Modern.az

Nazir qohumlarına Lenin dərsi

Nazir qohumlarına Lenin dərsi

Ədəbi̇yyat

10 İyun 2018, 18:40

Mahir QABİLOĞLU


Konkretliyə çox da varmayın. Çünki elimizin çox gözəl bir məsəli var: “Qızım, sənə deyirəm. Gəlinim, sən də eşit”. İndi məsəli digərlərinə məhrəm: “Nazir qohumları, sizə deyirəm. İcra başçılarının, müavinlərin, aparat rəhbərlərinin, departament sədrlərinin, şöbə müdirlərinin qohumları, siz də eşidin”.


Heç kimə sirr deyil ki, bir nəfərin vəzifəyə təyin olunmasıyla, həmin adamın qohumları da ağ günə çıxır. Düzdür, bunu mənim haqqıma demək olmaz. İki qohumum – Abbasəli Novruzov və Mübariz Mədətov vəzifə sahiblərinə çevrilsələr də, bunun mənim həyatımda heç bir rolu olmadı. Bir az da konkretləşdirsəm – cibişdanım dolmadı. Hər “nazir qohumu”nun da taleyi olurmiş, ay Allah. İndi deyəcəksiniz ki, bəs Qabil kimi atası olan birinə nazir, icra başçısı, komandan nə lazımdır ki? Bax demək istəmirdim, amma ağzımı açdınız. Qoy bədii formada deyim, lap yaxşı başa düşəsiniz. Ay camaat, bu dünyada Qabilin oğlu olmaqdansa, Abel Məhərrəmovun bacısı oğlu olmaq daha irəlidir. Bildiz? Fikrimi dağıtmayın da... Gic-gic sual verirsiniz, mən də məcbur olub mətləbdən kənara çıxıram.

Harda qalmışdım? Hə, nazir qohumlarının ağ günə çıxmasında. Əvvəlcədən deyim ki, mən bu cür qohumbaz, dostbaz insanlara qibtə edirəm. Qibtə etməkdən başqa onlara daha nə edə bilərəm axı? El diliylə desəm, onlara paxıllığım tutur. Elə bu paxıllığın nəticəsidir ki, indi siz bu yazını oxuyursunuz. Düzünü desəm yazığım gəldi onlara. Ona görə yazıram.

Nazir nazir olanda nəslinin evində toy-bayramdır. İstər arvad tərəf olsun, istər ata-baba tərəfi. Hətta dostları da sevinir. Onları hər qonaq çağıranda, bilirsinizmi nə sifariş edirlər? İnanmarsınız. İyirmi-otuz dənə soyutma yumurta. Özü də ki, süfrədə hər nə desən – osetrin balığı, qara-qırmızı kürü olan yerdə. Elə ki, yumurtalar ortaya gəlir, başlayırlar onun qabığını soymağa. Soyub qurtarandan sonra tən ortadan iki yerə bölürlər. Sarısını boşaldırlar. Mürəbbə qablarında ortaya qoyulmuş qara, qırmızı kürünü xörək qaşığı ilə götürüb doldururlar yumurtanın ağının içinə. Sonra xrustal qabda olan moskovski arağı buzun içindən götürüb süzürlər büllur qədəhlərə. Məclisdəki dostların və nazirin bir əlində qədəh, o biri əlində isə zakuska yumurta-kürü, ayağa durub toqquşdururlar. Sağlıq demirlər? Niyə demirlər ki... deyirlər: “Nazirin canı sağ olsun, pis günüm bu cür olsun”.


Yenə mətləbdən kənar getdim. Axı, məqsədim bu deyil. Mövzum – nazir  vəzifəsindən çıxandan sonra başlayan həyat və bundan çıxış yollarıdır.


Xülasə, nazir dediyimiz qohum vəzifəyə təyin olunanda öz qohumlarının əlindən, xahişlərindən bezib bu işləri tapşırır baş yardımçısına. Yox, nazirin birinci müavinini demirəm.


Bunun üçün əvvəlcə  “Nazir qohumlarının sosial-iqtisafi inkişafına yardım fondu”  yaradır. Arvadı da qoyur bu fonda sədr. Bu qərardan sonra arvadın hörməti nazirin hörmətindən birə-on qalxır. Beləcə on, on beş, iyirmi il – bəlkə də çox, bəlkə də az – nazir arvadı bu vəzifəni layiqincə yerinə yetirir. Nəhayət o sərəncam verilir. Sərəncamın verildiyi ayın əvvəlinə rəmzi olaraq qohumlar “qara” önlüyü əlavə edilir. Məsələn: qara fevral, qara dekabr...


Sabiq nazir evə girən kimi qulluqçulara tapşırır ki, sərəncamın çıxdığı “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “ruskiyazıçnı” qohumlar üçünsə “Bakinskiy raboçiy” qəzetlərini alıb, birinci səhifəsini qapının ağzında divara yapışdırsınlar. Amma xəbəri yoxdur ki, məmləkətin müxtəlif yerlərində, qohumların həyətində mağarlar qurulub, şaxsey-vaxseydir. Nazirin işdən çıxması bu cür təntənəylə qeyd olunur. Amma qohumlar nə etsin ki? Məşədi İbad demişkən, bir növ adətkərdə olublar. Yenə qapıya gəlirlər. Birbaşa “başsağlığı” vermək istəyirlər ki, gözləri qapıdakı qəzet səhifələrinə sataşır. Yenə əhəmiyyət vermirlər. Qapını döyürlər. Eşikağası eşiyə çıxır. Dinib-danışmır. Hüzünlü şəkildə divara yapışdırılan qəzetləri göstərir. Qohumlar onun bu hüzünlü vəziyyətindən qəhərlənib əllərini ciblərinə aparıb “odnorazovı” salfetkalardan birini çıxarıb kirpiklərində gilələnən göz yaşlarını silirlər.

Evə qayıdırlar. Qara paltarlarını geyinib divana oturub Xoşqədəm Hidayətqızının ölümlü-itimli, qəmli, onların həyatıyla səsləşən verilişinə baxmağa başlayırlar. “Əvvəlki vaxtlarımız olsaydı, kömək edərdik bu Xoşqədəmin bədbəxt qəhrəmanlarına. Onda nazir qohumuyduq. İndi kimik ki?” deyərək. Bu zaman kompüterdən başı çıxan uşaqları sevincək otağa girərək “xəbəriniz var. Hər şey qaydasındadır. Saytlarda yazıblar...” deyərək, ata-analarını qonşu otağa, kompüter qarşısına dəvət edirlər.

–      Nə yazılıb, a bala!

–      Ata, ana, yazılıb ki, qohum nazirimizin onlarla evi, mülki, obyekti var, xaricdə otelləri, vətəgələri, gəmiləri, daha nələri, nələri.

Elə bil nazir qohumlarına yenidən uçmağa qanad qoşurlar. “Nə olsun ki, vəzifəsini itirib nazir qohumları. Qalan hər şey ki, yerindədir. Bizə də elə bu lazımdır da... Qaynayan qazandan daşıb qırağa tökülənlərdən əmsək bəs edər” deyərək. Qara paltarlarını çıxarıb, güllü-müllü köynəklərini, donlarını geyinirlər. Yenidən qohum nazirin qapısına qayıdırlar. Amma... Yenə həmin münasibət. Yenə də həmin cavab.

Amma bu qohumlara veriləcək cavab var. Özü də necə cavab. Amma bu cavabı ağzıcırıq qohumlarına necə desinlər, hə? Hamısı da ki, savadsız, biliksiz. Bir söz desən, yüzünü də üstünə qoyub yayacaqlar məmləkətə.
Amma mən savadlı, bilikli adamam bu nazir qohumlarından fərqli olaraq. Bəlkə də məmləkətdə yeganə adamam ki, sabiqləri düzgün anlayıram. Hallarına yanıram. Buna görə də bu yazını yazdım. Nüsxə-nüsxə çoxaltsınlar, qapılarına gələn qohumlarına paylasınlar.

1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulur. Nəriman Nərimanov respublikada hakimiyyət başına gətirilir. Varlılar həbs olunur, qətlə yetirilir, var-dövlətləri müsadirə olunur. Bircəciyindən başqa. Ona xaricdə təhsil verdiyinə görə, Nəriman Nərimanov milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qapısına rus əsgərlərinin getməyinə icazə vermir. Özü gedir.

–      Ay Hacı, özüm şəxsən getdim Leninin qəbuluna. Dedim ki, nə olsun Hacı milyonerdir. O elə fəhli-kəndli adamıdır. Nə qədər adamı işlə təmin edib, yetim qarnı doydurub, xaricdəki universitetlərdə oxutdurub, qızlar üçün məktəb açıb. Teatr tikdirib... Bir sözlə bizim Hacı mütərəqqi adamdır. Onu başqalarından fərqləndirməliyik.

–      Bərəkallah, Nəriman. Halal olsun elədiklərim sənə.

–      Hacı, amma...

–      Nə “əmma”?

–      Bu kağıza qol çəkməlisən.

–      Bu nə kağızdır ki? – deyə yazıb-oxumağı bacarmayan Hacı kağızı əlinə alıb baxır.

–      Hacı, qol çək.

–      Tutaq ki, qol çəkdim. Sonra.

–      Qol çəkəndən sonra bütün var-dövlətin keçir sovetlərin ixtiyarına. Mülklərindən hansını məsləhət bilsən... bircə o qalır sənə. Vəssalam.


Hacı, qol çəkməzdən əvvəl Nəriman Nərimanova bir söz deyir və şərt kəsir ki, öləndə onu Axund Turabın ayaqları altında basdırsınlar. Amma bu məsələnin nə sabiqlərimizə, nə də onların qohumlarına dəxli var. Bu, tamam başqa bir yazının mövzusudur. Hə. Lap yadımdan çıxmışdı. Hacı Zeynəlabdin Tağıyevin taxtadan əsası var imiş ki, qara gün üçün onun içinə qızıl onluqlar doldurub gizlədibmiş. Onu da sonda oğurlayıblar. Bizim sabiqlər isə “əsalarını” gizlədib saxlaya biliblər. Çünki imkan vermirlər ki, qohumlar yaxın gəlsin.

Beləcə nağılım bitdi. Göydən üç dənə qızıl alma düşdü: Biri mənim, biri özümün, biri də nağıl söyləyənin. Gör nə qədər varlandım e... Paxıllıq etməyin. Üç almanın üçü  də virtualdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir