Modern.az

Bakıda kollecə yeni direktor təyin olunub - DOSYE

Bakıda kollecə yeni direktor təyin olunub - DOSYE

21 May 2018, 16:24

Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub. 1978-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib. Bu məktəbdə müəllim, direktor müavini və direktor işləyib. 1981-ci ildə Bakıya köçüb, 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub.

 

1986-cı ildə professor Afat Qurbanovun rəhbərliyi ilə “Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. APİ-nin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində işləyib. 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyib. Qısa müddətdən sonra yenidən APİ-yə qayıdıb. 1997-ci ildə Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə köçürülüb.

2006-cı ildən bu şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ildə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. F.Şahbazlı 3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib. F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər