Modern.az

Qaçqın və məcburi köçkün qadınlar hamısı cəmiyyətə inteqrasiya olunmayıb

Qaçqın və məcburi köçkün qadınlar hamısı cəmiyyətə inteqrasiya olunmayıb

8 May 2018, 10:55

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz ölkələrində qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Onların böyük bir qismi qadın və uşaqlardır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahibə Qafarova Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin XV iclası çərçivəsində bu gün keçirilən "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar: mövcud vəziyyət və gözləntilər" mövzusunda müzakirələrdə çıxışı zamanı deyib. Millət vəkili xatırladıb ki, Azərbaycan 1992-ci ildən elan olunmamış münaqişəyə cəlb olunub və Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız, o cümlədən, qadın və uşaqlar Ermənistanın silahlı qüvvələri tərəfindən qətlə yetirilib. 1 milyona yaxın vətəndaşımız öz torpaqlarından didərgin edilib, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Azərbaycana qarşı bu işğalçılıq siyasətindən qadınların və uşaqların çəkdiyi zərərlər birbaşa itkilərlə yanaşı, həm də sonrakı mərhələdə ciddi iqtisadi, sosial çətinliklərlə müşayiət olunub.

 

Sahibə Qafarova deyib ki, qadın qaçqın və məcburi köçkünlərin bu gün üzləşdikləri əsas problemlərdən biri onların bərpa və inteqrasiyası ilə bağlıdır. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatında mənfi fəsadlara yol açıb. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradıb. "Başqa bir mühüm məsələ isə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlıdır. Bir çox qadınlar müharibədə itirilmiş qohumlarının, ailə üzvlərinin yükünü bütün həyatları boyu daşıyırlar. Eyni zamanda, minlərlə azərbaycanlı qadın əsir və itkin düşüb. Azərbaycan dövləti 20 ildən artıqdır ki, beynəlxalq ictimaiyyətlə birlikdə həmin şəxslərin azad edilməsi və cəmiyyətə qazandırılması uğrunda çalışır. Bu məsələdə beynəlxalq təşkilatların dəstəyi olduqca vacibdir", - deyə Sahibə Qafarova vurğulayıb.

 

Silahlı münaqişələr zamanı qadınların mühafizəsi və qorunmasının xüsusilə çətin olduğunu deyən millət vəkili Sahibə Qafarova əlavə edib ki, azərbaycanlı qadınların böyük bir qismi cəbhə xəttinin və qoşunların təmas xəttinin yaxınlığında yaşayırlar. Atəşkəs müqaviləsinə baxmayaraq, bu illər ərzində Ermənistan ordusu dəfələrlə azərbaycanlı mülki şəxsləri, o cümlədən də qadınları, uşaqları hədəf alıb, onları müxtəlif silahlardan atəşə tutub. Təssüf ki, bu hədələr hələ də aradan qalxmayıb.

 

"Şübhə yoxdur ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərin həlli, onların sosial qayğılarının aradan qaldırılması üçün çox böyük işlər görüb, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihələr bu kimi məsələlərin həllində mühüm rol oynayıb. Qadınların təhsil imkanları və bacarıqlarının inkişafı, onların sahibkarlıq fəaliyyətinin təşviq olunması, idarəetmədə təmsilçiliyinin artırılması kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Lakin dövlət tərəfindən nə qədər yüksək səviyyəli tədbirlər görülsə də, qaçqın və məcburi köçkünlərimiz üçün yüksək həyat şəraiti təmin edilsə də, ən müasir standartlara uyğun mənzillər tikilib istifadəyə verilsə də, bu onların qaçqın və məcburi köçkün həyatı yaşamaları gerçəkliyini dəyişdirmir. Yəqin ki, bu, onların öz evlərinə qayıtmaq hüququ təmin olunana qədər davam edəcək. Elə qaçqın və məcburi köçkünlərimiz üçün də ən ümdə məsələ öz ev-eşiklərinə, yurd-yuvalarına qayıtmaqdır", - deyə qeyd edən S.Qafarova bildirib ki, bu problemlərin həlli üçün isə münaqişələrin davamlı həlli yollarını tapmaq məcburiyyətindəyik. Bu, isə işğalçılıq siyasətinin aradan qaldırılması, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin icrası, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal boşaldılması və insanların öz evlərində layiqli şəkildə yaşamaq hüququnun bərpa olunmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi