Modern.az

“Xalq artisti” adı alan bəstəkar: “Mahnılarıma münsif gözü ilə baxa bilən insanların sayı azdır” - MÜSAHİBƏ

“Xalq artisti” adı alan bəstəkar: “Mahnılarıma münsif gözü ilə baxa bilən insanların sayı azdır” - MÜSAHİBƏ

Mədəni̇yyət

31 May 2018, 10:42

Tanınmış bəstəkar Aygün Səmədzadə bir neçə gün öncə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Xalq artisti” fəxri adı alıb.
İyunun 9-da, saat 20:00-da Yaşıl Teatrda Aygün Səmədzadənin “Azərbaycan” adlı yaradıcılıq gecəsi keçiriləcək. Konsert Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.


Modern.az
saytı Aygün Səmədzadə ilə söhbətləşib. Bəstəkarla müsahibəni təqdim edirik:

- Aygün xanım, öncə Xalq artisti adı almağınız münasibətilə sizi təbrik edirik. Sizcə, Xalq artisti adı vaxtında verilmiş ad idi?

- Təşəkkür edirəm təbrikinizə görə. Məsləhət olunan vaxta sual olmaz. Bir də ki, bu xəbəri eşidən kimi yüzlərlə insan məni çox sevinərək təbrik edibsə,ünvanıma saysız xoş sözlər deyilibsə, demək ki, hər şeyin öz vaxtı var. Və o vaxt Azərbaycan tarixinin ən şərəfli günlərindən birinə təsadüf edirsə, nə xoş. Belə bir fəxri adla dəyərləndirildiyimə görə, prezidentimiz cənab İlham Əliyevə,birinci vitse-prezident  Mehriban Əliyevaya çox minnətdaram.Onlara Azərbaycanın tərəqqisi yolunda atdıqları bütün addımlarda uğurlar arzulayıram. Nailiyyətlərin çoxluğu milli mədəniyyətlərin də inkişafına zəmindir və hər bir millətin inkişafındakı yüksəlişlər mədəniyyət uğurlarında da özünü göstərir. Mən həm bu münasibətlə,həmçinin daim həyata keçirdiyim yaradıcılıq layihələrində gördüyüm münasibətə, diqqətə görə, mədəniyyət naziri cənab Əbülfəz Qarayevə sonsuz təşəkkürümü bildirirəm.


- Bəzi şəxslər deyirlər ki, fəxri adlar ləğv olunmalıdır, bu sovet dövründən qalıb. Siz necə düşünürsünüz?


- Heç vaxt belə düşünməmişəm. Əsl sənət adamları istedadlı olduqları qədər də həssas olur, kövrək olur. Onlar diqqət istəyir, layiqli tərif istəyir.Yaratdıqları ilə ötürdükləri enerjini alqış, sevgi və fərqlənmə dərəcəsində görmək istəyir. Bunun nəyi pisdir ki?


- Tezliklə Sizin növbəti yaradıcılıq gecəniz baş tutacaq. Bununla bağlı tamaşaçılara nələr vəd edirsiniz?

- Yaradıcılıq gecələri hansısa vədə əməl üzərində deyil, sənət nümayiş etdirmək həvəsi və bunları edə biləcək imkanlar üzərində qurulur. Məni sevən  mənim əsərlərimi dinləməyə gəlir. Əsas odur ki, öz tamaşaçını aldatmayasan. Səmimi olasan.O hər dəfə səni eşitmək , görmək istəsin.

- Aygün xanım, mahnı 3 nəfərin- şair, bəstəkar, müğənninin birgə məhsuludur. Sizcə musiqinin populyarlıq qazanmasında kimin daha çox payı var?

- Mahnı iki nəfərin birgə məhsuludur. Bəstəkar və şair. Mügənni müəllif deyil. Mügənnidən əlavə, daha dəqiq desək, mahnı yaranandan sonra onu üzə çıxaracaq  yaradıcı heyət var. Bu orkestr, ansambl və ya aranjimançı ola bilər. Bunlar yüksək səviyyədə olarsa, müğənni gözəl oxuyacaq. Əlbəttə, söhbət yaxşı mahnı və yaxşı müğənnidən gedir. Bu gün mahnıların populyarlığı səslənmə sayından asılıdır. Amma populyar gözəl demək deyil.

- Əksər sənətkarlar bacarıqlarının izahını verə bilmirlər. Bu baxımdan musiqi duyumu, bəstəkarlıq ən izaholunmaz peşədir. Nə qədər çətin olsa da, musiqi yazmaq, bəstələmək bacarığını  necə izah edərdiniz?

- Sənət əsərinin yaranma prosesi izahlı anladıla bilsəydi, yazan-yaradan çox olardı. Buna bacarıq yox,vergi deyərlər.

- Siz bir neçə tamaşaya musiqi yazmısınız. Hazırda teatrla əməkdaşlığınız varmı?

- Hazırda Hüseyn Cavidin  Istanbul Şəhər teatrlarında səhnəyə qoyulacaq “İblis” əsərinə musiqi yazıram. Bundan əvvəl bir neçə tamaşa və filmə musiqi bəstələmişəm.

- Bu sualı bəstəkara vermək bəlkə də  yaxşı deyil. Məşhur olan, amma ciddi musiqi kriteriyalarına görə zəif qiymətləndirdiyiniz əsəriniz varmı?

- Hər hansısa əsər zəif olduğu qədər məşhurdursa,yaxşı qala-qala pis sevilə bilirsə, demək dinləyici kütləsinin zövq problemi var. Mənim mahnılarımı müqayisə edəcək, ona münsif gözü ilə baxacaq insanların sayı azdır. Mahnılar mənəvi övladlarım - ailəmdir. Ona görə də "mahnı ailəm" haqda, mənim düşüncəmə görə, hansının daha mükəmməl və ya zəif olması haqda yazmağa ehtiyac duymuram. Bir də ki, zəif mahnım yoxdur. Eşitsəniz, ya mənim deyil, ya da zəif oxunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu