Modern.az

“İrəli radio”nun rəhbəri: “Kumirim Mirşahindir” – MÜSAHİBƏ

“İrəli radio”nun rəhbəri: “Kumirim Mirşahindir” – MÜSAHİBƏ

30 May 2018, 14:45

Elvin Səhətbəyli: “Heç bir qazancımız yoxdur”

 

 

“İrəli” İctimai Birliyi gənclərin inkişafında müstəsna rol oynayır. Birliyin nəzdində failiyyət göstərən “İrəli radio” da buna bir nümunədir. Modern.az-ın müsahibi "İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "İrəli radio"nun rəhbəri Elvin Səhətbəylidir.

 

- Elvin bəy "İrəli radio" hansı zərurətdən yarandı?

 

 

- Radionun fəaliyyəti 2015-ci ildə 2 fevral Gənclər Günü münasibəti ilə başlayıb. Biz hər zaman düşünürdük ki, gənclər günü ilə bağlı nə edək ki, faydalı olsun. Mən də təşkilatın sədri Mirhəsən Seyidova internet radiosu ilə bağlı təkliflərimi verdim. Əslində ”İrəli radio"nun bundan əvvəl də fəaliyyəti olmuşdu, sadəcə müəyyən səbəbdən dayanmışdı. Təklifim sədr tərəfindən müsbət qarşılandı və fikirləşdik ki, bu gənclər üçün faydalı olar. Radionun möhtəşəm açılışı oldu. Açılış mərasiminə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri gəlmişdi. Radiomuzun ilk qonağı da gənclər və idman nazirinin müavini Fərhad Hacıyev olmuşdu.

 

- “İrəli radio"nun hədəfləri nədir?

 

- Bizim radio kommersiya tipli deyil. Burada bizim heç bir qazancımız yoxdur, əksinə bizim xərclərimiz var. Radionun açılmasında əsas məqsəd gənclərə nəyisə öyrətməkdir. Radio 2015-ci ildən indiyəqədər 6 dəfə təcrübə proqramı elan edib. Hər təcrübə proqramının müddəti 3 ay olub. Gənclər gəlirlər, qeydiyyatdan keçirlər, müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçənlər təcrübəyə başlayırlar. Təcrübə müddətində onlar öz öyrəndiklərini mikrofonda tətbiq edirlər. Eyni zamanda təcrübə keçən gənclərə təlim keçirilir. Təlim keçən şəxslər tanınmış jurnalistlər, televiziya, radio aparıcılarıdır. 3 ay təcrübə keçən gənclər şəhadətnamə ilə təltif olunurlar. Təbii ki, şəhadətnamə ilə ilə təltif olunandan sonra öz istəyi ilə davam edənlər və yaxud da yarımçıq saxlayanlar, başqa media qurumunda çalışanlarda var. Mən özüm də təcrübə proqramını bitirənlərin başqa media qurumunda çalışmasına müsbət baxıram. Hər hansı bir media qurumu məndən işçi tələb edəndə  rahatlıqla tövsiyə edirəm.  Biz hədəfimizə artıq çatmışıq. Hədəfimiz, məqədimiz gəncləri öyrətməkdir, bunu da edirik.

 

 

- Azərbaycanda radio daha çox avtomobillərdə dinlənir. Bu baxımdan internet radiosunun imkanları daha məhduddur, auditoriyası daha azdır. Bəs sizin radionuzda vəziyyət necədir?

 

- Bizim əfsanəvi dinləyicimiz yoxdur. Desəm ki, 5000-10000 izləyimiz var, yalançı olaram. Əlbəttə ki, dalğası olan radioların dinləyicisi daha çoxdur, nəinki onlayn radionun. 

2010-2011-ci illərə nəzər salsaq görərik ki, 10-dan çox internet radio var idi. Zamanla o radioların çoxu fəaliyyətini dayandırdı. İndi 2-3 onlayn radio varsa onların biri də “İrəli radio"dur. Həmin radiolar izləyicilərinin az olması səbəbilə bazardan çıxdılar, amma “İrəli” radio hələ də davam edir. Bizim dinləyicimiz gələn qonaqlara görə dəyişir. Gələn qonaq çox tanınmış olduqda dinləyicilərimizin sayı 500-600 olur. Amma etiraf edim ki, xəbərlərin dinləyicisi demək olar yoxdur. Məncə bu normaldır, çünki mən özüm belə girib onlayn radioda xəbər dinləmərəm. Televiziyada, radiolarda, saytlarda kifayət qədər xəbər verilişləri var. Amma məni dinləyicilər maraqlandırmır, bizim dinləyicimiz sıfır olsa belə aparıcımız xəbərləri təqdim etməklə nəsə öyrənir. Bizim aparıcılarımızın özləri də milyonlarla adama xəbər təqdim etməyə hazır deyillər. Bundan sonrakı mərhələlərdə onların tanınmış biri, çoxlu dinləyicisi olmasını istəyirəm. Bizim aparıcımız var idi, o xəbərləri elə təqdim edirdi ki, sanki milyonlarla izləyicisi var. O, bundan zövq alırdı. Həmin adam indi Azərbaycan televiziyasında çalışır.

 

- Sizin aparıclar müxtəlif ixtisaslara sahiblənib. Bu onların radio aparıcılığına hansısa mane törədirmi?

 

- Bizə təcrübəyə müraciət edənlərdən elələri olur ki, əvvəllər radioda, televiziyada faəliyyət göstəriblər. Onlar elə bilir ki, bunu deməklə biz onları qəbul edəcəyik. Amma bu əksinədir, bizə bilən yox, bilməyən lazımdır. Biz bilməyənləri öyrədirik. Adı üstündədir təcrübə proqramı. Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin tələbələri ilə söhbət zamanı bəlli olur ki, onlar universitetdə çox şey öyrənə bilmirlər. Onlar bura gəlib təcrübə yığmaq istəyirlər. Elə gənclər var ki, onların arzuları radio aparıcısı olmaqdır, biz onlara  həm arzularını reallaşdırmaq, həm də təcrübə keçmək üçün şərait yaradırıq. İnsanın sevdiyi işlə məşğul olması daha çox uğur qazanmasına səbəb olur.

 

- Bildirdiniz ki, siz buradan gəlir əldə edə bilmirsiniz. Gəlir əldə etmək üçün hansısa addımlar atırsınızmı?

 

- Xeyr. Gəlir əldə etmək üçün heç bir addım atmırıq. Çünki, bura təşkilatdı və burada kənardan sponsor, kommersiya məqsədli hansısa bir iş ola bilməz. Sponsor cəlb etmək istəsək belə sponsor bizdən dinləyici sayı istəyəcək. Bizim dinləyici sayımız sponsorun bizə verdiyi maliyyə dəstəyi ilə düz gələ bilməz. Biz buranı çox az maliyyə ilə ərsəyə gətirmişik. Buradakı mikrofonun qiyməti 40 manatdı, mikşer əvvəlki radio fəaliyyətindən qalıb, masanı isə atam mebel sahəsində çalışdığı üçün mənə hədiyyə edib. Radionun konkret büdcəsi yoxdur, təşkilatın büdcəsindən yararlanırıq. Özümüz sosial şəbəkələrdə gündəlik reklama 1 dollar qoyuruq. Burada heç bir kommersiya sirri yoxdur, açıq şəkildə deyə bilərəm. 

Mən özüm ”İrəli” İctimai Birliyində “İrəli media"nın rəhbəri olaraq tək iradio ilə məşğul deyiləm. Eyni zamanda təşkilatın SMM-i, təşkilatın bütün layihələrinin foto-video hesabatının hazırlanmasına mən baxıram. Buna görə də hər ayın sonunda müyyən qonorar alıram. Radio mənim sevdiyim bir işdir, sırf radioya görə mənim aylıq maaşım yoxdur.

 

- Radionun qonaqlarından danışdınız. Ən məşhur qonağınız kim olub?

 

- Bir çox məşhurlar bizim qonağımız olub. Tanınmış jurnalist Orxan Fikrətoğlu, Aytən Səfərova bizim gənclərə təlim keçib. Tanınmış idmançımız Eduard Məmmədov, məşhur fotoqraf Orxan Aslanov, Pərviz Kobra adı ilə tanınan idmançı bizim qonağımız olub, Ayxan Mamayev, Bəhram Bağırzadə və başqaları radiomuzun qonağı olub. Bir çox bloqqer, məşhur vaynerlər, bir çox təşkilat sədrləri bizim qonağımız olub. Biz radiomuza məşhur olmayan qonaqlar da çağırırıq. Bu mənim ideyamdı. Bir çox qonaqlar var ki, onların ilk efiri “İradio” olub. İlk dəfə radioda qonaq olan gənclərin gözləri parıldayır. Onlar bura efirə çıxandan sonra daha çox uğur qazanıblar.

Əslində bizim televiziyalarımın bu cəhətdən çox pisdir. Ölkədə kifayət qədər uğurlu gənclər var, onların heç birini qonaq çağırmırlar, istedadının üzə çıxması üçün addım atmırlar. Amma həmin gənc gedib Türkiyədə, Rusiyada müsabiqələrdə qalib olandan sonra bütün televiziyalar, radiolar qonaq çağırır. Olmazmı onları əvvəlcədən çağırsınlar? Bizim məqsədimiz istedadı olan, amma tanınmış olmayanları üzə çıxarmaq, tanıtmaqdır. Türkiyədə yayımlanan “Yetənək sizsiniz” yarışmasında iştirak edən Həzrət yarışdan əvvəl bizim qonağımız olub. Amma televiziyalarımız Həzrət yarışdan sonra dəvət etməyə başladılar.

 

- Ümumilikdə radionun kollektivi necə nəfərdən ibarətdir?

 

- Mən özüm də daxil radiomuzun kollektiv 9 nəfərdən ibarətdir.

 

- Televiziyalardan danışdınız. Bir gənc olaraq televiziyalarda nələrdən narazısınınız?

 

- Narazı qalmadığımız məqamlardan danışsaq buna vaxtımız çatmaz. Çünki televiziyalarımız da nöqsanlar kifayət qədərdir, saymaqla bitməz. Amma bəyəndiyim televiziya yeni fəaliyyətə başlayan Real TV-dir. Mən bir jurnalist olaraq Real TV-ni, xüsusilə Mirşahinin təqdimatında “Mirşahinin hesabatı” verilişini çox bəyənirəm. Ümumiyyətdə kumirim Mirşahindir.  Mən çox istərəm ki, Mirşahin bizim radionun qonağı olsun. Onun zamanı olmasa belə mən öz təcrübəçilərimlə birlikdə gedib Mirşahinin seminarında iştirak etmək istəyirəm.

Əsasən sosial şəbələrdə Azərbaycan Televiziyası (AzTV) tənqid olunur, gülüş mənbəyinə çevirilir. Mənə görə telekanallar içərisində ən reytinqli AzTV-dir. Adətən televiziyalar intellektual verilişlər verilmədiyinə görə, daha çox şouya yer ayrıldığına görə tənqid olunur. Amma AzTV fərqlidir. Bütün intellektual verilişlər, gənclərin inkişafı üçün maraqlı layihələr AzTV-də gedir.

 

- “İrəli” İctimai Birliyi gənclərə nə qazandırır?

 

- İlk olaraq “İrəli” yaxşı dostlar qazandırır. Gənclərin özünü inkişaf etdirməsi üçün bir layihə “İrəli” tərəfindən həyata keçirilir. Gənclər bizim təşkilata gələndən sonra uğurlara imza atır. Həyata keçirdiyimiz təlimlər 5 ulduzlu otellərdə, komfortlu şəkildə olmur, düşərgələrdə olur. Belə şəraitdə daha çox uğur qazanmaq olur, nəinki komfortlu şəkildə. Gənclər “İrəli”də yaxşı ətraf qazanır, təcrübə qazanır. Biz layihərimizin əksəriyyətini regionlarda keçirərək həmin regionun gənclərini də cəlb edirik.

 

 

- Fəaliyyətdə olan hər qurumda, təşkilatda müəyyən nöqsanlar olur. Sizin nöqsanlar nədir?

 

- Bəli təbii ki, nöqsanlar var. İlk olaraq bəzi təcrübəçilərin məsuliyyətsizliyi müəyyən problem yaradır. Təcrübəyə gələnlərdən bəziləri, xüsusilədə qızlar heç bir məlumat vermədən yarımçıq qoyub gedirlər. Bunlara görə vaxtımı boşa sərf eləmiş hesab edirəm. Hazırda 8 nəfər təcrübəçimiz var, amma onların arasında ən yaxşısı da var, pisi də. Nöqsan odur ki, bəzən seçimlərimdə yanılıram.

 

- Bəs dinyəyiciləriniz sizə hansısa irad bildirirmi?

 

- Olub. Bir “Multikultural” verilişimiz var, orada müzakirələr ingilis və rus dilində gedir, Azərbaycan dilinə tərcümə olunmur. Rus, ingilis dilində bilməyən izləyicilərimiz bunu bizə irad tutur. Təbii ki, o da özünə görə haqlıdır, amma bizim Azərbaycan dilində kifayət qədər verilişimiz var.

 

- Gənclər özünü inkişaf etdirmək üçün nələr etməlidir?

 

- Azərbaycanda qeydiyyatdan keçən 300-dən çox təşkilat var. Amma onların 7-8- i normal fəaliyyət göstərir. Biz çalışmalıyıq ki, bunun sayını artıraq. Məsələn bu gün mən “İrəli radio"da təcrübə proqramı ilə bağlı  elan verirəm. 200-250 nəfər müraciət edir, mən onlardan 8-ni seçə bilirəm. Amma qeydiyyatdan keçən 300 təşkilatın əksəriyyəti normal fəaliyyət göstərsə daha çox gənc yararlanar, özünü inkişaf etdirər. Gənclər çalışmalıdır ki, vaxtlarını boş keçirməsinlər. Mən özüm universitetdə oxuduğum 4 il ərzində heç vaxt boş durmamışam. Bir çox layihədə könüllü olmuşam, maraqlı layihələrdə iştirak etmişəm, tələbə olduğum müddətdə işləmişəm. Gənclər passiv olmamalıdır. Ölkəmizdə gənclərin inkişafı üçün kifayət qədər şərait yaradılıb. Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahiblyi edir. Həmin yarışlarda könüllü olan gənclər növbəti il maaşlı olaraq fəaliyyət göstərirlər.

 

- Radionuza ali təhsili olmayan, amma bu sahəyə marağı olan gənclər də müraciət edirmi?

 

 

- İnkişaf etmək istəyən gənc üçün ali təhsil şərt deyil. Əsas odur ki, işini sevsin. Heç bir ali təhsilin olmasa da olar, əsas odur ki, məsuliyyətli olasan, işini sevəsən. Ali təhsil olmaq bir pillə öndə göstərir gənci, amma bu təşkilat üçün vacib amil deyil. Bizdə təcrübə keçən, amma ali təhsili olmayan çox gənc olub, onlar məsuliyyətli, işlərini sevdikləri üçün ali təhsillilərdən daha yaxşı nəticə əldə ediblər.

 

- Gələcəkdə radionuz tezlikdə yayımlana bilərmi?

 

- Adminstrativ dəstək olarsa əlbəttə yayımlana bilər. Mən Elvin olaraq tezliyi olan bir radionun rəhbəri olmağa tam hazıram. Əminəm ki, bu işin öhtəsindən uğurla gələ bilərəm.

 

- Sonda əlavə edəcəyiniz nəsə varmı?

 

- 13 fevral Beynəlxalq Radio Günü münasibəti ilə biz “Park Bulvar”da  genişmiqyaslı konsert etmişdik.  Bu tədbirimiz YUNESKO tərəfindən tədbirlər siyahısına alınmışdı. 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər