Modern.az

Milli Qəhrəmanın oğlu Avropa mükafatçısı oldu

Milli Qəhrəmanın oğlu Avropa mükafatçısı oldu

Aktual

4 İyun 2018, 19:00

Azər Məhərrəmov: “13-14 yaşım olanda 50-55 kiloluq mərmiləri qaldırıb topa qoyurdum”

 

Azərbaycanlı idmançı Azər Məhərrəmov bugünlərdə Bolqarıstanda keçirilən armrestlinq (qol güləşi) üzrə XXI Avropa çempionatında ikinci yeri tutub.

 

A.Məhərrəmov adı oxuculara geniş tanış olmaya bilər. Ancaq idmançının hələ sağlığında Qarabağ döyüşlərində göstərdiyi şücayətə görə Milli Qəhrəman adı alan atası Asif Məhərrəmovun (Fred Asif) adı xalqımızın yaddaşına həkk olunub.

Azər Məhərrəmov Qol.az-a müsahibəsində idmana gəlişindən, qazandığı nailiyyətlərdən və başqa məqamlardan danışıb.

 

- Əvvəlcə bilmək istərdim ki, armrestliqlə nə vaxtdan məşğul olursunuz?

 

- Uşaqlıda Konq-fu ilə məşğul idim. 1997-ci ildən bu idman növünə marağım yarandı. 20 yaşımda evimizin yanında idman zalı var idi. O zalda armrestliqlə məşğul olurdular. Ora gedib-gəlməyə başladım və keçdim qol güləşinə. O vaxtdan indiyədək bu idmanla məşğulam.

 

- Necə oldu ki, qol güləşinə marağınız yarandı?

 

- 1997-ci ildə küçədə armrestliq yarışlarının afişası var idi. Bir gün uşaqlarla söhbət edəndə mənə dedilər ki, o yarışa çıxa bilərsən? Zarafatla dedilər ki, yarışa çıxsan, qolunu qırıq-qırıq edərlər. Mən də cavab verdim ki, birinci dəfə olmasa da, ikinci dəfə yer tuta bilərəm. İlk yarışımda 4-cü oldum. Mənim müəllimim olmayıb. Öz-özümə məşq etmişəm. Altı aydan sonra daha bir yarış keçirildi. Orada birinci yeri tutdum.

 

- Bu idman növü ilə məşğul olmaq üçün anadangəlmə güclü olmalısan, yoxsa məşqlərlə də nəyəsə nail olmaq olar?

 

- Təbii ki, genetik olmalıdır. Genetikan yaxşıdırsa, məşqlərlə gücünü daha da artıra bilərsən. Ancaq genetikan zəifdirsə, məşqlərin xeyri yoxdur. Bu idman növündə digərlərindəki kimi əsas olan əzələ kütləsi deyil. 

2002-ci ildə Rusiyanın Vladivastok şəhərində yarışa çıxmışdım. Çəkim 85 kq idi. Rəqiblərim isə 130-140 kq. Yarış pulla keçirilirdi. Mən ora Xabarovsk şəhərindən getmişdim. Heç kim məni tanımırdı. Hamı pulu yekələrə qoymuşdu. Çünki mən onların arasında arıq bir adam idim. Səhnəyə çıxarıb tamaşaçılara göstərirdilər (gülür). Heç kim mənim qələbəmə pul qoymamışdı. Amma yarışın çempionu özüm oldum. Yəni bu idman növündə əzələ kütləsinin böyük olması elə də rol oynamır. 

 

- Genetikadan söz düşmüşkən, bildiyimə görə, atanız – Azərbaycanın milli Qəhrəmanı Asif Məhərrəmov da idmanla məşğul olub.

 

- Mənim atam da güclü adam olub, dayım da. Bizdə nəsillikcə belə olub. Mən də məşqlə formamı daha da yaxşılaşdırmışam. Atam əsas boksla məşğul olub. Ancaq həvəskar formada. Məşqçisi olmayıb. Müharibə imkan verməyib.

 

- Yəqin atanız da sizin idmançı olmağınızı istəyirdi.

 

- Təbii ki, arzusu idi. İdmana gəlməyimin, bu gücü yığmağımın bir səbəbi də müharibə olub. Mənim 13-14 yaşım olanda 50-55 kiloluq mərmiləri qaldırıb topa qoyurdum. İndiki top mərmiləri yüngüldür. Ancaq o vaxt ağır olurdu. Belə ağır işlər də məni möhkəmləndirib.

 

- Fred Asifin oğlu olmaq sizə yarışlarda nə dərəcədə güc verir?

 

- Vallah, Fred Asif deyəndə nəinki mən, bütün qarabağlılar, ağdamlılar özündə güc tapır. Bu, təkcə onun Milli Qəhraman olmasına görə deyil. Ona Milli Qəhrəman adı verilməmişdən 20 il əvvəl də şücaət göstərirdi. Rəhmətlik Milli Qəhrəmanlıqdan imtina edən insan olub. Hər şeyin yaxşısını onun adına görə edirəm. Fred Asifin adını qorumasaydım, mənim də hamı kimi hər şeyim olardı. Fred Asif bütün nəsilimizin boynuna böyük yük, məsuliyyət qoyub gedib. Tək bizim yox, bütün qarabağlıların.

 

- Qarşınızda belə bir hədəfiniz varmı ki, atanızın başladığı şərəfli işi dünya və Avropa çempionatlarında bayrağımızı ucaldaraq davam etdirəsiniz?

 

- İndiyədək çox uğurum olub. Ancaq bizim bircə dənə arzumuz var ki, bayrağımızı Ağdamda, işğal altında olan digər torpaqlarımızda dalğalandıraq. Düzdür, ölkə xaricində bayraq qaldırmaq da böyük işdir. Amma əsas istəyimiz odur ki, bayrağımız Qarabağda dalğalansın.

 

- İndiyədək hansı nailiyyətləriniz olub?

 

- Demək olar ki, 1997-ci ildən Azərbaycanda öz çəkimdə  birinci olmuşam. İrandan 3 qızıl medal gətirmişəm. Rusiyada keçirilən yarışlarda birinci yeri tutmuşam. Daha çox Rusiyada medal qazanmışam. Ancaq Avropa və dünya çempionatlarında iştirak edə bilmirdim. Çünki Azərbaycan vətəndaşıyam. O vaxt mənə təklif etdilər ki, Rusiya vətəndaşlığını qəbul edib dünya çempionatında yarışım. Ancaq mən Fred Asifin adına görə öz vətəndaşlığımdan imtina edə bilməzdim. Mənim atam Azərbaycanın Milli Qəhrəmanıdır. Necə öz vətəmindən imtina edə bilərdim? Azərbaycanda isə sabit olaraq dünya və Avropa çempionarlarından iştirak etmək olmur.

 

-Niyə?

 

- Maddi çətinliklər üzündən yarışlara gedəndə əziyyət çəkirik. Bəzən səfərlərdə xərci öz cibimizdən ödəyirik. Ona görə də hər dünya çempionatına qatıla bilmirik. Sonuncu səfərdə dövlət 4-5 nəfərə pul ayırmışdı, biz 10-12 nəfərlə getdik. Bunlardan 6-7 nəfərin pulunu federasiyanın prezidenti Cəsarət Əhmədov öz cibindən verdi. Cavan uşaqlarımız var ki, meyvə kimi qalıb xarab olurlar. Yarışlara getsələr, inkişaf edərlər. Elə Bolqarıstanda keçirilən bu son yarışa da çətinliklə getdik.

 

- Bu yarışda ikinci yeri tutdunuz. Necə keçdi mübarizə?

 

- Finla qədər 3 görüşüm oldu. Açığı, rəqiblərimə fikir vermirəm ki, hansı ölkəni təmsil edir. Finalda Rusiya idmançısı ilə görüşdüm. Çox  güclü idi. Çəki fərqimiz də çox idi. Məndən 40 kq ağır idi. Dünya və Avropa çempionudur. Onunla ilk dəfə qarşılaşırdım. Ona görə bilmirdim boşluğu hardadır. Növbəti yarışlarda bir qədər çəkimi artırıb, məşq formamış dəyişib həmin rəqibimə qalib gələ bilərəm.

 

- Qatılacağınız növbəti turnir hansıdır?

 

- Bu ilin sentyabr-oktyabr aylarında Türkiyənin Antalya şəhərində dünya çempionatı olacaq. Yarışa yaxşı hazırlaşacağıq.

 

- Azərbaycanda armrestlinqə maraq hansı səviyyədədir?

 

- 2008-2009-cu illərdə maraq çox güclü idi. Televiziyada qol yarışı şousu da var idi. O vaxt idman zalına girəndə uşaq əlindən tərpənə bilmirdim. Amma 3-4 ildən sonra maraq tamamilə azaldı. İndi tədricən maraq artır. Ancaq bu idman növündə pul yoxdur. Hər şey də puldan asılıdır. Mənə dostlarım deyəndə ki, uşağı gətirim məşğul olsun, cavab verirəm ki, bu idmanda pul yoxdur. Yarışlara gedəndə cibimizdən pul xərcləyirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir