Modern.az

Cəbrayıl gülməcələri (XVII)

Cəbrayıl gülməcələri (XVII)

28 Avqust 2011, 10:22

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. 

Sırtıq əjdaha

Babaş oğlu Davud incə yumorlu bir adam idi. (Heyf ki, çox cavan rəhmətə getdi!). Davudun öz başına gələn, ya da onun başqalarının başına gətirdiyi oyunları saymaqla bitməz. Davuddan sizlərə, şairlər demiş, iki yarpaq:


Davudun altıncı, ya yeddinci sinifdə oxuyan vaxtı imiş. O vaxt Cəbrayıl məktəblərində “Əmək” dərsinə də başqa fənlər kimi çox ciddi fikir verilirdi. Dərsin mövzusu oğlanlara və qızlara uyğunlaşdırılmırdı, yəni deyək ki, bu gün tikişi öyrənmək lazım idisə, fərq eləməzdi, oğlanlar da oturub səbrlə barmaqlarını iynə deşə-deşə tikiş öyrənməli idilər. İndinin özündə də görsəniz ki, bir cəbrayıllı kişi pencəyinin, ya köynəyinin qopmuş düyməsini özü tikir, təəccüblənməyin, bu, həmin o dərslərin nəticəsidi.


Davudun hər işdə yaxşı əl qabiliyyəti olsa da, tikişi heç bəyənməzdi...


Bir qış günü imiş. Əmək müəlliminin verdiyi tapşırığa görə, uşaqlar kətan parça üzərində hər hansı bir heyvan rəsmı işləməli imişlər. Davud sapları bir-birinə qatıb tezbazar alabəzək əyri-üyrü bir zolaq tikib müəllimə göstərir. “İlandi, müəllim” deyib tapşırığı yerinə yetirdiyini desə də, müəllim onun işini qəbul eləmir, “get, bir ayı təsviri işlə!” deyib qaytarır...


Çöldə hava qaralır. Dərs bitir. Uşaqlar tapşırığı yerinə yetirib yavaş-yavaş evə gedirlər. Davud isə dəsmal üzərində işlədiyi ayının əl-ayağını bir yerə yığa bilmir. Ayı gedikcə daha əcaib forma alıb əjdahaja oxşayırdı.


-Yaxşı, Əliyev, gecdi, hava qaralıb, - müəllim sinifdə tək qalmış Davuda deyir, - dur get evə, amma gələn dərsə mütləq işi tamamla gəl.


Davud sağollaşıb iynə-sapını pencəyinin cibinə dürtüb sinifdən çıxır, amma fikri elə tapşırığın yanında qalır.     


Birdən Davud qəribə bir şıqqıltı eşidir. Dayanıb arxaya baxır, amma qaranlıq olduğundan heç nə seçə bilmir. Yoluna davam eləyir. Yenə şıqqıltı gəlir. Dayanır - səs kəsilir, gedir – səs gəlir. “Lənət sənə kor şeytan!” – uşaq hansısa həşaratın onu izlədiyini düşünüb üşənir, var gücü ilə evə tərəf qaçır. Məktəbdən evə gedən yolda ara-sıra işıq dirəkləri varmış. Davud mümkün qədər o dirəklərə yaxın qaçırmış ki, arxasınca gələnin nə olduğunu görsün. Amma, bu, vəziyyəti lap gərginləşdirir. Davud öləzi yanıb yolu zorla işıqlandıran ikinci dirəyin yanından keçəndə qəflətən əcaib yumru bir şey onun üstünə tullanır. Davud sürətini artırır, amma arxasınca gələn əcaib məxluq da sürəti artırır. Məxluq Davudun gah sağına, gah da soluna keçir. “Əjdaha”nın ölçüləri nədənsə hərdən böyüyür, hərdən də kiçilirmiş.


Təngənəfəs olmuş uşaq ondan əl çəkməyən bu məxluqdan canını qurtarmaq üçün yolu dəyışir – evə getmək əvəzinə rayonun mərkəzinə, Xanlar oğlu Aydının çayxanasına tərəf qaçır. (Bir haşıyə çıxıb deyim ki, Xanlar oğlu Aydına “İlan Aydın” da deyirlər, çünki Aydın cavanlıqda əla voleybolçu olub. Topu vuranda ilan kimi qıvrılar, qurşağı voleybol torunun ortasına çatardı. Elə ilan kimi qıvrılmağına görə də o belə ləqəb almışdi).


Aydının çayxanası həmişə həm adamla dolu olurdu, həm də işıqlı yer idi. Davud artıq arxaya baxmadan çayxanaya tərəf qaçır. Hərdənbir çantası ilə arxasında havada qövs çəkir ki, lənətə gəlmiş məxluq onu dişləyə bilməsin... Davudun çəkdiyi qorxunun detallarına varmayıb deyək ki, o, axır ki, gəlib çayxanaya çatır, adamları görüb sürətini yavaşıdır. Ən işıqlı yerə keçib arxaya çevrilir... və görür ki, əmək dərsi üçün gətirdiyi sap doladığı iri yumaq dalınca dığırlanır. Demə sinifdən çıxanda yumaq cibindən yerə düşübmüş, amma sapın bir ucu iynəyə dolaşıb cibinə ilişibmiş!


Davudun dediyinə görə, o tez çölə çıxıb, zəhrini yarmış o zəhrimar yumağı tikə-tikə olanacan təpikləyib.     

***

Yalçın və “canavar”


Buna oxşar bir hadisə də Horovlu Bayram oğlu Yalçının başına gəlib.


Küləkli bir payız günü Bayram kişinin sarı inəyi nobatdan gəlməyibmiş. Ora inək, bura inək, inəyi görən olmur. Bayram kişi davarı otlağa aparmış çobanı xeyli sorğu-sual eləyəndən, inəkləri haralarda otardığını öyrənəndən sonra on üç yaşlı oğlu Yalçını çağırır, “A bala, get gör inək harda qalıb. Ala bu çomağı da götür, birdən qabağına it-pişik çıxar” deyib onu inəyi axtarmağa göndərir.


Yalçın kənddən iki-üç kilometr aralanıb təpəni aşır. Artıq kəndin işıqları görünmür. Uşaq qaranlıqda üzüküləyə bir xeyli də gedəndən sonra çaqqalların vaqqıltısını eşıdıb dayanır. Qaranlıq, külək, çaqqalların səsi... uşağı lap vahimələndirir. “Allah bilir sarı inəyi parçalayıb yeyiblər, indi də ulaşırlar!” – deyə düşünürmüş ki, it boyda bir qaraltının tullana-tullana sürətlə ona tərəf gəldiyini görür. “Canavardı!!! Yəqin ona sarı inəkdən ət çatmayıb, indi gəlir məni yeməyə!” – düşünən Yalçın kəndə tərəf götürülür. O, arabir arxaya baxır, qaraltının getdikcə yaxınlaşdığını görür. Qaçıb canını canavardan qutarmağın mümkün olmayacağını görən uşaq çomaqla müdafiə olunmaq qərarına gəlir. Elə təzəcə dayanıb çomağı hazır vəziyyətə gətirmək istəyirmiş ki, birdən ayağı sürüşüb guppultu ilə iri bir xəndəyə düşür. Yalçın xəndəyin bir küncünə qısılıb çomağı dik saxlayır ki, canavar gələndə başına vura bilsin... Amma canavar gəlib çıxmır. Uşaq qaraltının hara getdiyini öyrənmək üçün başını xəndəkdən azacıq qaldırır. Görür ki, canavar onu görməyib yanından ötüb keçib və kəndə tərəf qaçır.


-A Yalçın! A Yalçın!


Fonarla ora-bura işıq salıb onu səsləyən atasınin səsini eşidən Yalçın tez xəndəkdən çıxıb üst-başını çırpır. – Hə, burdayam, gəlirəm, - deyə sevincək cavab verir.


-A bala, inək tapıldı, bəri gəl!


Yalçın qaça-qaça kəndə tərəf gəlir və yolda onu qovan “canavar”ın qoz ağacına “qısılıb” yatdığını görür.  Atasından fonarı alıb işığı “canavar”ın üstünə salır... və məlum olur ki, nə canavar! Bu, yağtikan koluna ilişmiş qara sellofan torba imiş! Külək vurduqca torba şişir, yağtikan kolunu kəndə tərəf dığırlayırmış...

***

KQB xofu


Əfəndilər Sədi oğlu Fehruz hündürboylu, yaraşıqlı adam idi. O, İkinci Dünya müharibəsindən qayıdandan sonra Cəbrayılda, raykomda təlimatçı işləyirmiş. Alı təhsil almaq üçün sənədlrini Gəncə (o vaxtkı Kirovabad) Pedaqoji İnstitutuna verir və tarix fakültəsinə qəbul olunur.


Dövlət imtahanı vaxtı imiş. Maarif Nazirliyi imtahan komissiyasının sədri kimi Bakıdan, Azərbaycan Pedaqoji İnstitutunun müəllimi Sərdar Quliyevi Gəncəyə göndərir. Sərdar müəllim gəlib Gəncədəki mehmanxananın “luks” otağına yerləşir. Otağa girəndə görür ki, orda başqa bir adamın da paltarları var.


Bir azdan otağa qara kostyumlu, qalstuklu Fehruz muəllim girib Sərdar müəllimlə dilucu salamlaşır, amma kefi olmadığından kim olduğunu - adını, vəzifəsini demir. Sərdar müəllim bundan xoflanır. Yadına Bakıda, Maarif Nazirliyindəki bir dostunun xəbərdarlığı düşür: “Sərdar, ehtiyatlı ol, sənin dalınca Dövlət Təhlükəsizlik Komitəsi”ndən adam salacaqlar. Əyər-əksikliyə yol vermə ha!” Sərdar müəllim bu adamın elə həmin KQB işçisi olduğunu düşünüb çox ehtiyatla davranmaq qərarına gəlir.


Səhəri gün imtahan başlayır. Sərdar Quliyev imtahan götürən müəllimi yana çəkib xəbərdarlıq eləyir:


-İsmayıl müəllim, imtahan tam ciddiyyətlə keçməlidi. Bizi KQB-dən izləyirlər.


İmtahan çox çətin keçir. Tələbələrin əksəriyyəti kəsilir. Kəsilənlər İnstitutun dəhlizinə toplaşıb sualların niyə bu qədər qəliz olduğunu, İsmayıl müəllimin özünü niyə bu qədər sərt apardığını, o Sərdar müəllim deyilən adamın kimliyi haqda pışıldaşırlar...


Ən sonda Fehruz müəllim imtahan otağına girir.  Sərdar müəllim tez ayağa durur, onun işarəsi ilə İsmayıl müəllim və otaqda imtana hazırlaşan üç tələbə də ayağa qalxırlar.


Fehruz müəllim salam verib imtahan biletlərindən birini çəkir. Biletin suallarını oxuyub yerinə qoyur və başqa bilet götürür.


“Aha, biletləri yoxlayır”- deyə Sərdar müəllim düşünür. Fehruz müəllim xoşuna gələn bileti tapıb müəllimə müraciət eləyir:


- İsmayıl müəllim, mən bu bileti götürürəm, olar?


- Buyurun, buyurun, istəyirsiniz hamısına baxın, - Sərdar müəllim İsmayıl müəllimi qabaqlayıb tez biletlərin hamısını çevirib Fehruz müəllimə göstərir.


Fehruz müəllim bileti götürüb keçib əyləşir və imtahana hazırlaşır.


İsmayıl müəllim nə baş verdiyini anlamayıb Sərdar müəllimə göz-qaş eləyir. Sərdar müəllim də xəlvətcə barmağını dodağına qoyub ona “Sus” işarəsi verir.


Otaqda qalan üç tələbə cavab verdikdn sonra Fehruz müəllim imtahan götürən İsmayıl müəllimə yaxınlaşır:


-Mən hazır, İsmayıl müəllim.


İsmayıl müəllim çaşqınlıqla Sərdar müəllimə baxır. Sərdar müəllim Fehruz müəllimin arxasından xəlvətcə əlini açıb İsmayıl müəllimə göstərir, ona “5 yaz!” işarəsi verir.


İsmayıl müəllim Fehruz müəllimin zaçot kitabçasına “Əla” yazıb yola salır.


Fehruz müəllim otaqdan çıxan kimi İsmayıl müəllim təəccüblə Sardar Quliyevdən soruşur:


- Sərdar müəllim, nə olub? Hamısını kəsib-doğradıq, buna isə soruşmayıb “əla” yazdıq.


-Dinmə, dinmə, - Sərdar müəllim yavaş səslə deyir, - bu həmin dediyim KQB-şnikdi.


-Nə KQB-şnik, a kişi! – İsmayıl müəllim əlini bir-birinə şappıldadıb uğunub gedir, - bu, Fehruz Abdullayevdi, bizim tələbədi.


-Nə?!! Tələbədi?!! – Sərdar müəllim dərindən nəfəs alıb stula əyləşir... və İsmayıl müəllimə qoşulub gülə-gülə deyir:


-Rəhmətliyin nəvəsi, dünəndən bəri ürək-göbəyimi yemişəm ki, KQB-dəndi!


İsmayıl müəllim tez otaqdan çıxıb kəsilən uşaqları geri qaytarır, hərəsinə bir “üç” yazıb imtahanı yekunlaşdırır.


Bu hadısədən sonra Cəbrayılda hansı məclisə nabələd adam gəlirdisə, əlbəəl deyərdilər: “Uşaqlar, özünüzü yığışdırın, Fehruz Abdullayev gəlir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır