Modern.az

DİM 9-cuların buraxılış imtahanlarında yazılmış inşaların qiymətini açıqladı

DİM 9-cuların buraxılış imtahanlarında yazılmış inşaların qiymətini açıqladı

14 İyun 2018, 17:44

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdlərinin yazdığı inşaların (esselərin) yoxlanılması prosesi başa çatıb.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, şagirdlər qurumun internet saytında buraxılış imtahanının nəticələri (//eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, inşa vərəqələrinin qrafik təsviri ilə və qiymətləndirmə meyarı ilə tanış ola bilərlər.

 

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında iştirak edən 108332 şagirddən 28933 nəfər inşa (esse) yazıb.

 

İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. İnşanın (essenin) qiyməti ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar. 8079 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib.

 

İnşaların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 25, 27, 28 iyun 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

 

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 20-22 iyun tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər.

 

Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagirdlə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi