Modern.az

Hamlet Xanızadənin qızı: “O hadisədən sonra atamın sanki beli büküldü”  

Hamlet Xanızadənin qızı: “O hadisədən sonra atamın sanki beli büküldü”   

5 İyun 2018, 08:56

Bu gün  Azərbaycan teatr və kino aktyoru, kino sənətində öz imzasını qoymuş sənətkar, əməkdar artist Hamlet Xanızadənin doğum günüdür. Aktyor  yaşasaydı, 77 yaşını qeyd edəcəkdi.

H.Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şaqan kəndində doğulub. 1965-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Görkəmli aktyorumuz 3 fevral 1990-cı ildə 49 yaşında, 20 Yanvar faciəsindən 13 gün sonra vəfat edib. 20 Yanvar hadisələri aktyoru dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu.

Hamlet Xanızadə 1971-ci ildə Nailə xanımla ailə həyatı qurub. Onların evliliyindən iki qızları - Aygün və Xumar Xanızadə dünyaya gəlib.


Modern.az
saytı aktyorun doğum günü münasibətilə onun qızı Aygün Xanızadə ilə həmsöhbət olub.


H.Xanızadənin atası Bəbir kişi onu aktyor görmək istəmirdi. Amma Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi.


Aygün Xanızadə deyir ki, Hamlet Xanızadənin atası onu həkim görmək istəyirmiş:


“Atamgil ailədə  üç uşaq olublar, böyüyü də atam olub. Babam atamı həkim görmək istəsə də, o, gizlincə sənədlərini  indiki Mədəniyyət və İncəsənət Universitetinə verir və qəbul olunur.

Atamla anam sevib ailə qurublar.  Kamal Xudaverdiyevlə anamgilin eyvanları qarşı-qarşıya olub. İlk dəfə bir-birlərini həmin eyvanda görüblər. Sonra tanış olublar, münasibətləri ciddiləşəndə xəbər tutublar ki, ikisinin də anası bir yerdə - Əzizbəyov adına doğum evində işləyir”.


Müsahibimizin sözlərinə görə, Hamlet Xanızadə qayğıkeş, mehriban ata idi:


“Bizimlə bağlı ən böyük arzusu oxuyub həkim olmamız idi. Amma heç birimiz bunu etmədik. Bacım Xumar da, mən də incəsənət sahəsi üzrə təhsil aldıq. Xumar Mədəni-Maarif Texnikumunu, mənsə Mədəniyyət və İncəsənət Universitetinin menecer ixtisasını bitirdim.

Atam çox kitablar oxuyur, rolları məşq edirdi. Otaqda ona məxsus guşə vardı, orda şkafı, qəzetləri, "Dəli yığıncağı" tamaşasında istifadə etdiyi eynəyi vardı”.


Aygün xanım aktyorun son anlarından da söz açıb:


“20 Yanvar gecəsi atam evdən aktyor Bürcəli Əsgərovla birgə çıxdı, yolda vurulan oğlana kömək etmişdilər, gecə evə gəlmədi, səhərə yaxın gəldi, vəziyyəti danışdı və getdi. Şəhərdən gələndə üzünün rəngi heç yadımdan çıxmaz. Sanki beli də bükülmüşdü, hadisələr ona çox pis təsir etdi. Üzü gülmürdü, çörək yemirdi, evə hər gün fikirli gəlirdi. O vaxt "Qətl günü" filminə çəkilirdi. Çox ağır film idi. O film elə çəkildiyi son film oldu.

Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyirdi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib”.


Hamlet Xanızadənin tələbə yoldaşı, yaxın dostu, tanınmış rejissor və aktyor Elxan Qasımov onun haqqında belə deyir:


“Hamleti tələbəlik illərindən ciddi, çalışqan, dostcanlı biri kimi xatırlayıram. O öz aktyorluğu ilə tələbələr arasında, universitetdə seçilirdi. Teatr İnstitutunda, kursda istər-istəməz 4-5 nəfər lider olurdu. Hamlet də öz kurslarında öndə gedən tələbələrdən idi. Məsələn, deyirdilər ki, “Hamletgilin kursu”. Tələbəlikdən sonra kimsə digərindən soruşurdu ki, “sən hansı kursda oxuyurdun?”, o da cavab verirdi ki, “Hamletgil oxuyan kursda”. Yəni Hamlet öndəgedənlər idi, amma heç vaxt mənsəb dalınca qaçmayan, çinovlikliyə həvəsi olmayan biri oldu. O adam üçün ən yüksək pillə aktyorluq idi. Heç bir şeyə təmənnası yox idi. Aktyor kimi də dahi idi. O bir sənətkar kimi Azərbaycan kino və teatr aktyorları içində ən çalışqanlarından idi. Mən şəxsən bir rejissor, 50 ildən yuxarı sənətdə olan adam kimi deyirəm, Hamlet Xanızadəni zəhmətkeş və çalışqan aktyor kimi ancaq Məlik Dadaşovla müqayisə etmək olar. Hamlet rolu özünküləşdirməmiş səhnəyə çıxmazdı. Onunla bir yerdə filmlərdə çəkilmişəm. “Axırıncı aşırım” filmində görmüşəm. “Köhnə bərə” bədii filmimi çəkəndə o Raykom katibini oynayırdı. Hamletin o ciddiliyi, işə yanaşması mənim həmişə xatirimdədir. Siz onun “Qətl günü” filmində Sədi Əfəndi, “Babək”də xəlifə Möttəsim, “Arxadan vurulan zərbə”də İmaş, “Topal Teymur” tamaşasında Topal Teymur və başqa obrazlarını da sadalaya bilərsiniz. Amma bunlar hamısı mənim gözümün qabağında olanlardır, onun qrimi axtarıb tapmağı, obraza yanaşmağı başqa cür idi... Ümumiyyətlə, ciddi insan idi. Yaxşı dost idi. Hamletin elə bir hərəkəti olmayıb ki, sonradan xəcalət çəksin.

Kinoda və teatrda ən ciddi rolları Hamlet oynayıb. Öz sənətinə o qədər ciddi yanaşıb ki... Ümumiyyətlə, bütün obrazlara ciddi yanaşırdı. Teatrda Hamletin oynadığı obrazlar böyük-kiçikliyindən asılı olmayaraq seçilərdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub