Modern.az

“Keçi”, “Xoruz” şeirləri haqqında bilmədiklərimiz – Onlarda hansı gizli simvollar var? 

“Keçi”, “Xoruz” şeirləri haqqında bilmədiklərimiz – Onlarda hansı gizli simvollar var? 

Ədəbi̇yyat

1 İyun 2018, 00:30

 

Azərbaycan ədəbiyyatında bir çox uşaq şeirləri var ki, onlar bu gün dillər əzbəridir:   “Keçi”, “Xoruz”,  “Ayı və şir” və s... 

 

Bunları Abdulla Şaiq, Abbas Səhhət kimi dahilər qələmə  alıb. Lakin adıçəkilən nümunələr və bu məzmunda olan  başqa şeirlərdə poetik ustalıqdan çox, uşaq dünyasının səmimiyyət və saflığı qabardılıb. Onlara obrazların diliylə müəyyən məqamlar aşılınıb, ibrətamiz hadisələr nəql edilib. 

 

Lakin yaş irəlilədikcə, dünya ədəbiyyatından, müxtəlif kitablardan xeyli sayda əsərlər oxumamıza baxmayaraq, biz bu nümunələri heç zaman unuda bilmirik. Təbii ki, yeddi yaşa qədər öyrənilənlər insan yaddaşında daha çox qalır və hifz olunur. Lakin burada hafizə anlayışı da ikinci plandadır. Biz özümüzün də asılı olmayaraq, bu ədəbi nümunələrdə hansısa sirrin olduğuna inanırıq. 

 

Onların yaddaşlara bu cür hopmasında sirr nədir?

 

Adıçəkilən heyvanlar bizim milli yaddaş sistemimizdə əsasən nəyin ifadəsi olublar? 

 

Filologiya elmlər doktoru, Folklor İnstitutunun şöbə müdiri Ramazan Qafarlı AzEdu.az-a açıqlamasında maraqlı məqamlara toxunub:

 

“Bu, həmin heyvanların milli yaddaşımızdakı rolundan çox, xalq məişətindəki rolu və uşaqların onlarla tez-tez rast gəlməsi ilə bağlıdır. Rus pedaqoqlarının, məsələn Uşinskinin də dərsliklərində Səhhətdən, Şaiqdən, Sabirdən  qabaq yazılmış uşaq şeirlərində də eyni məzmuna və heyvan obrazlarına rast gəlirik.

 

Həmin şeirlərin folklordan qaynaqlanması da şərtdir. Məs, Sabir məşhur "Uşaq və buz" əsərini yazanda "Qarı və pişik" adlı xalq nağılına əsaslanıb”.

 

Folklorşünas dünyanın ayrı-ayrı ölkələrində də bu tendensiyanın yaşandığını vurğulayır. Fikirlərinin təsdiqi kimi isə rus ədəbiyyatını missal göstərir: 

“Uşaqlar üçün əsər  yazan yazıçılar, şairlər onların yaş xüsusiyyətlərini, maraq dairəsini, xüsusilə də körpələrin möcüzəyə inanmalarını nəzərə alırlar.

Rus şairləri Marşak, Çaykovski, Barto uşaqlar üçün gözəl əsərlər yazıblar. Bu əsərlərdə də uşaq psixologiyasını əks etdirməyə çalışmışlar. Ümumiyyətlə, uşaq hər şeydə qeyri-adilik axtarır. Cansız varlıqlar, daş, qələm və s. insan kimi danışa bilməsinə şeirlərdə rast gələndə onu möcüzə kimi qəbul edirlər”. 

 

Şair -publisist, Dünya Gənc Türk Yazarları Birliyinin  Məsləhət Şurasının başqanı Əkbər  Qoşalı isə məsələyə tam fərqli müstəvidən yanaşıb: 

 

"Nağıllar və uşaqlar üçün yazılmış şeirlər niyə yaddaşda daha uzun müddət qalır? – Hətta müəyyən yaşa çatmış insanlar da həmin mətnləri rahatlıqla xatırlaya bilir. – Ona görə ki, nağıl və uşaq şeirləri beynimizin hələ qarışıq mətnlər, mürəkkəb sxemlərlə dolmadığı vaxtların məhsulu, hadisəsidir. Bu səbəbdən, yaddaşda özünə möhkəm yer edir. Onlar adətən ibtidai, sadə mətnlər olur. Süjeti dolanbac yerlərdən keçmədiyi üçün yaddaşa daha yaxşı həkk olunur. Sadəlik həmişə əlavə gərginlik tələb etməyən hadisədir. Özü mürəkkəb məsələlər, elmi tapşırıqlar edən alimlər belə uşaq vaxtı öyrəndiklərini xatırlayır. “Öz balaca dünyam var” deyimində olduğu kimi beynimizin bir hissəsi həmin mətnləri saxlayır, bunlara yer ayırır. Daha çox təbiət-insan münasibətlərini əks etdirən nağıllar yaddaşda hifz olunur. Gərginlikdən qurtulmaq istəyəndə uşaqlıq dövrünün sadə nağılları, obrazları yada düşür, yaddaşda yenidən əks olunur. Bəzən hansı yaşda olmağımızdan asılı olmayaraq, özümüzü aldatmaq, hansısa ziddiyyət, təzad məqamında nağıllı dünyanın xeyirxahlığına, xeyrin qələbəsinə inanmadan keçinə bilmirik”...

Əkbər Qoşalı nağılı ağıldan həm öncəki, həm də sonrakı mərhələ adlandırmaqla onun düşüncə məfhumu üçün nə dərəcədə önəm daşıdığını bildirib:

“Nağıllar həm də təhkiyəsinə, sirli-sehrli tərəfinə görə yaddaşda özünə yer edir. Bu yaxınlarda Yunis Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzində konfrans keçirildi. Konfrans “Nağıldan ağıla” adlanırdı. Konfransın adından da göründüyü kimi ağıl sonrakı kateqoriya kimi düşünülmüşdü. Məncə, nağıl ağıldan həm öndəki, həm də sondakı hadisədir. Ağıldan öncəki dedikdə, bəzi nağıllar fantastikaya, sehrli qüvvələrə “istinad edir”, “əsaslanır” ki, bunların da məntiqi izahı olmur. Yəni, ağıldan qıraqda, ağılaltı yaxud ağılüstü hadisələr cərəyan edir nağılda, sanki ağıl bir o qədər də iştirak eləmir. Nağıldan sonrakı məsələlər isə aydındır. İnsan qocalanda belə şirinliyə, qayğıya ehtiyaclı olur.

Əhməd Cəmilin ünlü “Can, nənə, bir nağıl, de” şeirini ömrünün ixtiyar çağlarında da xatırlayanları, əzbər deyənləri yəqin siz də görmüsüz”. Nağılları əsasən nənələr danışıb və nənələr nağıl danışıbsa, babalar nağıldakı hadisələrin özünü yaradıb, nağıl kimi ömürləriylə diqqəti cəlb ediblər. Bəlkə də, nağılların şirinliyi onların məhz nənələr tərəfindən danışılması ilə də bağlıdır...

Çox təəssüf ki, bizim nağıl dünyamıza zaman-zaman yad elementlər də daxil olub. Məsələn, yad obrazlar bizə doğma nağıl qəhrəmanları kimi sevdirilib. “Min bir gecə” nağıllarından, o nağılların motivləri əsasında yaranmış sonrakı nağıllardan misallar çəkmək olar. Bu nağıllarda türk ruhunu yansıtmayan məqamlar var. Öncəki dövrlərdə ulularımız nağılları danışırdı, ancaq qələmə alan olmurdu. Başqa xalqların nümayəndələrisə bəzən onları təhrif edərək qələmə alır, özününküləşdirir, özgələşdirirdi. Sonradan biz o nağılları öz əlifbamıza, öz dilimizə çevirəndə də artıq yad elementlərlə qarşılaşmalı olmuşuq; necə ki, bir çoxları bizim ovqata, gələnək-görənəyə və s. Bir çox hallarda uyğunlaşmırdı. Biri var, “folklor”, biri də var “fakelor”. Folklor bəllidir, fakelor isə dəyişdirilmiş, təhrifə uğramış ədəbiyyatdır. Təhrifə uğramış milli nağıllarımıza akademik səviyyədə tənqidi münasibət formalaşmalıdır. Müəyyən akademik nəşrlər olsa da, onlarda da məhz milli ruhu, xəlqi mövqeni dərinləşdirmək gərəkdir”.

Sözardı olaraq...

 Bu tipli şeirlərin yaddaşımıza hopmasında şüuraltı elementlərin də rolu böyükdür. Mərhum professor  Mirəli Seyidovun “Azərbaycan mifik düşüncəsinin qaynaqları” monoqrafiyasında müxtəlif əşya, heyvan, ağac və çiçəklərin ifadə etdiyi rəmzi mənalardan bəhs edilir. Orada əsasən, heyvan və əşyanın ilin hər hansı fəsli, müəyyən təbiət hadisəsi, mücərrəd həyati məfhumla əlaqələndirilir. Məsələn,  keçi hər zaman bolluq, bərəkətin və bahar fəslinin təcəssümü, xoruz isə başlanan yeni günün simvolu olub. Əcdadların mifik düşüncə izləri zaman-zaman müəyyən deqredasiyalara uğrayaraq, bugünkü çağımıza qədər irəliləyib. Bu səbəbdən, “Keçi”, “Xoruz”, “Dovşan” şeirləri bizə həm də şüuraltı məfhum kimi doğmalaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər