Modern.az

At belində doğuldum... (Atlar barədə bunları bilirsinizmi?)

At belində doğuldum... (Atlar barədə bunları bilirsinizmi?)

İqtisadiyyat

6 Sentyabr 2011, 17:04


Azərbaycan oğluyam,
At belində doğuldum,
Zamanın qazanında
Neçə dəfə dağ oldum.

(Bəxtiyar Vahabzadə)

Ta qədim zamanlardan dünyanın ən qədim yaşayış məskəni olan Qarabağda əhlləmiş ev heyvanları insanların yardımçısı olub. İnsanlar bu heyvanlardan atı xüsusilə sevmiş, onu özünə dost qardaş bilmişlər. Atdan əsasən minik və yük heyvanı kimi istifadə edilib. Getdikcə inkişaf edən insan şüuru atın imkanlarından daha çox bəhrələnməyə başlamışdır. Atı yükləmişlər, onu arabaya qoşmuşlar, odun, ot, təzək, buğda, arpa, un, kol-kos və sair daşımışlar. Atı kotana, xışa qoşaraq yer şumlamışlar, malaya qoşaraq yeri malalamış, ütüyə qoşaraq şumlanmış yeri ütüləmişlər.

At döyüş meydanlarında igidlərin ən yaxın silahdaşı, arxası, pənahı olub. O, qəhrəmanları təhlükədən xilas etmiş, fəlakətə düçar olan süvarini dardan qurtarmışdır. At bütün dövrlərdə onu sevənlərin pərəstiş etdiyi bir varlıq olub. Bəylər, xanlar, zadəganlar, ərlər, igidlər ən əziz qonaqlarına at bağışlayıblar.

At bütün yaşayış dövrlərində insanların yaraşığı olub.

Atlar əsasən bir neçə əlamətinə görə adlandırılıb fərqləndirilib. Məsələn, rənginə görə: kəhər, zoğalı-kəhər, qara-kəhər, sarı-kəhər, qəmər, boz, göy-dəmir, səmənd, qara-qəmər, ala-paça, qaşqa, səkil, kürən, narınc və ilaxır.

Atlar cinsinə və yaş qrupuna görə aşağıdakılar kimi adlandırlıb.

QULUN (“kurux”)

Anadan olarkən atın balasına qulun (xalq arasında “kurux”, “kurik” və s. də deyilir. Lakin əsas ad qulundur.) deyilir. Qulun doğulanda at sahibi sevinər. Elə biz tərəflərdə, Qarabağda məşhur olan “Oğlan doğulan gün-oğul, qulun doğulan gün atdır” atalar məsəli də buradan yaranıb.
Atın “hamiləlik” dövrü 12 ay çəkir.

DAYÇA

Atın balası altı aylığa çatanda, yəni, doğulduqdan 180 gün sonra dayça adlanır. Cinsinə görə dişi dayça və erkək dayça olur.

QULAN

Atın dişi balası 1 yaşından sonra qulan adlanır və üç yaşında onun minilməyinə icazə verilir. At qulan vaxtında rəngi ilə çağırılır. Məsələn, kəhər-qulan, qəmər-qulan və i. a.

DAY

Atın erkək balası 1 yaşından sonra day adlanır və üç yaşından sonra minilməsinə icazə verilir. O da day vaxtında rəngi ilə çağırılır. Məsələn, göy-dəmir day, səmənd day, kürən day və i. a.
İstər qulan, istərsə də day 3 yaşından tez minilərsə, qınında yanmış hesab olunur və daha çox minilərsə, qolları alınır ki o at da miniyə yaramır.

MADYAN

Qulan 3 yaşından sonra törədicilik qabiliyyətinə malik olur. At doğduqdan sonra, yəni 4 yaşından sonra madyan adlanır. Rəngi ilə sarı madyan, boz madyan, qəmər madyan və s. kimi çağırılır. Qarabağın bəzi bölgələrində madyana yerli ləhcə ilə “maydan” da deyilir.

ERKƏK AT

Day 3 yaşından sonra erkək at adlanır.

AYĞIR

Yaxşı törədicilik qabliyyətinə malik olan erkək ata ayğır deyilir. Keçmiş vaxtlarda ayğırlar öyrədilmirmiş, onlar əsasən ilxıya qoşulurmuş. Atların toplumuna ilxı, ilxını otarana ilxıçı, öyrədilməmiş ata isə xam deyilir. Yəni, xam day, xam qulan və s.

Atı öyrətmək üçün elin, ailənin ağsaqqalı igid oğlanlara tapşırıq verir ki, sarı madyanın balası zoğalı-kəhər dayı öyrədin. İgidlər ilxını haraylayıb toplayır, kəmənd ataraq kəhər dayı tuturlar. İpi atın başına sivirtmək (siyirtmək) salıb, hər ucundan bir neçə nəfər tutmaqla, müxtəlif tərəflərə çəkərək, dayı boğmağa başlayırlar. Day boğulan anda, yəni, ölümünə bir neçə saniyə qalmış ipi boşaldır, daha doğrusu sivirtmək salınmış ipi açır, atın başına yeni bir ipi kürmək bağlayaraq, buruntaq verirlər. (bu işi atın ölüm anından, yəni, nəfəsi kəsilən andan istifadə edərək həyata keçirirlər). Həmin anda cavanlardan biri sıçrayıb xam kəhər dayın belinə oturur. Atın huşu özünə gələn anda sıçrayaraq, qaçmağa başlayır. At kefi istəyən tərəfə qaçır. Qaçış xeyli çəkir. Yəni, ta yorulub əldən düşüncə qaçır və yorulub dayanır, sakit yeriməyə başlayır. Bundan sonra xüsusi yonulmuş, taxta kimi bir metr uzunluqda ağacdan istifadə edərək atın boynuna vurub sağa-sola döndərirlər. Dayı öyrətmək, çılpaq halda minmək üç-dörd gün çəkir. Sonra kəhərin belinə yəhər qoyub, başına yüyən vururlar və nəhayət, xam kəhər minik atına çevirilir.

YABI

3 yaşından sonra axtalanmış erkək ata yabı deyilir. Boz yabı, qəmər yabı və s. Yabılardan əsasən yük daşınmasında və qoşqu üçün istifadə olunur.

Atlar yerişlərinə görə əsasən yorğa yerişli və şortam yerişli olur. Bunlarla yanaşı, söhbət yerişli, tufan yerişli və digər yerişlər də var. Süvari üçün ən yaxşısı yorğa yerişli at sayılır ki, adam atın üstündə oturarkən atın yerişini hiss etmir. Ən pisi isə şortam yerişi sayılır ki, adam atın üstündə oturarkən bütün bədən hissələri tərpənir. Bundan başqa atlar dördəm yerişi, yaxud dördnala çapan da olur.

NAL

Nal atın ayağının altı formasında dəmirdən hazırlanır və atın ayaqlarının altına mıxlanır ki, buna da atı nallamaq deyilir. Nallar da iki cür olur: yastı və aypara şəkilli. Yaxşı, səliqəli, etibarlı nallamaya “nifçi nallanıb” deyiblər.

MIX

Atı nallamaq üçün dəmirdən hazırlanır və əsasən yeddi deşikdən ibarət olan nalı atın ayağına bərkitmək üçün deşiklərdən keçmək şərti ilə atın dırnaqlarına vurulur.

YÜYƏN-CİLOV

Yəhər minik atlarını minmək üçün atın belinə qoyulan xüsusi avadanlığa deyilir. Yəhər əsasən dəmir, ağac və aşınmış dəridən hazırlanır və bir neçə hissədən ibarətdir. Yəhərin əsas hissəsi qaltaq adlanır. Üzəngilər, dəmirdən hazırlanaraq qayış vasitəsi ilə qoltağa bərkidilir və adamların ata minməsi üçün nərdivan rolunu oynayır. Tərlik, təkaltı (yəni tərlikaltı) atın belinə qoyulur, tərlik isə qaltağın altına bərkidilir. Təkaltı və tərlik əsasən keçədən hazırlanır.

QUŞQUN

Qayışdan hazırlanır. Atın quyruğunun irtmək hissəsinə keçirilərək qaltağa bərkidilir. Yəhərin qabağa qaçmasının qarşısını alır.

TAFQIR

Qayışdan hazırlanır. Atın qarnının altından keçərək qaltağı atın belinə bağlayır. Bu, yəhərin atın belindən aşıb düşməsinin qarşısını alır.

DÖŞBAĞI

Xüsusi qayışdan hazırlanaraq üç qoldan ibarət olur ki, iki qol atın qabağından qaltağın sağ və sol yanlarına bərkidilir, üçüncü qol isə atın qabaq qollarının arasından atın qarnının altına-tafqıra bərkidilir.

QANCIĞABAĞI

Rəngli iplərdən toxunulmuş başı qotazlı gözəkdir. Qaltağın arxasında sağ və sol yanlığa bərkidilir. Yəhərin arxa qaşına heybə aşıranda və ya yük aparanda həmin gözəklə bağlanır.

Yəhərin qaşı qaltağın qabaq və arxa hissəsi ayvari (yəni qaş formalı) dəmirdən hazırlanır ki, ona da qabaq və arxa qaş deyilir.

AT ÇULU

Gözəl, bəzəkli ipdən toxunmuş örtüyə çul deyilir. Əsasən erkək atları soyuqdan qorumaq üçün onların belinə salınır və örkənlə beli çəkilir ki, buna da atı çullamaq deyirlər. Örkən də 3-5 sm ölçüdə ipdən toxunur. Örkənin başına doğanaq bərkidilir və örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçir.

BUXOV

Buxov-atın oğurlanmasının, uzağa getməsinin qarşısını almaq üçün qabaq qollarına vurmaqdan ötrü bir tərəfi kilidlənən dəmir zəncirdir və onun uclarını atın qollarında ara məsafəsi 30-40 sm olmaqla bir-birinə bağlayırlar. Buna atı buxovlamaq deylilir.

ÇİDAR

Çidar-iplikdən toxunub, hazırlanaraq atın qabaq ayaqlarını bir-birindən 35-40 sm aralı saxlamaqla bağlanır. Buna atı cidarlamaq deyirlər. Adətən çidar buxovu o vaxta qədər əvəz edir ki, at təhlükəsiz yerdə otlayır.

ÖRÜK

Atın qoruqda otlamasını təmin etmək üçündür. Bundan ötrü 20-30 metrlik ipdən toxunmuş sicimdən istifadə olunur. Sicimin bir başını atın qabaq qollarından birinə kürmək (xüsusi düyün forması) vurur, o biri ucu isə dəmir və ya ağac mıxa bağlanaraq yerə çalınır. Buna atı örükləmək deyirlər. Gün ərzində mıxın yeri bir neçə dəfə dəyişdirilir ki, buna da atın örüyünü dəyişmək deyirlər.

QOLBƏND

Atı qolbənd etmək-yüyəni atın qollarına siyirtmək bağlayıb, son ucunu üzəngiyə bərkitmək deməkdir. Bu zaman atın başı aşağı vəziyyətdə olur, başqa sözlə, ağzı yerdən 50-60 sm yuxarıya qalxmır. Ona görə də uzağa gedə bilmir.

Tağı KƏRİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub