Modern.az

Fəzail Ağamalı: “Nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı”(MÜSAHİBƏ)

Fəzail Ağamalı: “Nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı”(MÜSAHİBƏ)

26 Avqust 2011, 15:35

İndiyədək mənə qoca deyən olmayıb

Bu gün Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının 64 yaşı tamam olub. Millət vəkili Modern.az-a bildirib ki, onun ailəsində ad günlərini restoranlarda təntənəli şəkildə qeyd etməyə üstünlük vermirlər.

- Ailəmizdə nəvələrimdən mənə qədər hansımızın ad günü olursa, evə yığışırıq, bir süfrənin arxasında qeyd edirik. Hər kəs özünün qəbul etdiyi formada o ad gününə gəlir. Kim istəyir çiçək gətirir, kim istəyir hədiyyə gətirir, kimisi sadəcə olaraq bir xoş təbəssüm, öpüşlə təbrik edir və bununla da bir süfrə arxasında oturub söhbət edir, deyir-gülürük. Beləliklə, ailədə kimin ad günü olarsa, onu bu şəkildə qeyd edirik. Mən də bu baxımdan istisna deyiləm. Ola bilsin ki, uşaq vaxtı ad günlərinin keçirilməsi adama böyük sevinc gətirir. Lakin həyatı dərk etdikdən sonra ad günlərinin xüsusi qeyd olunmasını mən bir az başqa cür izah edirəm və başqa cür yanaşıram. Bunu təntənədən uzaq hesab edirəm.

- Fəzail müəllim, ömrün 64 ilindən geri boylananda nələri xatırlayırsınız, nələri hiss edirsiniz, nələr yadınıza düşür? Bir kövrəldici, burnunuzun ucunu göyədəcək məqamlar varmı?

- Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda əlbəttə enişli- yoxuşlu, xoş anlarla bərabər, çətinliklər, təəssüf doğuran anlar olub. Ümumiyyətlə, mənim xarakterimdə, xasiyyətimdə belə cəhət var ki, hər gün yuxudan duranda dünən yaşadığım günü xatırlayıram, həmin gün nələr etdiyimi bir-bir yaddaşımdan keçirirəm, bu məndən asılı deyil və orada səhvlərimi, nöqsanlarımı özüm üçün müəyyənləşdirirəm. Çalışıram ki, bir daha ona yol verməyim. Hardakı xoş məqamlar var, deyərdim ki, onları heç xatırlamıram. 64 il ərzində mən ağlım kəsəndən bu cür həyat yaşamışam. Çalışmışam ki, mənim yaşam tərzim, işim başqalarına əzab verməsin, başqalarının əziyyətləri üzərində köklənməsin, imkan daxilində insanlara kömək edim, əl tutum, xeyirxahlıq edim. Bunları həyatımın başlıca meyarı hesab etmişəm. Bu cür həyat tərzi məni hər zaman həyatda yaşamağa ruhlandırıb və 64-dən arxaya baxanda gənc yaşlarımdan peşmançılıq keçirə biləcəyim ciddi anlar yoxdur.

- Dostlarınızdan, orta məktəb, institut, əsgərlik yoldaşlarınızdan daha çox kimlərlə bir yerdəsiniz?
Yaxşı  günlərinizi kimlərlə birlikdə qeyd edirsiniz?

- Tələbə yoldaşlarım var. Ayda bir dəfə və ya iki dəfə bizim ənənə xarakteri alan görüşlərmiz olur. Oturub söhbət edirik, çay içirik, Allah verəndən bir qismət kəsirik, keçmişləri xatırlayırıq, atmacalarla həyatımızın o anlarını zənginləşdiririk. Vaxtilə biz yubileylərdə bir neçə dəfə o ənənəni yaşadıq. Yəni tələbə yoldaşımızın hansının yubleyi, xüsusilə 60 yaşı olanda hədiyyələrlə yığışdıq, təbrik etdik. Lakin içərimizdə bizim koordinator rolunu oynayan Bakı Dövlət Universitetinin Qədim və  orta əsrlər kafedrasının dosenti, qədim dünya tarixi üzrə çox tanınmış alimimiz Heydər Mirzəyev dünyasını dəyişəndən sonra bu ənənə qırıldı və artıq o ənənə davam etmir.

- Fəzail müəllim, sizin millət vəkili olmağınız, siyasətə qoşulmağınız həyatınızın daha mənalı keçməsinə, vaxtınızı özünüzə sərf etməyinizə mane olmur ki?

- Deyərdim ki, millət vəkili olmaq həyatda məni daha çox məsuliyyətli, diqqətli olmağa, xalqımıza və millətimizə daha böyük potensialla xidmət etməyə, gənc dövlətimizin qurulması prosesində bütün gücümü və imkanlarımı qoymağa geniş imkanlar yaratdı. Biri var ki, bir müəllim, həkim və ya başqa bir peşənin sahibi kimi xalqa, dövlətinə xidmət edəsən, əlbəttə bunların hər biri şərəflidir, biri də var millət vəkili kimi. Artıq geniş səlahiyyətlər çərçivəsində, geniş müstəvidə dövlətə və xalqa xidmət edirsən. Bu əlbəttə çox şərəfli vəzifədir və çox şərəfli bir işdir.

- Ötənlərlə bağlı təəssüf etdiyiniz anlar olubmu?

- Bəli, gəncliyimdə, cavanlığımda, həyatın müəyyən anlarında elə məsələlər olur ki, mən onu buraxdığım, ona diqqət vermədiyim üçün və ya orada istədiyimi etməkdə tərəddüd etdiyimə və beləliklə ona nail olmadığım üçün bəzən narahatçılığa, peşmançılığa bənzər hisslər keçirirəm. Əlbəttə belə şeylər var. Lakin bunlar ötəri məsələlərdir. Ciddi xarakter daşıyan məsələlərdə bir şəxsiyyət, bir insan kimi, bu gün artıq 64 yaşımın zirvəsində mənə utanqaclıq gətirə biləcək bir əməlimin sahibi olmamışam. Bu mənə kifayət qədər təsəlli verən andır.
Hətta mən nazir vəzifəsindən Sürət Hüseynovun dövlətimizə qarşı hərəkətlərinə etiraz eləyən və bunu açıq şəkildə KİV-ə bildirən bir şəxs kimi, ondan sonra bir neçə aylıq çox gərgin, təhlükəli və qorxulu anlar yaşamağıma, istefa verməyimə belə, peşman deyiləm. Çox zaman bəziləri deyirlər ki, sən o zaman gərək xəstəxanaya gedərdin, manevr edərdin, Sürət Hüseynovla üz-üzə gəlməzdin.
Bəli, nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı və baxmayaraq ki, ona qarşı rəhmətlik, ulu öndərimiz kifayət qədər sərt mövqeyini ortalığa qoydu. Lakin hadisələrin gedişi o zaman elə idi ki, şəxsən mənim özüm istefaya getməyimlə bağlı Prezidentə müraciətimə ulu öndərimiz anlaşıqlı yanaşdı və məni istefaya göndərdi. Beləliklə, o zaman qurulmuş olan bir ssenarini mən bu istefamla pozmuş oldum. Bununla mən deyərdim ki, qətiyyən peşmançılıq keçirmirəm və bəzilərinin düşündüyü kimi müxtəlif manevr etməklə və ya Sürət Hüseynova qarşı getməklə, yaxud hətta mənə o zaman milli təhlükəsizlik naziri Nəriman İmranovun dediyi kimi, Sürət Hüseynovdan üzr istəməklə vəzifədə qalmaq kimi təklifləri rədd etdim və vəzifədən getdim. Əlbəttə sonra ailəm, özüm də xeyli əziyyət çəkdik. Hətta evimizdə çörək almağa belə bir neçə il pulumuz olmadı. Ancaq mən bütün bunları çox təmkinlə qarşıladım, iradə ilə bütün bunların qarşısında dayandım və sonralar 1996-cı ildə seçkilərə qatıldım və parlamentə seçildim. Beləliklə, bu çətin məqamımdan da peşmançılıq hissi keçirmirəm və düşünürəm ki, yeri gələndə hər bir azərbaycanlı şəxsi maraqlarını, ambisiyalarını ümumdövlət maraqlarına, ümumxalq maraqlarına qurban verməyi bacarmalıdır.

- Yeri gəlməşkən Sürət Hüseynovla belə münasibət haradan qaynaqlandı?

- Sürət Hüseynov bildiyiniz kimi Gəncə qiyamından sonra artıq müəyyən qüvvə ilə Bakının ətrafına gəlmişdi. Özü də hərbi, siyası, iqtisadı, bütün sahələrdə böhran hökm sürürdü və yaranmış situasiyadan istifadə edən Sürət Hüseynov əlbəttə hakimiyyətə gəlmək istəyirdi. Onun hakimiyyətə gəlməsində Rusiyanın böyük maraqları var idi və etiraf olunamldır ki, Sürət Hüseynov Rusiyanın xüsusi xidmət orqanlarının təhriki ilə və onun hazırladığı plan ilə hərəkətə keçmişdi.
Belə vəziyyətdə Heydər Əliyevin hakimiyyətə gəlməsi Moskvanın planlarını alt-üst etdi. O zaman Heydər Əliyev çox müdriklik göstərərək Sürət Hüseynovu neytrallaşdırmağa üz tutdu, onu baş nazir vəzifəsinə gətirdi. Sürət Hüseynov baş nazir postundan sonra yenə də ona verilən tapşırıqları yetirnə yetirmək və Heydər Əliyevin siyasətinə qarşı çıxmaq cəsarətini özündə nümayiş etdirdi.
1994-cü il ikinci yarısından-mart, aprel ayından başlayaraq neft müqaviləsinin bağlanması, Azərbaycanın xarici neft şirkətlərinin rəhbərliyi ilə danışıqlar aparmasının intensiv bir vaxtı idi. Sürət Hüseynov da qəzetlər vasitəsilə, o zaman Yun zavodunun qəzeti, eyni zamanda Sosial-Demokrat Partiasının qəzeti var idi və o qəzet də tam Sürət Hüseynovun nəzarəti altında idi - başqa yöndə iş aparırdı. Bu və başqa qəzetlərin vasitəsilə Heydər Əliyevin siyasətinə qarşı, eyni zamanda Rusiya qəzetləri vasitəsilə çox ciddi müqavimət göstərirdi, onun əleyhinə gedirdi.
Belə bir vaxtda mənim “Millət” qəzetində “Baş nazir istefaya getməlidir” başlığı ilə böyük müsahibəm çıxdı. Orada Sürət Hüseynovun aparmış olduğu xəttin mahiyyəti üzərində dayandım, onun antimilli mahiyyətini ortalığa qoydum və eyni zamanda Heydər Əliyevin siyasətinin vacibliyini və bunun ümummilli maraqlara tam cavab verdiyini müsahibəmdə ifadə etdim. Demək olar ki, Sürət Hüseynov mənim müşahibəmdə tamamilə, birmənalı şəkildə ifşa olunurdu. Sürət Hüseynovun fəaliyyətinin anatomiyası tənqid yox, ifşa olunurdu.
O zaman onun köməkçisi vardı, Şamil adlı, o məni Nazirlər Kabinetinə çağırdı və həmin müsahibənin altında qırmızı xətlərlə işarələr qoyulmuş hissəni mənə göstərdi. Qəzetin həmin səhifəsi demək olar ki, başdan-başa qırmızılanmışdı. Dedi “bunlar sənin fikrindir?”. Dedim “bəli”. Dedi “bilirsən, sən artıq hansı hərəkət etmisən və bu sənə qarşı hansı təsir edə bilər?”. Dedim “bunların hamısını mən nəzərdə tutmuşam”.
Əlbəttə Sürət Hüseynovun o vaxtı sözünün dalının, qabağının kəsən vaxtı idi. O ikinci bir qüvvə idi, ətrafında kifayət qədər hərbi dəstələr var idi. Reytinqi müəyyən qüvvələr içərisində, cəmiyyətdə görünürdü. Bütün bunların hamısı mənim tərəfimdən nəzərə alınmışdı və düşünürdüm ki, həyatdı da, necə gəlmişəm, elə də gedə bilərəm. Mən o addımı atdım.
Beləliklə, bu yazıdan sonra Surətin kimliyi haqqında cəmiyyətdə çox mənfi rəy yarandı. Çünki Sürət Hüseynov özü var idi, ancaq o təriflənilirdi, qəhraman kimi təqdim olunurdu. Qarabağ uğrunda döyüşlərdə az-çox xidmətləri var idi. Bu da etiraf olunmalıdır. Sürət Hüseynov mənə güzəştə getmədi və özünün imkanları daxilində mənə təzyiqlər etdi və nəticə etibarı ilə mən istefaya getməli oldum.
Bu proses Azərbaycan dövlətinin gələcəyi ilə bağlı toqquşduğu bir zaman idi. O əlbəttə birbaşa Rusiyanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetrirdi. Heydər Əliyev isə həmin dövrdə təkbaşına Azərbaycan dövlətini qurmaq uğurnda mübarizəyə rəhbərlik edirdi, daha doğrusu millət, xalqla bərabər o prosesin önündə gedirdi. Bu hadisələrdən sonra 1994-cu ilin sentyabr hadisələri başladı. Sürət Hüseynovun yenidən qiyam etmək və hakimiyyəti ələ almaq cəhdləri oldu. Heydər Əliyevin iradəsi, xalqla birliyi Sürət Hüseynovun bütün bu planlarını alt-üst etdi və beləliklə, Sürət Hüseynov oktyabr ayında artıq hakimiyyətlə vidalaşamalı oldu. Həbs olundu, sonra ölkədən qaçdı və s.

- Söhbətin istiqaməti başqa səmt aldı. 64 yaşda sevmək mümkündürmü?

- Deyirlər hər yaşda sevmək mümkündür. Mən hələlik bu anları yaşamıram. Mən fikirləşirəm ki, ciddi sevgi nəvələr, övladlar üzərində köklənməlidir və daha çox bu yaşda bu sevgi fərdi çərçivədən çıxaraq geniş miqyas alıb. Burada artıq bizim düşündüyümüz, gənclik zamanında yaşadığım hisslər demək olar ki, olmur. Ayrı-yarı fərdlərdə bəlkə bu ola bilər, mən onu deyə bilmərəm. Amma bu gün mənim düşüncələrimdə və içimdə, qəlbimdə bu sevgi fərddən çıxıb, daha geniş xarakter alan, bu xarakterə uyğun olaraq çox önəmli missiyanın keçirilməsi zamanını yaşayır.

- Dəmir Gədəbəylinin bir şeiri var: “Qızlar belə deyildi, biz tələbə olanda”. Siz buna necə baxırsız?

- Hər yaşın öz zövqü var, keçmişdə mən deyərdim ki, çox zaman adamın gözləri kor olur. Birinə vurulursan və camaatı görmək istəmirsən. Halbuki, sonradan fikirləşirsən, təsəvvürünə gəlir ki, həmin qızdan da daha gözəl qızlar vardı, niyə mən onlara yox, məhz ona vurulmuşam. Bax belə geriyə baxanda özün üçün analiz edib qeyri-müəyyən bir vəziyyətə düşürsən və o sualın cavabını tapa bilmirsən. Niyə məhz həmin adam?
Bu da əlbəttə mənim üçün izahı çətin olan məsələdir. Ancaq baxırsan, görürsən doğurdan da həyat, insan getdikcə gözəlləşir. Bu yaşın spesifakısı ilə bağlıdır, əvvəlkinə nisbətən bu gün insanlar daha gözəldir.

- Aşıq Şəmşirin də belə bir şeiri var: “Gül, ay bala, mən qocaya bir də gül”.
Olubmu belə məqamlar?

- Vallah, mənə qoca deyən hələlik olmayıb. Amma “dayı”, “əmi”  deyən olub və mən buna çox normal yanaşıram. Hətta mənə “qoca” deyə müraciət etsələr də, buna nə qeyri-adi anlayışla yanaşa bilərəm, nə də narahatlıqla və əsəbi yanaşaram. Yox, belə şey yoxdur. İnsanın ən böyük üstünlüyü ondadır ki, hər yaşda özünün yaşını dərk etsin və ona uyğun addımları atmağı bacarsın. Qarşı tərəfdən də o yaşa uyğun adekvat cavabı düzgün qəbul eləsin. Bu, mənə elə gəlir ki, hər bir insanın üstünlüyüdür.

- Siyasətlə məşğul olmaq, millət vəkil olmaq deyəsən insanın əlindən romantikasını alır. Səhv etmirik ki?

- Yox inanmıram. Ola bilsin ki, o siyasət, bu cür peşə insanlarını bir az qapalı edir və hisslərini üzə verməməyi təlqin edir, o hissləri içərisində keçirir, o hissləri içində yaşadır. Şairlər, yazıçılar, sənət adamları bunu biruzə verirlər, dilə gətirməkdən çəkinmirlər, hətta buna doğru addımlar da atırlar. Lakin siyasətin yazılmayan vacib prinsipi var. O da insanı son dərəcədə ciddi qiyafəyə salmasıdır. Ciddi qiyafədə onu formalaşdırmasıdır. Bu siyasətin yazılmayan, lakin son dərəcə vacib olan prinsiplərindən biridir. Bu da əlbəttə ki, siyasətçiyə bu baxımdan öz təsirini göstərir.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı