Modern.az

Dərs ilinin müddəti dəyişdirilə bilər - Son zəng 25 mayda, Bilik günü 1 sentyabrda...

Dərs ilinin müddəti dəyişdirilə bilər - Son zəng 25 mayda, Bilik günü 1 sentyabrda...

Təhsil

29 May 2018, 12:20

Artıq bir neçə ildir ki, Azərbaycan məktəblərində tədris 15 sentyabrdan başlayır, 14  iyunda yekunlaşır.

Hələ də valideynlərin böyük əksəriyyəti tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmir. Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris kitabları yığışdırılır və ya  tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi istənilmir. Son günlər də məsələ ilə əlaqəli sosial şəbəkələrdə mütəmadi olaraq valideynlərin narazılığı müşahidə edilir, polemikalara rast gəlinir.

Maraqlıdır, problem necə həll edilməlidir?

“Məsələnin təkrar gündəmə gəlməsi onun ciddiliyindən xəbər verir”

Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına bildirib ki, keyfiyyətli təhsil üçün təkcə onun müddəti o qədər də yetərli arqument sayıla bilməz:


“Yəqin çoxları xatırlayar, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı, geniş müzakirə və polemikalara yol açdı. Bu qərarla əlaqədar sonralar da sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı məsələnin təkrar gündəmə gəlməsi, artıq bunun heç də sıradan bir məsələ olmamasından və ciddiliyindən xəbər verir.  Əslində bu ideya daha əvvəl, dəqiq desək, 1999-2000-ci tədris ilində havaların bir balaca qızmasından irəli gələn “narahatçılıqdan” doğmuşdu.

Bununla belə istər ötən illər ərzində, istərsə də bu günün özündə belə Təhsil Nazirliyi, “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004–cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanaraq, öz mövqeyində hələ ki, israrlıdır”.

“Dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi”

Ekspert qeyd edib ki,  məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır:

 “Xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alıb.

Bununla belə düşünürəm ki, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentlər, məsələnin səmərəli həlli baxımından heç də kifayət qədər yetərli hesab edilə bilməz. Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil”.

“May ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır”

N.İsrafilovun sözlərinə görə, müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz:

“Məsələn, bizim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və s. Bir də ki, buna qalsa DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa çatmasına məhəl qoymadan buraxılış və monitorinq imtahanları keçirir.  Yox, əgər beynəlxalq təcrübəni əsas götürürüksə, bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə “Bilik günü” sentyabr ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir və s.

Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə, hesab edirəm ki, iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki tempraturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də, belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan hormonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var”.

“Müvafiq qərar qəbul edilə bilər”

Müsahibimiz bildirib ki, xüsusilə son günlər Milli Məclis tərəfindən “Təhsil haqqında” Qanuna dəyışikliklər edilməsi barədə xeyli məsələlərə baxılıb:


“Müzakirə olunan məsələlərin əksəriyyəti təklif və müraciətlər əsasında gündəmə çıxarılıb. Məsələn, “Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi” və yaxud “Respublika fənn olimpiadalarına marağı artırmaq üçün bu müsabiqələrdə yer tutan şagirdlərin imtahansız ali məktəblərə qəbul olunması” barədə təhsil nazirinin təklifi... Bu mənada hesab edirəm ki, dərslərin əvvəlki kimi 1 sentyabr - 25 may arasında keçirilməsinə dair  çoxsaylı və davamlı təkliflərə də yenidən baxılıb müvafiq qərar qəbul edilə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi