Modern.az

Ukraynadakı səfirliyimizin iqtisadi attaşesi: “Burda o qədər diplomatımız yoxdur ki...” - MÜSAHİBƏ

Ukraynadakı səfirliyimizin iqtisadi attaşesi: “Burda o qədər diplomatımız yoxdur ki...” - MÜSAHİBƏ

Müsahibə

18 İyul 2018, 12:47

Modern.az-ın növbəti müsahibi Azərbaycanın Ukraynadakı səfirliyinin iqtisadi məsələlər üzrə attaşesi Təbriz Qarayevdir. 

- Təbriz müəllim, düzü, səfirlikdə bizi bu cür gənc kadrın qarşılayacağını gözləmirdik.  Çünki biz orta və yaşlı insanları vəzifədə görməyə alışmışıq. Necə oldu ki, bu yaşda Səfirliyin iqtisadi məsələlər üzrə attaşesi oldunuz?

                                                     

- O qədər də gənc deyiləm. 31 yaşım var. Təhsilimi Ruminiyada almışam. Həm universiteti, həm magistraturanı, həm də doktoranturanı orada bitirmişəm. Doktoranturada təhsil alarkən  səfirlikdə təsərrüfat müdiri işləməyə başlamışam.. O vaxtdan iş həyatına alışmışam. Təhsilimi başa vurandan sonra Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində  çalışmışam. Orada bir müddət çalışdıqdan sonra yenidən diplomatik rütbədə Ukraynaya ezam ediblər.

 

- Neçə il olar ki, diplomatik rütbədəsiz?

 

- Sırf Ukraynada 2 il yarımdır ki, çalışıram.

 

- Çətin deyil ki? Alışa bilirsizmi?

 

- Əlbəttə, alışmışam. Bundan əvvəl də Ruminiyada çalışarkən təcrübəm olub. Əslində, bu sahələrə gəlmək birdən-birə olmayıb. Mərhələli şəkildə baş verib. Tələbə olarkən ştatdankənar çalışmağıma baxmayaraq, diplomatın üzərinə düşən işləri də öyrənməyə, həyata keçirməyə başlamışam.

 


- Bildiyiniz kimi, bu yaxınlarda Ukraynada Azərbaycan Ticarət Evi açıldı. Həm də bu sahəyə siz nəzarət edirsiz. Sizcə, iqtisadi sahədə nələr dəyişəcək?

 

- Öncə qeyd edim ki, bu, birbaşa ölkə rəhbərliyinin birbaşa tapşırığına əsasən həyata keçirilib. Ondan sonra biz bu istiqamətdə çalışmağa başladıq. Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə danışıqlara başladıq. Bütün texniki işlər həllini tapandan sonra iyunda açılışı baş tutdu. Əsas məqsədimiz bəllidir. Əsasən neft resurslarından başqa, Azərbaycanda istehsal olunan digər məhsulları  “Made in Azeirbaijan” brendi adı altında  xarici bazarlara çıxartmaq fikrindəyik. Bizim üçün ən əlverişli bazarlardan biri də  Ukrayna bazarıdır. Çünki hər bazarın öz şərtləri var. Avropa İttifaqı ölkələrinin bazarlarında şərtlər tam fərqlidir. Sərt tələblər mövcuddur. MDB ölkələri bazarlarından əsas biri də Ukrayna bazarıdır. Ukrayna bazarına ixracımızı artırmaq istəyirik. Bildiyiniz kimi, 2017-ci il ərzində ümumi ticarət dövriyyəmiz 2 dəfə, Ukraynaya ixracımız isə 7-8 dəfə artıb. Bunun da böyük səbəbi neft məhsullarıdır. Burada neft zavodu var ki, Azərbaycandan neft əldə etməyə başlayıb. Məqsədimiz isə odur ki, təkcə neft deyil, digər məhsullarımızın da Ukrayna bazarında ixracını artıraq. Hələ ki, Kiyevdə “Azərbaycan Ticarət Evi”ni açmışıq. Amma bu son deyil. Davamlı olmasına çalışırıq.
Həmçinin, Ukraynadan Azərbaycana daha çox mal ixrac olunur. Əsasən qida məhsullarıdır. Hazırda ümumi ticarət dövriyyəsi 810 milyondur. Onun 350 milyonu bizim, 460 milyonu isə Ukraynanındır. Bizim ixracın az olmasının səbəbi odur ki, neftin ixracından asılılıq var. 2011-2012-ci ildə bizim ticarət dövriyyəmiz maksimal həddə çatmışdı. Bir milyard yarımdan çox idi. Neft tədarükü qalxanda, Azərbaycanın ixracı da qalxmışdı.

 

- Ümumiyyətlə, azərbaycanlı iş adamlarının investisiya qoyması üçün Ukrayna münasib ölkədirmi?

 

- Ukraynada uzun müddətdir ki, soydaşlarımız yaşayır. 1990-cı illərdən bəri burada məskunlaşan insanlarımız var. Sadəcə, 2014-cü ildən sonra ölkə iqtisadi cəhətdən ürəkaçan deyil. İqtisadi geriləmə müşahidə olunmaqdadır. Ona görə müəyyən çətinliklər var. Eyni zamanda, hər böhran yeni imkanlar da açır. Risk edən, hansısa sahəni araşdırıb o sahə üzrə iş axtaran azərbaycanlılar üçün burada böyük imkanlar deməkdir. 2 il ərzində azərbaycanlılar tərəfindən bura qoyulan investisiyalar xeyli artıb. Ukraynanın qərbindəki Lvov şəhərində asfalt zavodu tikilib. Ukraynanın şərq hissəsində də bir neçə zavodumuz açılıb. Bu günlərdə Ukraynanın müxtəlif şəhərlərinə azərbaycanlı iş adamları ilə bağlı rəsmi sorğu göndərdik. Sorğumuza rəsmi cavab verildi.

 


- Bəs Ukrayna iş adamları Azərbaycana investisiya yatırmaqla bağlı maraqlanırlarmı?

 

- Əlbəttə. Ukraynalıların Azərbaycana investisiya qoyulması sahəsində də fəaliyyətimiz mövcuddur. Belə ki, ötən ilin sentyabrında Ukrayna baş nazirin birinci müavini Stepan Kubinin  Azərbaycana səfəri olmuşdu. Əsas müzakirə mövzusu Azərbaycan ərazisində birgə, müştərək şirkətlərin açılmasıdır. Bu istiqamətdə də işlər gedir. Real addım kimi Ukraynanın dərman preparatları istehsal edən “İndar” şirkəti var. Onlar razılığa gəliblər. Hazırda Azərbaycanda birgə müəssisə yaratmaq üçün işlər aparırlar. Şirkətin 50%-i Ukrayna, 50%-i isə Azərbaycan tərəfinin olacaq.

 

- Azərbaycan iş adamları hansı maneələrlə üzləşir?

 

Azərbaycanın şirkət adamları bizə müraciət edəndə çalışırıq ki, onlara köməklik göstərək.  Səfirlik olaraq bir təklif də irəli sürmüşdük. Bu yaxınlarda Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın iclası olmalıdır. Səfirlik olaraq təklifimiz o idi ki, Ukrayna qurumlarından hər biri təmsil olunsun. Problemli məsələ baş verəndə əlaqə qrupu birgə çalışsın. Çünki səfirliyin o qədər də diplomatı yoxdur ki, bu problemləri təkbaşına həll edə bilsin. Ukrayna dövləti tərəfindən hər bir aidiyyatı qurumun  nümayəndəsinin təmsil olunacağı vahid əlaqələndirici qrup  olsa, bu sefirliyə böyük kömək edər.

 

- Təklif Ukrayna tərəfindən necə dəyərləndirilib?

 

- Bu təklifi Azərbaycan tərəfinə vermişik. Azərbaycan tərəfi isə Ukrayna hökumətinə təqdim edib. Hər halda, ümid edirik.

 


- Bir məsələ də var ki, bu da iqtisadi sahəyə aiddir. Azərbaycanla Ukrayna hava yolla arasında bilet qiyməti həddindən artıq bahadır. Bunun iqtisadi əsası varmı?

 

- Səbəb Ukrayna ilə bağlı deyil. Bütün ölkələrlə eyni vəziyyətdir. Ukrayna üzrə uçuşları Buta Hava Yolları aparacaq. Ümid edirik ki, qiymətlər ucuz olacaq. Bu məsələləri də araşdırmışıq. Təəssüf ki, qiymətlərin endirilməsi istiqamətində dəyişiklik olmayıb.

 

- Azərbaycanlılar Ukraynanın hansı şəhərlərinə üz tuturlar?

 

- Kiyevə daha çox gəlirlər. Həmçinin, Odessaya, Lvova Xarkova da üz tutanlar çoxdur. Yay mövsümündə Ukraynaya üz tutan azərbaycanlılar daha çoxdur. Həmçinin Ukraynada müalicə turizmi də çox yaxşı inkişaf edib. Əsasən turistik şəhər olan Truskavetsk şəhərinə müalicə üçün gələnlər çoxdur.

 

Aqşin KƏRİMOV

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?