Modern.az

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

26 May 2018, 15:52

Adətən məktəb illəri həmişə xoş xatirələrlə yada düşür. İlk dərs, ilk müəllim, ilk və son zəng, ilk sevgi, gələcək üçün qurulan xəyallar, həyatın ilk sınaqları və imtahanları, bütün bunlar yaddaşın pozulmayan yerinə əbədi həkk olunur. Zaman bizləri o illərdən uzaqlaşdırdıqca, məktəb xatirələri insana daha da doğmalaşır...

 

Hamı kimi məktəb illəri, məktəb xatirələri mənim üçün də əzizdir. Amma hamı kimi mən o illəri ürəkdolusu, sevinclə xatırlaya bilmirəm. Təhsil aldığım Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb o qədər acılı-ağrılı bir yol keçib ki, bu təhsil ocağının tarixinini həyəcansız anmaq olmur. Yarandığı 1945-ci ildən erməni millətçiləri bu təhsil ocağının normal fəaliyyətini pozmaq üçün bütün vasitələrə əl atıblar.

 

Mənəvi, fiziki təzyiqlər, ögey münasibət, müxtəlif “tutarlı” bəhanələrlə məktəb binasının tez-tez yerini dəyişməsi Xankəndi şəhərində yeganə olan bu azərbaycandilli məktəbin fəaliyyətinə kifayət qədər ciddi zərbələr vurub. Ancaq bütün bunlara baxmayaraq məktəbin müəllim kollektivi  əsl mübarizlik nümayiş etdirərək azərbaycanlı uşaqların normal təhsil almalarına nail olublar, Azərbaycan cəmiyyəti üçün dəyərli vətəndaşlar yetişdiriblər.

 

Təəssüflər olsun ki, 1988-ci ilin sentyabr ayında erməni millətçilərinin Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin fəaliyyətinə son qoymaq cəhdi baş tutub. 700-dən çox şagirdin təhsil aldığı, 60-dan artıq müəllimin çalışdığı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Xankəndində yaşayan köməksiz azərbaycanlıların ciddi cəhdlərinə baxmayaraq məktəbin fəaliyyətini bərpa etmək mümkün olmayıb. Beləliklə, Qarabağ münaqişəsi, ermənilərin təcavüz siyasəti Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbinin, onun müəllimlərinin və məzunlarınının taleyinə beləcə ağrılı-acılı səhifələr yazıb.

 

25 illik fasilədən sonra xankəndililərin istəyi, doğma məktəblərinin fəaliyyətinin yenidən bərpa olması arzusu həyata keçib. Azərbaycan təhsilinin inkişafına töhfələr vermiş, özünəməxsus bir tarix yaşamış bu təhsil ocağının xidmətləri prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə məktəbin fəaliyyəti yenidən bərpa olunub. Sərəncama əsasən Bakının Sabunçu rayonunun Ramanı qəsəbəsində müasir standartlara uyğun məktəb inşa edilərək istifadəyə verilib.

 

Hazırda Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbi xankəndililərin ən doğma məkanlarından birinə çevrilib. Tez-tez bu məktəbə yığışan xankəndililər doğma yurdun ətrini bu təhsil ocağından alırlar. Belə görüşlərdən biri də mayın 25-də keçirilib. Məzunlarla görüş adlı bu tədbirin təşəbbüskarı və təşkilatçıları Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi və məlum səbəblərdən bu məktəbdə sona qədər təhsilini başa vura bilməyən Bahar Orucova olub.

 

Məktəbin direktoru Nazim Xudiyev vaxtilə bu təhsil ocağında çalışan müəllimləri, məzunları qarşıladıqdan sonra qonaqları məktəbə dəvət edib. İki saatdan artıq çay süfrəsi arxasında davam edən tədbirdə millət vəkili Flora Qasımova, məktəbin Xankəndində fəaliyyət göstərdiyi dövrdə direktoru olan Sabir Əliyev, uzun illər bu məktəbdə çalışan, Dağlıq Qarabağ Muxtar Vilayətinin təhsil idarəsində müdir müvini vəzifəsində çalışmış Şura Xudiyeva, bu yazının müəllifinin sinif rəhbəri və ən sevimli müəllimi olan Telli Mirzəyeva, məzunlar Bahar Orucova, Xatirə Vəliyeva və digər qonaqlar xatirələrini bölüşüblər, ən kövrək hisslərlə məktəb illərini xatırlayıblar, Qarabağ müharibəsi zamanı şəhid olan məzunları, dünyasını dəyişmiş müəllimləri ehtiramla yad ediblər.

 

Tədbirdən sonra təşkilatçılar Xatirə Vəliyeva və Bahar Orucova belə görüşlərin ənənə halına çevriləcəyini söyləyiblər və vurğulayıblar ki, yaxın gələcəkdə qüdrətli Azərbaycan ordusunun böyük zəfərindən sonra məzunlarla görüş Xankəndi şəhərində, doğma məktəbdə keçiriləcək.

 

Adətən məzunlarla görüş tədbirlərində hamının gözü bir-birini axtarır. Amma bu görüşdə çoxlarının yeri boş qalmışdı:

Şahmuradov Natiq Əmirxan oğlu yox idi – Şuşanın müdafiəsi zamanı şəhid olub;

Quliyev Elçin Balaxan oğlu yox idi – Xocalı soyqırımı zamanı itkin düşüb;

Quliyev Azər Kamil oğlu yox idi – erməni terrorunun qurbanı olub;

Bəli, dostlarımdan biri vardı, biri yox və bu siyahını qisas və təəssüf  hissi ilə çox uzatmaq olar.

Biz onları unutmadıq və unutmayacağıq...

 

İlham Cəmiloğlu  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?