Modern.az

47 yaşlı Rəşad Məcid: "İnanmıram ki, bu yaşdan sonra məni nəsə təəccübləndirsin..." - MÜSAHİBƏ

47 yaşlı Rəşad Məcid: "İnanmıram ki, bu yaşdan sonra məni nəsə təəccübləndirsin..." - MÜSAHİBƏ

21 Avqust 2011, 12:11

"Beynimdə olanların və istədiklərimin heç 10 faizin yazmamışam..."


Bu gün “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcidin 47 yaşı tamam olur. Onunla ad günündə söhbətləşməyi qərara almışdıq, amma bilmirdik ki, Rəşad Məcid Bakıda olmayacaq. Bu səbəbdən də ad gününə planlaşdırdığımız üzbəüz söhbəti telefon danışığıyla əvəz etməli olduq. Ona görə də ad günü ilə bağlı müsahibə biz istəyən kimi alınmadı. Rəşad Məcid ailə üzvləriylə birgə İsmayıllıdadır. Beləcə müsahibə telefonun ümidinə qaldı…

- 47 yaş... Tezmi keçdi...?  

- Elə bu günlərdə cavan dostlarla oturmuşdum. Onların 30-35-dən yuxarı yaşı yoxdu. Söhbət əsnasında hiss etdim ki, 47 yaşı onlar çox heyrətlə qəbul edirlər. Mənim üçünsə həyəcanlı və qəribə keçən qırx yaş olub. Düşünürdüm ki, qırx bir dövrün sonudur. Bundan sonra sanki həyat əvvəlki kimi olmur. Deyim ki, bu depressiv vəziyyət bir neçə ay davam elədi. Sonra gördüm ki, elə qırxdan sonra da gənclik illərindəki kimi qalmaq olar. Bu mənada elə 47-ni də gənclik yaşı hesab edirəm.

- Deyirlər insanın ömrü 30-35 yaşa qədər çox gec keçir, 35-dən sonra isə günlər sanki bir göz qırpımında biri-birini əvəz edir. Sizin günlərdəmi indi belə ötüb keçir?

- Doğrudan da əvvəl bizim üçün bir il çox uzun görünürdü. Amma 35 yaşdan sonra illər  çox sürətlə keçir. Bunu 35 yaşdan sonra mən də hiss eləməyə başlamışam. Bir-iki il adama çox qısa müddət kimi görünür. Ola bilsin ki, bu, həyatın rəngarəngliyi, çoxlu işin olması ilə bağlıdır. Bəlkə də uzun illərə hesablanan arzular var ki, onlara çatmaq üçün çalışırsan. Vaxtın necə keçdiyini hiss etmirsən. Amma 35-40 yaşdan sonra düşünürsən ki, mümkün olanları etmisən. Gənclik illərində olduğu kimi, romantika, əlçatmaz arzularla yaşamırsan... Ona görə də o arzulara çatmaq üçün vaxt da ayırmırsan. O  mənada 35-40 yaşdan sonra illər yaman sürətlə keçir. Dönüb geriyə baxanda xeyli müddət bir imperiyanın istilasında yaşadığını düşünürsən. Onun qayda-qanunları ilə təhsil almısan, böyümüsən. Sonra isə həyatda ağır, faciəvi hadisələr baş verib. Məncə bizim nəslin yaşadığı tale sakitlik illərində bir neçə nəslin yaşadığı illərə bərabərdir. Gördüklərimiz o qədər çox, rəngarəngdir ki, ağrılarımız, itkilərimiz o qədər çoxdur ki, bu ömrə bir neçə ömür yerləşdirmək olardı. Dönüb geri boylananda hiss edirəm ki, istəklərimi gerçəkləşdirə bilmişəm. Bu mənada özümü rahat saya bilirəm.

- Yaşlarından asılı olmayaraq insanlar həmişə düşünürlər ki, görəcəkləri ən yaxşı günlər hələ  qabaqdadır...

- Yaşadığım illər içində həddindən artıq çox şeylər görmüşəm. İnanmıram ki, bundan sonra məni nəsə təəccübləndirsin, heyrətləndirsin. Bu mənada gələcək günlərdə məni nəyinsə heyrətləndirəcəyini düşünmürəm. Sadəcə, son illər nədənsə düşünürəm ki, insanlar təbiətin gözəlliklərindən zövq alırlar. Mən niyə belə deyiləm...? Sanki laqeydəm, bu gözəlliklər məndə dərin hisslər oyatmır. Fikirləşib onun bir səbəbini tapmışam ki, doğulduğum, uşaqlığım keçən yerlər, Şuşa, Laçın, Qarabağ təbiətinin gözəlikləri mənim yaddaşımdadır. O yerlərə oxşar təbiət hardasa mənə şüuraltı ağrı verir. Ona görə də təbiətin gözəliklərindən zövq ala bilmirəm. Məni ən çox təəccübləndirən o ola bilər ki, uşaqlığım keçən yerlərə gedə bilim.

- İnsan sabahın daha yaxşı olacağını hiss etmirsə, bu, onun sabaha ümidsizliyi deyilmi?

- Qarşıda məni heyrətləndirəcək nəyinsə olmayacağı düşüncəsindəyəm. Dünyanın ən böyük gözəliklərini görmüşəm, ən dərin hissləri yaşamışam. Nəyinsə bundan üstün olacağına inanmıram.

- 47 yaşlı Rəşad Məcid dünyanın gözəllikləri deyəndə nəyi nəzərdə tutur?

- Dünyanın gözəllikləri geniş mənadadır. Müxtəlif yerləri görmək baxımından, müxtəlif insanları görmək baxımından... Uşaqlıqdan özüm üçün əlçatmaz hesab etdiyim, pərəstiş etdiyim şəxsiyyətlər olub, bir gün isə görmüşəm ki, o insanların yanındayam. Digər insani hisslərin elə yüksək qatını yaşamışam ki, bu, mənim üçün çox böyük bir səadətdir. Bu saydıqlarımın hamısı onun tərkib hissəsidir.

- Bu gün 47 yaşınız tamam olur. Ötən illərin içində burnunuzun ucu göynəyən məqamlar varmı?

- Cox fərqli-fərqli məqamlar olur ki, yadına düşür, o anları yenidən yaşamaq istəyirsən. Amma bir toxluq hissi də var ki, onu yaşamısansa, o sənin üçün keçmişdir. Sadəcə, o anlar sənin ruhunda, bədənində yaşayır. Ad günü keçirməkdə heç zaman həvəskar olmamışam. Amma elə ad günləri də olub ki, unudulmazdır.

- Rəşad müəlim, sizə elə gəlmir ki, xeyli ümumi danışırsınız. Burnunuzun ucu göynəyən məqamlardan bir neçəsini yada sala bilərsinizmi?

- Var elə məqamlar. Çox fərqli məsələlərlə bağlıdır. Amma indi yadıma düşmür.

- Köhnə xatirələrin sizin üçün təzə dərd olduğu vaxtlar olurmu?

- Xatirələrə də artıq keçmiş kimi baxıram. Elə bir ciddi problem keçirmirəm ki, nəyisə səhv etdiyimi düşünəm. İnsan müəyyən zaman keçdikdən sonra “kaş bunu belə edəydim”  kimi düşüncələrdə olur. Mənsə bundan uzağam.
 
- Ötən günləri nəylə yada salırsınız, musiqi iləmi, yoxsa yaradıcılığa güc verməklə..?

- Musiqi ilə bağlı onu deyim ki, yaddan çıxmayan anlar hansısa musiqi ilə assosiasiya olunur. Hansısa 20, 30 il öncənin musiqisi uzaqdan qulağıma dəyəndə beynimdə hansısa xatirəni oyadır. Bu mənada xatirələrin arxasında hansısa musiqi dayanır. Bəzən isə olur ki, keçmiş musiqiləri dinləyib xəyala dalıram. Bu baxımdan musiqinin yaşanan illərlə böyük əlaqəsi var. Eyni zamanda, söz adamı olduğum üçün sözə müsiqidən az əhəmiyyət vermirəm. Amma yazmaq mənim üçün əsl xilas yoludur.

- Yazmaq demişkən, ən yaxşı əsərinizi yazmısınız, yoxsa yazacaqsınız?

- Onu deyə bilərəm ki, beynimdə olanların və istədiklərimin heç 10 faizin yazmamışam.

- 47 yaş və yaradıcı bir şəxs... Romantika isə yoxdur. Çox tox görünürsünüz. Özünüzə inandırıcı görünürmü bu?

- Tox olmaq çox yaxşı şeydi. Uşaqlıqdan böyüdüyüm mühit, ailə, rəngarənglik, uşaqlıqdan çox azad olmağım, bunların hamısının təsiri var burada. Uşaqlıqdan ən fərqli mühitlərdə olmuşam, onların içindən keçmişəm. İdmançılarla da, qumar oynayanlarla da, nəşə çəkənlərlə də, kitab oxuyanlarla da, musiqiçilərlə də, yazıçılarla da bir yerdə olmuşam. O qədər fərqli mühitlərdə olmuşam ki, məni təəccübləndirəcək bir şey gözləmirəm. Mənə elə gəlir ki, bu, müdriklik əlamətidir. Özünütərif olmasın, bu cür toxluq dünyanın hər üzünü görən, hər tamını dadanlarda olur. İndi 25 yaşımdakı fiziki gücdə olmadığımı bilirəm. Buna baxmayaraq, gənclərin hər bir düşüncəsini başa düşəcək dərəcədə gəncəm.

- Sizin nəsil itmişlər və itirmişlər kim də tanınır... Razısınız bu ifadə ilə?

- Bizim gördüyümüz təzadlı illəri siz görməmisiniz. Bu baxımdan müəyyən çatışmazlıqlar var. Biz imperiyada yaşayan, sonra torpaqları işğal edilən, aciz vəziyyətinə düşən nəsil olduq. 47 illik təcrübəmdən gəldiyim qənaət odur ki, əgər insan istedadlıdırsa  və əzmlə öz işi ilə məşğul olursa, mütləq o uğura nail olacaq. Gənclərə arzum odur ki, öz işlərindən doymasınlar, yorulmasınlar. Zamanı çatanda hər görülən iş qiymətini alır.

- 25 yaşlı Rəşad Məcidlə müqayisədə daha hansı fərqlər üzə çıxır?

- 25 yaşındakı Rəşad Məcidin təəccüblənməsi, heyrətlənməsi, dünyadan ala biləcəkləri çox şeylər var idi. O, bir az da sadəlövh idi. Həyatdakı gözəlliklərə qarşı görməmişliyi də ola bilərdi. İndi o Rəşad Məcidin qüsurlarından uzağam. Müəyyən daxili enerji, eşq baxımından heç də 25 yaşlı Rəşad Məciddən geri qalmayan ağıllı və müdrik bir adamdır indiki Rəşad Məcid.

- İndiyə qədər balaca Rəşad Məcidlə rastlaşdığınız anlar olubmu?

- Əlbəttə olub. “Hələ ki vaxt var” şeirim elə buna həsr olunub. Eyvandan ana “Rəşad”  deyə çağırıb, ixtiyarsız dönüb baxmışam, görmüşəm ki, məni deyil, 20-25 yaş məndən kiçik Rəşadı çağırır anası. Balaca Rəşadı hərdən yadıma salıram, düzdür, Azərbaycanda  Rəşad adında yaşlı adamlardan biriyəm. O zaman Rəşad elə da populyar ad deyildi.

- Belə bir fikir də var ki, insanın övladı olandan sonra onun sevgisinin çox hissəsi ovlada yönəlir. Digər istiqamətlərdə əvvəlki sevgi hiss olunmur. Xüsusilə xanımlar hər zaman bu məsələdən şikayət edirlər.

- Sevgi sonsuz bir şeydir. Sevginin içərisinə bütün dünya sığa bilər. Bu baxımdan övlad o sevgidən heç nə qoparıb apara bilir. Məndə sevgi istedadı var. Şükürlər olsun ki, indinin özündə də o hissin yüksək mərtəbələrini yaşaya bilirəm. Ailədə isə zaman keçdikcə, istər-istəməz ümumi problemlər müəyyən dərəcdə romantik hisslərin üstünü örtür.
 
- Ömrün keçən hissəsində sevgi böyükmü rol oynayıb?

- İnsan ömrünə böyük sevgilərin bir neçəsinin yerləşməsi mümkündür. Alimlər qadınlar üçün bunu 2 ildən 4 ilə qədər müəyyənləşdiriblər. Elmi cəhətdən belə izah olunur ki, bu beyindəki maddələrlə bağlıdır və bu müddətdə həmin maddələr sorulub qurtarır.  Demək sevgi də gedir. Sevgi üçün zəhmət çəkmək istəyənlər bir ömürdə bir neçə dəfə sevə bilərlər.

- Çox ümumi danşırsınız...

- Dediklərim təcrübəmə əsaslanır. Bunları yaşamasam deyə bilməzdim. Oxuyanlar başa düşəcəklər.

- Sizdə romantikanın enib-qalxan vaxtı olur, yoxsa...?
 
- Demək olmaz ki, insan həmişə romantik vəziyyətdə olur. Xarakter etibarilə romantikəm, amma realist romantikəm. İndiki cəmiyyətdə hər dəqiqə özünü romantik duyğların öhdəsinə buraxmaq da olmaz. Romantikanın insanı məhv etdiyi o qədər anlar olur ki...

- Mənə elə gəlir ki, indi olduğunuz məkan romantikanızı xeyi məhdudlaşdırıb.

- İndi İsmayıllının İvanovka kəndindəyəm. Bayaqdan yağış yağırdı, hava dumanlıdı. Mən də ağacın altında oturub sizinlə danışıram. Amma müsahibənin ortasında xanımım gəldi və danışığıma qulaq asıb getdi. Ola bilər ki, həmin  məqamlarda mən sərhədli danışdım.

- Bu günə qədər dostlar həyatınızda hansı rolu oynayıb?

- Yaxşı dostlarım olub, indi də var. Dostluğu yüksək qiymətləndirirəm. Qadın dostlarım da var və bəzən düşünürəm ki, onlar müəyyən məsələləri daha yaxı dərk edə bilirlər.

- Ad gününüzü kimlərlə qeyd edirsiniz? Dediniz ki, İsmayıllıdasınız.

- Unudulmaz ad günlərim olub. Elə hədiyyələr görmüşəm ki, bunu həyatda az adam görə bilər. Bu il isə ad günümü sakit, valideyinlərimlə bir yerdə keçirəcəm. Ad günündə yaşlı valideyinlərlə bir yerdə olmaq xüsusilə önəmlidir. Valideyinlərimlə münasibətlərim uşaqlıqdan rəsmi olub. Atama “Siz” deməyim bəzi dostları təəccübləndirib. İndinin özündə də valideyndən irad eşitmək adamı qorxudur. Amma elə yaşdayam ki, valideynlərin iradına tuş gələcək bir hərəkət eləmirəm.


Aytən ƏLİYEVA      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı