Modern.az

Azərbaycanda 200 manatlıq buraxılır - FOTO

Azərbaycanda 200 manatlıq buraxılır - FOTO

23 May 2018, 18:23

Azərbaycan Mərkəzi Bankının binasında 200 manatlıq yeni əskinasın qapalı təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanları və yeni 200 manatlıq pul nişanı təqdim edilib.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, milli valyuta dövlət müstəqilliyinin əsas atributlarından biridir. Bu baxımdan 1992-ci ildə Azərbaycan manatının dövriyyəyə buraxılması mühüm hadisə idi. Lakin, dövriyyəyə buraxıldığı ilk illərdə manat ölkədə yeganə ödəniş vasitəsi deyildi.


"Məhz ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli müvafiq Fərmanı ilə manatın respublika ərazisində yeganə ödəniş vasitəsi olması təsbit edildi və ölkə rubl zonasından tamamilə çıxdı. Manatın yeganə ödəniş vasitəsi olması 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə bir daha öz təsdiqini tapdı".

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən manatın denominasiyası həyata keçirilib və tədavülə yeni nəsil pul nişanları buraxılıb. “Vahid ailə” konsepsiyası əsasında hazırlanmış yeni nəsil kağız və metal pul nişanları Azərbaycanın bütün sahələrdə müstəqilliyini, ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, müstəqillik illərində dinamik inkişafını özündə əks etdirirdi.

12 il müddət keçməsinə baxmayaraq milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.

Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilmişdir. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçildi. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olundu.


E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.


Sonra E.Rüstəmov  Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. Vurğulayıb ki, Heydər Əliyevin və Azərbaycanın Xalq Cümhuriyyətinin yubileyləri arasında rəmzi əlaqə var. Azərbaycanın son 100 illik inkişafının uzun bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrdən başlayaraq onun iqtisadi müstəqilliyinin güclü təməlləri yaradılıb.

E.Rüstəmov qeyd etdi ki, 2003-ci ildən başlayaraq həyata keçirilən “təqibedici” artım doktrinası sayəsində milli iqtisadiyyatın həcmi 3.3 dəfə artıb. Sürətli artım sayəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli yüksəlib, yoxsulluq cəmi bir dekadada 9 dəfə azalıb. Strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 mlrd. dollara çatıb. Təsadüfi deyil ki, Qlobal rəqabətlik hesabatına görə Azərbaycan MDB-nin ən rəqabətli ölkəsidir.


"Bu gün də Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunmuşdur. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilmişdir. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunmuşdur".

E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. Bildirib ki,  Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması haqqında müvafiq sərəncamlar imzalamışdır. Bunlar dövlət səviyyəsində tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.

Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.

Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilmişdir. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunmuşdur. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunmuşdur.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilmişdir.

E.Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kollek¬siya¬larında xüsusi yer tutacağına əminliyini ifadə etdi.

Çıxışının sonunda bir daha qeyd etdi ki, Heydər Əliyev dövlətçilik məktəbi bundan sonra da müstəqil Azərbaycanın onilliklər boyu tərəqqi etməsində ideoloji nüvə olaraq qalacaq. Bu irsin layiqli davamçısı ölkə prezidenti İlham Əliyev öz modernist baxışı ilə Azərbaycanı bundan sonra da parlaq gələcəyə doğru uğurla aparacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər