Modern.az

Zahid Oruc: “Azərbaycandakı builki mitinqlər çirkli kapital sahibləri ilə siyasi uğursuzluq zolağında olanların birliyi idi”

Zahid Oruc: “Azərbaycandakı builki mitinqlər çirkli kapital sahibləri ilə siyasi uğursuzluq zolağında olanların birliyi idi”

13 Sentyabr 2011, 20:16


Bir neçə aydır mətbuatdan gen gəzən, son vaxtlar heç bir KİV-ə açıqlama və müsahibə verməyən millət vəkili Zahid Oruc birdən-birə susqunluğa son qoydu. Modern.az saytına geniş müsahibə verən deputat sensasiya doğuran məqamlardan danışdı.

- Zahid müəllim, Milli Məclis tətilə gedəndən sonra sizinlə əlaqə saxlamaq çox çətin oldu. Bunun səbəbini bilmək olarmı?

- Təşəkkür edirəm ki, bu yoxluğu hiss etmisiniz. Bəlkə siyasət adamı üçün bu çox yaxşı cəhətdi ki, o axtarıldığnı hiss etsin və ictimai siyasi proseslərə münasibətdə onun mövqeyi həmin insanalar, cəmiyət üçün gərəkli olsun. Həqiqətən də bu tətil dövründə istirahət üçün faydalanmağa çalışdım. Öncə onu qeyd edim ki, əvvəllər özümə qarşı çox sərt, qəddar rejim yaratmışdım. İndi isə bir az istirahət etdim və həqiqətən “yaxşı istirahət etmədən yaxşı işləmək mümkün deyil” tezisi doğrudur. Allah insanın hər birinə- fövqalədə güçə malik olanlar istisna olmaqla, fiziki güc limiti verib. Səmiməyyətlə söyləyirəm ki, istər seçicilərə münasibətdə, istərsə də siyasi həyatda yorulmadan çalışarkən istirahət ehtiyacı yaranmışdı. Artıq əvvəlki kimi bizim media və elektron KIV-lərlə əməkdaşlığımız yüksək səviyyədə davam edəcək. Siyasətçi bu yay aylarında aktiv planda ona görə olmur ki, auditorya problemi yaşayır. Üstəlik, qlobal miqyasda yaşanan hadisələr o qədər böyükdür ki, istənilən ölkənin sərhədlərinə daxil olaraq orada yaşarlılıq qazanır. Bizsə məqsədli olaraq sentyabrdan bu hadisələrə geniş qiymət verməyi düşünürük. Yəni auditoriyasız bir mühitdə bunları etmək çox çətindir.

- Tətil müddətində dünyada çox ciddi proseslər baş verdi. Ərəb dünyasındakı dəyişiklik, «Vikiliks”in açıqlamaları, İran məsələsi...

- Sonuncudan başlayaq. İranın hərbi və siyasi təmsilçilərinin Azərbaycana münasibətdə çox davakar jestlərini və ya müsahibələrini oxuyanda heyrətlənirəm ki, bu qədər dünyadan təcrid olmalarına baxmadan, ciddi beynəlxalq çarpışmalarda iştirak edən bir dövlətin elitası Azərbaycan kimi bu planda neytral bir ölkəyə qarşı nədən bu cür addımlar atır? Əslində bizim rəsmi siyasətdə heç vaxt Azərbaycan ərazisini İranın əleyhinə beynəlxalq cəbhəyə çevirmək xətti özünü göstərməyib və yeri gəlmişkən qeyd edim ki, çox böyük ictimai təzyiqlər olsa da, Azərbaycan hakimiyyəti həmişə normal birgəyaşayış, dostluq, qonşuluq münasibətlərinə üstünlük verib. Halbuki dediyiniz o ictimai təzyiqlərin məqsədi odur ki, İranın daxilindəki etnik azərbaycanlıların tapdanan hüquqları Azərbaycanın rəsmi siyasətində nəzərə alınsın, oradakı milli azadlıq hərəkatına dövlətimizin münasibəti fərqli olsun. Həmçinin, İranın bəzən ölkəmizin xarici iqtisadi xəttinə və siyasi kursuna qarşı davakar mövqeyinə, o cümlədən informasiya müstəvisində son dərəcə pozucu fəaliyyətinə daha adekvat və sərt yanaşmalar edilsin. Azərbaycan insanının yaşantıları bundan ibarətdir. Bu fonda Azərbaycanın Prezidenti və dövlətin digər təmsilçiləri hər zaman İrana qarşı xoş, bir sıra hallarda dost mövqeyi sərgiləyiblər.

Əvəzində bu müddət ərzində İrandan 7-8 planda ciddi zərbələr almışıq. İran fəal şəkildə narkotikanı Azərbaycan əleyhinə bir mənəvi-fiziki terror silahına çevirib və bu dövlət siyasətidir. Rəsmi rəqəmlər çox kiçik olsa da, açıq söyləyim ki, bu 40 tondan yuxarıdır. Bu rəqəm fonunda Azərbaycan gəncliyinin hansı duruma məruz qalacağını təsəvvür etmək çətin deyil. Bu milli təhlükəsizliyimizi təhdid edən bir problemdir. İkinci, İran özü ilə sərhəd olan Azərbaycan bölgələrini “öz ostanı” hesab edir və rəsmi-qeyri rəsmi informasiya vasitələri ilə həmin zonaları öz təbliğat əsarətində saxlamaqla gələcəkdə Azərbaycana pozucu ərazi iddiaları üçün zəmin hazırlayır. Üçüncüsü, İran açıq şəkildə Azərbaycana iqtisadi təzyiqlər edir. Xəzərin statusu ətrafında on illərlə yaşanan qeyri müəyyənlik və İranın davakar demarşları, Azərbaycanın xarici əlaqələrinə və neft-qaz müqavilərinə qarşı çıxmaq, bir neçə dəfə su sərhədlərini pozmaq da dediyimiz mövqedəndir. Yəni Azərbaycanın iqtisadi siyasətinə diqtə etmək istəyirlər. Dördüncüsü, bizim Qərblə münasibətlərimizi öz milli maraqlarına təhlükə sayaraq açıq hədələr eşidilir.
Beşincisi, özünün uzaqmənzilli raketlərini Azərbaycanın başı üzərindən keçərək Qərbə tuşlamaqla bizim də milli maraqlarımızı zədələyir. Məhz buna görə region soyuq savaş elementləri ilə doludur və destabillik risqləri güclənir..Təhlükəsizlik şəraiti tələb edən xarici investisiyalar təhlükə altındadır. Uzaqmənzilli raketlər-kütləvi qırğın silahları nümayiş etdirən İran bölgəni gərginlikdə saxlayır.

Nəhayət, İran dinin ixracını özünün dövləti siyasıtinin əsas xətti sayaraq Azərbaycan gəncliyinin timlsalında təhsil sisteminə nüfuz etmək və yaşıl inqilab ideyasını reallaşdırmaq niyyətindədir. İran inqilabını əksər ölkələrdə yaymaq, o cümlədən də müsəlman bölgəsi olan Azərbaycanda bərqərar etmək onların baş planlarından biridir. İranın siyasi elitası və dini rəhbərliyi eyni anlayışlardır. Burada dəqiq sərhəd yoxdu. Silahlı qüvvələrinin baş qərargah rəisi bəyanat verir ki, Azərbaycanın addımları islamın inkişafına zərbə vurur. Halbuki İranın siyasəti islam etiqadına uyğundurmu və oradakı islam modeli dünyada islama hansı münasibəti yaradır, bunu hamı bilir. Əslində, islamafobiyanın başlıca səbəbləri İranın terroru müdafiə edən, sionizmə və şər imperiyasına guya qarşı qoyulan din faktoru və təxribatçı əməlləri islama daha böyük təhlükədir. Əlbəttə, İran nəzərə alır ki, zəif Azərbaycan İrana, o cümlədən Rusiyaya sərfəlidir. Güclü Azərbaycan onların maraqlarını təmin etmir. Ehtiyat edirlər ki bu Cənubi Azərbaycan amilini gücləndirə və İranın parcalanmasına aparıb çıxara bilər. Böyük bir türk faktoru- tarixi ərazilər əsasında türk dövlətlərinin quruculuğu genişlənər. Lakin onlar unudur ki, Azərbaycan insanı sivil bir mövqeni seçib və bizim bayrağımızın üç simvolundan biri olan yaşıl rəng qırmızı və göydən özünün ölçüsü və miqyasına görə böyük deyil. Bu, sadəcə kətan üzərində yaranmış sənət əsəri kimi simvolik bir məna daşımır. Bu o deməkdir ki, dövlət quruculuğu bu üç fundament üzərindədir. Yəni bizdə islamı müasirlikdən və türkçülükdən artıq etsən bu dövlətin sütünlarına vurulan zərbə olacaq.

- "Vikiliks" deyəsən İrandan da təhlükəlidir...

- Beynəlxalq miqyasda bu məsələlərə yanaşma birmənalı deyil. Bir çoxları bunu məhəlli miqyasda hadisə kimi dəyərləndirir, kimisi informasiya sızması və hətta bunun yönləndirməsi kimi sayır. Kimisi Amerika diplomatiyasının mühüm bir qolu kimi artıq açıq diplomatiyaya önəm verildiyindən danışırlar. 3-cülər, bunu yenə gizli dünya birliklərinin- vahid idarəetmə təşkilatlarının, xüsusilə də sakral, mifik, gizli təşkilatların əli ilə yayılan xəbərlər kimi də qiymətləndirirlər. Açıq deyim ki, hadisənin bir tərəfində ABŞ dayanmasaydı, digər ölkələrin diplomatik yazışlamarı faş olsaydı, bu, bizim bildiyimiz Çernobl AES-in bir blokundakı sızmadan da böyük hadisə kimi dünyada qiymətləndirilərdi. Niyə belə olmur? Çünki bütün əsas informasiya kütlələri yenə də Amerikanın əlindədir, ona görə də hadisəyə rəsmi yanaşmalarda beynəlxalq süküt mövqeyi özünü göstərir. Halbuki ilk yanaşmalar belə deyildi və rəsmi Vaşinqton bunu Amerikanın beynəlxalq reputasiyasına, təhlükəsizliyə və siyasi, geosiyasi maraqlara zərbə sayırdı. Belə iddialar var ki, bu sızmalar yeni müharibələrə səbəb olacaqdır. Açıq sizə deyim, bilmirəm, ərəb dünyası haqqında sualınız olacaqmı, hətta o məsələlərin nüvəsində “Vikiliks”in materiallarındakı tezisləri axtarırlar. Azərbaycanda bu məsələyə yanaşma dediyimiz miqyasdadırmı, yəni bunu bir atom silahının sızması qədər dünyanı lərzəyə salan hadisə, yoxsa daxildə hakimiyyət əleyhinə növbəti kompramat savaşıtək yanaşılır? Təəssüf ki, ikincilər az deyil. Lakin bu, XXI əsrin fenomenidir. Mahiyyət etibari ilə dünyanın həyatında çox böyük dəyişikliklərə səbəb olan inqilabi hadisələrdən biridir və ona yanaşmalar təxminən belə olmalıdır: Heç şübhəsiz ki, burada bir neçə istiqamətli təhlillər apararaq bilməliyik ki, Amerika diplomatiyası necə işləyir? Yəni rəhbərlərin apardığı danışıqlar protokollaşdırılarkən onlar Departamentə məlumatları necə catdırılır?

Baxın, əksəriyyətinin ilk hissəsində insan haqları, demokratiya və s. məsələlərdir ki, Amerikanın bunlara üstünlük verdiyi görünsün. Amma bu kontekstdə onlar hansı maraqları irəliyə gətiriblər, yəni insan haqları və demokratiya mövzusu onların siyasi, geosiyasi, iqtisadi planlarına nə qədər cavab verib ki, məhz bundan faydalanıblar. İkincisi, bu miqyasda Azərbaycanın dövlət rəhbərliyi, gercək siyasətin içərisində olaraq milli maraqlarımız uğrunda necə davranıb? "Vikiliks" göstərdi ki siyasət vaxtilə Turqut Özalın dediyi kimi sokaklarda, ucqarlarda olan insanların gördüyü deyilmiş, sən demə, əsl, gerçək siyasət bağlı qapılar arxasında cərayan edirmiş. İnsanların böyük əksəriyyəti bundan xəbərsizdir. Bəs, bu danışıqlara qatılan, məlumatlarda adı keçən insanların Azərbaycan maraqlarına yanaşması necə olub? Mən indi bəzilərinin üzərində dayanacam, siz dəhşətə gələcəksiniz ki, məsələn Amerika diplomatından kimsə xahiş edib ki, Azərbaycan Prezidentinin onların təmsilçiləri ilə görüşləri v sonra özünün demokratik obrazda göstərməsinə ikman verilməsin. Lenin üslubu, bolşevik təzahürü deyil, nədir bu? Azərbaycanın politoloqu adına layiq görülmüş bir şəxs Amerikadan bunu xahiş edir. Şübhəsiz mediadan götürülmüş məlumatları Departamentin informasiya bankına yükləməklə, Amerika kimi mühüm bir dövlətin dünya siyasətini formalaşdırmaq cəhdi yanlış nətiçələr doğura bilər. Vaxtilə Amerikanın bu bölgə üçün prioritetləri aydın idi. İnsan haqları və demokratiya məsələsi onun əsasını təşkil edə bilər. Lakin Azərbaycanın canatımı və gedilən yola dəyər vermədən ikitərəfli münasibətlər strateji ola bilməz. Qarabağ qədər qlobal problem Eynulla Fətullayevin insan haqqından aşağı yerə qoyularsa, adamda belə sual yaranır ki, Qərb dövlətləri E. Fətullayevin azadlığa buraxılması uğrunda apardığı savaşın mində birini Qarabağa yönəltsəydi, bu torpaqlar çoxdan azad olunardı və Azərbaycan dövləti üzərinə insan haqqı məsələsində gəlməyə imkanlar daha da artardı. Şəxsi qənaətim budur ki, həmin məxfi yazışmalarda dövlər rəhbəri ilə danışıqlar xeyli kontekstdən çıxarılraq verilib. Azərbaycanın dövlət başçısı bu danışıqlarda milli maraqlar uğrunda daim güzəştsiz olub. Bu, dövlət başçısının beynəlxalq diplomatiyanı və siyasəti peşəkar bildiyinin göstəricisidir. İran, Türkiyə və regional miqyaslı layihələr məsələsində, o cümlədən iqdisadi maraqlarımız uğrunda mubarizədə Prezident qətiyyətli mövqe tutub. Bu fonda İlham Əliyevin obrazı Azırbaycan cəmiyyətinə yenidən təqdim olunur. İlham Əliyevə zamanında skeptik yanaşanlar indi onu peşəkar diplomat kimi hadisələrin və geosiyasi proseslərin mahiyyətini dəqiq bilən bir siyasət adamı kimi görür. Mənim aləmimdə müxalifət bundan nəticə çıxarmalıdır. Mən sizə sual verirəm, sabah Əli Kərimli, İsa Qənbərin həmin səfirlərdən dilədikləri xahişlər tam məxfiliyi ilə ortalığa çıxsa, mötəbərliklə

“Vikiliks”ə önəm verənlər açıq meydana çıxacaqlarmı? Birdən bəlli olsa ki, ayrı-ayrı qüvvələr nəinki siyasi tezislərlə silahlandırılırılır-ümumiyyətlə, xarici güclərin təsiri altındadır,onda o tərcüməyi- hala sahib durub xalqa hesabat verəcəklərmi? Açıq bilin ki, Insan haqları, media qurumları, hökumət və partiya təmsilçiləri içərisində mövcud dayaqlara söykənərək təsir agentləri formalaşdırılıb. Artıq hökm deyil ki, bir ölkənin icərisində özünə xüsusi agentlər tutasan və kəşfiyyat aparasan. İndi maraq dairəni doğruldan insanlar daim sənin müdafiəçilərin kimi çıxış edir. Yəni ictimai rəyə təsir edən institutları nüfuz dairəsində saxlamaq mühüm şərtdir. Sizcə Azərbaycan-Amerika münasibətləri iki jurnalist üzərində qurulmalıdır? Bir milyon Qarabağ qacqını üç nəfərə qurban verilməlidir?

Bir fakt deyim- ABŞ Dövlət Departamentində otən il görüşdə idik. (Yeri gəlmişkən, deyim ki, ABŞ-ın dünya miqyasında bir çox addımını alqışlayan, xüsusilə Əfqanıstan, İraqda onun mövqeyinin haqlı olduğunu qeyd edənlərdən biriyəm. Buna görə kimsə məni Amerikapərəst sayacaqsa, qoy, belə də hesab etsin.) Departamentin səlahiyyətli nümayəndələri-idarə rəisi və mühüm təmsilçisi ilə söhbətdə məni heyrətləndirən məqalmar çox oldu. Onlar Azərbaycanın daxili həyatına kifayət qədər bələd idilər. Amma kataloqlarında bizimlə bağlı təzyiq əlalətləri işlənib hazırlanıb. Mən açıq söylədim ki, zamanında siz deyirdiniz ki, enerji məsələlərinə prioritet veririk, birinci yerdə onu qoyuruq ki, bu bölgənin iqtisadi xəritəsi dəyişsin. Çünki uzun əsrlər boyu bölgəni sümürən başqa imperiyalar olub. Milli təhlükəsizlik, insan haqları və demokratiya sonra gəlirdi. Bu sıralanma səfir Riçard Kozlariçin vaxtında verilmişdi. İndi o prioritetlər nədən ibarətdir? Əgər iki bloggerin məsələsi Amerika-Azərbaycan münasibətlərinin nüvəsində dayanırsa, bu münasibətləri çözmək çox çətin olacaq. Orada dedim ki, mənə iki azərbaycanlı qaçqının adını deyin. Nə cür ola bilər ki, bu iki şəxs Amerikanın Qafqaz siyasətinin özəyində dayansın, amma bir milyon insandan iki nəfərin adını söyləyə bilməyəsən.Yəni Qarabağa ərazi problemi kimi deyil insan haqları kontekstindən yana bu məsələ Eynulladan üstündür. Ona görə bölgənin siyasi həyatını dəyişən Azərbaycana qarşı məhəlli təzyiq alətlərini işə salmaq doğru deyil. Beləliklə, mənim aləmimdə "Vikiliks" dünyanın həyatını dəyişəcək və bu planda hər bir dövlət xüsusi nəticələrini çıxaracaq. Ola bilsin ki, diplomatik yazışmalar bir az da gizli olsun, dövlət rəhbərləri ilə danışıqlar üzərində qriflər daha da artsın, mediaya informasiya sızmaları azalsın, amma bilin ki, dünyəvi miqyasda dəyişiklər sürətlənəcək. Əmin edirəm ki, ərəb dünyasında baş verən hadisələrin mərkəzində Vikilikslə bağlantılar mövcuddur.

- "Vikiliks" və "ərəb sunamisi" Azərbaycanı da "vura" bilərmi?

- Son 3 ayda Azərbaycanın siyası həyatını, siyasi sistemini bu mövzuya indeksləmək mövqeyi qabarıqdır. İndi partiya rəhbərlərinin qələmə sarılıb jurnalistika keyfiyyətləri əxz etməsi və ərəb dərslərindən bəhs etmələri Vikilikslə duet təşkil edir. Bilirsiniz, ölkə daxilində böyük siyasi- ictimai güc yarada bilməyəndə xaricə indekslənmiş fəaliyyət yeganə yola şevrilir. Keçmişdə şahidi olmuşuq ki, dünyada baş verən istənilən hadisədən Azərbaycana uzantı istəyənlər var. Mənim ərəb dərslərindən çıxartdığım nəticə tamam fərqlidir. Azərbaycanda korrupsiya problemləri, ayrı-ayrı məmurların özbaşına addımları, gizli iqtisadiyyat inkar olunmur və dövlət rəhbərliyi dəfələrlə bunları qeyd edib. Korrupsiya beynəlxalq terror kimi şəbəkəli və mütəşəkkil fəaliyyətdir. Bu, sadə xətt deyil ki, onu kəsən kimi dövlət qurucluğuna, onun inkişafına mane olan bütün təzahürlər kəsilsin. Gördünüz ki, bu ilin əvvəlindən dövlətin korrupsiyaya qarşı amansız dayanışmaları oldu. Ancaq dərhal da açıq şəkildə dövlətə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin mövqeyi ortalığa çıxdı. O cümlədən, əvvəlki ənənəvi siyasətə üstünlük verənləri küçələrə çıxardılar. Bu çirkli kapital sahibləri ilə siyasi uğusuzluq zolağında olanların birliyi idi.

Seçkilərdə, 2005-ci ildən bu yana böyük ictimai aksiyalara qadir olmayanların mitinqləri keçirildi. Mən bunu hansısa çirkli qüvvələrin Prezidentin başladığı daha sərt anti-korrupsiya mübarizəsində qurban gedəcək mənfi dairlərin iradəsi kimi saydım. Seçkidə meydana adam çıxara bilməyənlərin birdən-birə fəallaşmasını iqtisadi-siyasi mənfəət qruplarının birgə qərarı hesab edirəm. Qazanclarını böyük zərbədən xilas üçün ictimai toqquşmalar işə salındı. İndi sonuncu fikrimə gəlirəm. Ərəb dərsləri mənim üçün belədir: Birincisi, Liviya və Misir bu gün Qərbin tam müdafisəni nə qədər qazanmışdısa, keçmişdə də eyni dəstəyi əldə etmişdi. Hüsnü Mübarək hakimiyyəti, Qəddafi rejimi zaman-zaman Qərbin ərəb dünyasıyla bağlı böyük proyektinin tərkib hissəsi olub. Deyə bilərsiniz ki, Qəddafinin faciəsi ondadır ki, onun hakimiyyətə gəlişindən sonra doğulan yeni nəslin 42 yaşı var, o isə hələ də düşünr ki, tayfaları birləşdirib səhrada dövlət qurubsa, bu, hər zaman, 100 il bundan sonra da nəzər alınmalıdır. 42 yaşlı insan bunu düşünməmək hüququna malikdir. Diqqət etsəniz görəcəksiniz ki, Liviyadakı sosial durum çox aparıcı Avropa dövlətindən heç də geri qalmır. Sadəcə ərəb dünyasının idarə olunması üçün yeni Qərbpərəst dairələr gərəkdir. Bu, mahiyyətcə ərəb aləminin, Afrika qitəsinin beynəlxalq geosiyasi orientasiyasına təsir göstərməyəcək. Yəni o ölkələrin birdən-birə dönüb Iranpərəst olacağını gözləməyin. Deməli, bu xalq üsyanlarından daha çox geosiyasi inqilablardır. Narazılar meydana çıxarılır, təşkilatlandırılır, hakimiyyət əleyhinə yönləndirilir, amma bu mahiyyətcə xalqa böyük meydanlarda dilə gətirilən, arzu olunan o gələcəyin mində birini verməyəcək. Bir neçə gün öncə Israil səfərliyinə Misirdə hücum oldu. Bu Qərbi düşünməyə vadar etdi. İkincisi, Azərbaycanda Əli Kərimli tərəfindən belə iddia oldu ki, islam demokratiya ilə uzlaşır, islamçılar demokratik idarəetmədə iştirak edə bilərlər, Allahu-Əkbər yalnız kafirlərə, xalqın iradəsini tanımayanlara qarşı yönəlib. Elə isə nədən Allahu-Əkbərlə silahlılanan radikal dini dairələr 11 sentyabrda ABŞ-da terror törətdilər? Taliban elə Allahu-Əkbərlə silahlanıb dünyanın həyatını təhdid edir və islam etiketli qurumlarının da hamısı Allahu-Əkbərdən faydalanmaqdadır. Ə.Kərimlinin bu timsalda islamçıları özünə elektorat kimi seçməsi, Allahu-Əkbəri bütün siyasi şüarlardan önə çıxartması nə Allah, nə də onun bəndələrinə yaxınlıq yaratmayacaq. Buna hər kəs əmin olsun. Unutmayın ki, Liviyada vətəndaş müharibəsində işlənən silahlar xalqı on illərlə bundan sonra üz-üzə qoyacaq. Əmin edirəm ki, bundan sonrakı Liviya rəhbərinin aqibəti də yaxşı olmayacaq. Yalnız ona görə ki, bu qədər dərinə işləmiş düşmənçilik və tökülən qanlar, tayfalararası müharibələrin təzədən meydana çıxması Liviya dövlətçiliyinin gələcəyini təhlükədə qoyur. Banklarda hesabların dondurulması Qərb banklarına inamı sarsıdacaq. Söhbət diktatorların pullarında getmir. Necə olur ki, o pullar Qərb iqtisadiyyatına qoyulanda legitimlik qazanmışdı? Bu öz-özlüyndə Qərbin iqtisadi itkiləri demək olacaq. İstər Rusiya, istər İran, bütün qüvvələr ərəb dünyasında baş verənlərin sonucundan faydalanmaq üçün gecə-gündüz işləyir. Ona görə dünyanın xəritəsində yeni düzən yaranır. Azərbaycan insanı düşünür ki, bu ölkələrdə baş verən ixtişaşlar, toqquşamalar bizə heç bir halda ixrac olunmamalıdır. Dövlət öz öhdəliklərini və xalq qarşısında vəzifələrini daha ünvanlı yerinə yetirməlidir. Ilham Əliyevin demokratik obrazı hər hansı hesabatlara və yazışmalara baxmadan Azərbaycan insanının içindədir və hakimiyyətin gələcəyinə təminat verir. Bir az əvvəl biz beynəlxalq proseslərə qiymət verdik. Ulu Öndərin dövründən az mürəkkəb olmayan 2003-dən sonrakı illərdə də Azərbaycanın əzilməsinə yol verilmədi. Buradan heç bir halda o nəticə çıxmır ki, ideal şəraitdə yaşayırıq. Xeyr, etimadı doğrulda bilməyənlər, prosesin mahiyyətini dərk etməyənlər, məmur yarıtmazlığı da var. Amma mən sizə xronikanı göstərim-1993-də icra hakimiyyəti başçısının təqdimatında əvvəlki hakimiyyətlər dövründə yaranmış ağır şəraiti, silahlı qüvvələrin qarşısında dayanmaq vəzifəsini yerinə yetirmək başlıca şərt idi. İndi onları texnokrat-menencerlər əvəz edir. Sizi əmin edirəm ki, 2011, 2012, 2013-cü ilin yeni vəzifə sahibləri- istər siyasi komandada, istər idarəetmə və icra komandasında fərqli keyfiyyətlərə malik olacaq. Bəli, narazı insanları bolşevikcəsinə təşkilatlandıran qüvvələr mövcuddur. Son 65 yaş məsələsi dediyimizə sübutdur. Lakin 45 milyardlıq büdcə və onun ehtiyatını yaradan iqtidar kiminsə küçə mübarizəsinə hakimiyyəti təslim edə bilməz.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?