Modern.az

Lahıcda tayfa davası – qan düşmənçiliyi (REPORTAJ)

Lahıcda tayfa davası – qan düşmənçiliyi (REPORTAJ)

13 Sentyabr 2011, 11:11

Gəlinlik duvağını kəfən üçün saxlayanlar...

Bu yay dostlarla istirahətimizi İsmayıllıda keçirməyə qərara almışdıq. İki gün Lahıcda, bir gün Basqalda, sonra da Xanagahda, rayonun özündə və başqa kəndlərdə olduq. Yaxşı istirahət etdik, yaxşı da “dərs aldıq”. Əvvəlki illərdə Türkiyəyə, Latviyaya, Ukraynaya, Moskvaya getmişdik. Amma öz yurdumuzun bu qədər gözəl, füsunkar, əsrarəngiz və istirahət üçün belə sərfəli və mənalı olacağını bilmirdik. Heç bir yerdə bu qədər mənalı istirahət etməmişdik. Ləzzət heç də xarici içkilərin təsirində, nədən hazırlandığını bilmədiyimiz yeməklərdə və daha nələrdə deyilmiş. İçkisiz, qadınsız da yaxşı dincəlmək olar. Amma gərək bunu bacarasan.  

... Lahıcdan rayona qayıdırdıq. Zərnava kəndinə gedən yolda asma körpünün yanında dayanıb çaya, dağlara baxırdıq. Çayın gurultulu axını böyük səs-küy yaradırdı. Burada dağların qəribə görünüşü var. Sanki gördüklərin dağ deyil, dəvə karvanıdır. Elə bilirsən bir neçə dəvə boynunu əyib su içir. Buraya ilk dəfə gələn şəhər adamının əvvəlcə başı gicəllənir, özünü pis hiss edir. Yerli camaat və həkimlər deyirlər ki, bu, hava ilə əlaqədardır. Oksigen bolluğuna düşəndə adamın halı dəyişir, amma bir az keçdikdən sonra adamın əhvalı düzəlir, kefi kökəlir. Dağların arası ilə nazik şırnaq ilə axan suyu birnəfəsə içmək olmur, adamın dişləri donur.

Burada çiçəklərin də qəribə ətri var. Qızılgül şəhərdəki kimi qoxumur. Bir sözlə burada hər şey fərqlidir, hətta insanları da.

Axşam düşürdü. Çay içmək üçün yol qırağında kiçik bir kafeyə daxil olduq. Orta yaşlı bir qadın bizi görüb, təmiz İsmayıllı, bəlkə də elə Lahıc ləhcəsi ilə “xoş c(g)əlmisiniz” dedi. Onlar “g” hərifini elə səsləndirilər ki, adamın xoşuna gəlir. Çay içmək istədiyimizi bildirdik.
“Bu dəqiqə sizin üçün yaxşı çay dəmliyərik” deyib, kafenin o biri tərəfinə keçdi. Ocağın qırağında üç litrlik balonda tünd qırmızı rəngdə çay var idi. Özüm də kəndli balasıyam və üstəlik İsmayıllıdan olduğum üçün o çayın şəfalı bitkilərdən hazırlandığını bbilirdim. Sadəcə olaraq yemişan və ya heyva çayı olduğunu bilmirdim. Belə çayı yemişanın və ya heyvanın nazik budaqlarından dəmləyirsən, həm yorğunluğu çıxarır, həm də ayrı ləzzəti var. Uşaqlara dedim ki, gəlin bu çaydan içək, bunu özləri üçün dəmləyiblər, belə çay ələ düşməz.

Kafenin o biri tərəfində qadın oğlunu danlayırdı: “Mənə fors-zad eləmə, sən öləsən ölənə qədər k(ç)ırparam səni. Vaxtında oxuyeydun, c(g)edib sən də bir adam oleydun, bu zulumu da k(ç)ehməzdün. Odu bax, camaat xaricdən gəlib burda kef eliyir, sən isə ölürsən. Tez ol deyirəm sənə”.
(Doğrudan da Lahıcda Norveçdən, Polşadan, Niderlanddan, Tallindən, Kiyevdən gələnlər var idi-X.Ə.)

Mən onlara tərəf getdim və ocağın yanındakı çaydan istəyimizi bildirdim.

Qadın bizə baxıb, “yox a qardaş ondan niyə, onu bizim kimi kətçilər içirlər, sizin üçün yaxşısını, özü də lap kəhliyotlu çay dəmləyəcəyəm. İçərsiz, yorğunluğunuz da çıxar”.

Yox bacı, biz elə o çaydan istəyirik-dedim. 22-23 yaşlarında olan oğlan tərs-tərs mənə baxıb, “şəhərrilər onun dadını bilməz, sizə dedilər oturun, c(g)edin oturun yerinizdə. İndi sizə çay gətirərik, özü də əlasından” -deyə söylədi.

Gülə-gülə qayıtdım yerimə. Qadın gəlib bizə üç cür çay təklif etdi. Amma ocağın qırağındakı çayı heç nə əvəz etmədi ki, etmədi. Yemişan çayı idi. Çay deyildi, məcun idi, əsl can dərmanı.
 
Nə isə çayımızı içib, düzəldik yola, artıq qaranlıq düşmüşdü. Amma sən saydığını say, gör fələk nə sayır. Yolumuz çayqırağı olduğu üçün daşların üstündə maşın bizi atıb-tuturdu. Maşın xarab oldu. Bir saatdan çox qaldıq orda. Kafedən də xeyli aralanmışdıq. Düşüb odun toplamaq istəyirdik, çarəmiz yox idi, düşünürdük ki, burda gecələməliyik. Bir də gördük, uzaqdan qaraltı gəlir. Üç nəfər atlı idi. Gəlib bizə çatdılar. Bayaqki, qadın, oğlu və ağsaqqal bir kişi. Bizə yaxınlaşıb, bir az duruxdular, baxışdılar. Doğrusu biz heç nə demirdik, deməyə sözümüz də yox idi. Əsas yoldan xeyli aralı idik. Qoca kişi atdan düşdü və dedi:
-  Bala, axşam vaxtı burda sizə köməklik edən çətin tapılar, gəlin gedək bizdə qalarsuz, sabah görək neynirik.

Razılaşmaqdan başqa çarəmiz də yox idi. Sən demə kənd çox yaxın imiş, 10 dəqiqə piyada yol idi. Kəndin də çox mehriban insanları var idi. Yarım saat keçməmişdi ki, 20-30 adam toplaşdı başımıza. Şəhər adamlarına böyük maraq var onlarda. Çox qəribə, həm də maraqlı suallar verirdilər. Hərdən özün-özünə soruşursan ki, bunlar rayon mərkəzindən bu qədər aralı yaşadıqları halda, soruşduqlarını haradan bilirlər. Bunlar bəzi şəhərlilərdən savadlıdırlar.

Kənd camaatı ilə yaxşı çay içdik, çörək də yedik. Hər şey qaydasında idi. Amma bu kəndin, xüsusən də bu ailənin qəribə taleyi varmış.

Bizi qarşılayan Əbdüləli babanın 114 yaşı vardı. Həyat yoldaşı, özünün dediyi ki, qarısı rəhmətə gedəndən sonra böyük bacısı Zərin nənə ilə qalır.

Övladları Bakıda müxtəlif sahələrdə işləyirlər. Bu bacı – qardaşın xeyli nəvə və nəticəsi var. Hər halda öz dediklərinə görə, nəvə-nəticələri 70 nəfərdən çoxdur.
İndi onların həyat heyaətini qısaca nəql edim...

Zərin nənə cavan yaşından dul qalıb. Hələ bu da az imiş balaca oğlu 1941-45-in davasında ölüb. O biri övladlarını da tək böyüdüb. Deyir ki, indi də bu yetim Əbdüləli qardaşına baxır.

Əbdüləli babanın da övladı çoxdur. Nədənsə nə sayını, nə də adlarını dedi.

Qonşuların dediyinə görə, cavan ikən dul qalan Zərin nənənin ərini öldürüblər. Min bir əziyyətlə böyütdüyü üç övladından biri müharibədə  ölüb, biri də Bakıda avtomobil qəzasında. Qonşular deyirdilər Zərin nənə cavanlıqda çox gözəl imiş və çoxlarının ürəyinə od salıbmış. Amma ailələr arasında qan düşmənçiliyi olub və Zərin nənənin atası və qayınatası bu davanı yatırtmaq üçün qohum olmaq qərarına gəliblər. Zərin nənənin də könlündən keçən olubmuş. Amma o vaxt nə sevgi, nə məhəbbət. Ata ərə verdisə, getməlisən.

Zərin nənə ərə gedəndə gəlib dayanıb ata-anasının qarşısında, başında ağ duvaq, əynində güllü, al-qırmızı ğəlinlik paltarı, belində gümüş kəmər və gümüş xəncər. Atası onu qarşısında görüb arvadına acıqlanıb və deyib ki, “bunu rədd elə, bu qız burda nə gəzir. Mən onu ərə verdim, başına ağ duvaq saldım. Qoy qulağında sırğa eləsin. Bu onun həm də kəfənidi. O ər evindən kəfənnən çıxacaq”.

Ana qızını qova bilməyib, bəlkə də qovmaq istəməyib. O zaman kənddə deyirlərmiş ki, qarşı tərəf bu qızı alıb aparıb öldürəcək. 

Zərin ata-anasının qarşısında diz çöküb deyib ki, “narahat olmayın, başınızı aşağı eləmərəm, amma sizə bir şey olmasına da imkan vermərəm. Əməyinizi, çörəyinizi hala edin!”.

Sonra da özü minib ata, bəy evinə gəlin gedib. Çox mərifətli, abır-həyalı gəlin olub. Həyat yoldaşı, qayınatası, qayınanası Zərin nənənin başına dolanırlarmış. Amma tayfa davası yenə bitməyibmiş. Deyilənə görə, Zərinin ərini də elə özününkülər öldürüblər ki, qan davası davam eləsin. Amma qayınatası işi bilib, öz qohumlarından birini asma körpünün yanında qayadan salıbmış. Sonra, dul qalmış Zərin nənəyə çoxları elçi düşüb, amma bu qadın öz ailəsinə verdiyi sözə, ərinə sadiq qalıb, daha heç kimlə ailə qurmayıb.

Deyilənə görə, bu tərəflər də qan davası hələ də qalır. Elə kafeni işlədən qadının da həyat yoldaşı belə bir davanın qurbanı olub. Qadın Əbdüləli babanın nəvəsinin həyat yoldaşıdır.

Saçının birini ağ, birini qara hörüb bir övladını böyüdən gəlin də tayfa düşmənçiliyinin ağrı-acısını çəkir. Onun həyat yoldaşını Bakıda öldürüblər. Hərə bir söz deyir, onun haqqında. Deyirlər çox mərd, sözübütöv cavan olub. Onu öldürən adam, əməlindən peşman olub, gətirib nə qədər pul-filan da verib, amma onu bağışlamayıblar. Çox qəribədir ki, Əbdüləli babanın oğlu və gəlini, yəni bu gəlinin qayınatası və qayınanası Bakıda olurlar. Amma heç kim onlar haqqında danışmaq istəmədi.

Deyirlər o vaxt gəlinin ata-anası, qardaşı gəlib aparmaq istəyiblər, amma o getməyib. Deyib ki, bu evin öz adəti var. Bura ağ duvaq ilə gələn gəlin buradan kəfənnən çıxır. Gəlin nə Bakıdakı qohumlarından, nə də özününkülərdən yardım alır. İstəyi də tək oğlunu oxutmaq, necə deyərlər, adam eləməkdi. Oğulun isə fikri atasının qisasını alıb, qan davasını öz xeyrinə bitirməkdir. Qısa söhbətimiz də oldu cavan oğlanla. Dedi ki, evlənərək evə gəlin gətirəcək, anasının, babasının, Zərin nənənin arzusunu yerinə yetirəcək, bir az da gözləyib, övladı olandan sonra qisasını alacaq.

Deyirlər babası və nənəsinin sözündən çıxmır, anasını çox istəyir. İndi uşaq döymək hər adamlın işi deyil. Amma bu gəlin uşağı necə lazımdır əzişdirir. Oğlan bir dəfə də olsun anasının üzünə qayıtmayıb. Bir qəribəlikdə ondadır ki, oğlan maşın və texnikanı çox sevir. Onun otağında elə jurnallar var idi ki, onları biz heç Bakıda görməmişdik. Amma heyf ki, bu oğlan oxumaq istəmir.

“Niyə oxumaq istəmirsən” deyə soruşanda cavabı çox qəribə və mənalı oldu:
“Mən başladığım işi yarımçıq qoyan insanlardan deyiləm. Əgər oxumaq istəsəm, ən yüksək balla xaricdə oxuyaram... Axı mən oxusam gərək təhsilimi davam etdirəm. Onda bu biri işim qalacaq, eybi yox mənim oğlum oxuyacaq. Belə vəsiyyət edəcəm oğluma. Mənim oğlum sözümü yerə salmaz, vəsiyyətimi yerinə yetirər. Axı onun damarlarından mənim qanım axacaq. Mən isə qisasımı almalıyam. Siz bilmirsiniz. Zərin nənə, anam, bibim xalam. Hamısı ağ gəlinlik duvağını kəfən kimi saxlayır. Onlar yazıq deyildilərmi...”.

- Bəs sənin gələcək arvadın? O necə olacaq, o da ağ duvağı kəfən eyləyəcək?
- Hə!
Cavab çox qısa və sərt oldu.

Çox dil tökdük, amma onu fikrindən daşındıra bilmədik. Söz verib ki, toyuna çağıracaq, bəlkə onda nə isə edək.

Səhəri dirigözlü açdıq, heç kim yata bilmədi. Ala- toranlıqda, heyvadan dəmlənmiş çayımız, kənd yumurtası, bal, qaymaq və pendir, isti təndir çörəyi olan süfrədən bir qismət yeyib yola çıxdıq. Bizim üçün yola xeyli yemək tədarük etmişdilər. Keçi pendiri, bal və qaymağın dadı hələ də damağımızdan getməyib.

Biz yola çatanda gözümüzə inanmadıq. Oğlan maşınımızı çaydan çıxartmışdı, palçığını silirdi. Yanında isə heç kim yox idi.

Dostum təlaşla dedi: “Sən bunu necə elədin, hələ heç camaat yuxudan durmayıb, sən bu maşını necə xoda saldın, necə çıxartdın, axı dünən işləmirdi”.

“Nəinki camaat yuxudan durmayıb, heç tülkü də bərədən düşməyib. Qoy bu da sizin üçün bir sirr olaraq qalsın, bu kəndlərdə o qədər sirlər var ki, bax bu dağlar kimi. Bu dağa baxın dəvəyə oxşayır, bu tərəfdəki də eşşəyə, bax o isə kəhər ata”-deyə oğlan dilləndi.
Sonra da əlavə etdi:
- Bilirsiniz Lahıc nə deməkdir?

Cavab gözləmədən sözünə davam elədi:

- Böyük Qafqazın ətəyində, Girdman çayın sahilində yerləşən  indiki Lahıcın ərazisində müxtəlif tayfalar olub. Məskunlaşanlar içərisində irandilli tayfalar üstünlük təşkil edirdi. Lahıcın 1500 illik tarixi var. Lahıc qəsəbəsinin yaradılmasını lll – Vll əsrlərə aid edirlər. Oxumuş adamlar yaxşı bilərlər (sanki bizə lağ edirdi və öz savadını nümayiş etdirirdi-X.Ə.). Tarixi mənbələrdə Lahıc “Lancan”, “Əl-Əycan”, “Layican” adları kimi qeyd olunub. Bir çoxları Lahıcı tayfa adı ilə əlaqələndirir, digərləri İranın Layican əyalətindən gəlmişlər və həmin adı qoruyub saxladıqlarını güman edirlər. Deyilənlərə görə Lahıc Sasani şahı l Keyxosrov tərəfindən salınıb. İranın Lahican əyalətinin şərəfinə bu yerləri Lahıc adlandırılıb. Hətta Lahıcın köhnə qəbiristanlığında Keyxosrovun qəbri olduğu da güman edilir.

Amma başqa rəvayət də var. Deyirlər ki, Lahıc “La” sözündən formalaşıb. Əvvəllər bax o dağların arasında La şəhəri olub. Sonra güclü zəlzələ baş verib və şəhər yerlə-yeksan olub. Zəvvarlar, tacirlər “La heç oldu” deyə bunu özlərinə dərd ediblərmiş. Sonra bu qəsəbəni salıblar. Bəziləri deyirlər ki, Lahıc “La heç” sözlərindən formalaşıb. Bəziləri də deyirlər ki, guya bu qəsəbəni görənlər deyiblərmiş ki, “bu qəsəbənin yanında La heçdir” və Lahıc elə beləcə formalaşıb.

Amma onu da bilin ki, Lahıc qədim sənətkarlıq mərkəzi kimi inkişaf edib.  XVlll-XlX əsrlərdə qəsəbə mis qablar və silah istehsalının əsas mərkəzlərindən biri sayılırdı. Məmulatlar yüksək zövqlə və mürəkkəb naxışlarla bəzədilirdi. XlX əsrin ortalarında Lahıcda 200-dən artıq sənətkar emalatxanası fəaliyyət göstərib və burada 127 növ peşə istiqamətləri olub.

Gözlərimizi ona dikib danışdıqlarına qulaq asırdı. Əməlli-başlı təəccübləndirdi bizləri...

- Bax belə əziz qonaqlar. Bizdə savad da var, qonaqpərvərlik də. Şəhər əhlini qonaq saxlamağa mərifətimiz də çatır. Amma bizim öz qanunlarımız var. Gərək onu qoruyaq. Bu isə bizim borcumuzdu.

Di yaxşı, sizə yaxşı yol. Yağışlar başlayandan sonra bu tərəf çətin gələ bilərsiniz. Amma əgər qismət olsa, gələn il yenə gəlin, sizə o biri qəsəbələrimiz, kəndlərimiz haqqında da söyləyərəm.

Dostum nə isə demək istədi, amma o qoymadı.

- Yolunuz açıq olsun! Mən öpüşüb ayrılmağı da xoşlamıram, gedin.

Fikirləşirəm, görəsən o gəlib Bakıda universitetin tarixində, beynəlxalq əlaqələrdə və ya digər sahələrdə oxuyub təhsil alsaydı, nə gözəl olardı.

Görəsən bu tayfa davası, qan davası nə vaxt bitəcək? Nə vaxt bu cahilliyə son qoyulacaq.

X.Əzizov

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı