Modern.az

Ayaz Mütəllibovun taleyini “Eks prezidentlər haqqında” qanun həll edəcək

Ayaz Mütəllibovun taleyini “Eks prezidentlər haqqında” qanun həll edəcək

16 Sentyabr 2011, 12:12

Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakı gəlməsinə icazə verilən Ayaz Mütəllibovun Rusiyaya qayıdacağı dəqiq tarix açıqlanıb.

ASDP-nin həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident sentyabrın 18-də səhər saatlarında təyyarə ilə Rusiyaya qayıdacaq: “Ayaz müəllimin toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilmişdi. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdır”.

Mütəllibovun yenidən və həmişəlik Azərbaycana dönəcəyi məsələsinə gəlincə, Araz Əlizadə Modern.az saytına deyib ki, “Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərov yaxın zamanlarda Azərbaycanda “Eks prezidentlər haqqında” qanun qəbul ediləcəyini bildirib. Hər şey bundan sonra məlum olacaq”.

Milli Məclisin payız sessiyasında “Eks-prezidentlər haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq. Bu barədə Modern.az saytına Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən məlumat verilib.

Modern.az saytının komitəıdən əldə etdiyi məlumata görə, “Eks-prezidentlər haqqında” qanun indiyədək Azərbaycan prezidenti seçilmiş hər üç şəxsə - Ayaz Mütəllibov, Əbülfəız Elçibəy və Heydər Əliyevə şamil olunacaq.

Qeyd edək ki, indiyədək Milli Məclisin bəzi deputatları, xüsusilə bir sıra YAP-çı parlamentarilər “Eks-prezidentlər haqqında” qanunun səlahiyyət müddətləri başa çatmadan prezident postunu tərk etmiş Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunmasına qarşı çıxırdılar. Amma onların son vaxtlar verdikləri açıqlamalarda mövqelərində dəyişiklik müşahidə olunur.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!