Modern.az

Misirdə azərbaycanlı sufinin türbə kompleksi təmir edilir

Misirdə azərbaycanlı sufinin türbə kompleksi təmir edilir

Aktual

4 May 2018, 21:54

Beynəlxalq Abidələr Fondu (World Monuments Fund) Misirin paytaxtı Qahirədə tarixi əd-Dərb əl-Əhmər adlı yerdə tikilmiş İbrahim Gülşəninin türbə-təkiyyə kompleksinin beynəlxalq standartlara uyğun tarixi-arxeoloji sənədləşdirilmə işlərinə başlayıb. Tarixi Qahirənin inkişafı layihəsinin baş icraçısı Məhəmməd Əbdüləziz bildirib ki, Mədəni İrsin Qorunması üzrə ABŞ Səfirləri Fondunun ayırdığı qrant hesabına həyata keçirilən layihə çərçivəsində məkanın elmi araşdırılması, təkiyyənin və türbənin təmir işləri üçün elmi təhlillərin aparılması və daxilindəki abidələrin zərər görməməsi üçün qoruyucu tədbirlərin görülməsi nəzərdə tutulur”. Məhəmməd Əbdüləziz işlərin sentyabr ayınadək davam edəcəyini bildirib.

 

Modern.az   xəbər verir ki, işçi qrupu uzun müddət baxımsız vəziyyətdə qalmış türbə və təkiyyənin yerləşdiyi ərazinin və abidələrin fotolarını çəkir, rəqəmsal görüntüləri verilənlər bazasında yerləşdirir, Autocad proqramından istifadə edilməklə abidələrin əvvəlki formasını tam hazırlayır.

 

Əslən Azərbaycanın Bərdə şəhərində doğulmuş XVI əsr sufi poeziyasının görkəmli nümayəndəsi Şeyx İbrahim Gülşəniyə aid türbə-təkiyyə kompleksi Misirin Osmanlılar tərəfindən fəthindən sonra Qahirədə təsis edilmiş ilk dini-sufi kompleksdir. O, həyətin ortasında hündür yerdə məmlük memarlıq üslubunda tikilmiş məqbərədən, ətrafda məscid, mətbəx, alış-veriş məkanları, sufi şeyxinin ailə üzvlərinə və ardıcıllarına aid otaqlardan ibarətdir.

Qeyd edək ki, Şeyx İbrahim Gülşəni hicri 830-cü ildə (miladi 1420) Bərdədə doğulmuş, gənc yaşlarında Təbrizə gedərək XV əsrin filosofu Seyid Yəhya Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin tələbəsi olmuşdur. Gülşəni uzun illər Türkiyə və Misirdə yaşamış, ustad-müəllim kimi məşhurlaşaraq özünə ardıcıllar cəlb etmişdir. Şeyx İbrahim Qahirədə Müəyyədə camisində qərar tutmuş, Misir məmlüklərindən və daha sonra Osmanlı sultanlarından böyük hörmət görmüşdür. Gülşəni 1534-cü il aprelin 24-də 114 yaşında vəfat etmişdir.

 

Gülşəninin ədəbi irsi “Ruznamə”, “Qədəmnamə”, “Simurqnamə”, “Pəndnamə”, “Məsnəviyi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə”sinə yazdığı cavabdan və Azərbaycan, ərəb, fars dillərində olan divanlarından ibarətdir. Klassik Şərq ədəbiyyatına, xalq yaradıcılığına, folklora bağlı olan Gülşəni Bərdəinin əsərləri dünyanın müxtəlif əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilir.

 

Qeyd edək ki, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylinin “Şeyx İbrahim Gülşəni Bərdəi və türk “Divan”ı (ilkin qaynaqlar əsasında araşdırmalar və türk “Divan”ı əlyazmalarının müqayisəli mətninin transfoneliterasiyası)” adlı 2 cildlik, 1215 səhifədən ibarət kitabında məşhur sufi şairi, mütəfəkkirinin həyatı və yaradıcılığı barədə qiymətli məlumatlar yer alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar