Modern.az

Pambıqçıların zəhərlənməsinin əsas SƏBƏBLƏRİ açıqlandı  

Pambıqçıların zəhərlənməsinin əsas SƏBƏBLƏRİ açıqlandı   

Hadisə

20 İyun 2018, 12:25

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son günlər pambıqçıların zəhərlənməsilə müşahidə edilən dərmanlama prosesinə münasibət bildirib.


V.Məhərrəmov Modern.az-a bildirib ki,  son 20 ildir Azərbaycanda kənd təsərrüfatının bəxti gətirmir:

“Burada problemin kökü pambıqçılıqda zərərericilərin sayının həddindən çox olmasındadır. Hazırda 200-dən artıq pambıq zərərvericisi var. Sovet dövründə pambıq əllə yığılırdı deyə sovkanın məhvində dərman pereparatlarından aşırı istifadəyə icazə verilmirdi ki, insanların, heyvanların orqanizminə zərər vurulmasın.

 

Prezidentin pambıqçılığın inkişafı ilə bağlı göstərişindən sonra bu sahədən bixəbərlər, qeyri-peşəkarlar kor-korana tapşırığı yerinə yetirməyə başladılar. İndi Amerikada da pambıq yetişdirilir. Amma Amerikada hər bir fermerə düşən ərazi orta hesabla 170 hektardır, bizdə isə hər fermerə ortalama 2, 5 hektar əkin sahəsi düşür. Bu fərqi düşünmək lazımdır. Bizdə əkin əraziləri həm yaşayış yerlərinə çox yaxındır, həm də Amerikadan fərqli olaraq bizdə əl əməyindən çox istifadə edilir. Amerikada hər şey mexanikləşdirilib, əl əməyindən istifadə edilmir”.

 


Ekspertin sözlərinə görə, pambıqçıların zəhərlənməsinə səbəb dərmanlardan istifadədə doza həddinin aşılmasıdır:

“Bizdə son vaxtlar pambıqçılığın genişlənməsi fonunda zərərvericilərin də sayı artır. Saatlıda, Tərtərdə və İmişlidəki zəhərlənmə faktları onu deməyə əsas verir ki, bizdə daha çox dozada dərman perepatından istifadə ilə daha çox zərərvericini məhv etməyə çalışıblar. Ancaq bunlar anlamır ki, həşəratları birdəfəlik məhv etmək mümkün olmayacaq. Çünki həmin həşəratlarda təbii olaraq dözümlülük təmin edilir.

 

Hələ 2015-ci ildə pambıqçılığın inkişaf etdirilməsi qərarı veriləndə, həmin il ərazilərdə müddəti 2011-ci ildə bitmiş dərman pereparatlarından istifadə olunmuşdu. Mən hətta bunu ictimailəşdirmişdim. Amma sonradan həmin fermerə çox ciddi təzyiqlər oldu. Pambıqçılıqla məşğul olanlar elə yüksək vəzifəli məmurlardır ki, onlara kimsə “gözün üstdə qaşın var” deyəsi deyil.

Artıq cinayət əməlləri sezilir. Amma təəssüf ki, Saatlıdakı hadisədən sonra kiminsə barəsində tədbir görüldüyünü eşitmədik. Buna görə də xoşagəlməz hadisə Tərtər və İmişlidə də baş verdir. İctimaiyyəti sakitləşdirmək üçün hansısa tədbir görüldü, bu da “gözdən pərdə asmağa” xidmət edirdi”.

 

V.Məhərrəmov baş verən zəhərlənmə faktlarının təxribat ola biləcəyini də istisna etməyib:

“Bunu xüsusi xidmət orqanları mütləq araşdırmalıdır. Hər halda təxribat da olsa,  dozadan artıq istifadə faktı var. Əgər təxribatdırsa, ilk hadisədə bunun qarşısı alınmalı idi. Kənd Təsərrütafı Nazirliyinin yerlərdə nümayəndələri var. Saatlı hadisəsindən sonra məsələ nəzarətə götürülməli idi. Yəni nazirliyin bunu icra etmək üçün kifayət qədər kadr potensialı var. Eyni zamanda, “Strateji yol xəritəsində” kimyəvi maddələrdən istifadənin 25 faiz artırılacağı qeyd edilib. Axı nə bilirdilər ki, pambıqçılıq aratacaq, zərərvericilərin sayı artacaq. Axı dozadan artıq istifadə ekologiyaya ziyan vurulur. Bu dərmanların doza həddinin aşılması torpaqda bitki üçün faydalı olan maddələri, mikroorqanizmləri məhv edir. Bu o deməkdir ki, daha çox dərmanlanan torpaq gələn il daha zəif olacaq, zəif olduğu üçün bitki də zəif yetişəcək, bitki zəif olduğu üçün daha asan şəkildə xəstəliyə məruz qalacaq. Bunların hamısı bir-birindən asılıdır. Ümumiyyətlə, nazirlikdə, Nazirlər Kabientində bu sahəyə nəzarət edən adamalar qeyri-peşəkardır. Azərbaycanda inzibati yolla pambıqçılığın inkişaf etdirilməsi effektli olamayacaq. Qoy fermerlər öz güclərinə, öz bildikləri kimi, amma özləri istəyərək bu sahəni artırsınlar. Mən fermerlər tanıyıram ki, öz təsərrüfatlarında 1 hektardan 6 ton məhsul götürür. Bunu, dünya rekoru hesab etmək olar. Şərait yaratsınlar, onlar özləri istehsal etdikləri məhsulu inkişaf etdirsinlər, xaricə çıxartsınlar. Vergi ödəyicisi olsunlar. Bu, hələ yaxşı vəziyyətdir. Bir azdan dərmanlanmış torpaqların münbitləşdirilməsi istiqamətində milyonlar yox, milyardlar xərclənəcək”.


Qeyd edək ki. Saatlı, Tərtər və İmişlidə pambıq sahələrində dərmanlama zamanı yüzlərlə pambıqçı zəhərlənmə ilə bağlı xəstəxanalara müraciət edib. Xoşbəxtlikdən ölüm olmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır