Modern.az

Bələdiyyə assosiasiyaları: uğurları və problemləri  

Bələdiyyə assosiasiyaları: uğurları və problemləri  

Aktual

11 İyun 2018, 11:18

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri


Son vaxtlar ardıcıl olaraq bələdiyyə sisteminə həsr etdiyim yazı və təhllilləri oxucuların müzakirəsinə təqdim edirəm. Bu günlərdə sosial şəbəkədə milli bələdiyyə assosiasiyası ilə bağlı sualı müzakirəyə çıxarmağım  mənə növbəti yazımın mövzusunu verdi. Bələdiyyə sistemiylə bağlı olan və olmayan onlarca şəxs suala maraqlı cavablar vermişdi. Odur ki, bu yazımı Azərbaycan milli bələdiyyə assosiasiyalarının faliyyətinə  həsr etmək  qərarına gəldim.

Bu gün Azərbaycanda  üç milli bələdiyyə assosiasiyası - Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası  fəaliyyətdədir. 2007-ci ildən təsis edilən bu üç qurum ictimai təşkilat olaraq bir sıra layihələrin icrasını həyata  keçirib. Bələdiyyələrin beynəlxalq əlaqələrinin, xüsusəndə Baltikyanı ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, beynəlxalq tədbirlərdəki səviyyəli  təmsilçilik, Türk Dünyası Bələdiyyələr Birliyi ilə əlaqələrin bərpası sözsüz ki, assosiasiya  rəsmilərinin  xidmətidir, desək  yəqin ki yanılmarıq.

Bu da danılmaz  faktdir ki, Prezident İlham Əliyevin son illər bələdiyyə sisteminin inkişafına yönələn hüquqi sənədlərin imzalamasında QHT sektoruyla yanaşı, assosiasiyaların da böyük rolu olub. Hətta bir sıra sənəd və dövlət proqramlarında assosiasiyaların üzərinə məsuliyyət yükünün qoyulması bu quruma göstərilən diqqət kimi qəbul edilməlidir.

İş elə gətirib ki, bir neçə il ardıcıl olaraq assosiasiyaların illik toplantılarında, o cümlədən onların təşəbbüsü ilə keçirilən yığıncaqlarda QHT sədri olaraq dəvət alıram. Aktiv iştirak etməsəmdə, toplantılarda gedən prosesləri yaxından izləmişəm. 

Etiraf edilməlidir ki, müəyyən işlər görülüb. Xüsusəndə son iki ildə həyata keçirilən BAMS proqramının tətbiqi deyərdim ki, assosiasiyanın bu gün həyata keçirdiyi və əsasən üzə çıxarıla biləcək uğurlu  layihəsidir. 

Qeyd edək ki, Prezident Adminstrasiyasının sektor müdiri Emin Eyvazovda BAMS-ın uğurlu bir layihə olduğunu çıxışlarında bir neçə dəfə təkrar edib, bələdiyyələri aktiv olmağa və fəaliyyətlərini  ictimailəşdirməyə maraqlı olmalarını tövsiyə edib.

Beləliklə, assosiasiyaların fəaliyyətiylə bağlı apardığım müşahidələrdən belə qənaətə gələ bilərəm ki, bu qurumlar daha böyük layihələrə imza ata bilərdi - icra-bələdiyyə münasibətlərindəki boşluğun doldurulmasında, nazirlik və bələdiyyə müstəvisində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində, qanunvericilik aktlarındakı boşluqların aradan qaldırılmasında ciddi təkliflər paketiylə çıxış edə bilərdi. Bununla yanaşı digər QHT-lərlə əməkdaşlıq edərək birgə layihələrin icrası nəticə etibariylə ümumi problemlərin həllini sürətləndirərdi.

Amma təəssüf ki,bu layihələr icra olunmamış qaldı.

Bu gün bələdiyyələrin illik büdcə gəlirləri 36 milyon manata yaxınlaşdığını nəzərə alsaq  belə düşünmək olar ki, bələdiyyələrin 2007-ci ildə əldə etdiyi 50 milyon manatlıq  rekordunu təkrar etmək üçün hələ çox illər lazım olacaqdır. Sözsüz ki, BAMS proqramının tətbiqi nəticə etibariylə büdcə gəlirlərinə müsbət təsir edib. Ancaq gedişat göstərir ki,  assosiasiyalar bu layihə ilə kifayətlənməməlidirlər.

Digər bir məqam. 

Bu gün Ekologoiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri az qala ucdan tutma bələdiyyələrə cərimə kəsir. Son bir ayda dörd bələdiyyə sədrinə üst-üstə13 min manat cərimə kəsilib. Belə olan halda assosiasiya rəsmiləri nədən bu prosesin qarşısının alınması üçün addımlar atmır. Sanki müşahidə mövqeyindədirlər.  Əgər addım  atılırsa, niyə ictimailəşdirilmir.  

Qısa şəkildə olsa da deyilənlərdən belə nəticəyə gəlmək olar:

1.Bu gün üç bələdiyyə assosiasiyasının fəaliyyətinin aktivləşdirlməsi və mövcud problemlərinin həllinin sürətləndirilməsi üçün bu qurumların birləşdirilməsinə zərurət var. Qeyd edək ki, bu həm üzvlük haqqlarından daxil olan maliyyə vəsaitinin mərkəzləşdirilməsinə, həmdə israfçılığın qarşısını almış olacaqdır. Əlavə edim ki, bu günkü strukturu saxlamaqla həmsədrlik institutunu tətbiq etmək olar.

Hazırda assosiasiyalara daxil olan maliyyə vəsaitinin həcmi də elə də böyük deyil və bugün nəzərdə tutulan vəsaitin yalnız 70 faizədək hissəsi yığıla bilir. Əgər assosaisiyalar canı dildən bələdiyyərin qarşısına qoyulan məqsədlərə çatmaq üçün addımlar atarsa, yəqin ki, həm bələdiyyələrin, həmdə assosiasiyaların maliyyə problemləri öz həllini tapmış olacaqdır. 

2. Bu gün  assosiasiyalar həm də beynəlxalq təşkilatlarla əməkdaşalığa can atmalı və  maliyyə vəziyyəti imkan verdiyi halda bələdiyyə üzvlərinin  və qulluqçuların maarifləndirlməsi istiqamətində konkret addım atmalıdırlar. Təcrübə göstərir ki, bu gün bələdiyyələrdə baş  verən neqativ halların bir qsimi qanunları bilməməkdən irəli gəlir. Odur ki, assosiasiyanın ekspertləri mütəmadi olaraq təsdiq edilmiş proqrama uyğun regionlarda ezamiyyətə getməli və seminarlar  keçirməlidirlər.  Bununla yanaşı keçirilən görüşlərdə    bələdiyyə sahəsində qabaqcıl təcrübənin yayılması və qəbul edilən son   yeniliklər izah edilməlidir.

3. Assosiasiyanın media ilə əlaqələri zəifdir və demək olar ki, yox səviyyəsindədir. Assosiasiyanın media üzrə əlaqələndiricisinin olmaması assosiasiyanın fəaliyyətinin sistemli şəkildə təbliğinə maneə yaradır. Habelə yaranan sualların cavablandırılması, bələdiyyələrlə qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsi nəticə etibariylə sistemin inkişafına səbəb ola bilər. Əvvəlki yazılarımda qeyd etdiyim kimi   assosiasiyaların, həm özlərinin saytları canlı şəkildə fəaliyyətdə olmalı, həmdə sosial şəbəkələrin verdiyi   pulsuz imkandan da yararlanmaq lazımdır. Bu həm də bələdiyyələrin fəaliyyətinin təbliği deməkdir.  

Bu yazı əslində  assosiasiyaların daha yüksək inkişafı üçün mövcud problemlərin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin bir təmsilçisi olaraq yazılıb.

İnanıram ki, qurum rəsmiləri irəli sürülən təklif və iradlarla bağlı diqqət göstərib fikirləri bildirməyi  unutmayacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!