Modern.az

İhsan Özköşəli və onun “Bir ömrün döngələri” memuarı

İhsan Özköşəli və onun “Bir ömrün döngələri” memuarı

Aktual

8 May 2018, 14:31

Abid Tahirli

1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə bolşevik maskası geyinmiş erməni silahlı dəstələri Moskvanın maddi, mənəvi dəstəyi ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş cinayət törətdilər: körpə, yaşlı, qadın, xəstə demədən minlərlə inşanı vəhşicəsinə qətlə yetirdilər.  Bundan sonra Osmanlı imperiyası Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər Paşanın, təşəbbüsü,  səyi ilə  Nuri Paşanın (Killigil) komandanlığı altında yaradılan Qafqaz İslam Ordusu Ərzurumdan, Soğanlıqdan və Allahuəkbər dağlarından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olur, 25 may 1918-ci ildə Gəncəyə  çatır və  Ordu Qərargahı burada yerləşir. Bakının erməni-bolşevik quldurlarından təmizlənməsinə hazırlıq görülür.

        
Qafqaz İslam Ordusunda  könüllü xidmət edən Hüseyn əfəndi Bakının azad edilməsi uğrunda  şücaət göstərir, ölümcül yaralana qədər qəhrəmanlıqla döyüşür. Ağır döyüşlər zamanı  bomba qəlpələrindən   aldığı ağır yara ucbatından  9 ay xəstəxanada müalicə alır. Bölgədə hərbi-siyasi vəziyyətin dəyişməsindən sonra Hüseyn əfəndi Azərbaycanda qalmağa qərar verir və iki əsgər yoldaşı ilə Ağdaş rayonuna gəlir. Bir müddət burada yaşadıqdan sonra Hüseyn əfəndi Sadavat kəndində yerləşir və orada tanınmış bir ailənin qızı  Yaxşı xanımla evlənir.  Bu nikahdan iki övlad dünyaya gəlir. Haqqında danışacağımız ikinci uşaq- İhsan Özköşəli 1932-ci ildə doğulur.

       
Günlər, illər ötdükcə Hüseyn əfəndi Sovet quruluşunun, bolşevik rejiminin amansız üsul-idarəsinin ağırlığını,  zərbələrini öz çiyinlərində  daha çox hiss edir və o, ailəsi ilə birlikdə Azərbaycanı tərk etməyi qərara alır. Bütün bunlar və köçdən sonra İhsan Özköşəlinin həyat hekayəsi onun “Bir ömrün döngələri” adlı memuarında  (İstanbul, 2014,Ege Basım Sanatları Ltd.Şti, genişlənmiş ikinci nəşr,362 səh.)  heyrətamiz dərəcədə şirin, sadə, səlis, səmimi, aydın  və təsirli bir dillə qələmə alınmışdır. Əsər müəllifin “Bu kitabımı rəhmətlik anam ilə atamın əziz ruhlarına ərməğan edirəm” cümləsi ilə başlayır.  Kitabı çətin, əzablarla dolu, eyni zamanda zəngin və şərəfli bir həyat yaşamış, dünyagörmüş bir müdrik insanın  məharətlə qələmə aldığı “Kəlamlar toplusu” da  adlandıra bilərik.

     
Memuardan gətirdiyimiz aşağıdakı cümlələr İhsan Özköşəlinin xarakteri, əqidəsi, həyat eşqi, mənəvi zənginliyi, təfəkkür tərzi haqqında geniş təəssürat yaradır:  “Vətən, millət sevgisi və vəzifə sevgisinin meydana gəlməsinə həyəcanla qovuşan  vəzifəsevərliyin anlamı böyükdür. Vicdanımız və əxlaqımız bu anlayışın ən təsirli nəzarətçisidir”.  “Mən deyirəm ki, hər müdrik insan qədərə inanmalıdır, fəqət, çox qədərçi də olmamalıdır. Çünki hər insan, hər an gözlənilməyən səfa və cəfa ilə üz-üzədir”.  “Çiçəklər nəşə ilə açar, bəzən də diqqətsizlikdən yetim qalar, solar”. “Səbir, mətanət, həssasiyyət və duyarlılıq müdrik insana yaraşan və ona uyğun örnək məziyyətlərdir”. “İztirablar insanları yetkinləşdirən məktəbdir.”  “Problemlərimin öhdəsindən dişimlə, dırnağımla gəldim,  onları hətta ilan kimi sürünərək verdiyim yaşam mücadiləmlə həll etdim”. “Ayaqlarım üstə durma mücadiləmi sürdürürkən , yalnız özümə güvəndim, çarəni özümdə axtardım. Çünki divara da söykənsən,  onun üzərimə yıxılacağı qorxusu, öz güvənim üçün yetərli olduğuna inandım”. “Şərəfli bir şəkildə yaşamağa çalışdığım bu dünyada hər cür imkansızlıqlara və güclərə qarşı, təvəccüh (qəsd), tavassut (vasitəçilik) və tahakkümlər (təzyiq) qarşısında güzəştə getmədən soyuqqanlılığımı qorumağa çalışdım”. “Möhtaclılığımı və çarəsizliyimi yaşadığım günlərdə belə bunu  kimsəyə hiss etdirmədim. Onurumdan və qürurumdan keçmədim”. “Heç bir kimsəyə əl açmadım, heç kimdən beş quruş da istəmədim. Hər cür güclərə sinə gərərək ən çətin anlarda ümidsizliyə əsla düşmədim.”

    
Memuarda məsləkdaşlarının, sirdaşlarının, dostlarının, qələm əhlinin İhsan Özköşəli haqqında yazdıqları əsərə sanbal, kolorit  gətirir, kitab həm maraqla oxunur, həm də müəllifin portretinə bir yaraşıq verir. Yaxın dostu Abbas Gökçe İhsan Özköşəlini “fövqaladə dürüst, nazik və qranit kimi sərt kişiliyə sahib” –deyə xarakterizə edir və  yazır: “Ömür bir yoldur, sıfırdan başlayıb, yenə sıfıra doğru gedən bir yol, döngələrlə dolu... Və bir yolçuluqdur ömür, sadəcə sonunda bir dayanacağı olan bir yolçuluq...Tanrı  tərəfindən qələmə alınan və yenə  sonuna Tanrının nöqtə  qoyduğu bir yazıdır ömür... Bu nöqtəyə “ölüm” deyilir.”  Abbas Gökçe dostunun çox isti, səmimi və usta bir üslubda dilə gətirdiyi həyat yolu və döngələrini izlərkən duyğulanmamağın mümkünsüzlüyünü, kitabı oxuyarkən eyni yol və döngələri  sanki onunla birgə  keçər kimi olduğunu etiraf edir.  Dostlarından dr.Yücəl Ərdəm  İhsan Özköşəlini “qayət ciddi, tərbiyəli və sayğın birisi”,  Hüseyn Alagöz “könlü zəngin, bilik dağarcığı, qəlbi məmləkət sevgisi ilə çarpan, örnək alınacaq bir dəyər”, dr.Aslan Doğar “heçdən özünü və kişiliyini yaradan”, Cəfər Akyol “ yaşayan bir  könül adamı, bir duyğu xəzinəsi” adlandırırlar.

    
Kitabı oxuduqca   vərəqlərin İhsan Özköşəli portreti bütün əzəməti ilə gözlər önündə canlanır.

may, 2018.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!