Modern.az

Paşinyanı “Soros Fondu”u ilə nə birləşdirir? - FAKTLAR

Paşinyanı “Soros Fondu”u ilə nə birləşdirir? - FAKTLAR

31 May 2018, 15:01

Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti Ermənistanda baş verən “məxməri inqilab”la bağlı məqalə yazıb. Məqalə “məxməri niqilab”ın pərdəarxası məqamlarına və “Soros Fondu”nun hadisələrə birbaşa müdaxiləsindən bəhs edir.

 

Modern.az həmin məqalədən bəzi məqamları təqdim edir. Yazıda bildirilir:


“Ermənistanda da Gürcüstan və Ukraynadan sonra rəngli inqilab baş verdi. Bəs bunları birləşdirən əsas ortaq cəhət nədir?

 

Təbii ki burada oxşar ssenariləri gözdən keçirmək lazım gələcək. Paşinyan hakimiyyətə gələn kimi ilk xarici səfərini (Azərbaycanın işğal alıtndakı ərazilərinə qanunsuz səfərini nəzərə almasaq) mayın 14-də Rusiyaya edərək, tarixi Rusiya-Ermənistan əlaqələrinə sadiq qalacağını bildirdi. Burada maraqlı məsələ eyni ssenarini digər rəngli inqilab ölkələrində olduğu kimi, Ermənistanın da təkrarlamasıdır. Belə ki, eyni ilə qansız inqilabından sonra Gürcüstan prezidenti Mixail Saakaşvilli də ilk səfərini Moskvaya edib.

 

Saakaşvili Moskvada auditoriya və Rusiya prezidenti Vladimir Putinin qarşısında yenə də analoji tarixi Gürcüstan-Rusiya əlaqələrini saxlayacağına əmin etmişdi. Nəticə təbii ki, Rusiyanın intiqamı ilə müşayiət olundu. Gürcüstan böyük itkilər versə də, ərazisindən Rusiyaya aid hərbi bazanı çıxarmağa nail oldu.

 

Bu dəfə rus və Rusiya yönümlü erməniləri təbil çalmağa məcbur edən də ssenarilərin təkrarlanmasıdır.

Rusiya iqtidarı Paşinyanın hakimiyyətə gəlişini soyuqqanlılıqla qarşılasa da, onun indiki komandasına heç də müsbət yanaşmır. Belə ki, bu dəfə də diqqət mərkəzinə xarici investorlardan sayılan və əsas kapitalını demokratik rəngli inqilablara qoyan “Soros Fondu” gəlir.

 

Bunun üçün Ermənistanın yeni baş naziri Nikol Paşinyanın yeni komandasına diqqət etmək kifayət edər.

Əmək və sosial məsələlər naziri, “ELK” blokunun deputatı Mane Tandilyan. O Ermənistanın Amerikan Universitetinin menecment bölməsinin məzunudur. 2009-cu ildən ABŞ-ın “Sinopsis Armenia” şirkətində maliyyə direktoru vəzifəsində çalışıb.

 

Təhsil və elm naziri Araik Harutyunyan. Onun xidməti qeydlərində - "Helsinki Dərnəyi" qrant təşkilatında və 2014-cü ildən “Transparency International”da işlədiyi göstərilib. Qeyd üçün demək lazımdır ki, bu sonuncu təşkilat Rusiya Federasiyasında “xarici agent” olaraq tanınır.

Təhlükəsizlik Şurasını yeni rəhbəri Armen Qriqoryan da eyni “Transparency International”da seçki proqramının kordinatoru vəzifəsini icra edib. Məlumdur ki, bu təşkilat “Soros Fondu” tərəfindən maliyyələşdirilir və Ermənistanda, həmçinin digər ölkələrdə olduğu kimi, Rusiyanın maraqlarına qarşı fəaliyyət göstərir.

 

Dövlət Nəzarəti Xidmətinin yeni rəhbəri David Sanasaryan da əvvəl Qərbyönümlü “İrs” partiyasını üzvü olub. Eyni ilə o da Ermənistanda Rusiya əleyhdarı kimi ad çıxarıb. Belə ki, o, dəfələrlə Rusiya səfirliyi qarşısında mitinqlərdə iştirak edib və Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılmasını tələb edib.

 

Ermənistan müdafiə naziri David Tonoyan əvvəl fövqəladə hallar naziri olub. O NATO ilə ciddi əlaqələrə malikdir. Belə ki, NATO Əməliyyatlarının Müttəfiq Komandanlığında müxtəlif vəzifələrdə çalışıb, 2004-2007-ci illərdə isə NATO-da Ermənistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi olub. Bir neçə rus və erməni saytları onu 2005-ci ildə NATO-da çalışdığı zaman ABŞ kəşfiyyatı tərəfindən işə cəlb olunduğunu iddia edib. Hətta daha da irəli gedərək, kurator kimi ABŞ hərbi attaşesinin vəzifəlisi mayor Erik Larsenin adı çəkilib. Həmin saytların iddiasına görə, onun ABŞ-la işbirliyindən sonra karyerasında kəskin yüksəliş baş verib. Həmçinin iddialara görə, Tonoyan Ermənistanda da Gürcüstan və Ukraynada uğurla fəaliyyət göstərən ABŞ-a aid bioloji silah istehsal edən laboratoriyalar şəbəkəsinin layihə koordinatorudur.

 

Diaspor nazirinin müavini Babken Ter-Qriqoryan isə Parisdə doğulub və gəncliyini ABŞ-da keçirib. Elə təhsilini də orada alıb. Ermənistanda isə “Soros Fondu”nun proqram koordinatoru olub. Ter-Qriqoryan da “Transparency International” təşkilatında çalışıb. O, həmçinin müxtəlif qaynar nöqtələrdə minaların zərərsizləşdirilməsi fəaliyyəti ilə məşğul olan “HALO Trust” təşkilatında işləyib. Qeyd etmək lazımdır ki, Rusiyanın xüsusi xidmət orqanları bu təşkilatı casusluqda ittiham edirlər. Bütün bunlar onun əsas şöhrətinin yanında heç nədir. Ter-Qriqoryan daha çox əlində Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış “ana söyüşü” yazılmış plakat olan şəkillə məşhurdur.

 

Ermənistanın yeni Seçki Məcəlləsi üzərində işə rəhbərlik isə Daniel İoannisyana nəsib olub. “Məlumatlandırılmış Vətəndaşların İttifaqı” qeyri-hökumət təşkilatının koordinatoru işləyib. Bu təşkilat isə “Soros Fondu” və bir çox ABŞ fondları tərəfindən maliyyələşir. Bu fondlar içərisində isə Ukrayna və Gürcüstandakı inqilablara maliyyə yardımları ilə məşhur olan “NED”in (Demokratiyaya Dəstək Milli Fondunun) adını çəkmək olar. İoannisyanın rəhbərlik etdiyi təşkilat isə Ermənistanın daha çox Avropaya inteqrasiyasının tərəfdarı olaraq, Avrasiya İqtisadi İttifaqına qoşulmasına qarşı aktiv fəaliyyəti ilə məşhurdur.


Bütün bunları nəzərə alaraq yeni baş nazir Nikol Paşinyanın da rəngli inqilabının “Soros Fondu” tərəfindən maliyyələşdirildiyini söyləmək olar. Yeni komanda ilə isə Paşinyan yəqin ki, “tarixi müttəfiqi” ilə “gözəl gələcək münasibətlər” qurmağı planlaşdırır”.

 

Hazırladı: Əvəz ZEYNALOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?