”. Eyni ərzaqları anam da götürsün, mən də. Həmişə fərqli alınır. Vəssalam. Anam müsahibəni oxusa, soyuducunun ağzını bağlayacaq.

- Uzun müddət aparıcısınız, efirdə ekstremal vəziyyətlərə düşmüsünzmü?  

-
Maraqlı hadisə olub. Efirdə bir dəfə milçək udmuşam. Daha sonra bir dəfə az qala kreslodan yıxılım və bir dəfə də fırlananda efirə düşmüşəm. Bu qədər, elə çox ekstremal vəziyyətə düşdüyüm olmayıb.

- İTV-də Novruz bayramı ilə bağlı layihədə mahnı oxuduz? Demək sizin gözəl səsiniz də varmış, bundan istifadə etmək istəmisiniz?

- İstəmişəm və etmişəm də. Referendum, parlament, bələdiyyə və prezident seçkiləri zamanı.

- Bildiyimiz qədər yunan əsilli bir şəxs də sizə elçi gəlib, amma sizin ailəniz buna razı olmayıb…

- Vaxtilə öz istədiyim insan idi, mən bunu heç vaxt danmamışam. Hamı da bilir. Yunanıstan vətəndaşı idi, yunan əsilli. Amma biz İslam ənənələrinə sadiq olan bir ailəyik, mən və anam ibadət edirik. Ona görə də valideynlərim dedi ki, “əgər siz İslamı qəbul edirsinizsə buyrun, yox, onda xoş getdiz”. Elə belə də qaldı. Onlar Ortodoksdurlar və fanatikdirlər. Ona görə alınmadı. Amma qapımıza ayağını çox döydü.

- Sonra öz sahənizdən bir nəfərlə ailə qurdunuz, övladınız varmı?

- Bəli, bir qızım var, adı Ayzadır, 5 yarım yaşı var.

- Futbol azrkeşi olduğunuzu deyirsiz. Sevdiyiniz komandalar hansıdır?

- Düzdür futbolu çox sevirəm, İngiltərənin “Çelsi” klubuna və Bakının “Neftçi klubuna” həmişə azerkeşlik edirəm. Ailəlikcə “Neftçi”nin azerkeşiyik. Ümidvaram ki, nə vaxtsa bizim millimiz Dünya Çempionatının seçmə turuna keçəcək. Lap 1/16 mərhələdəcə uduzsun, amma Dünya Çempionatına çıxsın!
Sonuncu dəfə “Çelsi” - “Mançestr Yunayted” oyununa baxmışam. Çox sevdiyim Didye Droqbanın qol vurmağına vurulmuşam. Amma nəticə ürəyimcə olmadı, mənim komandam uduzdu.

- Ürək sirlərinizi bölüşdüyünüz dostlarınız, sirdaşlarınız var, yoxsa qapalı insansınız?

- Ömər Xəyyamın rübailəri ilə yaşayıram, onlarla nəfəs alıram. Orada yaxşı bir rubai var, mənası belədir ki, “hər hansı bir insanı özünə yaxın dost sayırsan və ona öz sirrini açmaq istəyirsənsə, yadında saxla ki, birdən vaxt gələr o,  sirrindən sənə qarşı böyük silah kimi istifadə edə bilər”. Ona görə çalışıram ki, xüsusilə Azərbaycanda heç kimə sirrimi deməyim, anamdan başqa. Anaya da hər sirri demək mümkün deyil. Ən yaxşı sirdaş  - Allahdır. Yatmazdan əvvəl dua edirsən, ürəyində nə varsa deyirsən vəssalam.
Ümumiyyətlə dostlarım çox deyil. Dost elə bir şeydir ki, onu ancaq barmaqla saymaq mümkündür. Məktəbdən bir yerdə olduğum yaxın dostlarım, rəfiqələrim var, amma burda deyillər, biri Kanadada yaşayır, biri İngiltərədə, Rusiyada. Ən ülvi hisslər bəsləyirəm bütün dostlarıma, yaxınlarıma.
Mən, ümumiyyətlə, çalışıram ki, insanlarla distansiya saxlayam. Dost elədir ki, gərək həmişə bir yerdə olasan. İnsan bir az məşhurlaşandan sonra onun dostu da, qohumu da çoxalır. Bir ifadə var: dostu düşmənindən seçməyi bacarmaq lazımdır. Çalışıram insanlarla distansiya saxlayam.

- Bir az əhlikef qız kimi görsənirsiniz? Sizi cəmiyyətdə baş verən hadisələr heç narahat edirmi?

- Deyirlər ki, ağlayanın bir dərdi olar, gülənin min. İkincisi, düşmən məni alverdə görsün. Üçüncüsü, min fikir bir dərdi ödəmir. Dördüncüsü, insan həmişə gülümsəməlidir, xüsusilə qadın. Bu, məni istəyənlərin xoşuna gəlir, məni istəməyənləri isə qıcıqlandırır, ona görə gülümsəyirəm və həmişə də gülümsəyəcəm. Amma bu o demək deyil ki mənim problemlərim yoxdur. Var. Amma istəmirəm onlar barədə danışım. İnsanlara müsbət emosiya aşılamaq lazımdır, bədliyi tökmək yox.

- Siyasətlə maraqlanırsınız? Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prosesləri necə qiymətləndirirsiniz?

- Siyasətlə yox, amma siyasi proseslərlə həmişə maraqlanmışam və maraqlanacam. Qarabağa görə. Politoloq deyiləm. Bir aparıcı və jurnalist kimi yox, bir azərbaycanlı, Vətənini sevən insan kimi düşünürəm ki, indiyə qədər bu boyda təzyiqlər altında, dünya ölkələrinin minüzlüyü, beynəlxalq təşkilatların milyonsifətliyi fonunda Azərbaycan mövqeyini qoruyub-saxlamağı bacarıbsa, bu, doğrudan da sevindirici haldır! Bu məsələdə hamımız, Azərbaycan vətəndaşı olaraq, birləşməli, hökümətimizi, rəhbərliyimizi dəstəkləməliyik.

- İndiki xəbərlərin keyfiyyəti sizi qane edirmi?

- Mən xəbərləri əyləncə verlişi kimi təqdim etməyi sevmirəm. ANS televiziyası yeganə televiziyadır ki, orda biz xəbərləri verəndə hər gün yada salırıq ki, “Ermənistanın Azərbaycan təcavüzü davam edir, cəbhə xəttində mövqe döyüşləri davam edir”. Amma mən bu yaxınlarda ömrümdə ilk dəfə olaraq başqa yerli telekanalda xəbəri hansı formada verdiklərini gördüm. Traktor hansısa qoyunun üstündən keçib və bunu 3-4 dəqiqə elə şou edirlər ki, mən sadəcə şokda idim - xəbərləri nə qədər cılızlaşdırmaq olar. Və şokdayam ki, insanlar bu cür xəbərlərə baxırlar. Mənə elə gəlir ki ANS-in xəbərləri nömrə bir olub, var və olacaq da!

- Bildiyimiz qədər ilk maşın sürən telejurnalistlərdənsiniz? İlk maşınınızın markası nə idi?

- İlk maşınım VAZ-2107 olub. Onu da dayanacqdakı maşınları vura-vura sürməyi öyrənmişəm.

- Bəs, indi hansı markadan maşın sürürüsünzü?

- Onu deməyəcəm.

- Deyəsən radarlara tez-tez düşürsüz. Bunun səbəbi nədir? Tələskənlikdən, yoxsa yaxşı sürə bilmədiyinizdəndir?

- Bu, mənim hər şeyi vaxtında eləməməyimdən irəli gəlir. Həmişə tələm-tələsiyə düşürəm, sonra da başlayıram sürətlə getməyə.

- Yol polisləri ilə aranız necədir?

- Məndə yaxşıdır, amma bilmirəm yol polislərinin mənlə arası necədir? Adətən polisləri qınayırlar, ittiham edirlər, ancaq bir neçə dəfə qəza görmüşəm və şahidiyəm yol polisləri orada necə işləyirlər, necə əziyyət çəkirlər.

- Sürücülük vəsiqəniz əlinizdən alındığı vaxt olubmu?

- Mənim sürücülk vəsiqəm indiyə qədər yol polisindədir, talonla maşın sürürəm...

- Həyata keçirmək istədiyiniz yeni layihələriniz varmı?

“Kök altı”nda dəyişikliklər etmək istəyirik, daha da rəngarəng etmək fikrindəyik. Və mənlə birlikdə yeni aparıcı olacaq. Bu çox tanınmış aparıcılardan, Azərbaycan məkanında öz sözünü demiş insan, prodüser Tolikdir.

- Sevdiyiniz işlər hansılardır?

- Vaxtım az olsa da, amma qızımla gəzintiyə çıxmağı, kitab oxumağı sevirəm. Son vaxtlar tez-tez Quran oxuyuram.

- Hansı xarici ölkələrdə olmusuz?

- Oyy.. təvazökarləqdan uzaq olsa da, Ukrayna, Gürcüstan, İran, Türkiyə, Yunanıstanda -  Afinanı beş barmağım kimi tanıyarm, ABŞ, Rusiya, Latviyada olmuşam. İki gün də Milanda qalmışam.

- Harada olmaq istəyərdiniz?

- Kərbəlada, Həccdə, eləcə də Venesiyada.

- Bəs, harada istəməzdiniz?

- Afrika ölkələrilə yanaşı, məni Fransa cəlb etmir. Kimə deyirəm, təəccüblənir. Doğrudan da belədir. Mənə bu sualı hələ 4-5 il əvvəl də vermişdilər. O vaxtdan bu günədək heç nə dəyişməyib. Xoşlamıram.

- Son olaraq nə əlavə etmək istərdiniz?

Füsünkar, dünyada analoqu olmayan və heyrətamiz olaraq qalaq.

 

 

 

 

 

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi