Modern.az

Aprel şəhidimiz əsgər Altun Dəmirlinin əziz xatirəsinə  - Deputat YAZIR

Aprel şəhidimiz əsgər Altun Dəmirlinin əziz xatirəsinə  - Deputat YAZIR

13 İyun 2018, 14:54

Varlığımızdan uca Vətən!

Yağış yağır, səngərim sudur,

 Talehin yazdığı gün budur.

 Dostum ölər mənim yolumda,

 Can verərəm onun yolunda…

 

Deyirlər insanın düşüncələri həyatına yön verir, reallıqdırmı, deyilmi, bilmirəm, yəqin heç kim bilmir… Amma niyyətin hara, mənzilin ora deyib atalar… Altun öz talehini özü seçənlərdən idi, niyyətini də, mənzilini də bilirdi….

 

Qəhrəman və şəhid olmaq…. Bəlkə bu dünyada mövcudluğunu, ruhunu bir yük kimi daşıdığı cism olaraq qəbul edirdi, bilmirəm…. Doğrusu mən onun haqqında heç nə bilmirəm, çünki heç tanımadım, görmədim, danışmadım… Kimdir Altun? Bildiklərimi isə bilirəm, Vətən uğrunda sevə-sevə can verən, cismiylə qarışdığı torpağa həyat verən, məğrur baxışlarıyla özünü təqdim edən Azərbaycan övladıydı. Bu xalqın, elin, obanın qürur mənbəyi, əzmkarlıq ruhuydu… Şəkildən baxır mənə, mən də ona baxıram, danışırıq səssizcə və yavaş-yavaş tanımağa başlayıram… Mərd, qorxmaz, etibarlı, ehtiramlı, yaxşı dost, güvənli sirdaş, günahı özündən böyük dünyanı və insanlığı sevən və bu sevgisiylə dünyanı mərhəmətə qərq edən, bu dünyadakı varlığını vətənin sevgisində daşımağı özünə hünər bilən, ölümü belə qorxudan ər, igid idi O… Gəlmişdik, yenə bir ocaqda yarımçıq ömür payının niskiliynən qarşı-qarşıyaydıq. Fərman ata qarşıladı bizi, həmişəki təmkini, susqunluğu və sakit baxışlarıyla…

 

Bu baxışlarla qarşılaşdıqca düşünürdüm, böyük sevgiylə sevdiyi bir övladın kədərini bir insan buqədər qürurla, təmkin və məğrurluqla necə daşıya bilər, bu qədər acını daş səbrlə o kiçik qəlbə necə sığdıra bilər? Özüm özümlə danışa danışa, anlaşılmaz hisslərin təlatümündə keçdik içəri, oturduq, hər tərəfi Altunun xatirəsini daşıyan bu evə bir də biz gəlmişdik… Altunun və onunla birlikdə eyni qisməti yaşayan beş ayrı oğulun xatirəsini gətirmişdik, sözləri yox hissləri qoymuşduq o əmanətə… Və səssizcə təqdim etdik Atamıza, sözlərə ehtiyac yoxdu, bu sükut hamımızın qulağına anladığımız və bildiyimiz hər şeyi pıçıldayırdı… Bu sükutun içində aldı əlinə oğlunun xatirəsini, sakit , susqun baxışlarıyla ağır-ağır vərəqləməyə başladı… Heç birimiz danışa bilmirdik…. Səssizliyin səsi qulaqlarımızı batırırdı, ürəyimizi dağlayırdı, mənə elə gəlirdi ki, zaman dayanıb və həyatın nəfəsi kəsilməkdədir… Sözlər insana hisslərini ifadə etmək üçün verilib, amma burda sözlər öz qüdrətini itirmişdi və zamanın hökmdarı sükut idi!

 

Mən sadəcə bu səssizlikdə ağır-ağır nəfəs alaraq oğlunun şəkillərinə baxan ümidsiz və soyuq baxışların sahibini, hər nəfəsində qəlbinə oturan yoxluğun əzabının titrəyişini görə bilmədiyimiz kədərin göz yaşları ilə birlikdə udqunaraq ürəyinə axıdan atanı və başı üstündə eyni hissləri daşıyan qəm yoldaşını seyr edirdim… Sükut məni zamandan və məkandan almışdı, düşünə bilmirdim, yox, mən bu səssizliyə dözə bilmirdim…. Keşkə danışsaydı, ağlasaydı, şikayətlənsəydi, dünyanı dağıtsaydı amma susmasaydı, sakit dayanmasaydı… Kim deyir ki, acının dili var? Bu kədərin sükutuydu… İtirilmiş dayağın və güvənin, sönmüş ümidin, yerinə yetməyəcək arzuların, yarım qalan xəyalların sükutuydu, bir övlad acısının ən qulaq batıran səssizliyiydi… Bəlkə həyat ona seçim verməmişdi, vətənmi, oğulmu? deməmişdi… Amma o sakit baxışlar və təmkin bizimlə danışırdı, ürəyinin yarısı oğul, yarısı vətəndi… Bəlkə də Vətən sevgisi oğul varlığından ötəydi… Axı hamımız torpağıq, gec tez onunlayıq, onunuq, odur bizi var edən və bizik ona dəyər qatan… Fərman ata müdrikdir, həyatın və dünyanın mahiyyətini anlayacaq, yükünü çiynində daşıyacaq qədər böyükdü… Altunun şəhid olduğunu eşidəndə yenə bu məğrurluqla və təmkinlə demişdi; Vətən sağ olsun! Vətən ucaydı, Vətən zirvəydi, ona gərək yad əllər toxunmasın, başına qara buludlar toplaşmasın və Vətənin vüqariydı, təntənəsiydi, əzəmətiydi, Altunun qəhrəmanlığı və Vətənin qələbəsiydi ona bu duruşu, məğrurluğu bəxş edən!!!

 

Amma susurdu, səssizliyinin bizimlə dərtləşdiyini bilmədən baxırdı oğluna, oğullarına, hamısı onun oğluydu, vətənin ona əmanətiydi… Həyat onları ən uca zirvədə bir kədərdə toplamışdı başına və onlar o şəkillərdən heç nə bilmədən, duymadan sevgi dolu baxış, məsum təbəssüm və gələcəyə ümidlə bizə boylanırdılar… Bu səssizlikdə zaman durmalıydı, həyat dayanmalıydı, başqa cür ola bilməzdi, yoxsa bu sükut bu qədər davam edə bilməzdi… Tanışdır, oxşardır duyğular, Tanrı bizi bir yaradıb, bir birimizi anlamaq üçün eyni hisslərlə mükafatlandırıb… Zahiri sükutun daxildəki fırtınası, hayqırtısı, yanğısı acıların bəlkə də ən böyüyüdür… Buna sahiblənməyin iradəsi məğrurluğun və gücün ifadəsiydi… Baxırdım ona və düşünürdüm, eyni hisslərin və doğma kədərlərin qonşusuyduq…. Mən atamı itirmişəm, bir ataya oğul hansı güvəni verirsə, bir qız üçün də ata odur, sonsuz güvən və ümidlərin mənbəyi, görünməyən gücün verdiyi əminlik, arxan, dayağın, ürəyin, qəlbin bir sözlə hər şeyin… Mən də bu səssizlikdə atamı vermişdim torpağa, içimdəki üsyanın sönməyən atəşiylə, bu gün də eyni səssizliklə məni ağrıdan heç bitməyən, dinməyən acısıyla, kədəriylə

Bilirəm, eyniz səssizlikdə bu təlatüm heç bitmir, elə bilirsən həyatın əlindən axıb gedib, yaşam dəyərini itirib, ən dəyərlini əlindən alan soyuq torpaq zahirən o atəşi söndürüb və torpağın üzü kimi zahirən soyuq olmağa vadar edib… İstiliyini almaq üçün qara daşdan boylanan oğlunun şəklinə sığal çəkən ananın soyuq əllərinin acısını duyuram… Bu toxunuşun, bu soyuq təmasın insanı həyata qaytardığını bilirəm… Yoxdu Altun, cismi Ana Torpağın, sevgisi qəlblərin qisməti olub, o isə öz sevgisinə qovuşub, Vətən sevgisinə və torpaq həsrətinə… Bilirəm, bunun eyni hisslərlə danışan baxışlarla qulağıma nələr çığırdığını yalnız mən bilirəm, Təsəlli verməyi də, təsəlli eşitməyi də sevmirəm… Sözlərin kədəri yumşaldacağını, dinməyən ağriya dərman olacağını sanmıram…

Fərq etməz, bu səssizlikdə həyat davam edir, ağrıyla, acıyla, sevgiylə, sevinclə, qayğılarla… Zamansızlığın sükutundan sonra danışmağa heç nə qalmamışdı, sükut anlatdığını anlatmışdı, o bizə hər şeyi danışmışdı…

 

 

Bizim varlığımızdan uca olanı bizə tanıtmışdı… Ayrılmaq zamanıydı… Elə fikirli baxışlarla sağollaşdıq, həqiqətimizi sahiblənərək başqa qapını döymək üçün yola çıxdıq… Nə qədər Vətən var, biz varıq, ölüm də, əzab da onun varlığının əbədiyyətindədir…

 

Həqiqət isə birdir, yola davam!!!

Sona ƏLİYEVA,

Millət vəkili

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir