Modern.az

NATO üçün kabusa çevrilən “Qara dəlik”...

NATO üçün kabusa çevrilən “Qara dəlik”...

25 İyun 2018, 16:05

Dənizlərdə hökmranlıq və su sərhədlərinin təhlükəsizliyinin təmin olunması üçün sualtı gəmilər əvəzolunmaz bir silah növüdür. Hazırda bir-birinə ciddi rəqib olan NATO ilə Rusiya dəniz donanmasında bu silahlanma növünə ciddi diqqət göstərir.

 

Modern.az saytının beynəlxalq hərbi nəşrlərə istinadən məlumatına görə, ABŞ tərəfi əsasən atom mühərrikli sualtı gəmilərə üstünlük versə də Rusiya öz donanmasında həm atom, həm də klassik dizel mühərrikli gəmilər saxlayır.

 

Rusiya əsasən atom mühərrikli gəmiləri uzunmüddətli patrul missiyaları üçün istifadə edir. Dayaz sularda və münaqişələrdə isə dizel  mühərrikli gəmilər kifayət edir.

Burada diqqət çəkən məqamlardan biri Rusiyanın sualtı donanmasının dizel mühərrikli gəmilərinin əksəriyyətini “Layihə 877” gəmiləri təşkil etməsidir. Bu gəmiləri NATO və Qərb "Kilo" tipli sualtı gəmilər adlandırsa da ABŞ Donanması onlara "Qara dəlik" ləqəbini verib. ABŞ-da bu gəmilərin belə adlanmasına səbəb onların çox səssiz olmalarıdır. Belə ki, dənizdə səssizlik gözəgörünməzlik deməkdir. Bundan əlavə bu tipli gəmilər səsboğucu örtüklə də örtülüb ki, bu da onu exo radarlar üçün daha da görünməz edir.

 

İlk olaraq bu “Kilo” tipli gəmilər əsasən Varşava müqaviləsi ölkələrinin donanması üçün istehsal edilirdi. Ona görə də onlara “Varşavyanka” da deyilir. Bunlar çox sürətli olmayan, kiçik həcmli və çox dərinə üzə bilməyən sualtı gəmilərdir. Su üzərində sürəti 18,5 km/saat, sualtında isə 31,5 km/saat sürətlə hərəkət edən bu gəmilər əsasən 350 m dərinliyə qədər enə bilir. Daha sonra özünü dənizlərdə kifayət qədər effektiv göstərən bu gəmilərin 30 ildən çox istehsalı davam etdirilib. Və daha da təkmilləşdirilən bu gəmilər ABŞ hərbçilərinin gözündə bir əfsanəyə çevrilməyə başlayıb.

 

“Sovet ittifaqı üzvləri üçün ikinci dərəcəli kimi qiymətləndirilən bu gəmilər, NATO-nun gözündə sualtı əfsanəy’ çevrildi” – Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə mütəxəssis Kayl Mizokami qeyd edir.

Bu gəmilərin zəif sürətlə hərəkət etməsi onların şöhrətini söndürmədi və hətta daha da artırdı deyə bilərik. İki daha səssiz, amma zəif sürətli mühərriklər gəmiyə suyun dibinə daha yaxın hərəkət etməyə imkan verir.  Bu da onu dayaz sularda daha effektiv edir.

Gəminin heyəti 12 zabit və 41 matrosdan təşkil olunur. Bu heyətlə belə “Varşavyanka” su üzərinə çıxmadan, yəni hava qəbul etmədən iki həftəyə qədər (260 saat) sualtında qala bilir. Daxili qida ehtiyatı ilə heyət 45 günə qədər xidmət apara bilir.

 

Bunlardan əlavə gəminin yeni modelləri 11112- 13890 km məsafəyə nəzarət edə bilir. Bu isə “Varşavyanka”lara  bir mərkəzdən minlərlə kilometri müşahidə edib sonra daha təhlükəsiz hərəkət etməyə imkan verir. Bu tipli gəmilər “MQK400 Rubikon” sensoru ilə təchiz olunub. Bu sensorlar aşağı tezlikli və səs diapazonlu küyləri aşkarlamağa imkan verir. “Kilo” tipli gəmilər “MQ519 Mause Roar” yüksəktezlikli radarlarla təchiz olunub ki, bununla gəmi hədəfin tipini müəyyən edə və minalardan yayına bilir.

“Varşavyanka”ların 6 torpedo borusu var ki, son yeniləmələrdə onların ikisi idarə olunan torpedaları istifadə etməyə imkan verir. Həmçinin bu son modelləri “İqla” Zenit Raket Kompleksi ilə də təchiz etmək olur. Son modelin əsas üstünlüklərindən biri də onları “Kalibr” qanadlı raketləri ilə təchiz oluna bilmələridir.

 

Cənubi Çin dənizi və iqtisadi bölgəyə görə münaqişə yaşayan Çin və Vyetnamın donanmasında bu tip gəmilər yer almaqdadır. Çinin donanmasında 10, Vyetnam donanmasında isə 6 “Kilo” tipli gəmilər xidmət aparır.

 

Bundan əlavə qeyd etmək lazımdır ki, hələ SSRİ donanmasında bu gəmilərdən 24 ədədi xidmət aparıb. Onlardan 11-i hələ də Rusiya donanmasında, biri Polşa, biri Rumıniya, 10 ədədi isə Hindistan donanmasındadır. Rumıniyadakı yeganə və Hindistandakı gəmilərdən birini çıxmaq şərti ilə qalanları hələ də işlək vəziyyətdədir.  İran 3 ədəd, Əlcəzair isə 2 ədəd bu tip gəmilərdən əldə edib.

 

33 il ərzində bu tipli 53 sualtı gəmi istehsal edilib. SSRİ-nin dağılmasından sonra Rusiyanın istehsalını davam etdirdiyi silah növlərindən biridir. 2016-cı ilin dekabrında Rusiya “Varşavyanka”dan Suriya ərazisindəki İŞİD obyektlərinə qanadlı “Kalibr” raketləri ilə zərbələr endirib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır