Bakının Qaradağ rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Şıxlar qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Əkbərli Lalə Təvəkkül qızı və 1993-cü il təvəllüdlü Əlizadə Çinarə Rasim qızı birgə yolu keçərkən onları "Niva" markalı avtomobil vurub. Yaralılar yaxınlıqdakı poliklinikaya aparılıb. Ç.Əlizadənin vəziyyəti ağır olduğundan o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
Yaralıların hər ikisi universitet tələbələridir.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından Modern.az saytına verilən məlumata görə, yaralı Əlizadə Çinarə Rasim qızının vəziyyəti hazırda stabildir:
“Xəstə dünən əməliyyat edilib. Diaqnoz subtral hematoma idi. Hematomanın boşaldılması əməliyyatı icra edilib. Əlizadə Çinarə bu gün reanimasiyadan çıxıb, neyrocərrahiyyə şöbəsində yatır. Yaralının həkimi Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İsgəndərov olub”.
Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıblar. Məlumata görə, qəza 4 saylı Vərəm Əleyhinə Dispanserə məxsus xidməti avtomobilin sürücüsü tərəfindən törədilib.
Hadisə barədə ilk xəbəri “Report” yayıb.