Modern.az

Mətbuat Şurası Türkçülük gününü qeyd etdi

Mətbuat Şurası Türkçülük gününü qeyd etdi

4 May 2018, 17:27

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 may Türkçülük gününü türkçülüyün banisi, Azərbaycanın ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin doğma yurdu olan Salyan rayonunda qeyd edib. Əsası ATXƏM tərəfindən qoyulmuş və hər il ənənəvi olaraq qeyd olunun bu əlamətdar günlə bağlı dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri bir araya gəlmişdilər.


Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə Salyan rayonunda Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra onlar Əli bəy Hüseynzadənin və istiqlal şairi Xəlil Rza Ulutürkün abidələrini, həmçinin rayonda türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət ediblər.


Toplantını giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov "Türkçülük günü"nün mahiyyətindən, yaranma tarixçəsindən söz açıb. Birlik sədri bildirib ki, belə tədbirlərlə bu əlamətdar tarixin anlamının gənclərə çatdırılması, milli şüurun daha da yüksəldilməsinə nail olmaq, vətənpərvərlik ruhunun hər zaman diri tutmaq hədəf seçilir. “Azərbaycan və Türkiyə arasında, eləcə də digər türk xalqları ilə əməkdaşlıq sahəsində son illər çox ciddi, mühüş işlər görülməkdədir. Bu işlər intensivləşməkdədir. Bu əməkdaşlıqların dərinləşdirməsi xalqlarımızın rifahının yüksəlməsinə, eyni tarixi kökə sahib olan insanların yenidən yaxınlaşmasına səbəb olacaqdır", - deyə İ.İsmayılov vurğulayıb.


Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin depuatıt Əflatun Amaşov may ayının bayramlar ayı olduğunu deyib: "Artıq bir neçə ildir ki, 3 may tarixi isə Türkçülük Günü kimi qeyd olunur. Bu gününün qeyd edilməsində ATXƏM-in böyük rolu var. Hesab edirəm ki, belə tədbirlərin təşkili ilə biz türkçülük mirasına sahib çıxmış oluruq. Tədbirin Salyanda - Əli bəy Hüseynzadənin doğma yurdunda təşkili isə xüsusi rəmzi məna daşıyır. Bizlər çalışmalıyıq ki, gələcəkdə bu gün digər türkdilli xalqlar və toplumların paradı kimi özünə yer tutsun", - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.


Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı çıxışında  Türkçülük gününün önəmindən danışıb. O qeyd edib ki, tarixi keçmişimizin öyrənilməsi, tariximizdəki qəhramanlıq səlnamələrinin gələcək nəsillərə çatdırılması üçün belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti vardır.


Dünya Azərbaycanlılarınin Milli Birliyinin sədri Cavad Derəxti də Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, Azərbaycanın bu proseslərdəki rolundan danışıb. Bildirib ki, son illər ərzində Türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır.


Daha sonra Türkçülük Günü tədbiri konsert proqramı ilə davam edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər