Modern.az

İnsan psixologiyasını məhv edən informasiyadan necə uzaqlaşmalı?

İnsan psixologiyasını məhv edən informasiyadan necə uzaqlaşmalı?

23 May 2018, 15:50

Psixoloq-psixoterapevt Xanım Niftəliyeva

 

Hər bir insan gün ərzində  müəyyən qədər informasiya qəbul edir və əldə etdiyi  bəzi informasiyaları kiməsə ötürür. Müsbət informasiya insan psixologiyasına çox yaxşı təsir göstərir, onu ruhlandırır və hətta bəzən ona stimul verir.  

Əslində müsbət  informasiyalar da əndazəni aşmamalıdır, yəni tibbi dillə desək “dozası” çox olanda o da hansısa fəsadlar verə bilər.

Cəmiyyətdə yayılan məlumatları biz daha çox media vasitəsi ilə əldə edirik. Medianın missiyası faktı ötürməkdir, amma informasiyanın insan psixologiyasına olan nəticələri artıq medanın işi olmadığı üçün onlardan buna görə məsuliyyət tələb etmək doğru deyil. Mən sadəcə olaraq bir psixoloq kimi öz fikirlərimi bölüşmək istərdim.  İlk olaraq mövzusundan asılı olmayaraq insanların psixoloji təhlükəsizliyi  qorunmalıdır.

 

Mənfi informasiyanın insan psixologiyasına nə kimi zərərləri olur?

 

İnformasiyanın insan psixologiyasına mənfi təsirləri ilə bağlı dünyada və elə bizim ölkəmizdə onlarca fakt tapmaq olar. Bu günlərdə  bir qrup psixoloqla millət vəkillərinin görüşü oldu. Əsas müzakirələrimiz mətbuatda yanlış məlumatların yer alması və onun insanlara, kütləyə necə təsirindən ibarət idi. Mən konkret olaraq millət vəkili Hadı Rəcəbli ilə olan müzakirələrimiz üzərinə fokuslaşmaq istərdim.   

Bir müddət Hadı Rəcəblinin yerli mediaya verdiyi müsahibələrinin birində "müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" fikri müzakirə olunmuşdu. Deputat dəfələrlə belə bir fikir demədiyini söyləsə də, hətta təkzib versə də media mövzunu aktual saxladı. 

Mövzu müəllimləri hiddətləndirdi, etiraz edənlər də oldu. Hətta elə müəllimlər oldu ki, bunu həqiqət kimi qəbul etdilər və s. Bu xəbər kimlərdəsə ruh düşkünlüyü də yaratdı, çünki müəllim  və ya başqa birisi millət vəkilindən öz xeyrinə olan nəsə eşitmək istəyir, ziyanlı bir şeyi yox. Əslində qarşı tərəfin fikri aydın oldu, millət vəkili belə bir söz demədiyini bəyan etdi, amma məsələ gündəmdən düşmədi. O zaman bu mövzunun gündəmdə qalması kimə və nəyə xeyir verirdi? Bir də  bu məsələyə fərqli yanaşma oldu? Olmadı axı, necə deyərlər çevir tatı-vur tatı oldu. Əslində hər bir kəsin hər şeydən öncə daxili məsuliyyəti olmalıdır. Kimisə qıcıqlandırmamalı, insanların hissiyatı ilə oynanılmamalıdır. 

 

Mənfi informasiya nevroz olan xəstələrə daha çox pis təsir edir. Hətta oxuduqları, eşitdikləri, gördükləri xəbərdən panik atak olanlar da az deyil. “Bu xəbəri eşidəndə ürəyim pis döyündü, özümü ələ alam bilmədim” deyən pasientlərim də olur.  

Psixoloji təhlükəsizlik haqqında qanun bütün cəmiyyətlərdə mühüm rola malikdir. İnternet vasitəsilə həyata keçirilən informasiya-psixoloji təsir vətəndaşların mənəvi durumunu dəyişir və mədəniyyətlər müharibəsi kimi xarakterizə edilir. Dünya ölkələrində, məsələn, Fransada informasiya-psixoloji təhlükəsizliyinin təmin edilməsinə dair qanun qəbul olunub. Qanuna görə, əgər fransız xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına, milli-mənəvi dəyərlərinə təsir edən hər hansı bir zərərli informasiya yayılırsa, ötürülürsə, dərhal onun qarşısı alınır və bunu edənlər 3 ildən 5 ilədək cinayət məsuliyyətinə cəlb olunurlar.

 

İnformasiyanın uşaqların psixologiyasına mənfi təsirlərinin də qarşısı alınmalıdır. Düşünürəm ki, uşaqların zərərli informasiya yerləşdirilən veb saytlara çıxışı olmamalıdır. Uşaqlar üçün təhlükəsiz internet problemi dünya ölkələrində ciddi yanaşılan məsələlərdən biri hesab edilir. İnformasiya-psixoloji təhlükəsizliyin təminatında dövlət və  vətəndaş cəmiyyəti  birgə fəal olmalıdır. 

 

Mənfi xəbərlərdən, mənfi insanlardan bacardıqca daha çox uzaq olmalı, öz vaxtınıza özünüz bələdçilik etməli, münasibətləri özünüz müəyyən etməli və pozitiv informasiyalara  və insanlara daha çox üz tutmalısınız.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub