Modern.az

Azərbaycanın ən yaxşı enerji mühəndisi: “Mingəçevir qəzasının təxribat olduğunu heç ağlıma da gətirmirəm” - MÜSAHİBƏ

Azərbaycanın ən yaxşı enerji mühəndisi: “Mingəçevir qəzasının təxribat olduğunu heç ağlıma da gətirmirəm” - MÜSAHİBƏ

12 İyul 2018, 08:59

Bu pullara Mingəçevir İES kimi 10 stansiyanın yarımstansiyasını qaz izolyasiya sisteminə keçirmək olardı

Keçmiş “Barmek-Azərbaycan” şirkətinin əməkdaşı Vəfa Ağayev “Azadlıq” radiosuna danışıb. Modern.az saytı maraqlı ola biləcəyini nəzərə alaraq, onunla müsahibəni təqdim edir.

Keçmiş “Barmek-Azərbaycan”ın rəhbəri Hüseyn Arabul V.Ağayevi “Azərbaycanın ən yaxşı mühəndisi” adlandırıb və qəzadan danışarkən deyib: “Azərbaycanın ən yaxşı mühəndisi Azərbaycanda olmalıydı, orda işləməliydi”.

- Vəfa bəy, necə oldu ki, Azərbaycanın ən yaxşı mühəndisi Türkiyədə işləməli oldu?

- Hüseyn bəy, türklər demiş, abardıb bir az. Azərbaycanda çox-çox yaxşı mühəndislər var. Mən işə 1986-cı ildə «Azərenerji»də başlamışam. 1992-ci ildən «Bakıelektrikşəbəkə»də çalışmışam. Sonra «Barmek Azərbaycan» yaradıldı. Orda baş mühəndis, texniki direktor oldum. Çox təəssüf ki, az sonra dövlət «Barmek Azərbaycan» elektrik şəbəkəsini geri almaq istədi. İndi haqqında danışmaq istəmədiyim bəzi məsələlər oldu və məni həbs etdilər. Sonunda Hüseyn Arabul şəbəkəni geri verdi. Mən həbsdən sonra ölkəni tərk etməyə məcbur qaldım. Məni işə götürmək istəyən qurumlar vardı, təəssüf ki, bəzi məmurların təzyiqi ilə bu mümkün olmadı. 11 ay sonra ölkədən çıxdım. Türkiyədə «Emek» elektrik şirkəti işə dəvət etdi. Bu da Arabulun şirkətidir, həmin fabrikin istehsalatdan məsul müdiriyəm. Fabrikimiz yüksək gərginlik avadanlığı istehsal edən müəssisədir. 118 ölkəyə məhsul satır.

- Dediniz ki, Azərbaycanda çox-çox yaxşı mühəndislər var. Azərbaycanda yaxşı mühəndislər olduğu halda niyə bu qəza baş verdi? Problem kadrlarla bağlıdır, ya başqa səbəblər var?

- Bu problemi tək kadrlarla əlaqələndirmək olmaz. Bu məsələyə kompleks baxılmalıdır. Bu gün Azərbaycanın təqribən 6000-6500 meqavat gücündə generasiya gücü, istehsal gücü var. Amma bu istehsal gücləri necə yerləşdirilib, harada yerləşdirilib, yük mərkəzlərinə yaxın, ya uzaq yerlərdədir? Məsələn, bu qəzanın baş verdiyi konkret Mingəçevir İstilik Elektrik Stansiyasını götürək. Mingəçevir İES-in generasiya gücü 2340 meqavatdır. Bu, Azərbaycanın ümumi generasiya gücünün haradasa 25 faizini istehsal edir. Burdan Bakıya iki xətt gəlir. Yarımstansiyada qəza olmasa belə, bu xətlərdən birinin qırılması, qopması ölkənin mərkəzində aktiv enerji defisitinə gətirib çıxarır. Bu, enerji sistemində olan şeydir, «stansiyada qəza olmayacaq, cərəyan transformatoru partlamayacaq» deyə bir şey yoxdur. Amma elm, texnika da inkişaf edir. Rele-mühafizə və əks-qəza avtomatikası deyilən qurğular var.

- Onun vəzifəsi nədir?

- Sadə dillə deyim. Tutalım, sizin iki generatorunuz var. Qəfildən onlardan biri cərəyan dövrəsindən çıxır, bu zaman elektrik enerjisinə defisit yaranır və sistemdə gərginlik aşağı düşür, eləcə də generatorlar çox yükləndiyinə görə sistemdəki tezlik düşür. Bax, onda əks-qəza avtomatikası işə düşür. O işə düşərkən sistemdəki ikinci və üçüncü kateqoriyalı tələbatçıları ani olaraq xətdən ayırmaq, sistemin yükünü azaltmaq lazımdır ki, digər elektrik stansiyaları durmasın, çalışsın. Amma təəssüf ki, budəfəki qəzada əks-qəza avtomatikası yanlış çalışıb, zamanında işə düşməyib. Bununla da ölkənin enerji sistemi çöküb. Bu avtomatika doğru-düzgün çalışsaydı, ən azından Azərbaycanın birinci dərəcəli enerji tələbatçılarını – xəstəxanalar, metro stansiyaları, dəmiryolları və s. – enerji ilə təmin etmək mümkün idi. Bu baş vermədi.

- Sizcə, niyə?

- İndi enerji sektoruna Azərbaycan qədər investisiyanı təkcə Türkmənistan qoyur. Digər heç bir respublika bu investisiyanı qoya bilmir. Bu pulu doğru yönəldiblər və ya başqa yerlərə xərcləyiblər, onu bilmirəm. Məsələ ondadır ki, Mingəçevir İES-də yarımstansiyada cərəyan transformatoru partlayıb (stansiya iki qisimdən ibarətdir- enerjini istehsal edən generatorlar, bir də o enerjini ötürmək üçün olan yarımstansiya). Yarımstansiyada partlayan bir cərəyan transformatoru bütün toplayıcı şini çökdürüb, oradakı 6 generatorun altısı da enerji istehsalını dayandırıb. Amma bu pullara Mingəçevir İES kimi 10 stansiyanın yarımstansiyasını qaz izolyasiya sisteminə keçirmək olardı. Bu sistem daha kompaktdır. Mingəçevir İES-də açıq-paylayıcı qurğu – yarımstansiya 3 hektar ərazidə yerləşir. Ancaq bir qaz izolyasiya sistemi 300 kvadrat metrdə yerləşdirilir. Üstəlik də, qapalıdır. İstənilən atmosfer dəyişikliyindən, istənilən hər bir şeydən qorunur.

- Məsələn, nədən?

- Açıq paylayıcı sistemə təxribat etmək asandır, ancaq qaz izolyasiya sistemi qapalı yer olduğundan ora təxribat da mümkün deyil, partlayacaq bir şey də yoxdur. Yəni yeni texnologiyanı tətbiq etməklə çoxdan Azərbaycanın bu strateji obyektlərini müasir vəziyyətə gətirmək olardı. Ondan başqa, regionlarda elektrik stansiyaları tikməklə bu enerji istehsalını yük mərkəzlərinə paylaşdırmaq olardı. Yəni mərkəzdə bu qədər yük toplanmazdı. Bura sıradan çıxanda bütün Azərbaycanın enerji sistemi çökməzdi. Bir də onu deyim ki, zamanında modul stansiyalar tikməklə yanlış qərarlar verdilər. Modul stansiyalar dünyanın hər yerində sökülüb atılan yarımstansiyalardır. Bu nəyə bənzəyir? Bir vaxtlar Azərbaycanda enerji qıtlığı vardı, hər kəs evinə bir generator alıb qoyurdu. Artıq elektrik şəbəkəsi düzələndən sonra bu generatorlara ehtiyac qalmadı. Modul stansiyalar da ona bənzəyir. Həm faydalı iş əmsalı çox düşükdür, həm çalışarkən çox gurultu salır, həm də ətrafı kirləndirir. Ölkədə enerji sistemini düzəltmək olardı. Dövlət buna yetərincə pul da qoyur. Çox təəssüf ki, bu pullar doğru yerə xərclənmir.

- Vəfa bəy, Sizcə, bu, qəsdən belə alınıb, ya səhlənkarlıqdan?

- Buna məsuliyyətsizlik deyərdim. Pul ayrılırsa, birincisi, bunun planlaması dövlət səviyyəsində aparılmalı idi. Mən inanıram ki, Azərbaycanın belə bir baş plan proqramı var. Zamanında «Bakıelektrikşəbəkə»nin baş planını bir neçə həmkarımla birgə hazırladıq, hətta Türkiyədən mütəxəssislər də dəvət etmişdik. İnanıram ki, Azərbaycanın da enerji sisteminin belə baş planı var. Amma çox təəssüf ki, hələ də yarımstansiya layihələndirilərkən yeni texnologiyalar tətbiq olunmasından qaçırlar. Yeni texnologiya deyəndə, sadəcə, SCADA sistemini nəzərdə tutmuram. İndi partlamayan ölçü transformatorları var, ətrafa zərər verməyən, yanğın yaratmayan. Bu sistemləri layihələndirmək lazımdır. Testdən keçmiş yeni cərəyan transformatorlar var ki, onları yarımstansiyalara qoysalar, hər hansı partlama baş verməz, cərəyan transformatoru zədələnərkən zədəli blok ayrılar, yerdə qalan birləşmələr işinə davam edər. Mən, əslində, baş verənlərə məsuliyyətsizlik deyirəm. Enerji sistemində məsuliyyətsizlik yolverilməzdir. Qulağıma çatır ki, kimisə işə götürəndə pul alırlar, bu da sonucda bacarıqlı kadrların işdən uzaqlaşmasına səbəb olur. «Barmek»də işləyəndə 120 nəfəri işə götürdüm, onları hazırladıq, ancaq sonradan maaşları az olduğuna, ya başqa səbəbdən işdən ya uzaqlaşdılar, ya da uzaqlaşdırıldılar. Bu işə kompleks yanaşmaq lazımdır. Birincisi, stansiyaların, yarımstansiyaların yerləşdirilməsi, ikincisi, ən böyük məsələ enerji istehsal edən mərkəzlərlə qarşılıqlı əlaqə sistemini bərpa etməkdir. Bu, dairəvi sistemdir. Yəni hər hansı xətt dövrədən çıxanda sistem çökməməli, digərləri o yükü daşımalıdırlar. Siz 20 min meqavat da enerji istehsal edə bilərsiz, ancaq xətlərinizin sayı azdırsa, onu ötürə bilmirsiniz. Bu da ani qəza zamanı digər xətlərin, stansiyaların sıradan çıxmasına səbəb olur.

- Azərbaycan gecədən səhər saatlarına qədər elektriksiz qaldı. Bərpa müddətinin bu qədər uzun çəkməsi normal idimi?

- Mingəçevir İES köhnəlmiş stansiyadır. Orda qazan sistemindəki partlamanın həcmini bu günə qədər deyən olmadı. Heç kim orda nə baş verdiyini, qəzanın miqyasını göstərə bilmədi. Sadəcə, bəzi KİV-lərdə partlayan cərəyan transformatorunu göstərdilər. Onun dəyişdirilməsi isə yarımgünlük işdir. O partlayarkən yanmış kabellərin dəyişdirilməsi də bir neçə saat çəkə bilər. Sadəcə, Mingəçevirdə 6 blokun da birdən dayanmasıyla haradasa 1000 meqavatlıq enerji defisiti yaranır və onu həmin dəqiqə aradan qaldıra bilmirsən. Tutalım, Mingəçevir İES enerji verməyə başladı. Bu zaman xətti qoşsanız da, xəttin ucundakı yükləri ayırmalısınız ki, xətt yüklənməsin, sistem təkrar çökməsin. Əlbəttə, 24 saat böyük zamandır. Mənə görə, sistem, ən azı, iki saata bərpa olunmalı idi. Bəzi yerlərdə yenə enerji olmayacaqdı, məhdudiyyətlər olacaqdı. Amma ilk növbədə birinci və ikinci kateqoriyalı tələbatçılar təmin olunmalı idi, sonra yavaş-yavaş sistem bərpa edilməli idi. Bu da maksimum 8 saat çəkərdi. Defisit enerjini isə Rusiyadan, Gürcüstandan, İrandan almaq olardı. Bu da bəzi bölgələrə yetərli idi. Hərçənd, Bakıda Şimal DRES var, Sumqayıt İES var, Səngəçal stansiyası var... Bunlarla ən azından Bakı, Sumqayıt, Abşeron yarımadasının birinci kateqoriyalı tələbatçılarını enerji ilə təmin etmək olardı. Amma uzun çəkdi. İkinci dəfə də Mingəçevir İES-də nəsə baş verdi. Orda nə baş verməsi haqdasa məlumat verilmədi.

- Bu normaldır?

- Ümumiyyətlə, energetiklər bu haqda məlumat verməyi sevmirlər. Mən işləyəndə də beləydi. «Azərenerji»də qəza olanda yuxarıdan məlumatın çıxmamasını istəyərdilər, zəng vurardılar ki, «qəza var, Bakıya, məsələn, 50 meqavat məhdudiyyət verin». Bu məhdudiyyət verilməsə, sistem daha pis vəziyyət düşərdi. Bizə də deyərdilər ki, bunu xalqa bildirməyin, bu zaman bir vətəndaş zəng vursaydı ki, bizdə işıq yoxdur, cavab verilərdi: «Bu, sizin məhəllədən qaynaqlanır». Amma belə deyil. Enerji sistemində nəsə olanda camaata deyilməlidir. Çox təəssüf ki, böyük qəzaları belə kiçik qəza kimi qələmə verməyə çalışırlar. Bu da müxtəlif şayiələrə, təxribat ehtimallarına yol açır hərdən. Mən bunu təxribat kimi düşünməyi heç ağlıma da gətirmirəm. Çünki istər Mingəçevir İES-in, istərsə də SES-in və ya digər elektrik stansiyalarının çox ciddi qoruma sistemi var, ora hər adam əlini-qolunu sallayaraq girə bilməz. Enerji sektoru strateji bir obyektdir. Onunla bağlı hər şeyi açıq söyləmək bəlkə də doğru deyil. Amma araşdırmada zəif nöqtələr ortaya çıxarılmalıdır - əslində, enerji sahəsində çalışanlar nə baş verdiyini bilirlər, – qəti tədbirlər görülməlidir. Azərbaycan bu sahəyə çox vəsait qoyur. Bu, məqsədyönlü xərclənir, xərclənmir, başqa şəxslərin araşdıracağı məsələdir.

- «Azərenerji» havalar isti keçdiyi, tələbat 40 faiz artdığı üçün qəza olduğunu demişdi. Mütəxəssis kimi siz nə düşünürsüz?

- Əvvəllər qışdakı enerji istehlakı ilə yaydakı arasında 20 faiz fərq olardı. Amma indi tam tərsinədir. Yayda enerji tələbatı artır. Ancaq 40 faiz artsa belə, qəzanı onunla bağlamaq doğru deyil. Mən Mingəçevirdəki cərəyan transformatorlarının 100 faiz yükləndiyini düşünmürəm. Onlar elə seçilir ki, maksimum yükdə işləyə bilsinlər. Amma onlara yaxşı baxılmasa, o başqa. Bəlkə də tələbat artıb, bu transformatorlar buna dözmür? Onu da bilmirəm. Hər halda, prezident də buna inanmadı. Bu, ilk anda zərbəni bir qədər zəiflətmək üçün taktika idi.

İyulun 2-dən 3-nə keçən gecə ölkənin böyük bir ərazisi elektriksiz qalıb. Rəsmi məlumatda həmin vaxt Mingəçevir İstilik Elektrik Stansiyasında qəza baş verdiyi bildirilir.
İyulun 3-ü səhər saatlarından Bakıda, bölgələrdə elektrik verilişi tədricən bərpa edilsə də, saat 18:45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektrik enerjisi kəsilib. Sərnişinlər Bakı metrosunda tuneldə qalıblar. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektrikin verilişi nisbətən bərpa edilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi